22 noyabr ədliyyə işçilərinin peşə bayramı günü ölkəmizdə geniş şəkildə qeyd edilir. Bu münasibətlə müxbirimiz Azərbaycan Respublikası ədliyyə nazirinin müavini, II dərəcəli Dövlət ədliyyə müşaviri Toğrul Musayevdən müsahibə alıb. 

Toğrul müəllim, Sizi və bütün ədliyyə işçilərini peşə bayramı günü münasibətilə təbrik edirik. İstərdik ki, ilk öncə Azərbaycan ədliyyəsinin zəngin tarixi, cəmiyyətdə onun aparıcı rolu barədə oxucularımıza məlumat verəsiniz.

Sağ olun. Bu gün ədliyyə işçiləri öz peşə bayramlarını yüksək əhvali-ruhiyyə və sevinc hissi ilə qeyd edirlər. Xalqımızın ümummilli lideri, görkəmli dövlət xadimi Heydər Əliyev tərəfindən ədliyyə orqanlarının müasirləşən cəmiyyətimizdə artan rolu nəzərə alınaraq 11 noyabr 2000-ci il tarixdə imzalanmış Sərəncamla Azərbaycan Demokratik Respublikası Ədliyyə Nazirliyinin Əsasnaməsinin təsdiq edildiyi gün, yəni 22 noyabr ədliyyə işçilərinin peşə bayramı günü kimi təsis edilmişdir.Bu bayram günündə ədliyyə işçiləri müstəqil dövlətimizin memarı və qurucusu, ümumilli liderimiz Heydər Əliyevin məzarını ziyarət etməklə ona olan əbədi ehtiramlarını bildirirlər.Məlum olduğu kimi, Azərbaycan Milli Şurası 1918-ci il mayın 28-də qəbul etdiyi İstiqlal Bəyannaməsi ilə Şərqdə ilk demokratik respublikanın- Azərbaycan Xalq Cumhuriyyətinin yarandığını elan etmişdir. Həmin gün Fətəli xan Xoyskinin rəhbərliyi ilə 9 nəfərdən ibarət Azərbaycan Milli Hökuməti yaradılmışdır. Yeni təşkil edilmiş dövlət qurumlarından biri də Ədliyyə Nazirliyi olmuş və Xəlil bəy Xasməmmədov ilk ədliyyə naziri kimi fəaliyyətə başlamışdır.Cəmi 23 ay yaşamış Azərbaycan Xalq Cümhuriyyəti müstəqil respublikanın ədliyyə, məhkəmə və prokurorluq orqanlarının formalaşdırılmasına xüsusi əhəmiyyət vermişdir. Gənc Azərbaycan dövlətinin rəhbərləri ədalətli və demokratik dövlət qurulmasında ədliyyənin və ədalət mühakiməsinin vacibliyini dərk edərək bu sahədə xeyli işlər görmüşlər və heç də təsadüfi deyil ki, Fətəli xan Xoyski o zaman parlamentdəki çıxışında vurğulamışdı: ədliyyə nəzarəti olmalıdır. Bu olmazsa, heç bir dövlətin işi yürüməz, nə qədər tənbeh və cəza olsa da, yenə də ədliyyə nəzarəti olmalıdır ədliyyəsi olmayan məmləkətdə tərəqqi dəxi olmaz, məmləkət irəliləməz.Həmin dövrdə Ədliyyə Nazirliyinin Əsasnaməsinin qəbul olunması ilə nazirliyin əsas səlahiyyətləri və strukturu müəyyən edilmiş, bir sıra vacib təşkilati məsələlər öz həllini tapmışdır.Nazirlik tərəfindən öz dövrü üçün çox aktual olan 30-dan artıq qanun layihəsi, o cümlədən, Azərbaycan vətəndaşlığı, məhkəmə işçiləri vəzifələrinə namizədlər, andlı iclasçılar məhkəməsinin təsis edilməsi, məhkəmə aidiyyəti məsələləri, xarici dövlətlərin məhkəmə qərarlarının icrası qaydası, amnistiya haqqında və digər qanunvericilik aktlarının layihələri hazırlanaraq ölkə parlamentinin müzakirəsinə çıxarılmışdır.Ədliyyə nazirinin təşəbbüsü əsasında Hökumət tərəfindən qəbul olunmuş 1919-cu il 11 avqust tarixli qərar ilə həbsxana işinin düzgün qurulması, cəzaların məqsədinə nail olunması nəzərə alınaraq, onlar Daxili İşlər Nazirliyinin tərkibindən çıxarılıb Ədliyyə Nazirliyinin tabeliyinə verilmişdir.Məhkəmənin əhaliyə daha da yaxınlaşdırılması məqsədilə Nazirlik məhkəmə orqanlarına dövlət dilini Azərbaycan dilini bilən şəxslərin cəlb edilməsi üçün tədbirlər həyata keçirmişdi ki, bunun da nəticəsində məhkəmə idarələrində bütün iclasların Azərbaycan dilində aparılmasına nail olunmuşdur.Eyni zamanda, Ədliyyə Nazirliyi öz fəaliyyətində milli kadrların formalaşdırılmasına diqqət yetirərək, pulsuz müvəqqəti xüsusi hüquq kursları təşkil etmişdir.Lakin 1920-ci ildə sovet ordusu tərəfindən Azərbaycan Demokratik Respublikasının işğal olunmasından ta 1970-ci ilə kimi Azərbaycan ədliyyəsi çətin dövrünü yaşamış, hətta bir müddət ədliyyə qurumlarının funksiyalarını digər orqanlar icra etmişlər.1969-cu ildə Heydər Əliyevin respublikamızda hakimiyyətə gəlişi ilə ədliyyə sisteminin inkişafında mühüm mərhələ başlanmış, Ədliyyə Nazirliyi bir qurum kimi yenidən təşkil olunmuş və həmin dövr üçün xarakterik olan funksiyaları yerinə yetirmiş və onun gələcək inkişafı üçün zəruri şərait yaradılmışdır.Azərbaycan yenidən dövlət müstəqilliyini əldə etdikdən sonra ulu öndərimiz Heydər Əliyevin rəhbərliyi ilə ölkəmizdə köklü hüquq islahatları aparılmış, məhkəmə və ədliyyə sahəsində mühüm əhəmiyyət kəsb edən bir çox qanunlar qəbul edilmişdir. Ümummilli liderimiz Heydər Əliyevin humanizmə, qanunun aliliyinə və ədalətə əsaslanan siyasətini bu gün uğurla davam etdirən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 4 illik fəaliyyətində ədliyyə sisteminin inkişafı və beynəlxalq standartlara uyğun qurulması sahəsində zəruri tədbirlər həyata keçirmişdir. Belə ki, ölkə Prezidentinin 18 aprel 2006-cı il tarixli Fərmanı ilə nazirliyin yeni Əsasnaməsinin təsdiq olunması, Ədliyyə orqanlarında qulluq keçmə haqqında Azərbaycan Respublikasının 26 may 2006-cı il tarixli Qanununun qəbul olunması və dövlət başçısı tərəfindən Ədliyyə orqanlarının inkişafı haqqında 17 avqust 2006-cı il tarixli Fərmanının imzalanması ilə ədliyyə orqanlarının fəaliyyətini tənzimləyən normativ hüquqi baza tamamilə yeniləşmişdir.Son illər Ədliyyə Nazirliyinin fəaliyyət istiqamətləri əhəmiyyətli dərəcədə genişləndirilmiş və nazirliyin üzərinə yeni vəzifələr qoyulmuşdur. Bununla da demokratikləşən cəmiyyətimizdə Ədliyyə Nazirliyi dövlətin hüquq siyasətini həyata keçirən orqanlardan birinə çevrilmiş və onun hüquqi dövlət qurulucuğunda rolu artmışdır.Nazirlik ədliyyə sahəsində dövlət siyasətinin formalaşmasında fəal iştirak etməklə öz fəaliyyət istiqamətlərinə müvafiq olaraq qanunvericilik aktlarının layihələrini hazırlayır, layihələrə dair hüquqi rəylər verir, normativ hüquqi aktların və normativ xarakterli aktların hüquqi ekspertizasını, onların dövlət qeydiyyatını və uçotunu aparır, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı və notariat orqanlarının fəaliyyətini, qeyri-kommersiya hüquqi şəxslərin dövlət qeydiyyatını və dövlət reyestrini təşkil edir, məhkəmə qərarlarının icrasını təmin edir, penitensiar müəssisələrin fəaliyyətini təşkil edir və nəzarəti həyata keçirir, bələdiyyələrin işinin təşkilinə köməklik göstərir, metodoloji yardım edir, yerli özünüidarəetmə orqanlarının fəaliyyətinə inzibati nəzarəti həyata keçirir, məhkəmə ekspertizalarının aparılmasını təşkil edir, müəyyən kateqoriyalı cinayətlər üzrə ibtidai istintaqı aparır, qanunvericiliklə müəyyən edilmiş digər istiqamətlər üzrə fəaliyyət göstərir.Məlumat üçün bildirmək istəyirəm ki, ölkəmizin hüquqi sahədə əməkdaşlıq imkanlarının genişləndirilməsi istiqamətində Ədliyyə Nazirliyi tərəfindən bir sıra nüfuzlu xarici təsisatlar və digər dövlətlərin ədliyyə orqanları ilə sıx işgüzar münasibətlər qurulmuş, qabaqcıl beynəlxalq təcrübənin öyrənilməsi, beynəlxalq müqavilə layihələrinin hazırlanması, razılaşdırılması və bağlanılması, habelə tərəfdar çıxdığımız müqavilələrdən irəli gələn öhdəliklərin icrasının təmin edilməsi üzrə müəyyən işlər görülmüşdür.Dövlət başçıları və ədliyyə nazirlərinin qarşılıqlı səfərləri çərçivəsində Türkiyə, Niderland, Avstriya, Litva, İtaliya, Bolqarıstan, Fransa, Rumıniya, İran, Çin, Birləşmiş Ərəb Əmirlikləri, İordaniya, Misir, MDB-nin bir sıra iştirakçı dövlətləri və digər ölkələrlə hüquqi yardım və ədliyyə sahəsində əməkdaşlığa dair sənədlər imzalanmışdır. Hazırda 20-dən artıq ölkənin Ədliyyə nazirlikləri ilə bağlanmış sazişlər çərçivəsində əməkdaşlıq həyata keçirilir, habelə Ədliyyə Nazirliyinin mərkəzi və əlaqələndirici orqan kimi müəyyən edildiyi hüquqi yardımla bağlı 14 çoxtərəfli və 30-dək ikitərəfli müqavilənin icrası üzrə tədbirlər görülür.Nazirliyin BMT, Avropa Şurası, ATƏT və digər beynəlxalq təşkilatların müvafiq strukturları ilə də işgüzar əlaqələri inkişaf etdirilərək, bir sıra birgə layihələr həyata keçirilmiş, həmin təşkilatların tədbirlərində Nazirliyimizin nümayəndələri fəal iştirak etmişlər. Ölkəmizin beynəlxalq nüfuzunun artmasının nəticəsi olaraq, Azərbaycan Respublikasının ədliyyə naziri cənab Fikrət Məmmədov Beynəlxalq Antikorrupsiya Orqanları Assosiasiyasının vitse-prezidenti, Beynəlxalq Prokurorlar Assosiasiyası İcraiyyə Komitəsinə üzv seçilmişdir.Oktyabr ayında ölkəmizə səfərə gəlmiş Avropa Komissiyasının nümayəndələri Avropa İttifaqının TASİC proqramı çərçivəsində Nazirliklə birgə ədliyyə və məhkəmə sisteminin təkmilləşdirilməsi üzrə mühüm layihələrin icrasından məmnun olduğunu bildirmiş, TWİNİNQ və TAEX kimi proqramlar çərçivəsində ədliyyə fəaliyyətinə dair yeni layihələrin həyata keçirilməsində Ədliyyə Nazirliyinin təşəbbüskarlığını təqdir etmişlər.Bu gün ədliyyənin insan hüquqlarının etibarlı müdafiəsində yeri və rolundan danışmamaq mümkün deyil.Ölkə Prezidenti tərəfindən ötən ilin dekabrında Azərbaycan Respublikasında insan hüquqlarının müdafiəsi üzrə Milli Fəaliyyət Planının təsdiq edilməsi bu sahədə görülən tədbirlərin genişləndirilməsinə xüsusi təkan vermişdir. Həmin Planın müstəsna əhəmiyyəti nəzərə alınaraq onun icrasının təşkili məsələləri təxirəsalınmadan nazirliyin kollegiya iclasında müzakirə edilmiş və verilmiş tapşırıqlara uyğun olaraq hazırlanmış tədbirlər planı nazirlik üzrə müvafiq əmrlə təsdiq olunmuşdur. Normativ hüquqi aktların layihələrinin və qanunvericiliyin təkmilləşdirilməsi üzrə təkliflərin insan hüquqlarının müdafiəsi baxımından hüquqi ekspertizası aparılır və müvafiq hüquqi rəylər verilir, əməkdaşlarımız tərəfindən insan hüquqları ilə bağlı geniş hüquqi maarifləndirmə işi həyata keçirilir.Aidiyyəti dövlət orqanları, yerli və beynəlxalq qeyri-hökumət hüquq müdafiə təşkilatları ilə möhkəm əlaqələr qurulmuş, cəzaçəkmə müəssisələrində saxlanılan şəxslərin hüquqlarının müdafiəsi, məhkumların islah edilməsində ictimaiyyətin iştirakı və penitensiar müəssisələrin fəaliyyətinə ictimai nəzarətin həyata keçirilməsi üzrə məqsədyönlü işlər görülmüşdür.Dövlət orqanları ilə qeyri-hökumət təşkilatları arasında tərəfdaşlıq münasibətlərinin sabit və effektiv sisteminin yaradılması, qeyri-hökumət təşkilatlarının dövlət və cəmiyyətin inkişafı üçün əhəmiyyət kəsb edən problemlərin həllinə cəlb olunması, vətəndaş cəmiyyətinin inkişafının sürətləndirilməsi məqsədilə Azərbaycan Respublikasının qeyri-hökumət təşkilatlarına dövlət dəstəyi Konsepsiyası təsdiq edilmişdir. Konsepsiya qeyri-hökumət təşkilatları ilə bağlı dövlət siyasətinin istiqamətlərini, onlara dövlət dəstəyinin əsas prinsip və formalarını müəyyən etmişdir. Ümumiyyətlə, vətəndaşların birləşmək hüququnun həyata keçirilməsi üçün əlverişli şəraitin yaradılması və bu sahədə qanunvericiliyin təkmilləşdirilməsi nəticəsində Ədliyyə Nazirliyində dövlət qeydiyyatına alınmış qeyri-hökumət təşkilatlarının sayı ilbəil artmaqdadır. Onu da bildirməyim yerinə düşərdi ki, 2001-ci illə müqayisədə ötən il dövlət qeydiyyatına alınmış qeyri-hökumət təşkilatlarının sayı təxminən 23 dəfə artmışdır və hazırda onların sayı 2500-ə yaxın olmuşdur. 

Toğrul müəllim, ədliyyə sisteminin təkmilləşdirilməsi üzrə həyata keçirilən tədbirlər çərçivəsində kadrlarla işin yaxşılaşdırılması və kadr korpusunun yüksək ixtisaslı mütəxəssislər hesabına komplektləşdirilməsi xüsusi ilə önəmlidir. Müsabiqə Komissiyasının sədri kimi, qulluğa qəbulla bağlı keçirilmiş müsabiqə və bütövlükdə, Ədliyyə Nazirliyində kadr siyasətinin necə aparılması, bu sahədə işin təşkili ilə bağlı görülən tədbirlər haqda nə deyə bilərsiniz? 

Əlbəttə, işin səmərəli qurulması və qarşıda duran vəzifələrin müvəffəqiyyətlə həyata keçirilməsi peşəkar kadr korpusundan çox asılıdır.Ədliyyə orqanlarda çalışan hər bir əməkdaş da, ilk növbədə, dövlətçilik prinsiplərinə sadiq, yüksək nəzəri və peşə hazırlığına, tələbkarlığa və prinsipiallığa malik, xidməti vəzifələrinin icrasına məsuliyyətlə yanaşan, yüksək mənəvi keyfiyyətləri ilə fərqlənən bir şəxs olmalıdır. Vaxtilə ulu öndərimiz Heydər Əliyev hər zaman hüquq-mühafizə orqanlarının əməkdaşlarından müstəqil Azərbaycan dövlətinə sədaqətli olmağı, mənəvi saflıq və mənəvi paklıq tələb edirdi. Bu tələblər Ədliyyə Nazirliyində kadr siyasətinin düzgün təşkil olunmasında əsas meyar kimi daim diqqət mərkəzində saxlanılır.Göstərilənləri nəzərə alaraq Ədliyyə Nazirliyinin kadr korpusunun gənc və istedadlı, hazırlıqlı, mənəvi cəhətdən saf işçilər hesabına möhkəmləndirilməsi məqsədilə bir çox tədbirlər görülür.Bildirmək istərdim ki, 2004-ci ildən başlayaraq nazirliyin penitensiar, tibb və əhalinin dövlət reyestri xidmətlərinə qulluğa qəbul müsabiqə əsasında aparılır.Azərbaycan Respublikası Prezidentinin ədliyyə orqanlarının inkişafına dair tapşırıqlarına müvafiq olaraq ədliyyə sahəsində yüksək peşəkar kadr korpusunun formalaşdırılmasını və qulluğa qəbulun şəffaf prosedurlarla həyata keçirilməsini təmin etmək məqsədilə ötən ildən ədliyyə tarixində ilk dəfə olaraq iki mərhələli açıq müsabiqə keçirilməsinə başlanılmışdır.Bununla bağlı, müsabiqənin şəffaf və demokratik prinsiplər əsasında aparılması üçün çox ciddi hazırlıq işləri görülmüş, ədliyyə orqanlarına qulluğa qəbulla bağlı müvəqqəti qaydalar qəbul edilmişdir.Əhalinin geniş məlumatlandırılması və aşkarlığın təmin olunması məqsədilə bu qaydalar mətbuatda dərc olunmuş və nazirliyin internet səhifəsində yerləşdirilmiş, həmin sənədə əsasən müsabiqənin şəffaf üsullarla keçirilməsi üçün Müsabiqə Komissiyası yaradılmış, 2006-cı il may ayında ədliyyə orqanlarına qulluğa qəbulla bağlı mətbuatda açıq müsabiqə elan edilmişdir. Sənədlərin qəbulu dörd aya yaxın davam etmiş və bu müddətdə Müsabiqə Komissiyasına dövlət, özəl və xarici ölkələrin ali təhsil müəssisələrini bitirmiş 279 nəfər hüquqşünas müraciət etmişdir.Ədliyyə orqanlarına qulluğa qəbul olunmaq üçün müraciət etmiş şəxslərin sənədlərinin toplanması və yoxlanılması Qaydalarına əsasən həmin şəxslərin ədliyyə sahəsində işləməsinin mümkün olub-olmaması aydınlaşdırılmışdır.Ötən ilin dekabrında Bakı Dövlət Universitetində keçirilmiş test imtahanında iştirak edən namizədlərdən 129-u (50%-i) müvəffəqiyyət qazanaraq müsabiqənin ikinci mərhələsinə-söhbətə buraxılmışlar. İmtahanın gedişi 40-dan artıq müşahidəçi, o cümlədən beynəlxalq təşkilatların, səfirliklərin, qeyri-hökumət təşkilatlarının, dövlət orqanlarının, kütləvi informasiya vasitələrinin nümayəndələri tərəfindən izlənilmiş və həmin qurumlardan imtahanla bağlı müsbət rəylər daxil olmuşdur.Müsabiqənin ikinci mərhələsi də uğurla keçirilmişdir. Müsabiqə Komissiyası tərəfindən namizədlərlə söhbətlər 2007-ci ilin fevral ayından iyun ayınadək mütəmadi olaraq aparılmış və bu zaman onların hər birinə bilik və bacarığını nümayiş etdirmək üçün geniş imkanlar yaradılmışdır. Peşəkarlıq və hazırlıq səviyyəsinə görə ən layiqli 67 namizəd ədliyyə orqanlarına qulluğa qəbul olunmaq üçün tövsiyə edilmişdir.Həmin namizədlərin vakant ştat vahidlərinə təyin edilməsi ilə əlaqədar nazirliyin rəhbərliyinin iştirakı ilə gənc mütəxəssislərin təntənəli andiçmə mərasimləri keçirilmişdir. Həmin tədbirlərdə ədliyyə orqanlarına işə qəbul olunanlar təntənəli qaydada dövlət bayrağı önündə and içmiş və onlara ədliyyə naziri tərəfindən xidməti vəsiqələr təqdim edilmişdir. Gənclər Fəxri Xiyabanda ümummilli lider Heydər Əliyevin məzarını ziyarət etmiş, nazirlikdəki Heydər Əliyev muzeyi və ədliyyə tarixi muzeyi ilə tanış olmuşlar.Eyni zamanda ədliyyə orqanlarında qulluğa qəbul edilən şəxslərin peşəkarcasına formalaşmalarını təmin etmək məqsədilə ədliyyə orqanlarında staj və sınaq keçməsinə dair qaydalar təsdiq olunmuş, Ədliyyə orqanlarına qulluğa qəbul olunmaq üçün namizədlərlə müsabiqənin və müsahibənin keçirilməsi qaydaları haqqında Əsasnamə layihəsi hazırlanaraq təsdiq edilməsi üçün Azərbaycan Respublikası Prezidentinə təqdim olunmuşdur.Vurğulamaq istərdim ki, ümummilli liderimiz Heydər Əliyevin əsasını qoymuş olduğu dövlət gənclər siyasəti hazırda ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən inamla davam etdirilir, ölkədə gənclərin mənəvi və fiziki cəhətdən sağlam, milli mənafelərə sədaqətlə xidmət edəcək kamil insan kimi formalaşmaları istiqamətində məqsədyönlü tədbirlər həyata keçirilir.Prezidentimizin təşəbbüsü ilə 2007-ci il Gənclər ili elan olunmuşdur. Bununla gənclərə dövlətimiz tərəfindən yüksək inam və etimadın göstərildiyi bir daha nümayiş etdirilmişdir. Sevindirici haldır ki, müsabiqə əsasında ədliyyə orqanlarına qulluğa qəbul edilənlərin əksəriyyəti məhz gənclərdir və bütövlükdə, bildirmək istərdim ki, bu gün ədliyyə işçilərinin üçdə birini gənclər təşkil edir.Əminəm ki, peşəkar ədliyyə işçisi kimi formalaşmalarına xüsusi önəm verilən bu gənc mütəxəssislər dövlətimizə şərəflə xidmət etməklə, onlara göstərilən etimadı layiqincə doğruldacaqlar.Həmçinin qeyd etmək istərdim ki, bu barədə artıq mətbuatda ətraflı məlumat verildiyi kimi, notariat fəaliyyəti ilə məşğul olmaq məqsədi ilə şəhadətnamə almaq istəyən namizədlərlə test imtahanı bu ayın 24-də keçiriləcəkdir. İmtahana hazırlıqla bağlı zəruri tədbirlər görülmüş, Notariat fəaliyyəti ilə məşğul olmaq məqsədilə şəhadətnamə almaq üçün imtahanın, təcrübənin və müsahibələrin keçirilməsi Qaydası təsdiq edilmiş, İxtisas Komissiyası yaradılmışdır. Əminəm ki, Tələbə Qəbulu üzrə Dövlət Komissiyası ilə birgə keçiriləcək bu imtahan da tam şəffaf və obyektiv olacaqdır.Bildiyiniz kimi, ölkəmizdə dövlət orqanlarının işinin müasir tələblər səviyyəsində qurulması və dövlət qulluğunun nüfuzunun artırılması, şəffaflığın təmin olunması üzrə aparılan mütərəqqi islahatlar çərçivəsində qanunçuluğun möhkəmləndirilməsi, o cümlədən etik davranış qaydalarına riayət olunması üzrə məqsədyönlü işlər də görülür. Şəffaflığın artırılması və korrupsiyaya qarşı mübarizə üzrə Milli Strategiyanın həyata keçirilməsi ilə bağlı fəaliyyət planına əsasən dövlət qulluğunun təkmilləşdirilməsi, qulluğa qəbul, vəzifədə irəliləmə, vəzifədən azad etmə, dövlət qulluqçularının fəaliyyətinin qiymətləndirilməsi, dövlət qulluğunda rotasiya sisteminin tətbiqi ilə bağlı daha şəffaf prosedurların təmin edilməsi prinsipləri müəyyənləşdirilmişdir.Bununla əlaqədar Ədliyyə Nazirliyində kadrlarla aparılan işin mühüm tərkib hissəsi kimi, işçilərin peşəkarlıq səviyyəsinin yoxlanılmasında, onların tutduğu vəzifəyə uyğunluğunun müəyyən edilməsində attestasiyaların rolu artırılmışdır.Dövlət qulluqçularının etik davranış qaydaları haqqında Azərbaycan Respublikasının Qanunu da məmurlar üçün etik davranış qaydalarını və prinsiplərini, onlara əməl olunması ilə bağlı hüquqi mexanizmləri tənzimləməklə respublikamızda müasir dövlət qulluğu sisteminin qurulmasına və bu sahədə qanunun aliliyinin təmin olunmasına xidmət edir. Bu Qanuna görə hər bir dövlət qulluqçusu hər hansı bir addım atarkən, vətəndaşlarla ünsiyyətdə olarkən dövləti təmsil etdiyini unutmamalı, məsuliyyətli olmalı, vətəndaşlarla mədəni davranmalıdırlar. Bu tələblər həmçinin Nazirlər Kabinetinin 2007-ci ilin doqquz ayında sosial-iqtisadi inkişafın yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş 22 oktyabr tarixli iclasında dövlətimizin başçısı İlham Əliyevın çıxışı zamanı bir daha vurğulanmışdır. Dövlət məmuru, vəzifəli şəxs hər sahədə - işdə, ictimai işində və həyatda təvazökar olmalıdır. Əgər hansısa bir iş adamı, yaxud da başqa bir adam nəsə edirsə, bu, onun öz işidir. O işləri görməklə özünü biabır edir və cəmiyyətdə gözdən düşür. Bunu dövlət məmuru, vəzifəli şəxs edirsə, bu, artıq təkcə onun işi deyil. Bu, bütün dövlətə, idarəçiliyə, iqtidara şərəf gətirməyən hərəkətdir" fikirlərini səsləndirməklə ölkə prezidentinin dövlət qulluqçularına ciddi və haqlı iradı idi.Bu məsələlər daim nazirliyin rəhbərliyinin diqqət mərkəzində saxlanılmaqla hər bir ədliyyə işçisindən öz vəzifə borcunu səmərəli yerinə yetirməsi, dövlətimizin və ədliyyə orqanlarının nüfuzunu möhkəmləndirməsi, öz adını və şərəfini uca tutması tələb edilir.Dövlət başçısının bu sahədə verdiyi tapşırıqlar nazirliyin noyabr ayının 16-da keçirilmiş kollegiya iclasında geniş müzakirə olunmuşdur. Elə həmin iclasda işçi qrupu tərəfindən hazırlanmış ədliyyə işçilərinin etik davranış qaydalarının layihəsinə baxılmış və bəyənilmişdir. Bu qaydalar ədliyyə orqanları işçilərinin etik davranış prinsiplərini və normalarını, o cümlədən korrupsiyaya qarşı, xidməti və xidmətdənkənar davranış qaydalarını, həmçinin bəzi ədliyyə işçilərinin peşə xüsusiyyətləri ilə əlaqədar davranışını və bu qaydalara əməl olunmasına nəzarət edilməsi mexanizmini müəyyən etməklə, göstərilən etik normaların pozulmasına görə məsuliyyətə cəlb olunmanı nəzərdə tutur.Həmçinin notariat fəaliyyəti ilə məşğul olan şəxslərin davranış qaydalarının tənzimlənməsi məqsədilə notariusların etik davranış kodeksi təsdiq olunmuş, hakim adının və nüfuzunun qorunmasına xüsusi diqqət yetirilərək nazirlik tərəfindən Hakimlərin Etik Davranış Kodeksinin hazırlanmasında fəal iştirak edilmişdir.Hesab edirəm ki, ədliyyə orqanları işçilərinin etik davranış Qaydaları əməkdaşlarımızın vicdanlı xidmət və peşəkarlıq sahəsində nümunəvi davranışının gücləndirilməsinə, bütövlükdə isə, ədliyyə fəaliyyətinə ictimai etimadın möhkəmləndirilməsinə xidmət edəcəkdir. 

Qeyd etdiyiniz kimi, ötən il ədliyyə sisteminin təkmilləşdirilməsi məqsədilə dövlət başçısı tərəfindən ədliyyə orqanlarının inkişafı ilə bağlı mühüm Fərman imzalanmışdır. Bu Fərmanın icrası ilə bağlı görülən işlər barədə nə deyə bilərsiniz?Ölkə Prezidentinin Ədliyyə orqanlarının inkişafı haqqında 17 avqust 2006-cı il tarixli Fərmanı Azərbaycan ədliyyəsi üçün mühüm və proqram xarakterli bir sənəddir. Bu fərman dövlət başçısının ölkədə güclü ədliyyə sisteminin formalaşmasına dair siyasi iradəsinin təzahürüdür.Fərmandan irəli gələn vəzifələrin icrası ilə bağlı konkret işlər görülmüş, o cümlədən normativ sənədlərin hazırlanması üzrə təcrübəli ədliyyə işçilərindən ibarət xüsusi işçi qrup yaradılmış, mərkəzi aparatın yeni strukturu, onun tərkibinə daxil olan baş idarə və idarələrin əsasnamələri təsdiq edilmiş, ədliyyə orqanlarının ştat sayı xeyli artırılmış, müvafiq əmrlə həmin ştat vahidlərinin aidiyyəti xidmətləri üzrə bölgüsü aparılmış, əsasən bütün qurumların strukturu və ştat sayı təsdiq olunmuşdur.Qüvvədə olan qanunvericilik aktlarının ədliyyə orqanlarının inkişafı haqqında fərmana uyğunlaşdırılması məqsədilə 6 qanuna və 40-dək digər normativ hüquqi akta müvafiq əlavə və dəyişikliklər edilməsi, 50-dək sənədin qüvvədən düşməsi barədə normativ hüquqi aktların layihələri hazırlanmış və onların əksəriyyəti qəbul olunmuşdur.Fərmana uyğun olaraq ədliyyə orqanlarının fəaliyyəti üçün zəruri şəraitin yaradılması ilə bağlı da əməli işlər görülür.Yerlərdə ədliyyə orqanlarının işinin əlaqələndirilməsi, onlara nəzarətin gücləndirilməsi, əhalinin bu qurumlara müraciət etmə imkanlarının asanlaşdırılması, bələdiyyələrin fəaliyyətinə inzibati nəzarətin səmərəsinin artırılması üçün 10 regional ədliyyə şöbəsi yaradılmış, onların strukturu və ştat bölgüsü təsdiq edilmiş, səlahiyyətlərinə aid olan məsələlər və ərazi yurisdiksiyaları müəyyən olunmuş və əsasnaməsi təsdiqlənmişdir. Həmçinin regional ədliyyə şöbələrinə zəruri şəraitin yaradılması, onlara ayrılmış binalarda təmir, abadlıq işlərinin aparılması, maddi-texniki təminatı üzrə müvafiq tədbirlər görülmüşdür. Yaxın vaxtlarda onlar fəaliyyətə başlayacaqlar.Eyni zamanda, Ədliyyə Nazirliyinin özündə hüquq normalarını əks etdirən və dövlət qeydiyyatına alınmış bir sıra normativ aktlarının bu Fərmana uyğunlaşdırılması məqsədilə 30-dan çox normativ sənədə əlavə və dəyişikliklər edilmiş və onlar dövlət qeydiyyatına alınmış, bəzi aktlar qüvvədən düşmüş hesab edilmişdir.Normativ sənədlərin internet informasiya resursunun yaradılması məqsədilə ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAİD-in) maliyyə və təşkilati dəstəyi ilə milli qanunvericiliyin elektron məlumat bazası hazırlanmış, internetdə (www.e-qanun.az) yerləşdirilərək açıq istifadəyə verilmiş, onun sistematik yeniləşdirilməsi təmin olunmuşdur. Həmin saytda olan məlumatlardan hər bir kəs pulsuz istifadə edə bilər.Bu günlərdə həmin qurumun Azərbaycan üzrə əlaqələndiricisi ilə keçirilmiş görüş zamanı qanunvericilik bazasının işlək vəziyyətdə saxlanması, yenilənməsi və bu sahədə nazirliyə müvafiq yardımın göstərilməsi ilə bağlı müzakirələr aparılmışdır.Əhaliyə göstərilən hüquqi xidmətin yaxşılaşdırılması və müasir tələblər səviyyəsində təşkili üzrə kompleks tədbirlər həyata keçirilmiş, o cümlədən notariat, vətəndaşlıq vəziyyəti aktlarının və hüquqi şəxslərin dövlət qeydiyyatı sahələrini tənzimləyən qanunvericilik bazası əsaslı şəkildə təkmilləşdirilmişdir.Əhalinin dövlət reyestrinin formalaşdırılması üzrə də müvafiq işlər görülmüş, o cümlədən aidiyyəti dövlət qurumlarının informasiya sistemləri barədə zəruri məlumatlar əldə olunmuş, qabaqcıl beynəlxalq təcrübənin öyrənilməsi üçün xarici ölkələrə səfərlər təşkil edilmiş, informasiya-kommunikasiya texnologiyalarının tətbiqi sahəsində səriştəli yerli və beynəlxalq qurumların ekspertləri ilə təcrübə mübadiləsi aparılmış, xidmətin fəaliyyətinin səmərəli təşkili və əməkdaşlara müasir tələblərə cavab verən əmək şəraitinin yaradılması məqsədilə yeni binanın inşasına başlanılmışdır.Bu sahədə mövcud təcrübə nəzərə alınmaqla qurumun fəaliyyətini tənzimləyən qanunvericilik bazası təkmilləşdirilmiş, Ədliyyə Nazirliyi ilə BMT-nin İnkişaf Proqramı arasında Azərbaycan Respublikası Əhalisinin Dövlət Reyestrinin Formalaşdırılması və İnkişafı layihəsi üzrə imzalanmış Sazişin icrası üzrə əsaslı işlər aparılır.Azərbaycan Respublikası Prezidentinin ədliyyə orqanlarının inkişafı ilə bağlı Fərmanına əsasən ali hüquq təhsili almış şəxslərin ixtisasları üzrə müəyyən vəzifələrə təyin edilmələri üçün peşə səviyyəsinin yüksəldilməsi, ədliyyə orqanları işçilərinin, müvafiq hakimlərin və digər hüquqşünasların peşə hazırlığının artırılması məqsədilə nazirliyin Hüquq Tədris Mərkəzi əsasında Ədliyyə Akademiyasının yaradılması nəzərdə tutulmuşdur. Akademiyanın fəaliyyət istiqamətləri, strukturu və nizamnaməsi ilə bağlı məsələlər Hakimlərin və prokurorların tədrisi üzrə Azərbaycan-Avropa Şurası ekspert komissiyasının iclaslarında müzakirə olunmuşdur. Hazırda verilmiş tövsiyələr nəzərə alınmaqla Akademiyanın formalaşdırılması prosesi davam edir.Məhkəmə qərarlarının icrası işinin yaxşılaşdırılması, bu sahədə mövcud çatışmazlıqların aradan qaldırılması üzrə tədbirlər davam etdirilmişdir. İcra sənədlərinin düzgün və vaxtında yerinə yetirilməsinə nəzarət gücləndirilmiş, yeni məhkəmələrin yaradılması ilə əlaqədar Məhkəmə icraçıları və nəzarətçiləri xidmətinin ştat sayı xeyli artırılmışdır.Ölkə Prezidentinin fərmanından irəli gələn vəzifələrə uyğun ədliyyə fəaliyyətinin istiqamətləri üzrə işlərin təkmilləşdirilməsi məqsədilə əlavə tədbirlərin həyata keçirilməsi bu gün də davam etdirilir və mövcud problemlərin həlli üzrə zəruri işlər görülür.Fürsətdən istifadə edərək, peşə bayramı ərəfəsində ədliyyənin inkişafına göstərilən diqqət və qayğıya, habelə əməkdaşlarımızın maddi-sosial təminatının yaxşılaşdırılmasına görə bütün ədliyyə işçiləri adından ölkə başçısına dərin minnətdarlığımı bildirirəm.Bu bayram münasibətilə həmkarlarımı bir daha səmimi qəlbdən təbrik edir, onlara çətin və şərəfli işlərində müvəffəqiyyətlər arzulayıram. Əminəm ki, ədliyyə işçiləri bundan sonra da böyük səy və yüksək məsuliyyət hissi ilə çalışacaq və bu sahədə əldə etdiyimiz nailiyyətlərlə gələn il Azərbaycan ədliyyəsinin 90 illiyinə böyük töhfə verəcəklər.