tm9

Azərbaycan ədliyyə işçiləri artıq 12-ci ildir ki, öz peşə bayramlarını böyük ruh yüksəkliyi və sevinc hissi ilə qeyd edirlər. Xalqımızın ümummilli lideri, dahi öndər Heydər Əliyev tərəfindən imzalanmış 11 noyabr 2000-ci il tarixli Sərəncamla Azərbaycan Xalq Cümhuriyyəti Ədliyyə Nazirliyinin Əsasnaməsinin təsdiq edildiyi gün - 22 noyabr ədliyyə işçilərinin peşə bayramı günü kimi təsis edilmişdir. Azərbaycan ədliyyəsinin bu illər ərzində keçdiyi inkişaf yolu barədə müsahibimiz respublika ədliyyə nazirinin müavini II dərəcəli dövlət ədliyyə müşaviri Toğrul Musayev fikirlərini oxucularımızla bölüşmüşdür.

- Toğrul müəllim, əvvəla Sizi və bütün ədliyyə işçilərini peşə bayramınız münasibətilə təbrik edirik. Müstəqilliyimizin 20-ci ildönümünü yaşayan ölkəmizdə demokratik hüquqi dövlət quruculuğu yolunda atılmış addımları, müasir hüquq sisteminin inkişafını necə xarakterizə edərdiniz?

- Çox sağ olun. Ədliyyə işçilərinin builki peşə bayramı həqiqətən də, hər bir azərbaycanlı üçün çox mühüm və əlamətdar bir dövrə təsadüf edir. Belə ki, respublikamız dövlət müstəqilliyinin bərpasının 20 illik yubiley günlərini yaşayır.

Əlbəttə, hər bir xalqın ən böyük milli sərvətlərindən biri də onun azadlığı və dövlət müstəqilliyidir. Sivil cəmiyyətin özəyini də məhz istiqlal ideyaları, milli dövlətçilik amili, insan hüquq və azadlıqlarına hörmət prinsipi təşkil edir. 1991-ci ildə dövlət müstəqilliyini bərpa etməklə Azərbaycan xalqı tarixi qələbə qazanmışdı. Lakin əfsuslar olsun ki, müstəqilliyin ilk illərində dövlət idarəçiliyinin iflic vəziyyətə salınması, respublika daxilində separatçı qüvvələrin baş qaldırması, vətəndaş müharibəsinin alovlanması, xaos və iqtisadi tənəzzül, digər tərəfdən isə Ermənistanın hərbi təcavüzü o zaman xalqımızı nəinki öz müstəqilliyini itirmək, hətta ölkənin parçalanmaq təhlükəsi qarşısında qoymuşdu.

Məhz belə bir son dərəcə ağır şəraitdə xalqımızın təkidli tələbi ilə ümummilli liderimiz Heydər Əliyevin hakimiyyətə qayıdışı, dahi öndərin möhkəm iradəsi, zəngin idarəçilik təcrübəsi, unikal liderlik bacarığı və ən əsası, xilaskarlıq missiyası sayəsində ölkəmiz dünya tarixində öz istiqlalına yenidən sahib çıxmışdır. Xalqımızın Milli Qurtuluş günü ilə qorunan müstəqilliyimizin möhkəmləndirilməsi yolunda inamlı addımlar atılmış, ulu öndərin müdrik və düşünülmüş daxili və xarici siyasəti nəticəsində dövlətimiz müasir inkişaf yoluna qədəm qoymuş, sülh danışıqları aparılmaqla atəşkəsə nail olunmuş, bir çox xarici dövlətlərlə diplomatik əlaqələr qurulmuş, ölkədə hərtərəfli quruculuq işləri, iqtisadi islahatlar həyata keçirilməyə başlanmış, uğurlu neft strategiyasının  təməli qoyulmuşdur.

Bütün bunlarla bərabər, hüquq sistemində də əsaslı islahatlar aparılmağa başlanmışdır. İlk növbədə, 1995-ci ildə dövlətimizin təməlini möhkəm siyasi-hüquqi əsaslar üzərində qurmaq və müstəqilliyi daha da möhkəmlətmək üçün bilavasitə Heydər Əliyevin müəllifliyi ilə milli Konstitusiyamız qəbul edilmişdir. Əsas qanun insan hüquqlarının təmin olunmasını dövlətimizin ali məqsədi kimi bəyan etmişdir. Ulu öndərin rəhbərliyi ilə Hüquqi İslahat Komissiyası yaradılaraq qısa müddət ərzində mühüm qanun və məcəllələr hazırlanmış, demokratik dövlətə xas olantəsisatlar yaradılmış, yeni məhkəmə sistemi formalaşdırılmışdır.

Eyni zamanda, dövlətin cəza siyasətində köklü dəyişikliklər edilmiş, cinayət cəzalarının icrası funksiyası Ədliyyə Nazirliyinə verilmiş, ölkəmizdə Əfv institutu bərpa olunmuş, Şərqdə ilk dəfə olaraq ölüm cəzası ləğv edilmişdir.

Təsadüfi deyil ki, müstəqillik dövründə ölkəmizdə qəbul edilmiş yeni qanunların təxminən 20 faizi məhkəmə-hüquq islahatları ilə bağlı olmuşdur və bu sahədə görülən işlər beynəlxalq qurumlar və ekspertlər tərəfindən də yüksək qiymətləndirilmişdir.

Ümummilli liderimiz Heydər Əliyevin müəyyən etdiyi və gələcəyə hesablanmış inkişaf konsepsiyasına uyğun olaraq ölkəmiz 20 illik tərəqqi dövrü ərzində bir çox dövlətlərin uzun illər əldə edə bilmədikləri yüksək nailiyyətlər qazanmış, dünya birliyində nüfuzlu dövlət kimi layiqli yer tutmağa müvəffəq olmuşdur.

Bu gün fəxrlə söyləyə bilərik ki, ulu öndərimizin dövlət inkişaf kursunu layiqincə və uğurla davam etdirən möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan dövləti daha da qüdrətlənir, möhkəmlənir, ölkədə müasir hüquq və idarəetmə sistemləri formalaşaraq hüquq münasibətləri modernləşdirilir.  Respublikamız iqtisadi inkişaf tempinə görə dünyada lider dövlətlərdəndir. Və müstəqilliyimizin bərpasının 20 illiyi ərəfəsində dünyanın 155 ölkəsinin BMT Təhlükəsizlik Şurasına keçirilən seçkilərdə Azərbaycanı dəstəkləməsi və nəticədə ölkəmizin bu mötəbər quruma qeyri-daimi üzv seçilməsi xarici siyasətimizin təntənəsi olmaqla çox önəmli tarixi nailiyyətdir.

- Ədliyyə sisteminin müasirləşdirilməsi üzrə həyata keçirilən ardıcıl və genişmiqyaslı tədbirlər cəmiyyətimizdə dərin rəğbətlə qarşılanır. Son illər bu sahədə aparılan islahatlar barədə nə deyə bilərsiniz?

- Bəli, hüquqi dövlətin qurulması möhkəm ədliyyə sisteminin formalaşdırılması ilə sıx bağlıdır. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən son illər ərzində ədliyyə sisteminin müasirləşdirilməsi və müstəqil məhkəmə hakimiyyətinin daha da gücləndirilməsi üzrə çox mühüm həm nəzəri, həm də praktiki əhəmiyyət daşıyan əhatəli qərarlar verilmişdir. Bu istiqamətdə əməli işlərin görülməsi ümummilli liderimiz Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə həyata keçirilmiş məhkəmə-hüquq islahatlarının məntiqi davamı olaraq onların hazırda keyfiyyətcə yeni mərhələsinin başlanması deməkdir. Çoxşaxəli ədliyyə fəaliyyətinin tənzimlənməsi üçün 2006-cı ildə Ədliyyə Nazirliyinin Əsasnaməsi, "Ədliyyə orqanlarında qulluq keçmə haqqında" Qanun qəbul olunmuş, "Ədliyyə orqanlarının inkişafı haqqında" proqram xarakterli fərman imzalanmışdır.

Bununla da Ədliyyə Nazirliyinə hüquq-mühafizə orqanı statusu verilmiş, yeni vəzifələr həvalə edilməklə, onun strukturu təkmilləşdirilmişdir.

2009-cu ildə isə dövlət başçısı tərəfindən "Azərbaycan ədliyyəsinin inkişafına dair 2009-2013-cü illər üçün Dövlət Proqramı"nın qəbul olunması ədliyyə və məhkəmə sahəsində islahatların gələcək inkişaf perspektivlərini müəyyən etmişdir. Azərbaycan ədliyyəsinin dinamik inkişafının təmin olunmasına, yeni informasiya və kommunikasiya texnologiyalarının tətbiq edilməsinə, normativ-hüquqi və maddi-texniki təminatın yaxşılaşdırılmasına, kadr potensialının, ədliyyə orqanları işçilərinin sosial müdafiəsinin gücləndirilməsinə yönəlmiş bu Proqram çərçivəsində kompleks tədbirlər həyata keçirilir.

Bu gün Ədliyyə Nazirliyi geniş islahatlar aparılmaqla müasir inkişaf yolu keçir və yaxşı olardı ki, görülən bu tədbirlərdən ətraflı bəhs edək. Lakin bir müsahibədə bütün sahələri əhatə etmək mümkün deyil. Bunun üçün ədliyyənin bir neçə fəaliyyət istiqamətlərindən söz açmaq istərdim.

Qeyd olunmalıdır ki, nazirliyimiz qanunvericilik sahəsində fəal iştirak edir, hüquqi aktların layihələrini insan hüquq və azadlıqları əsas meyar kimi rəhbər tutularaq onların beynəlxalq hüquqi sənədlərə uyğunluğuna xüsusi diqqət yetirilməklə hazırlayır, layihələr üzrə rəy verir, normativ-hüquqi və normativ xarakterli aktların hüquqi ekspertizasını aparır. Təkcə cari ildə nazirlik tərəfindən 240 hüquqi aktın layihəsi hazırlanmış, müxtəlif hüquq münasibətlərini tənzimləyən 1300-dən yuxarı belə akt hüquqi ekspertizadan keçirilmişdir. 

Yeni qəbul olunmuş "Normativ hüquqi aktlar haqqında" Konstitusiya Qanunu ilə cari ildə nazirliyə yeni mühüm vəzifələr, o cümlədən Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinin yaradılması və onun aparılması həvalə edilmişdir. Ölkə Prezidentinin 2011-ci il 1 iyul tarixli Fərmanı ilə bu sahədə müvafiq Əsasnamə təsdiq olunmuş və nazirlik tərəfindən həmin reyestrin elektron variantı yaradılaraq (www.huquqiaktlar.gov.az) bu ilin noyabrın 1-dən fəaliyyətə başlamışdır.

Vətəndaşların hüquqi biliklərinin artırılması, qanunların mətni ilə onların birbaşa sərbəst və təmənnasız tanış olması da mühüm məsələlərdən biridir. Bu baxımdan nazirliyin  interaktiv rejimdə fəaliyyət göstərən və milli qanunvericiliyin elektron məlumat bazasını əhatə edən  "e-qanun.az" internet saytı xüsusi əhəmiyət kəsb edir.

Əhalinin bu və ya digər məsələlərlə bağlı öz hüquqlarını həyata keçirməsi ilə əlaqədar vaxtaşırı müraciət edilən sahələrdən biri də notariatdır. Burada da bir sıra yeniliklər əldə olunmuş, o cümlədən qanunvericiliyə qabaqcıl beynəlxalq standartlara uyğun əsaslı dəyişikliklər edilmiş, "Notariat sənədlərinin elektron məlumat bankı" informasiya sistemi yaradılmış, şəffaf prosedurlarla müsabiqə keçirilərək yeni notariuslar korpusu formalaşdırılmışdır. Eyni zamanda, Beynəlxalq Notariat İttifaqı ilə səmərəli əlaqələr qurulmuş, bir sıra inkişaf etmiş dövlətlərin təcrübəsi öyrənilmiş, Latın notariatının bərqərar olması üzrə mühüm addımlar atılmış, ölkəmizdə xüsusi notariat institutu yaradılaraq fəaliyyətə başlamışdır.

Qeyri-hökumət təşkilatları dövlət və cəmiyyətin inkişafı üçün əhəmiyyət kəsb edən problemlərin həllinə fəal cəlb olunurlar. Vətəndaş cəmiyyətinin inkişafı üçün əlverişli şərait yaradılmışdır və bildirmək istəyirəm ki, Ədliyyə Nazirliyində dövlət qeydiyyatına alınmış qeyri-hökumət təşkilatları ilbəil artaraq bu gün onların sayı 2700-ü ötmüşdür.

Qanunvericiliyə uyğun olaraq hüquqi və fiziki şəxslər tərəfindən mətbu nəşrin təsis edilməsi prosedurları xeyli sadələşdirilmişdir və hazırda nazirlikdə uçota götürülmüş KİV-lərin sayı 4.500-ü keçmişdir.

Sahibkarlığın inkişafı, iqtisadi tərəqqi üçün əlverişli biznes mühitinin yaradılması üzrə ardıcıl tədbirlər həyata keçirilir. Cənab Prezident dəfələrlə öz çıxışlarında sahibkarlığın inkişafı üçün inhisarçılığa, korrupsiya və rüşvətxorluğa qarşı mübarizənin gücləndirilməsinin vacibliyini vurğulamış, bu məsələlərə daim xüsusi önəm verərək dövlət nəzarəti mexanizmlərinin təkmilləşdirilməsi, yoxlamaların tənzimlənməsi vasitəsilə sahibkarların hüquqlarının qorunması, sui-istifadələrin qarşısının alınması istiqamətində mühüm qərarlar qəbul etmişdir.

Bununla əlaqədar ölkə Prezidentinin 13 aprel 2010-cu il və 15 fevral 2011-ci il tarixli fərmanları ilə Ədliyyə Nazirliyinə müvafiq reyestrin formalaşdırılaraq aparılması həvalə olunmuşdur. Qısa müddət ərzində bu sahədə milli və xarici qanunvericilik təhlil olunmuş, qabaqcıl təcrübə öyrənilmiş və "Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestri" (www.yoxlama.gov.az) cari ilin 1 may tarixindən fəaliyyətə başlamışdır. Bununla da sahibkarlıq subyektlərində hər hansı yoxlamalar yalnız həmin reyestrdə müəyyən edilmiş qaydada qeydiyyata alındıqdan sonra həyata keçirilə bilər. Artıq bu reyestr dövlət orqanları və iş adamları üçün əməli əhəmiyyət kəsb edən informasiya resursuna çevrilmişdir.

Yuxarıda göstərdiyim kimi, ölkəmizdə inkişafı əngəlləyən hallarla, o cümlədən korrupsiya ilə ciddi mübarizə aparılır. Cənab Prezident əhali ilə görüşləri zamanı vətəndaşlarımızdan bütün xoşagəlməz hallar, ədalətsizliklər, əsassız tələblər haqqında Prezident Administrasiyasına və digər müvafiq orqanlara nöqsanların aradan qaldırılması üçün məlumat verilməsini xahiş etmişdir.

Ədliyyə orqanlarında da bu sahə daim diqqətdə saxlanılaraq, vətəndaşların müraciətlərinə baxılmasının təkmilləşdirilməsi, korrupsiyaya şərait yaradan halların qarşısının alınması üzrə işlər görülür, monitorinq qrupları təşkil olunmuş, nazirliyin internet saytında "qaynar xətt" bölməsi və ayrıca telefon xidməti yaradılmış, "Qaynar xətt"ə daxil olan şikayətlərə baxılması Qaydaları təsdiq edilmişdir.Nazirlik tərəfindən korrupsiya hüquqpozmaları ilə bağlı yoxlamaların nəticələri üzrə cari ildə 4 nəfər barədə materiallar prokurorluğa göndərilmiş, habelə 7 ədliyyə işçisi intizam məsuliyyətinə cəlb olunmuş, o cümlədən 4 nəfər ədliyyə orqanlarından xaric edilmişdir.

Regionlarda hüquq təsisatlarının inkişafı, yerlərdə əhalinin ədliyyə orqanlarına müraciət imkanlarının asanlaşdırılması, bu orqanların işinin əlaqələndirilməsi məqsədilə ilk dəfə olaraq regional ədliyyə şöbələri yaradılmış, onların fəaliyyətinin səmərəli təşkili ilə bağlı işlər görülərək, Şəki, Gəncə və Şirvan regional ədliyyə şöbələri üçün hər cür şəraiti olan və müasir təşkilati-texniki avadanlıqla təmin edilmiş yeni inzibati binalar tikilərək istifadəyə verilmişdir.

Bununla yanaşı, Yoxsulluğun azaldılması və davamlı inkişaf Dövlət Proqramının həyata keçirilməsi məqsədilə nazirlik tərəfindən aztəminatlı əhalinin vətəndaş hüquqları barədə məlumatlandırılması və onların pulsuz hüquqi yardım xidmətlərindən istifadə imkanlarının genişləndirilməsi məqsədilə bölgələrdə regional hüquqi məsləhət xidmətləri mərkəzləri yaradılmışdır. Həmin mərkəzlərin fəaliyyətinin növbəti illərdə də davam etdirilməsi nəzərdə tutulur.

Nazirliyin kadr siyasəti kifayət qədər ciddi bir sistem təşkil etməklə, ədliyyə orqanlarını zəruri peşəkarlığa, sağlam mənəviyyata, yüksək hazırlığa malik işçilərlə möhkəmləndirmək və eyni zamanda, ədliyyə işçisinin adına və nüfuzuna xələl gətirən şəxslərdən təmizləmək kimi mühüm məqsədlərə xidmət edir.

Son illər ədliyyə orqanlarına qulluğa qəbul şəffaf prosedurlarla açıq müsabiqə yolu ilə aparılır. Bu il iki dəfə işə qəbulla bağlı müsabiqə elan olunmuşdur. Artıq onlardan biri bu günlərdə başa çatmış, bütün mərhələləri, o cümlədən peşə fəaliyyətinə buraxılması üçün Ədliyyə Akademiyasında icbari təlim kurslarını uğurla keçmiş 50-dən artıq hüquqşünas məhz peşə bayramı ərəfəsində ədliyyə orqanlarına qulluğa qəbul olunmuşdur.

Müsbət haldır ki, müsabiqələr əsasında ədliyyə sahəsində fəaliyyətə başlayan şəxslərin 84 faizi məhz gənclərdir və hazırda bütövlükdə ədliyyə işçilərinin üçdə birini gənclər təşkil edir. Bu da ölkəmizdə həyata keçirilən dövlət gənclər siyasətinə öz töhfələrini verir.

İşə qəbul proseduru xeyli sadələşdirilmiş, yalnız müvafiq formada ərizə təqdim etməklə müsabiqənin birinci mərhələsində - test imtahanında iştirak etmək imkanı yaradılmışdır. Bunun nəticəsidir ki, ədliyyə orqanlarına qulluğa qəbulla bağlı növbəti - sayca altıncı müsabiqədə iştirak etmək üçün 300 nəfərdən çox namizədmüraciət etmiş və onlarla bu günlərdə test imtahanı keçirilərək, ilk dəfə olaraq bütün imtahan prosesi "on-line" rejimində internet vasitəsilə birbaşa yayımlanmışdır. İmtahanda iştirak etmiş namizədlərin 136-ı  uğur qazanaraq növbəti mərhələyə buraxılmışdır.

Məlumat üçün həmçinin bildirmək istəyirəm ki, ölkəmizin hüquqi sahədə əməkdaşlıq imkanlarının genişləndirilməsi istiqamətində Ədliyyə Nazirliyi tərəfindən bir sıra nüfuzlu xarici təsisatlar və digər dövlətlərin ədliyyə orqanları ilə sıx işgüzar münasibətlər qurulmuş, qabaqcıl beynəlxalq təcrübənin öyrənilməsi, beynəlxalq müqavilə layihələrinin hazırlanması, razılaşdırılması və bağlanılması, habelə tərəfdar çıxdığımız müqavilələrdən irəli gələn öhdəliklərin icrasının təmin edilməsi üzrə də konkret işlər aparılır.

Bu il Mərakeşin, Gürcüstanın, Türkiyənin və Macarıstanın ədliyyə nazirləri ölkəmizdə səfərdə olmuş, dövlətlərarası müqavilələr və nazirliklərarası mühüm sənədlər imzalanmışdır.

Eyni zamanda, Dünya Bankı ilə birgə həyata keçirilən «Ədliyyə sisteminin müasirləşdirilməsi» layihəsi çərçivəsində ədliyyə və məhkəmə orqanları ən müasir informasiya və kommunikasiya texnologiyaları ilə təmin olunur, idarəçiliyin beynəlxalq standartlara uyğunlaşdırılması, vahid informasiya şəbəkəsinin və elektron sənəd dövriyyəsinin yaradılması üzrə işlər aparılır. Avropa Qonşuluq Siyasəti çərçivəsində hazırlanmış "Azərbaycanda ədliyyə islahatlarına dəstək" Proqramının isə yaxın zamanlarda icrasına başlanacaq. 

Əvvəldə də qeyd etdiyim kimi, Ədliyyə Nazirliyinin fəaliyyət dairəsi kifayət qədər genişdir. Penitensiar və icra xidmətlərində islahatlar davam etdirilərək işin səmərəli təşkili üçün mövcud olan problemlərin aradan qaldırılması, kadrların məsuliyyət hissinin artırılması üzrə ciddi tədbirlər həyata keçirilir, bu sahədə müvafiq qanunvericilik bazası təkmilləşdirilmişdir.

Nazirliyin Məhkəmə ekspertizası mərkəzi müasir kriminalistik avadanlıqlarla təchiz olunmuş, tədqiqat laboratoriyaları yeniləşdirilmiş, qanunvericiliyə edilən dəyişikliklərə əsasən nazirlik tərəfindən ibtidai istintaqı aparılan cinayət işlərinin dairəsi genişlənmiş, bələdiyyələrin fəaliyyətinə inzibati nəzarət gücləndirilmiş, ədliyyə orqanlarında keyfiyyətli tibbi xidmətin göstərilməsi, məhkumların müayinə və müalicəsi işi yaxşılaşdırılır.

Əhalinin hüquqi maarifləndirilməsi, ictimaiyyətlə əlaqələrin gücləndirilməsi, işimizdə şəffaflığın təmin olunması diqqət mərkəzindədir. Belə ki, nazirliyin internet saytı interaktiv rejimdə fəaliyyət göstərir, "Qanunçuluq" jurnalı, "Ədliyyə" qəzeti və nazirliyin digər mətbu nəşrlərində ədliyyə sahəsində mütəmadi məlumatlar verilir, son illərdə görülən işləri və tədbirləri əks etdirən materiallardan ibarət «Ədliyyə fəaliyyəti mətbuat səhifələrində» adlı hər il üzrə ayrıca kitablar nəşr olunur.

Xüsusi vurğulamaq lazımdır ki, məhkəmə sisteminin müasirləşdirilməsi üzrə praktiki işlər davam olunaraq regional məhkəmələrin dairəsi genişləndirilmiş, infrastruktur yeniləşdirilir və ən başlıcası isə yeni nəsil hakim korpusu formalaşdırılır.

Respublikamızda ilk dəfə olaraq hüquqi dövlət quruculuğunda, dövlət-vətəndaş münasibətlərində vacib rol oynayan inzibati ədliyyə formalaşdırılmışdır. Bununla əlaqədar qabaqcıl xarici təcrübə öyrənilmiş, kompleks qanunvericilik, tədris və təşkilati tədbirlər həyata keçirilmiş, geniş hüquqi maarifləndirmə işi aparılmışdır.

Artıq bu ilin yanvar ayından ölkəmizdə regional inzibati-iqtisadi məhkəmələr işəbaşlamış, qısa müddət ərzində onlar üçün inzibati binalar ayrılmış, maddi-texniki təchizatı təmin edilmişdir. Bununla yanaşı, ədliyyə sisteminin müasirləşdirilməsi üzrə Dünya Bankı ilə birgə həyata keçirdiyimiz layihə çərçivəsində inzibati məhkəmələr üçün yeni müasir binaların inşası nəzərdə tutulmuş, qabaqcıl memarlıq üslublarına uyğun layihələr hazırlanmışdır.

Ümumiyyətlə isə Dünya Bankı ilə birgə həyata keçirilən layihə üzrə 20-dən çox yeni məhkəmə binasının, həmçinin bir neçə məhkəmənin yerləşəcəyi məhkəmə komplekslərinin layihələri hazırlanmışdır. Peşə bayramı ərəfəsində Oğuz rayonunda layihə çərçivəsində inşa olunmuş ilk məhkəmə binasının açılışında möhtərəm Prezidentimiz cənab İlham Əliyevin iştirakı bizim üçün xüsusilə əlamətdar olmuşdur. Oğuz Rayon Məhkəməsinin yeni binası digər məhkəmə binalarından bir sıra yenilikləri ilə fərqlənir. Belə ki, məhkəmə zallarında proseslərin audio və video yazılışlarını aparan "Femida" sistemi, videokonfransların, təqdimatların keçirilməsi, elektron sənəd dövriyyəsi üçün bütün zəruri infrastruktur yaradılmış, həmçinin binada elektron kitabxana da fəaliyyət göstərir.

- Toğrul müəllim, ölkəmizdə müasir informasiya-kommunikasiya texnologiyalarının istifadəsinə, dövlət orqanlarında əhaliyə elektron xidmətlərin göstərilməsinə mühüm əhəmiyyət verilir. Bəs ədliyyə sistemində elektron xidmətlərin tətbiqi ilə bağlı hansı işlər görülür?

- Bu çox maraqlı məsələdir. Dövlət idarəçiliyinin müasir prinsiplər əsasında həyata keçirilməsində, vətəndaşların dövlət orqanlarına müraciət imkanlarının asanlaşdırılmasında informasiya-kommunikasiya texnologiyalarının tətbiqi müstəsna əhəmiyyətə malikdir. Modern və çevik idarəetmənin təmin edilməsi, dövlət orqanlarının fəaliyyətində şəffaflığın artırılması və korrupsiyaya şərait yaradan halların aradan qaldırılması üçün elektron xidmətlərin tətbiqi zəruridir.

"Dövlət orqanlarının elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında" ölkə Prezidentinin 23 may 2011-ci il tarixli Fərmanından irəli gələn vəzifələrin icrası ilə bağlı nazirlik tərəfindən müasir elektron sistemlərin tətbiqinin genişləndirilməsi üzrə tədbirlər həyata keçirilmişdir.

Belə ki, notariat qurumlarında əhaliyə elektron xidmətlərin göstərilməsi məqsədilə universal elektron xidmət köşkləri hazırlanaraq sınaq rejimində istifadəyə verilmişdir. Həmin köşklər vasitəsilə vətəndaşlar inzibati işçilərlə təmasda olmadan notariat, vətəndaşlıq vəziyyəti aktları və qeyri-kommersiya hüquqi şəxslərin qeydiyyatı ilə əlaqədar, o cümlədən qanunvericiliklə müəyyənləşdirilmiş qaydalar, tələb olunan sənədlər, həmin sənədləri verən orqanlar, iştirak edən şəxslər, ödənişlər və onlardan azadolmalar barədə məlumatları öyrənə, eyni zamanda zərurət olduqda bu məlumatları əks etdirən çıxarışları əldə edə bilirlər.

Köşklərdə quraşdırılmış elektron ödəmə sistemi isə banka bilavasitə müraciət etmədən bütün növ ödənişlərin istər kart, istərsə də nağd şəkildə həyata keçirilməsini və müvafiq qəbzin avtomatlaşdırılmış qaydada alınmasını mümkün edir. Yüksək sürətlə internet şəbəkəsinə qoşulması nəticəsində vətəndaşlar üçün köşklər vasitəsilə nazirliyin qaynar xəttinə və elektron poçtuna birbaşa müraciət etmək imkanı da yaradılmışdır.

Bu günlərdə nazirliyin internet saytında elektron xidmət bölməsi istifadəyə veriləcək. Həmin bölmə vasitəsilə vətəndaşlar ədliyyə orqanlarının iş rejimi, dislokasiyası, əlaqə vasitələri, eləcə də göstərilən hüquqi xidmətlərin aparılması qaydası, tələb olunan sənədlər və rüsumların məbləği, məhkəmə qərarlarının icrası barədə ətraflı məlumat əldə edə biləcəklər. Bölmədə həmçinin, Azərbaycan adları, onların mənası və sair barədə informasiya almaq üçün geniş axtarış sistemi yaradılmışdır.

Bütün məhkəmə sistemi üçün hazırlanmış internet portal isə hər bir məhkəmənin fəaliyyəti, hakimləri, baxılan işlər və qəbul edilən qərarlar, vətəndaşların qəbulu barədə bütün zəruri məlumatlar, onlayn rejimdə  müraciət etmək və cavab almaq, müxtəlif iddia ərizələri və digər məhkəmə sənədlərinin nümunələrini əldə etmək imkanı yaradacaqdır. Həmin veb-portal bu günlərdə Oğuz Rayon Məhkəməsinin yeni inzibati binasının istifadəyə verilməsi mərasimində dövlət başçısına nümayiş etdirilmişdir.

Həmçinin, gələcəkdə "elektron ədliyyə" üzrə müxtəlif xidmətlərin təşkili, o cümlədən vətəndaşların elektron müraciəti əsasında aparılmış notariat hərəkətləri və vətəndaşlıq vəziyyəti aktları ilə bağlı sənədlərin surətlərinin əldə edilməsi, onlara elektron arayışların verilməsi, mətbu nəşrlərin uçotu üçün zəruri olan sənədlərlə birlikdə elektron müraciətlərin təqdim edilməsi, uçotun aparılması və digər xidmətlərin də həyata keçirilməsi nəzərdə tutulur.

Eyni zamanda bildirirəm ki, nazirlik tərəfindən müasir elektron sistemlər əsasında Əhalinin Dövlət Reyestri yaradılmış və istismar edilir.

- Toğrul müəllim, Sizi bir daha təbrik edirik və bizə vaxt ayırdığınıza, dəyərli müsahibəyə görə təşəkkür edirik.

- Çox sağ olun. Ədliyyə sisteminin inkişafı məsələləri, bütövlükdə hüquq islahatları dövlət başçısı cənab İlham Əliyevin daim diqqətindədir. Ötən illər ərzində əməkdaşlarımızın sosial müdafiəsinin yaxşılaşdırılması istiqamətində çox mühüm tədbirlər görülmüş, 100-dən artıq ədliyyə işçisi və hakim orden və medallarla, fəxri adlarla təltif olunmuş, 10 nəfərə ali xüsusi rütbələr verilmişdir. Ölkə başçısı tərəfindən ədliyyə fəaliyyətinin yüksək qiymətləndirilməsi hər birimizin böyük sevincinə səbəb olmaqla, həm də üzərimizə əlavə məsuliyyət qoyur.

Əminəm ki, ədliyyə işçiləri bundan sonra da qanunçuluğun möhkəmləndirilməsi və vətəndaşların hüquqlarının etibarlı təmin olunması işində xidməti vəzifələrini layiqincə yerinə yetirmək üçün əllərindən gələni əsirgəməyəcəkdir.

Fürsətdən istifadə edib, həmkarlarımı peşə bayramımız münasibətilə təbrik edirəm, onlara şərəfli və məsuliyyətli işlərində yeni-yeni nailiyyətlər arzulayıram.