22112006Noyabrın 22-si ölkəmizdə ədliyyə işçilərinin peşə bayramı günü kimi qeyd olunur. Müasir Azərbaycan dövlətçiliyinin banisi, ümummilli liderimiz Heydər Əliyevin ədliyyə işçilərinə bəxş etdiyi bu bayram 2006-cı ildə bizim üçün xüsusilə əlamətdardır. Bu il ədliyyə fəaliyyətinin normativ-hüquqi bazasının mövcud reallıqlara və müasir tələblərə uyğun təkmilləşməsini təmin edən mühüm sənədlər qəbul olunmuşdur.Ümumiyyətlə, dövlət idarəçiliyi mexanizminin təkmilləşdirilməsi hər zaman aktual məsələlər sırasında olub. Belə bir zərurət bütövlükdə cəmiyyətin daim inkişafda olmasından irəli gəlir. İqtisadi, sosial-mədəni sahələrin inkişafı, elmi-texniki tərəqqi, informasiya-kommunikasiya texnologiyalarının hərtərəfli tətbiqi bu təkmilləşməni labüd edir.Azərbaycan Respublikasında aparılan hüquq islahatları müasir hüquq və idarəetmə sisteminin qurulmasına və hüquqi münasibətlərin modernləşdirilməsinə yönəlmiş demokratik inkişafın ayrılmaz elementidir. Bu islahatlar Konstitusiya müddəalarını reallaşdıraraq, cəmiyyətin hüquqi əsaslarının və dövlətçiliyin möhkəmləndirilməsinə xidmət edir.Ümummilli liderimiz Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə həyata keçirilmiş məhkəmə-hüquq islahatı nəticəsində Azərbaycanda bütün hüquq təsisatlarının fəaliyyətini tənzimləyən yeni mütərəqqi qanunlar, məcəllələr qəbul edilmiş, yeni - 3 pilləli müstəqil məhkəmə sistemi yaradılmış, hakimlərin müstəqilliyinin real təmin edilməsi üçün zəruri tədbirlər görülmüş, hüquq-mühafizə orqanlarının və vəkillik xidmətinin fəaliyyəti demokratik əsaslarla yenidən qurulmuşdur.Hazırda keyfiyyətcə yeni mərhələyə qədəm qoymuş məhkəmə-hüquq islahatları ölkəmizdə məhkəmə sisteminin müasirləşdirilməsinə, ədalət mühakiməsinin səmərəliliyinin artırılmasına və ədliyyə orqanlarının inkişafına yönəlmişdir. Müstəqil Azərbaycanın qurucusu Heydər Əliyevin başladığı hüquq islahatlarını uğurla davam etdirən möhtərəm Prezidentimiz cənab İlham Əliyevin bu ilin avqustunda Ali Məhkəmənin yeni binasının təməlqoyma mərasimində dediyi kimi, hətta inkişaf etmiş ölkələrdə bu proses daim gedir. Yəni bu prosesin əvvəli var, amma sonu yoxdur.Dünya təcrübəsi göstərir ki, hüquqi dövlətin qurulması möhkəm ədliyyə sisteminin formalaşdırılması ilə sıx bağlıdır. Möhkəm ədliyyə sistemini, əsas məqsədi insanların bütün hüquqlarına hörmətlə yanaşılan açıq vətəndaş cəmiyyətinin yaradılması və inkişafına xidmət etməkdən ibarət olan, mükəmməl normativ-hüquqi baza əsasında fəaliyyət göstərən və bu ümumi məqsədlə birləşdirilən ədliyyə orqan, idarə və təşkilatlarının məcmusu kimi səciyyələndirmək olar. Struktur bölmələr olan həmin idarə və təşkilatlar bir-biri ilə sıx bağlı və qarşılıqlı fəaliyyət göstərərək sistemin bütövlüyünü şərtləndirirlər. Əsl mənada möhkəm ədliyyə sistemi olan dövlətdə vətəndaşların hüquq və azadlıqları, qanun qarşısında barəbərlik və onun hər kəs tərəfindən icrası təmin olunur.Ümumiyyətlə, ədliyyə sözünün mənası çox genişdir. Penitensiar müəssisələr ədliyyədir, məhkəmə ekspertizası ədliyyədir, məhkəmə icraçıları və nəzarətçiləri ədliyyədir, hüquqi şəxslərin və vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı və notariat ədliyyədir və bunlar hələ ədliyyə sözünün ifadə etdiyi mənanın heç yarısı da deyil.Qeyd etmək lazımdır ki, sovet idarəçilik sistemi ədliyyə orqanlarına lazımi əhəmiyyət vermirdi. Hətta həmin dövrdə 10 ildən artıq müddət ərzində Ədliyyə Nazirliyi ümumiyyətlə ləğv edilərək, onun təşkilinə belə ehtiyac bilinməmişdi. Bunun isə acı nəticələrini aradan qaldırmaq üçün xeyli vaxt tələb olundu.Azərbaycanda Ədliyyə Nazirliyi ümummilli liderimiz Heydər Əliyevin respublikaya rəhbərlik etdiyi dövrdə - 1970-ci ildə əsaslı şəkildə təsis edilmiş və ədliyyə işi daim təkmilləşdirilərək, onun gələcək inkişafı üçün zəruri şərait yaradılmışdır.Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən sonra ardıcıl şəkildə həyata keçirilən hüquqi islahatlar nəticəsində cəmiyyətdə Ədliyyə Nazirliyinin nüfuzu, rolu və əhəmiyyəti müqayisə olunmaz dərəcədə artmışdır. Hazırda Ədliyyə Nazirliyi dövlət idarəetmə orqanları sistemində demokratik ölkələrə xas olan mühüm yer tutur.Son illər qəbul edilmiş qanunvericilik aktları ilə ədliyyə orqanlarının fəaliyyət istiqamətləri xeyli genişləndirilərək, onların üzərinə yeni-yeni vəzifələr qoyulmuşdur. Lakin ədliyyə orqanlarına verilmiş səlahiyyətləri sistemli şəkildə əks etdirən, Nazirliyin fəaliyyətini kompleks şəkildə tənzimləyən və müasir qanunvericiliyin tələblərinə cavab verən normativ akta, yəni yeni əsasnaməyə çox böyük ehtiyac duyulurdu. Ədliyyə Nazirliyinin 1972-ci il tarixli Əsasnaməsi yeni qanunvericilik və aparılan hüquq islahatları ilə uzlaşmırdı.Ədliyyə sisteminin inkişafı məsələlərini və bütövlükdə hüquq islahatlarını daim diqqət mərkəzində saxlayan dövlət başçısı cənab İlham Əliyev 2006-cı il 18 aprel tarixdə Ədliyyə Nazirliyinin normativ-hüquqi bazasını təkmilləşdirmək məqsədi ilə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi haqqında Əsasnaməni təsdiq etmişdir. Nazirliyin yeni fəaliyyət istiqamətlərini, vəzifə və hüquqlarını əks etdirən və bütün ədliyyə sistemi üçün müstəsna əhəmiyyətə malik olan bu sənəd Azərbaycan ədliyyəsinin qanunvericilik bazasının sürətli inkişafına təkan verdi.Yeni Əsasnamənin təsdiq edilməsindən sonra cəmi bir neçə ay ərzində ölkə Prezidentinin qanunvericilik təşəbbüsü əsasında Milli Məclis tərəfindən Ədliyyə orqanlarında qulluq keçmə haqqında Qanun qəbul edilmiş və Ədliyyə orqanlarının inkişafı haqqında fərman imzalanmışdır. Bu üç sənədin Azərbaycan Respublikasının ədliyyə sistemi üçün tarixi əhəmiyyəti danılmazdır. Onların bəzi mühüm əhəmiyyət kəsb edən müddəalarına nəzər salaq.Məlum olduğu kimi, hər bir idarəetmə sahəsi üç mühüm elementin vəhdətini və qarşılıqlı əlaqəsini nəzərdə tutur: idarəetmə subyekti (dövlət orqanları), idarəetmə obyekti və dövlət orqanlarının idarəetmə obyektinə təsir göstərməsi ilə bağlı əsasnaməsində qeyd olunan hüquq və vəzifələri.Dövlət orqanının əsasnaməsində göstərilən ümumi və spesifik əlamətlərin məcmusu onun idarəetmə sistemində yerini və rolunu müəyyən edən hüquqi statusunu təşkil edir. Bu əlamətlər orqanın fəaliyyət predmetinin, səlahiyyətlərinin xüsusiyyətlərində, onların reallaşdırılması və təmin edilməsi vasitələrində, işin təşkilinin forma və metodlarında təzahür edir.Yeni Əsasnaməyə uyğun olaraq Nazirliyə ədliyyə sahəsində vahid dövlət siyasətini və tənzimlənməsini həyata keçirən hüquq-mühafizə orqanı statusu verilmişdir. Nazirliyin fəaliyyət istiqamətləri genişlənmiş, konkret hüquq və vəzifələri müəyyən edilmişdir. Qeyd etmək lazımdır ki, Əsasnamə layihəsi hazırlanarkən respublika Prezidentinin 2006-cı il 13 fevral tarixli Fərmanı ilə Mərkəzi icra hakimiyyəti orqanlarının Nümunəvi Əsasnaməsi təsdiq edilmiş və layihə həmin Nümunəvi Əsasnaməyə tam uyğunlaşdırılmışdır.Hazırda yeni qanunvericiliyə əsasən, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi qanunvericilik aktlarının layihələrini hazırlayır, layihələr üzrə rəy verir, normativ-hüquqi aktların və normativ xarakterli aktların hüquqi ekspertizasını, dövlət uçotunu və dövlət qeydiyyatını aparır, notariat orqanlarının fəaliyyətini, vətəndaşlıq vəziyyəti aktlarının və hüquqi şəxslərin dövlət qeydiyyatının aparılmasını təmin edir, hüquqi şəxslərin dövlət reyestrini, həmçinin Azərbaycan Respublikası əhalisinin dövlət reyestrini aparır.Nazirlik qanunvericiliyə uyğun olaraq, müvafiq məhkəmələrin fəaliyyətinin təşkilati təminatını həyata keçirir, məhkəmə qərarlarının icrasını təmin edir, penitensiar müəssisələrin fəaliyyətini təşkil edir və nəzarəti həyata keçirir, bələdiyyələrin işinin təşkilinə kömək edir və onlara metodoloji yardım göstərir, bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirir, qanunvericiliklə müəyyən edilmiş hallarda cinayət işləri üzrə ibtidai istintaqı aparır, hüquq sahələrinə dair elmi-tədqiqat işlərini aparır, məhkəmə ekspertizalarının keçirilməsini təşkil edir.Hakimlərin, ədliyyə işçilərinin, müxtəlif sahələrdə çalışan mütəxəssislərin hüquq peşəsi üzrə ixtisasının artırılmasının təmin edilməsi, hüquqi maarifləndirmə işinin həyata keçirilməsi, Azərbaycan Respublikasının beynəlxalq müqavilələri ilə tənzimlənən və Nazirliyin səlahiyyətinə aid olan məsələlər üzrə ölkəmizin götürdüyü öhdəliklərin yerinə yetirilməsinin təmin edilməsi də Ədliyyə Naziliyin fəaliyyət istiqamətlərinə aid edilmişdir.Qeyd olunan və Əsasnamədə nəzərdə tutulan digər mühüm fəaliyyət istiqamətləri Ədliyyə Nazirliyi tərəfindən görülən işin həcminə və çoxşaxəliliyinə dəlalət edir. Nazirliyin 1972-ci il tarixli Əsasnaməsi ilə müqayisədə bu fəaliyyət istiqamətlərinin yarıdan çoxu yenidir. Məsələn, normativ-hüquqi aktların və hüquqi şəxslərin dövlət qeydiyyatı, əhalinin dövlət reyestrinin aparılması, penitensiar müəssisələrin işinin təşkili, bələdiyyələrin fəaliyyətinə inzibati nəzarətin həyata keçirilməsi, ibtibai istintaqın aparılması və sair.Möhkəm dövlət hakimiyyətinin əsas şərtlərindən biri vahid hüquq məkanının formalaşdırılmasıdır. Vahid hüquq məkanı dövlətin ərazisi çərçivəsində hüquqi qüvvəsi nəzərə alınmaqla tətbiq edilən və bir-birinə uyğun bütün hüquq normalarının məcmusudur. Vahid hüquq məkanının təmin ediməsi kimi mühüm vəzifə əsasən Ədliyyə Nazirliyinin üzərinə düşür. Bu sahədə fəaliyyət hazırlanan normativ-hüquqi və normativ aktların layihələrinin mövcud qanunvericiliyə uyğunluğunun təmin edilməsində və beynəlxalq müqavilə layihələrinin Azərbaycan Respublikasının qanunvericiliyinə uyğunluğu və onların hüquqi qüvvəsi məsələləri üzrə rəylərin verilməsində, qüvvədə olan normativ hüquqi aktların yeni qəbul olunmuş qanunlara uyğunlaşdırılması barədə təkliflər hazırlamasında ifadə olunur.Son dövrdə hüquq sistemində aparılan köklü islahatlarla əlaqədar vahid hüquq məkanın formaladırılması sahəsində Ədliyyə Nazirliyinin fəaliyyətini onun aparıcı istiqamətlərindən biri kimi xarakterizə etmək olar. Belə ki, yalnız son bir il doqquz ay ərzində Nazirlik təxminən 3300 qanun, fərman və digər sənədlərin layihələrinə rəy vermiş, bilavasitə Nazirlik tərəfindən 263 qanunvericilik aktının layihəsi hazırlanmış, mərkəzi icra hakimiyyəti və digər orqanların 400-dən çox normativ-hüquqi və normativ xarakterli aktları ekspertizadan keçirilmişdir.Xüsusi qeyd olunmalıdır ki, yeni Əsasnamədə Ədliyyə Nazirliyinə normativ xarakterli aktlar və mərkəzi icra hakimiyyəti orqanlarının normativ-hüquqi aktları Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğun olmadıqda, onların qüvvədən düşməsi, yaxud onlara əlavə və dəyişikliklərin edilməsi haqqında müvafiq orqanlar qarşısında məsələ qaldırmaq hüququ verilmişdir.İnsan hüquq və azadlıqları dövlət tərəfindən müəyyən edilmiş mexanizmlər vasitəsilə təmin olunmalıdır. Əgər normativ-hüquqi aktda təsbit olunmuş hüququn kifayət qədər icra olunma mexanizmi yoxdursa, bu hüquq formal xarakter daşıyacaq. Ona görə də, yeni Əsasnamədə Ədliyyə Nazirliyinə insan və vətəndaş hüquq və azadlıqlarının həyata keçirilməsinin təmin edilməsi və onların pozulmasının qarşısının alınması üzrə mühüm vəzifənin həvalə edilməsi xüsusi əhəmiyyət kəsb edir. Hazırda insan hüquqlarının müdafiəsi mexanizmlərinin təkmilləşdirilməsinə dair təkliflər hazırlanır.Qanun yaradıcılığı təcrübəsinin ən mütərəqqi ənənələri və müasir nailiyyətləri əsasında hazırlanmış Ədliyyə orqanlarında qulluq keçmə haqqında 2006-cı il 26 may tarixli Qanun ədliyyə orqanlarında, idarələrində və təşkilatlarında, penitensiar xidmətdə qulluq keçmə qaydalarını və şərtlərini, bu orqanların işçilərinin hüquqi vəziyyətinin əsaslarını müəyyən edir. Qanunda ədliyyə orqanlarında qulluq Azərbaycan Respublikasının hüquq-mühafizə orqanları sisteminə daxil olan ədliyyə orqanlarının qanunvericilikdə nəzərdə tutulan fəaliyyət istiqamətləri üzrə səlahiyyətlərini həyata keçirən vətəndaşların dövlət qulluğunun xüsusi növü hesab edilmişdir.Qanunun 2-ci fəsli ədliyyə orqanlarına qulluğa qəbul, işçilərin vəzifəyə təyin və vəzifədən azad edilməsi məsələlərinə həsr olunub və burada müvafiq vəzifənin tələblərinə uyğun peşə hazırlığına malik olan Azərbaycan Respublikası vətəndaşının şəffaflıq təmin edilməklə müsabiqə və ya müsahibə əsasında ədliyyə orqanlarına qulluğa qəbul edilmək hüququ təsbit olunmuşdur. İlk dəfə ədliyyə orqanlarına qəbul edilən şəxslər üçün stajorluq və sınaq keçmə müddəti, həmçinin işə başlamamışdan əvvəl Azərbaycan Respublikasının dövlət bayrağı önündə andiçmə nəzərdə tutulmuşdur. Qanunun 7-ci fəslində ədliyyə sisteminin mühüm tərkib hissəsi olan penitensiar xidmətdə qulluq keçmənin xüsusiyyətləri müəyyən edilmişdir.Ədliyyə orqanlarında qulluq keçmə haqqında Qanun ədliyyə işçilərinin əsas hüquqlarını genişləndirmiş, onların vəzifələrini dəqiqləşdirmiş və məsuliyyətini artırmışdır. Bu sənəddə ədliyyə işçilərinin sosial müdafiəsinin gücləndirilməsi, maddi təminatının möhkəmləndirilməsinə yönələn müddəalar ədliyyə işçiləri tərəfindən minnətdarlıq hissi ilə qarşılanmışdır.Fürsətdən istifadə edərək, Qanunun müzakirəsində və qəbul olunmasında fəal iştirak etmiş və ədliyyə fəaliyyəti barədə müsbət fikirlərini söyləmiş bütün deputatlarımıza ədliyyə işçiləri adından dərin minnətdarlığımızı bildirirəm.Yuxarıda qeyd olunan Ədliyyə orqanlarının inkişafı haqqında ölkə Prezidentinin 2006-cı il 17 avqust tarixli Fərmanının qəbul edilməsinin səbəbləri onun preambulasında açıqlanaraq qeyd olunur ki, ölkəmizdə baş verən sürətli sosial-iqtisadi dəyişikliklər, dövlət idarəçilik mexanizmlərinin müasirləşdirilməsi, məhkəmə-hüquq sisteminin təkmilləşdirilməsi, demokratik təsisatların möhkəmləndirilməsi ədliyyə sisteminin inkişafını və beynəlxalq standartlara uyğun qurulmasını zəruri etmişdir. Bu zərurətdən irəli gələrək, Fərmanda ədliyyə sistemi üzrə çox böyük struktur dəyişiklikləri nəzərdə tutulmuşdur Qanunvericilik, Qeydiyyat və notariat baş idarələri, İnsan hüquqları və ictimayyətlə əlaqələr idarəsi, regional ədliyyə şöbələri və rayon (şəhər) qeydiyyat şöbələri yaradılmış, Məhkəmə Qərarlarının İcrası Baş İdarəsi və Məhkəmə Ekspertizası Elmi Tədqiqat, Kriminalistika və Kriminologiya Problemləri İnstitutu müvafiq olaraq Penitesiar xidmət və Məhkəmə Ekspertizası Mərkəzi adlandırılmışdır.Sənəddə ədliyyə sahəsində dövlət idarəçilik mexanizmlərinin müasirləşdirilməsinə, fəaliyyətin aşkarlıq və şəffaflıq prinsipləri əsasında qurulmasına, əhaliyə göstərilən hüquqi xidmətin yaxşılaşdırılmasna yönələn bir çox müddəalar vardır. Bölgələrdə regional ədliyyə şöbələrinin və rayon (şəhər) qeydiyyat şöbələrinin yaradılması yerli əhalinin bu orqanlara müraciət imkanlarını asanlaşdıracaq, habelə regionların sosial-iqtisadi inkişafına, xüsusilə yerli hüquqşünasların işlə təmin olunmasına xidmət edəcəkdir.Ali hüquq təhsili almış şəxslərin ixtisasları üzrə müəyyən vəzifələrə təyin edilmələri üçün peşə səviyyəsinin yüksəldilməsi, habelə ədliyyə orqanları işçilərinin, hakimlərin və digər hüquqşünasların peşə hazırlağının artırılması məqsədi ilə Ədliyyə Nazirliyi yanında Hüquq-Tədris Mərkəzinin əsasında Ədliyyə Akademiyasının yaradılmasını xüsusilə vurğulamaq istərdim.Hazırda ölkə başçısının Fərmanına əsasən beynəlxalq təcrübə və Avropa Şurası ilə birgə yaradılmış tədris üzrə komissiyanın tövsiyələri nəzərə alınaraq Ədliyyə Akademiyasının Nizamnamə layihəsinin hazırlanması işi yekunlaşdırılmaq üzrədir.Dövlət hakimiyyəti orqanlarının başlıca məqsədləri vətəndaşların, cəmiyyətin və dövlətin təhlükəsizliyini təmin etmək, əhalinin rifah halını yüksəltmək, insan hüquq və azadlıqlarının həyata keçirilməsi üçün şərait yaratmaqdır. Demokratik cəmiyyətdə inzibati hakimiyyət yalnız qanun əsasında fəaliyyət göstərməlidir. Qanunçuluq konstitusiya prinsipidir. Fəaliyyət yalnız qanunun tələbləri çərçivəsində həyata keçirildikdə, idarəetmə sahəsində ictimai münasibətlərin hüquqi dövlət prinsiplərinə uyğun tənzimlənməsi təmin edilir. Qanunçuluq idarəetmənin səmərəliliyinin obyektiv şərtidir.Lakin unutmaq olmaz ki, hakimiyyət səlahiyyətləri insanlar tərəfindən reallaşdırılır. Səlahiyyətlərin reallaşdırılması iradi, intellektual və emosional proses olduğu üçün həm qanunauyğun, həm də müxtəlif səhvlərlə, sui-istifadə hallarına yol verilməklə həyata keçirilə bilər və bu baxımdan hər bir dövlət orqanının işinin real nəticələri ona verilmiş səlahiyyətlərdən çox işçilərinin peşəkarlığı, savadı, təşəbbüskarlığı və mənəvi saflığı və digər yüksək insani keyfiyyətlərindən asılıdır. Sözsüz ki, Nazirliyin qarşısında duran vəzifələrin uğurla həyata keçirilməsi kadrlarla işin təşkili, onların düzgün seçilib yerləşdirilməsi və ixtisaslarının artırılması ilə sıx bağlıdır.Bununla əlaqədar Ədliyyə orqanlarının inkişafı haqqında Fərmanda ədliyyə sistemində yüksək peşəkar kadr korpusunun formalaşmasına, ədliyyə orqanlarına işə qəbulun şəffaf prosedurlarla həyata keçirilməsinə xüsusi diqqət yetirilir. Qeyd etmək istərdim ki, Ədliyyə Nazirliyi peşəkar və sağlam mənəviyyata malik şəxslərin ədliyyə orqanlarına cəlb edilməsi, əməkdaşların hazırlıq səviyyəsinin daim yüksəldilməsi üzrə məqsədyönlü iş aparır.Ədliyyə orqanlarına işə qəbul açıq müsabiqə yolu ilə həyata keçirilir. Bu məqsədlə verilmiş elana əsasən 300-ə yaxın şəxs müraciət etmişdir və bu yaxınlarda onlarla ilk dəfə olaraq ədliyyə orqanlarına işə qəbul üzrə test imtahanı keçiriləcəkdir.Penitensiar sistemə və Nazirliyin Tibb baş idarəsinə isə ötən ildən işə qəbul açıq müsabiqə yolu ilə aparılır və yüksək hazırlıq səviyyəsinə və zəruri mənəvi keyfiyyətlərə malik olan 100-dən çox namizəd artıq müvafiq təyinatlar almışlar.Hazırda Ədliyyə orqanlarının inkişafı haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanının icrası ilə əlaqədar ədliyyə orqanlarına qulluğa qəbul edilmə ilə bağlı müsabiqənin və müsahibənin keçirilməsi qaydalarının layihəsi hazırlanır.Qəbul olunan normativ-hüquqi aktların izahı və əhalinin hüquqi maarifləndirilməsi işinin müasir tələblər səviyyəsində qurulması ilə bağlı ölkə Prezidentinin 2006-cı il 17 avqust tarixli Fərmanının müvafiq müddəası da çox böyük əhəmiyyət kəsb edir. Bu məsələyə Ədliyyə Nazirliyi tərəfindən xüsusi önəm verilir. Əhalinin hüquqi maarifləndirilməsi məqsədilə Nazirliyin əməkdaşları kütləvi informasiya vasitələrində çoxsaylı çıxışlar edir, mətbuatda ədliyyə həftələri keçirilir. Nazirlyin mətbu nəşrlərinin fəaliyyətinin yaxşılaşdırılması üçün Qanunçuluq jurnalının və Azərbaycan Respublikasının normativ aktlarının bülleteninin məzmunu və bədii tərtibatı keyfiyyətcə yeni səviyyəyə qaldırılmış, onların tirajı xeyli artmışdır. Həmçinin, Ədliyyə qəzetində hüquqi şəxslərin dövlət qeydiyyatı haqqında reyestr məlumatları ilə yanaşı, mütəmadi olaraq hüquqi maarifləndirmə ilə bağlı yazıların və yeni qanunvericilik aktlarının dərc olunması, 2003-cü ildən etibarən Yerli özünüidarə orqanlarının normativ aktlarının bülleteninin ayrıca nəşr kimi fəaliyyət göstərməsi təmin edilmişdir. Eyni zamanda, vətəndaşlar üçün daha əlverişli şərait yaradılaraq Nazirlik tərəfindən beynəlxalq təşkilatlarla əməkdaşlıq şəraitində hazırlanmış milli qanunvericiliyin elektron məlumat bazasının ilkin variantı artıq internetdə (www.e-qanun.az) yerləşdirilmiş və açıq istifadəyə verilmişdir.İctimaiyyətlə əlaqələrin gücləndirilməsi ilə bağlı görülən tədbirlər çərçivəsində vətəndaşların müraciətlərinə baxılması və onların qəbulu işinin yaxşılaşdırılması məqsədilə ərizə və şikayətlərə qanunla müəyyən edilmiş müddətlərdə baxılması, qaldırılan problemlərin həlli üzrə bütün lazımi işlərin görülməsi, Nazirliyin internet saytının interaktiv rejimə keçirilməsi nəticəsində vətəndaşların elektron müraciətlərinin, habelə "qaynar" telefon xətləri vasitəsilə daxil olan ərizə və şikayətlərin operativ həlli təmin edilmişdir.Penitensiar sistemin fəaliyyətində şəffaflığın təmin olunması və bu sahədə hüquq müdafiə təşkilatları ilə qarşılıqlı fəaliyyətin gücləndirilməsi üçün Məhkumların islah edilməsində ictimaiyyətin iştirakı və cəzanı icra edən müəssisələrin fəaliyyətinə ictimai nəzarətin həyata keçirilməsi Qaydaları təsdiq edilmiş və bu məqsədlə qeyri-hökumət təşkilatlarının nümayəndələrindən ibarət İctimai Komitə yaradılmışdır.Beynəlxalq hüquq əməkdaşlığı məsələlərinə də qeyd olunan Fərmanda xüsusi diqqət yetirilir. Azərbaycan bir çox dövlətlərlə, o cümlədən qabaqçıl Avropa ölkələri ilə hüquqi yardım haqqında ikitərəfli müqavilələr bağlamışdır. Həmin beynəlxalq müqavilələrdə nəzərdə tutulmuş öhdəliklərin səlahiyyətlərinə aid məsələlər üzrə yerinə yetirilməsinin təmin edilməsi vəzifəsi də Ədliyyə Nazirliyinin üzərinə düşür.Həmçinin, Nazirlik mütəmadi olaraq təşkil olunan Avropa Ədliyyə nazirlərinin Konfransının işində fəal iştirak edir və bir sıra beynəlxalq təsisatlarla (BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığı, Beynəlxalq Qırmızı Xaç Komitəsi, İşgəncələr və qeyri-insani, yaxud ləyaqət alçaldan rəftar və cəzaların qarşısının alınması üzrə Avropa Komitəsi, Ədalət Mühakiməsinin Səmərəliliyinin Artırılması üzrə Avropa Komissiyası, Almaniya Texniki Əməkdaşlıq Cəmiyyəti, Avropa Ümumi Hüquq Mərkəzi, Beynəlxalq Notariat İttifaqı, Dünya Bankı və sair) səmərəli əməkdaşlıq əlaqələri quraraq, hüquq islahatlarına dəstək verən müxtəlif layihələr həyata keçirir.Bu baxımdan cari ilin oktyabr ayının 3-də Dünya Bankı ilə Azərbaycan Respublikasının Hökuməti arasında imzalanmış Ədliyyə sisteminin müasirləşdirilməsi layihəsi üzrə maliyyələşdirmə Sazişini xüsusi qeyd etmək lazımdır. Həmin Sazişi Azərbaycan Respublikası Hökuməti adından ədliyyə naziri cənab Fikrət Məmmədov imzalamışdır.5 il ərzində həyata keçirilməsi nəzərdə tutulan və 35,6 milyon ABŞ dolları dəyərində olan Azərbaycanda Ədliyyə sisteminin müasirləşdirilməsi layihəsinin 21,6 milyon ABŞ dolları Azərbaycan üçün ən əlverişli şərtlərlə verilmiş kredit, habelə layihə çərçivəsində Yaponiya hökumətinin 3 milyon ABŞ dolları məbləğində əvəzsiz maliyyə dəstəyi və 11 milyon ABŞ dolları məbləğində Azərbaycan Respublikası hökumətinin payı təşkil edir.Layihədə məhkəmə orqanlarının idarəetmə imkanlarının gücləndirilməsi məqsədilə kompüterləşdirilmiş idarəetmə sistemlərinin, informasiya şəbəkəsinin və bu sahədə tədrisin təmin edilməsi, məhkəmə binalarının tikintisi və yenidənqurulması, müasir texnologiya və idarəetmə sistemlərinin tətbiqi, hakimlərin və məhkəmə işçilərinin peşəkarlığının artırılması, vətəndaşların informasiya almaq imkanlarının genişləndirilməsi, qeydiyyat və notariat fəaliyyətinin müasir tələblər səviyyəsində qurulması üzrə müvafiq tədbirlər nəzərdə tutulur.Beləliklə, dövlət başçısının ədliyyə orqanlarının inkişafı üzrə göstərdiyi səylərinin növbəti təzahürü olan Ədliyyə orqanlarında qulluq keçmə haqqında Qanun və qeyd edilən fərmanlar aparılan hüquq islahatları sahəsində müstəsna tarixi əhəmiyyət kəsb edən mərhələ olmaqla, Azərbaycanda möhkəm ədliyyə sisteminin inkişafına güclü təkan vermişdir. Hazırda Nazirliyin qarşısında duran əsas vəzifələrdən biri həmin sənədlərin dönmədən icrasını təmin etməklə mövcud olan bütün qüvvə və vasitələri birləşdirərək ədliyyə orqanlarının vahid bir mexanizm kimi işləməsinin təmin edilməsidir.Cənab İlham Əliyevin ölkəyə rəhbərliyinin 3 ilinin yekunları göstərir ki, bu qısa müddət ərzində bütün digər sahələrdə böyük nailiyyətlərin əldə edilməsi ilə yanaşı möhtərəm Prezidentimizin fəaliyyətinin əsas istiqamətlərindən biri hüquqi dövlət quruculuğu prosesində ədliyyənin rolunun gücləndirilməsi, məhkəmə və ədliyyə sistemlərinin müasirləşdirilməsidir. Bu məqsədlə qəbul olunmuş çox mühüm qərarlar və onların icrası üzrə görülən genişmiqyaslı konkret işlər dövlət başçımız tərəfindən qanunun aliliyinin təmin olunmasına və insan hüquqlarının etibarlı müdafiəsinə xüsusi önəm verildiyini bir daha sübut edir.Peşə bayramı ərəfəsində bir qrup ədliyyə işçisinin dövlət təltiflərinə layiq görülməsi və ali xüsusi rütbələrin verilməsi möhtərəm Prezidentimiz cənab İlham Əliyevin ədliyyə orqanlarına göstərdiyi diqqətin və yüksək etimadın növbəti əyani təzahürü olmuşdur.Peşə bayramını böyük ruh yüksəkliyi və dövlətimizin göstərdiyi qayğıya görə minnətdarlıq hissilə qarşılayan çoxminli ədliyyə işçiləri yaxşı dərk edirlər ki, ədliyyə tarixinin bütün müsbət ənənələrinə və qanunumuzda nəzərdə tutulan anda sadiq qalmaqla qanunçuluğun, ədalətin keşiyində dayanmaq, dövlətçilik maraqlarına sədaqətlə xidmət etmək hər birimizin borcudur.



Toğrul Musayev,
ədliyyə nazirinin müavini,
II dərəcəli dövlət ədliyyə müşaviri