04042007

Fevralın 22-də Bakı Dövlət Universitetində Azərbaycanda ombudsman təsisatının yaradılmasının 5 illiyinə həsr olunmuş elmi-praktiki konfrans keçirilmişdir."Azərbaycan Respublikasında ombudsman təsisatı və insan hüquqlarının inkişafı" mövzusunda keçirilən tədbirdə Milli Məclisin deputatı Abel Məhərrəmov, insan hüquqları üzrə müvəkkil Elmira Süleymanova, Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev, ədliyyə nazirinin müavini Toğrul Musayev, daxili işlər nazirinin müavini Oruc Zalov, Milli Məclisin sosial siyasət daimi komissiyasının sədri Hadi Rəcəbli və başqaları çıxış etmişlər. Çıxışçılar bu təsisatın yaranma tarixi, əsas məqsədi, fəaliyyəti, əhali ilə dövlətin, hakimiyyətin bütün strukturları arasında ünsiyyətin formalaşmasında rolu, təmsil etdikləri təşkilatlarda insan hüquqlarının təmin olunması istiqamətində görülən işlər haqda ətraflı məlumat vermişlər. 


"AZƏRBAYCAN RESPUBLİKASINDA OMBUDSMAN TƏSİSATI VƏ İNSAN HÜQUQLARININ İNKİŞAFI" MÖVZUSUNDA ELMİ-PRAKTİKİ KONFRANSDA ƏDLİYYƏ NAZİRİNİN MÜAVİNİ CƏNAB TOĞRUL MUSAYEVİN ÇIXIŞI


Hörmətli konfrans iştirakçıları!Hörmətli xanımlar və cənablar!Azərbaycan Respublikasında İnsan hüquqları üzrə müvəkkil (Ombudsman) təsisatının fəaliyyətinə həsr olunmuş bu mötəbər tədbirdə hamınızı salamlayıram və iştirak üçün dəvətə görə dərin təşəkkürümü bildirirəm.Ötən ilin dekabr ayı ölkə başçısı tərəfindən çox mühüm və vacib sənədin - "Azərbaycan Respublikasında insan hüquqlarının müdafiəsi üzrə Milli Fəaliyyət Planı"nın təsdiq olunması ilə yadda qalmışdır. Ölkədə insan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsini ümumdövlət vəzifəsi bəyan edən bu sənədin qəbul edilməsində məqsəd demokratiyanın, qanunun aliliyinin təmini sahəsində müəyyən edilmiş prioritetlər nəzərə alınmaqla insan hüquqlarının müdafiəsi üzrə görülən tədbirlərin genişləndirilməsidir.Milli Fəaliyyət Planında normativ hüquqi bazanın təkmilləşdirilməsi, insan hüquqları sahəsində fəaliyyət göstərən beynəlxalq təşkilatlarla əməkdaşlıq, əhalinin müxtəlif qruplarının hüquqlarının müdafiəsinin gücləndirilməsi, dövlət orqanlarının fəaliyyətinin insan hüquqlarının təmini baxımından təkmilləşdirilməsi, tədris, maarifləndirmə sahəsində tədbirlər nəzərdə tutulmuşdur. Hər üç tədbirdən birinin icrası digər orqanlarla yanaşı Ombudsmana da həvalə olunmuşdur.Bu baxımdan bugünkü konfrans Milli Fəaliyyət Planının həyata keçirilməsi, o cümlədən, insan hüquqları sahəsində əhalinin maarifləndirilməsi, hüquq düşüncəsinin və hüquq mədəniyyətinin inkişaf etdirilməsi üçün mühüm əhəmiyyət kəsb edir.Hazırda müxtəlif idarəetmə forması və hüquq sistemi olan 100-dən artıq dövlətdə təşəkkül tapmış ombudsman təsisatının ölkəmizdə yaradılması Azərbaycanda ardıcıl aparılan demokratik və hüquqi islahatların məntiqi davamı olmuşdur.Müasir Azərbaycan dövlətçiliyinin banisi, ümummilli liderimiz Heydər Əliyevin 1998-ci ildə 18 iyun tarixli Sərəncamı ilə təsdiq olunmuş "İnsan hüquqlarının müdafiəsinə dair Dövlət Proqramı" ölkəmizdə ilk dəfə olaraq insan hüquqları üzrə müvəkkil (Ombudsman) institutunun təsis edilməsini gündəmə gətirmişdir. Bununla bağlı dövlət, ictimai və beynəlxalq təsisatlarla sıx əməkdaşlıq şəraitində iş aparılmış, mövcud xarici təcrübə təhlil edilərək, konkret strategiya müəyyən olunmuş və nəticədə "Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (Ombudsman) haqqında" 28 dekabr 2001-ci il tarixli Konstitusiya Qanunu qəbul edilmişdir. Həmin Qanuna əsasən Ombudsman institutunun təsis olunmasının əsas məqsədi kimi Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə təsbit olunmuş, dövlət və yerli özünüidarə orqanları, vəzifəli şəxsləri tərəfindən pozulan insan hüquq və azadlıqlarının bərpa edilməsi müəyyən olunmuşdur.Ombudsman təsisatının beş illiyi çərçivəsində keçirilən bugünkü tədbirdə həmin Qanunun bir sıra böyük əhəmiyyət kəsb edən müddəalarını bir daha xatırlatmaq yerinə düşərdi.Ombudsmanın statusunun Konstitusiya Qanunu səviyyəsində müəyyən edilməsi dövlət tərəfindən onun insan haqlarının təmin edilməsi sahəsində çox mühüm rol oynayan müstəqil, qərəzsiz, siyasətsizləşdirilmiş təsisat kimi tanınmasının bariz nümunəsidir. Bu heç də təsadüfi deyil. Ombudsman təsisatı həm dövlətə, həm də cəmiyyətə lazımdır. Belə ki, insan hüquqlarının həyata keçirilməsi üçün ombudsman dövlət və cəmiyyət arasında vasitəçilik funksiyasını yerinə yetirir. Onun vasitəçilik missiyası ombudsmana bir sıra ölkələrdə verilən adlardan da görünür: Vasitəçi (Fransa), Vətəndaş müdafiəçisi (İtaliya), Xalq müdafiəçisi (İspaniya) və sair. Ombudsman cəmiyyətin maraqlarını dövlətə çatdırır, dövlət orqanlarının diqqətindən yayınan və ya yol verdiyi nöqsan və çatışmazlıqları müəyyən edir və onlara həmin nöqsan və çatışmazlıqların aradan qaldırılmasında kömək edir.Onu da qeyd etmək lazımdır ki, Ombudsmanın fəaliyyəti pozulmuş insan hüquqlarının bərpasını təmin edən dövlət orqanlarının işindən xeyli fərqlidir. Belə ki, ombudsman rəsmiləşdirilmiş ciddi prosedur qaydalarla bağlı deyildir. Şikayətlərə baxılarkən hər hansı çəkişmə prosesinin keçirilməsi, vəkilin cəlb olunması, dövlət rüsumunun ödənilməsi tələb olunmur. Hüququ pozulmuş vətəndaş dövlət orqanlarından asılı olmayan və cəmiyyətin maraqlarını ifadə edən müstəqil və qərəzsiz müdafiəçinin-ombudsmanın köməyindən istifadə etmək imkanı əldə etmiş olur.Eyni zamanda, vətəndaş cəmiyyətinin mühüm təzahürü olan ombudsman dövlət orqanlarının səlahiyyətlərini məhdudlaşdırmır və onları əvəz etmir (Qanunun 1.2-ci maddəsi). Yəni, insan hüquqlarının pozulma hallarını aşkar edən ombudsman həmin orqanların əvəzinə qərar qəbul etmir və yalnız öz vasitəçilik missiyasını yerinə yetirərək onların qarşısında tələb, təklif, müraciət və ya məruzə ilə çıxış edir.Ombudsmanın tövsiyələri bütün ölkələrdə yüksək qiymətləndirilir, çünki onlara "cəmiyyətin tövsiyələri" kimi baxılır. Hətta ombudsman (nümayəndə) sözünün hərfi mənası da cəmiyyətin dövlətə təsirinin artması tendensiyasını əks etdirir.Ombudsmanın öz vəzifələrini lazımı səviyyədə yerinə yetirməsi üçün əsas şərtlərdən biri onun müstəqilliyinin təmin edilməsidir. Qanunda bütün təminatlar, o cümlədən, dəyişilməzliyi, toxunulmazlığı, hər hansı dövlət və ya yerli özünüidarə orqanı, vəzifəli şəxs tərəfindən ombudsmanın fəaliyyətinə müdaxilə edilməsinin yolverilməzliyi, maddi və sosial təminatlar öz əksini tapıb. Fövqəladə və ya hərbi vəziyyətin elan edilməsi də müvəkkilin fəaliyyətini dayandırmır və ya məhdudlaşdırmır.Müvəkkilin toxunulmazlığı Qanuna uyğun olaraq, hətta onun vəzifədən getdikdən sonra səlahiyyətlərini həyata keçirdiyi dövrdəki fəaliyyətinə və söylədiyi fikirlərə də şamil edilir.İnsan hüquqları üzrə müvəkkilin siyasi fəaliyyətlə məşğul olmasına və hər hansı siyasi partiyanın üzvü və ya qeyri-hökumət təşkilatının rəhbərliyində təmsil olunmasına qadağa qoyulub.Azərbaycan ombudsmanının müstəqilliyinin təminatlarından biri də onun 7 il müddətinə seçilməsidir. Bu həm Prezidentin, həm də Milli Məclis deputatlarının səlahiyyət müddətindən çoxdur. Qeyd olunmalıdır ki, bir çox inkişaf etmiş ölkələrdə, o cümlədən, ABŞ-da, Fransada, Danimarkada, Norveçdə, hətta ombudsman təsisatının ilk dəfə yarandığı İsveçdə, onun səlahiyyət müddəti bundan azdır. Bu da bizim Qanunun üstün cəhətlərindən biridir.İnsan hüquqları üzrə müvəkkil qanunda göstərilən hallarda öz təşəbbüsü ilə araşdırma apara bilər. Bu sahədə də Azərbaycan ombudsmanının öz təşəbbüsü ilə araşdırma aparmaq hüququ olmayan İngiltərə, Fransa və sair dövlətləri qabaqlayıb.Müvəkkilin digər hüquqları ilə yanaşı məhkəmələrdə süründürməçilik, sənədlərin itirilməsi və vaxtında verilməməsi, habelə məhkəmə qərarlarının icrasının gecikdirilməsi ilə əlaqədar insan hüquqlarının pozulmasına dair şikayətlərə baxmaq; maneəsiz və əvvəlcədən xəbərdarlıq etmədən cəzaçəkmə müəssisələrinə, istintaq təcridxanalarına, müvəqqəti saxlanılma yerlərinə daxil olmaq, orada saxlanılan şəxslərlə görüşmək və təkbətək söhbət etmək, onların bu yerlərdə saxlanılmasının qanuniliyini təsdiq edən sənədlərlə tanış olmaq kimi çox vacib hüquqlarını xüsusi qeyd etmək olar.Bu təsisatın inkişaf etdirilməsi üçün bir çox işlər görülməkdədir. Ötən ilin oktyabr ayının 2-də İnsan hüquqları üzrə müvəkkil (ombudsman) haqqında Konstitusiya Qanununa Müvəkkilin yerli qurumlarının (mərkəzlərinin) yaradılmasını nəzərdə tutan dəyişikliyin edilməsi Müvəkkilin fəaliyyətinin daha səmərəli həyata keçirilməsinə, pozulmuş insan hüquq və azadlıqlarının bərpası ilə bağlı məsələlərin operativ həllinə xidmət edəcəkdir.Hörmətli Konfrans iştirakçıları!İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi ictimai həyatın bütün sahələrini əhatə etdiyindən Ombudsman bir çox dövlət orqanları ilə əməkdaşlıq edir və bu qurumlardan biri də Ədliyyə Nazirliyidir.Ötən il ədliyyə fəaliyyətinin təkmilləşdirilməsi və onun mükəmməl normativ hüquqi bazasının yaradılması baxımından xüsusilə əlamətdar olmuşdur. Belə ki, Azərbaycan Respublikasının Prezidenti möhtərəm İlham Əliyevin Fərmanı ilə Ədliyyə Nazirliyi haqqında yeni Əsasnamənin təsdiqi, Ədliyyə orqanlarında qulluq keçmə haqqında Qanunun qəbul edilməsi ilə ədliyyə sisteminin inkişafında mühüm mərhələ başlanmışdır.Eyni zamanda, ölkə Prezidentinin Ədliyyə orqanlarının inkişafı haqqında 17 avqust 2006-cı il tarixli Fərmanına əsasən digər mühüm tədbirlərlə yanaşı, insan hüquqlarının təmin olunması, hüquqi maarifləndirmə və informasiya təminatı işinin yaxşılaşdırılması, ictimaiyyətlə əlaqələrin gücləndirilməsi, qeyri-hökumət təşkilatları ilə əlaqələrin genişləndirilməsi məqsədilə Ədliyyə Nazirliyində İnsan hüquqları və ictimaiyyətlə əlaqələr idarəsi yaradılmışdır. Və bu qurum hazırda ombudsman aparatı ilə sıx əməkdaşlıq edir.İnsan hüquqlarının müdafiəsi üzrə Milli Fəaliyyət Planı Ədliyyə Nazirliyi ilə Ombudsman təsisatı arasında qarşılıqlı əlaqələrin daha da genişləndirilməsinə möhkəm zəmin yaradır.Bununla bağlı bildirmək istərdim ki, Ombudsman aparatı fəaliyyətə başladıqdan sonra Nazirlik tərəfindən həmin qurumla əlaqələr qurularaq səmərəli əməkdaşlıq həyata keçirilmiş, bu sahədə çoxsaylı tədbirlər görülmüşdür. Əməkdaşlığımızın hələ ilkin mərhələsində 2002-ci ildə "İnsan hüquqlarının müdafiəsi sahəsində ədliyyə orqanları qarşısında duran vəzifələr barədə" Nazirlik üzrə xüsusi əmr imzalanmışdır. Bu əmrə əsasən Ombudsmanın fəaliyyətinə zəruri köməkliyin göstərilməsi, o cümlədən, cəzaçəkmə müəssisələrinə və istintaq təcridxanalarına maneəsiz daxil olması və digər zəruri tədbirlərin görülməsinə dair konkret tapşırıqlar verilmişdir.Aparatın formalaşdırıldığı dövrdə Ədliyyə Nazirliyində yeni qurumun bir qrup əməkdaşı üçün xüsusi tədris kursları təşkil edilmiş, insan hüquqlarının etibarlı müdafiəsi ilə bağlı milli qanunvericiliyin, habelə beynəlxalq konvensiyaların öyrənilməsinə xüsusi yer ayrılmışdır. Tədris kursunda əməkdaşlarımızla yanaşı, Respublika Prezidentinin İcra Aparatının, Milli Məclis Aparatının, hüquq-mühafizə orqanlarının məsul işçiləri də mühazirələrlə çıxış etmişlər.Məhkəmə qərarlarının icrasının, penitensiar müəssisələrdə insan hüquqlarının təmin olunması, qeyri-hökumət təşkilatları ilə qarşılıqlı əlaqələrin qurulması və ədliyyə orqanlarının digər fəaliyyət sahələri üzrə Ombudsmanın müşahidələri və tövsiyələri əməkdaşlığımıza yeni keyfiyyət və məzmun verir.Hörmətli Ombudsmanımız Elmira xanım Suleymanovanın ölkədə insan hüquqlarının qorunması haqqında illik məruzələri Ədliyyə Nazirliyi tərəfindən diqqətlə öyrənilir və müvafiq tədbirlər görülür. Ötən il Ombudsman Aparatından Nazirliyə daxil olmuş 140-dan çox müraciətə baxılmışdır. Bu müraciətlərlə bağlı xidməti yoxlamalar nəticəsində aşkara çıxarılmış nöqsanlara yol verən bəzi ədliyyə işçiləri intizam məsuliyyətinə cəlb olunmuşlar.Qarşılıqlı fəaliyyət üçün geniş imkanlar mövcuddur. Birgə səylər tək milli səviyyədə deyil, həmçinin beynəlxalq formatda da həyata keçirilə bilər. Bu istiqamətdə müsbət təcrübə də var. Belə ki, Ədliyyə Nazirliyinin Azərbaycan Respublikası Hökuməti adından BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığı ilə həyata keçirdiyi Layihədə hakimlər, ədliyyə və prokurorluq işçiləri ilə yanaşı Ombudsman Aparatının əməkdaşları da fəal iştirak edirlər.Hesab edirəm ki, Ombudsman Aparatı işçilərinin beynəlxalq sənədlərə uyğun dövlətimizin üzərinə götürdüyü öhdəliklərin yerinə yetirilməsi ilə bağlı hesabatların müvafiq təşkilatlarda müzakirəsində iştirak etmələri də məqsədəmüvafiq olardı.Çıxışımın sonunda vurğulamaq istərdim ki, ombudsman yalnız insan hüquqlarının təmin edilməsini ali məqsəd kimi bəyan edən, bu hüquqların təmin edilməsi mexanizmlərini özündə əks etdirən qanunları və müstəqil məhkəmə hakimiyyəti olan dövlətdə səmərəli fəaliyyət göstərə bilər. Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin bir neçə gün əvvəl regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramının icrasının üç illiyinə həsr olunmuş konfransda dediyi kimi, biz hüquqi dövləti kiminsə tövsiyə etdiyi üçün deyil, Azərbaycanın uzunmüddətli inkişafının təmin olunması naminə yaradırıq. Bu baxımdan hüquqi dövlətin formalaşdırılması istiqamətində inamlı addımlar atan Azərbaycanda İnsan hüquqları üzrə müvəkkilin yüksək səviyyədə və faydalı fəaliyyəti üçün münbit zəmin hazırda vardır və eyni zamanda, bu təsisat özü də hüquqi dövlətin qurulması prosesinin sürətləndirilməsində çox mühüm rol oynayır.Bu gün, ombudsman fəaliyyətinin nəzəri və təcrübi aspektləri üzrə dəyərli çıxışlar edildi və hesab edirəm ki, bundan sonra da davam edən müzakirələr və fikir mübadiləsi çox faydalı olacaq, insan hüquqlarının qorunması sahəsində ortaya çıxan problemlərin həllinə müsbət təsir göstərəcəkdir.Diqqətinizə görə təşəkkür edirəm.