fm1

Noyabr ayının 22-də Azərbaycan ədliyyə işçiləri öz peşə bayramlarını qeyd edirlər. Bu əlamətdar gün münasibətilə Ədliyyə Naziri Fikrət Məmmədovla görüşüb, söhbət etmək qərarına gəldik. 

Fikrət müəllim, ilk növbədə Sizi və rəhbərlik etdiyiniz kollektivi ədliyyə işçilərinin peşə bayramı günü münasibətilə ürəkdən təbrik edirik. Bu bayram barədə qısa məlumat oxucularımız üçün maraqlı olardı. 

Sağ olun. Müasir Azərbaycan dövlətinin qurucusu, ölkəmizdə aparılan məhkəmə-hüquq islahatının müəllifi cənab Heydər Əliyevin 11 noyabr 2000-ci il tarixli Sərəncamı ilə ədliyyə işçilərinə bəxş etdiyi bu bayram dördüncü ildir ki, geniş qeyd edilir. 
1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti Ədliyyə Nazirliyinin Əsasnaməsinin təsdiq edildiyi günün ədliyyə işçilərinin peşə bayramı günü kimi müəyyən edilməsi ədliyyə və məhkəmə fəaliyyətinin mənəvi stimullaşdırılmasına, onların tarixi varisliyinin təsbit olunmasına və cəmiyyətdə nüfuzunun artırılmasına xidmət etmişdir. 
Ədliyyə Nazirliyi tərəfindən Azərbaycan ədliyyəsinin keçdiyi şərəfli inkişaf yolunun və müsbət ənənələrinin öyrənilməsinə, təbliğinə və qorunub saxlanılmasına, gənc nəslin bu ənənələr ruhunda tərbiyə olunmasına xüsusi diqqət yetirilir, bu məqsədlə müvafiq tədbirlər həyata keçirilir, mütəxəssislər cəlb edilməklə tarixi araşdırmalar aparılır. Nazirlikdə Azərbaycan ədliyyəsinin tarixi muzeyi, habelə penitensiar tarix muzeyinin yaradılması bu sahədə aparılan işlərdə xüsusilə əhəmiyyətli olmuşdur. 
Bu gün, Ədliyyə Nazirliyinin təşəkkülünün 85 illiyi günündə ədliyyə tarixinə, xüsusilə bu tarixin şərəfli anlarından olan 1918-1920-ci illərə nəzər salarkən, o dövrdə həyata keçirilmiş mütərəqqi tədbirlərin müasir dövrümüzlə nə dərəcədə səsləşdiyinin şahidi oluruq. 
1918-ci il may ayının 28-də Azərbaycan Xalq Cümhuriyyəti elan edildiyi gün Ədliyyə Nazirliyinin də təsis edilməsi, onun fəaliyyəti üçün hərtərəfli şəraitin yaradılması və idarə olunması ilə əlaqədar mühüm qərarların qəbul edilməsi ədliyyə fəaliyyətinə verilən xüsusi əhəmiyyəti göstərirdi. 
Həmçinin, Daxili İşlər Nazirliyinin tərkibində olan həbsxanalar 1919-cu ildə Ədliyyə Nazirliyinin tabeliyinə verilmiş, həbsxana binalarının bərpası, məhkumların ərzaq və ən zəruri ləvazimatla təchiz olunması məqsədilə müvafiq işlər görülmüşdür. 
Həmin dövrdə bilavasitə Ədliyyə Nazirliyinin təşəbbüsü ilə ölkə parlamentinin müzakirəsinə çıxarılmış Azərbaycan vətəndaşlığı haqqında, məhkəmə işçiləri vəzifələrinə namizədlər haqqında, andlı iclasçılar məhkəməsinin təsis edilməsi barədə, məhkəmə aidiyyəti məsələləri haqqında, xarici dövlətlərin məhkəmə qərarlarının icrası qaydası haqqında, amnistiya haqqında və digər qanunlara nəzər salarkən Azərbaycan xalqının və ədliyyə sisteminin demokratik ənənələrinin bir daha şahidi oluruq. 
Lakin təəssüf ki, sonrakı dövrlərdə ədliyyə sisteminin inkişafı heç də rəvan olmamış, Azərbaycan Demokratik Respublikasından fərqli olaraq keçmiş sovetlər birliyində Ədliyyə Nazirliyinin fəaliyyətinə əhəmiyyət verilməmiş, hətta Nazirlik ləğv edilərək, uzun müddət ərzində onun təşkilinə belə ehtiyac bilinməmişdir. Nazirliyin yaradılması yalnız 1970-ci ilə - cənab Heydər Əliyevin Azərbaycan rəhbərliyinə gəlişindən sonraya təsadüf etmiş, onun ədliyyə və məhkəmə sisteminin inkişafına xüsusi diqqəti sayəsində ədliyyə fəaliyyəti tamamilə yenidən qurulmuşdur. Azərbaycan dövlət müstəqilliyi əldə etdikdən sonra aparılan məhkəmə-hüquq islahatı nəticəsində isə Ədliyyə Nazirliyinin fəaliyyəti daha da təkmilləşdirilərək müasir tələblərə uyğunlaşdırılmış, Nazirliyin funksiya və səlahiyyətləri genişlənmişdir. 

Doğrudan da ədliyyə orqanlarının cəmiyyətdə rolu və nüfuzunun artması artıq hər birimiz tərəfindən hiss olunur. Nazirliyə həvalə edilmiş yeni səlahiyyətlər barədə nə deyə bilərsiniz? 

Ölkəmizdə aparılan məhkəmə hüquq islahatına müvafiq olaraq ədliyyə fəaliyyəti ilə bağlı təkcə son dövrlər ərzində qəbul edilmiş 25-dən çox Qanuna, ölkə başçısının 50-dən artıq Fərmanına əsasən Ədliyyə Nazirliyinin üzərinə yeni vəzifələr qoyulmuşdur. Nazirliyin tərkibində məhkəmə nəzarətçiləri və məhkəmə icraçıları xidməti təsis edilmiş, istintaq təcridxanaları nazirliyin tərkibinə verilmiş, ədalət mühakiməsi əleyhinə olan və bəzi digər cinayətlərin ibtidai istintaqının aparılması, bütün qeyri-tibb məhkəmə ekspertizalarının həyata keçirilməsi, Azərbaycan Respublikası adından xarici dövlətlərlə və beynəlxalq təşkilatlarla hüquqi yardım və hüquqi sahədə əməkdaşlıq üzrə müqavilələrin bağlanması və onların icrasının təmin edilməsi, cinayət işləri üzrə hüquqi yardım göstərilməsi, o cümlədən ekstradisiya və digər məsələlərin həlli Ədliyyə Nazirliyinə həvalə edilmişdir. 
Azərbaycan Respublikasında həyata keçirilən mütərəqqi islahatlar nəticəsində yerli özünüidarəetmə - bələdiyyə institutu təsis edilmiş, 2700-dək bələdiyyə yaradılaraq onların fəaliyyətinin təmin edilməsi məqsədilə zəruri normativ hüquqi baza yaradılmışdır. Bələdiyyələrin fəaliyyətinə kömək göstərilməsi məqsədilə Azərbaycan Respublikası Prezidentinin 8 fevral 2000-ci il tarixli Sərəncamına əsasən Ədliyyə Nazirliyi nəzdində Bələdiyyələrlə İş və Bələdiyyələrə Metodoloji Yardım Mərkəzi təsis edilmiş, Nazirlikdə "Yerli özünüidarə orqanlarının normativ aktlarının bülleteni"nin dərcinə başlanılmışdır. 
Eyni zamanda, bələdiyyələrin fəaliyyətinə inzibati nəzarət haqqında Qanunun tətbiq edilməsi barədə ölkə Prezidentinin 27 sentyabr 2003-cü il tarixli fərmanı ilə bələdiyyələr, bələdiyyə orqanları və onların vəzifəli şəxsləri tərəfindən qəbul edilmiş qərarların qanunvericiliyə uyğun olmasına inzibati nəzarət Ədliyyə Nazirliyinə tapşırılmış, bu sahədə işin təşkili ilə bağlı müvafiq tədbirlər görülmüş, o cümlədən bu il noyabr ayının 19-20-də Avrpa Şurası ilə birgə keçirilmiş beynəlxalq seminarda bu məsələ üzrə geniş təcrübə mübadiləsi aparılmışdır. 
Nazirliyin üzərinə qoyulmuş yeni vəzifələrin icrası və fəaliyyətin müasir tələblər səviyyəsində qurulması ilə bağlı son illər ərzində Ədliyyə Nazirliyi üzrə 100-dən artıq mühüm təşkilati əmr və digər qərarlar qəbul olunmuşdur. Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən sonra ədliyyə orqanlarının keçdiyi tarixi inkişaf yolunu, o cümlədən aparılan islahatları əks etdirən Nazirlik tərəfindən qəbul olunmuş əsas təşkilati əmr, kollegiya qərarları və əməkdaşların gündəlik fəaliyyətlərində istifadə etdikləri digər aidiyyəti mühüm sənədlərdən ibarət çoxcildli toplu hazırlanaraq nəşr edilmiş və metodiki yardım məqsədilə bütün ədliyyə orqanlarına və məhkəmələrə göndərilmişdir. 
Ümumiyyətlə, islahatlar dövründə işçilərə əməli və metodiki köməklik göstərilməsinə xüsusi əhəmiyyət verilərək ədliyyə və məhkəmə fəaliyyətinin müxtəlif sahələrinə aid sənədlərdən ibarət toplular hazırlanıb nəşr olunaraq bütün aidiyyəti qurumlara göndərilmişdir. 
Həmçinin, ədliyyə orqanlarının yeni vəzifələrini əhatə edən Nazirliyin Əsasnaməsinin, habelə "Ədliyyə orqanlarında qulluq keçmə haqqında" və "Penitensiar müəssisələrin və onların işçi heyətinin statusu haqqında" Qanun layihələri hazırlanaraq baxılması üçün təqdim olunmuşdur. 

Fikrət müəllim, 2000-ci ildə ədliyyə işçilərinin ilk peşə bayramının qeyd edilməsi ərəfəsində qəzetimizə müsahibəniz zamanı əməkdaşımız tərəfindən Sizə notariat və vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı orqanlarında mövcud olan ciddi nöqsanların aradan qaldırılması zəruriliyi ilə bağlı sual verilmiş, Siz isə bu sahədə ardıcıl tədbirlərin görüləcəyini vurğulamışdınız? 

Doğrudur. Hesab edirəm ki, Notariat və VVADQ orqanlarında köklü dəyişikliklər zamanın tələbidir. Belə ki, ölkəmizdə aparılan hərtərəfli islahatlar nəticəsində hüquqi, demokratik dövlət, səmərəli iqtisadi sistem bərqərar olunmuş, iqtisadiyyatımız xeyli inkişaf edərək, yeni növ mülki münasibətlər təşəkkül tapmış, mülki dövriyyənin dairəsi genişlənmişdir. 
Həyata keçirilən mütərəqqi islahatlar əhalinin hüquq və mənafelərinin daha etibarlı qorunması və onlara göstərilən hüquqi xidmətlərin keyfiyyətinin yüksəldilməsi zərurətini yaratmışdır. Bununla əlaqədar Ədliyyə Nazirliyi tərəfindən bir çox tədbirlər həyata keçirilmiş, o cümlədən notariat və vətəndaşlıq vəziyyəti aktları orqanlarının iqtisadi və hüquqi proseslərin tənzimlənməsində mühüm əhəmiyyəti nəzərə alınaraq və ölkəmizdə aparılan məhkəmə-hüquq islahatına əsasən bu orqanlarda əsaslı tədbirlər həyata keçirilmişdir. 
Notariat və VVADQ orqanlarının fəaliyyətinə nəzarət və rəhbərlik sahəsində uzun müddət davam edən ciddi nöqsanlar, mövcud olmuş kobud qanun pozuntuları və digər çatışmazlıqlar haqlı narazılıqlara səbəb olmuşdur. Bununla əlaqədar notariat və VVADQ orqanları tərəfindən əhaliyə göstərilən hüquqi xidmətin yaxşılaşdırılması, vətəndaşların əsassız get-gələ salınması, süründürməçilik və digər neqativ halların aradan qaldırılması üzrə qəti tədbirlər görülmüş, üzərlərinə düşən vəzifələri yerinə yetirə bilmədiklərinə və ciddi nöqsan və qanun pozuntularına yol verdiklərinə görə Notariat və VVA idarəsinin rəhbərliyi, habelə bəzi digər əməkdaşlar işdən azad edilmiş, sair qəti qərarlar qəbul olunmuşdur. 
Həyata keçirilən tədbirlər nəticəsində idarənin rəhbərliyi və heyəti yeni tələblərə cavab verən kadrlarla komplektləşdirilmiş, icra və xidməti intizam möhkəmləndirilmiş, əməkdaşların məsuliyyət hissi yüksəldilmiş, sağlam və işgüzar münasibətlər formalaşdırılmış, qanun pozuntularına qarşı barışdırıcı mövqenin qarşısı qətiyyətlə alınaraq, tabe qurumların fəaliyyətinə rəhbərlik və nəzarətin səmərəliliyi artmışdır. 
Dövlət notariat kontorlarında neqativ halların, o cümlədən saxta sənədlərdən istifadə olunmasının qarşısının alınması, uçot-hesabat işinin yaxşılaşdırılması üçün əvvəllər mövcud olmuş primitiv blank formalarından imtina edilərək, yeni, nömrələnmiş və qoruyucu nişanələrə malik olan, nəfis tərtib edilmiş blanklar hazırlanıb tətbiq olunmağa başlanmış, onların davamlılığını artırmaq məqsədilə notariat kontorları laminatorlarla təchiz edilmişlər. Xaricdə istifadə olunması üçün sənədlərin notariat qaydasında leqallaşdırılmasının yalnız Bakı şəhərində həyata keçirilməsi əhalinin narahatçılığına səbəb olduğundan bu işin aparılması Bakı şəhəri ilə yanaşı respublikanın digər bölgələrində, o cümlədən Gəncə və Sumqayıt şəhərlərində, Bərdə, Göyçay, Xaçmaz, Lənkəran və Şəki rayonlarında, Naxçıvan MR-da da təşkil edilmiş, bu sahədə notariat kontorlarına əməli köməklik göstərilmiş, habelə əhalinin məlumatlandırılması məqsədilə xüsusi əyani vəsaitlər nəşr edilmiş, respublika və yerli kütləvi informasiya vasitələrində elanlar verilmişdir. Notariat orqanlarında aparılmış bu və digər tədbirlər nəticəsində bu orqanların işindən şikayətlərin sayı nəzərə çarpacaq dərəcədə azalmış, dövlət rüsumu dərəcələrinin azalmasına baxmayaraq, büdcəyə ödəmələrin məbləği əvvəlki illərlə müqayisədə artmışdır. 
Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı sahəsində qanunvericiliyin təkmilləşdirilməsi ehtiyacı ilə əlaqədar Ədliyyə Nazirliyi tərəfindən müvafiq təkliflər verilmiş və ən çox müraciətlərə səbəb olan vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatının aparılması səlahiyyətləri VVADQ şöbələri ilə yanaşı yerli icra hakimiyyətlərinin nümayəndəliklərinə də verilmişdir. 
Eyni zamanda vətəndaşlara yüksək keyfiyyətli hüquqi xidmət göstərilməsi və daha əlverişli şərait yaradılması məqsədilə Azərbaycan Respublikasının Ailə Məcəlləsinə vətəndaşlıq vəziyyəti aktları qeydiyyatının səyyar aparılmasına imkan verən normanın əlavə edilməsi barədə təkliflər əsasında müvafiq qanun qəbul edilmiş və onun icrasının təşkili üzrə zəruri tədbirlər həyata keçirilmişdir. 
Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatında elm və texnikanın müasir nailiyyətlərindən istifadə edilməsi, elektron məlumat bankının yaradılması və kompüter axtarışı sisteminin təşkili məqsədilə beynəlxalq təşkilatlarla işgüzar əlaqələr qurularaq, VVA orqanlarının maddi-texniki bazası möhkəmləndirilmiş və ilk dəfə olaraq ümumrespublika elektron məlumat sisteminin tətbiqinə başlanılmışdır. Bu böyük həcmli işin həyata keçirilməsi ilə vətəndaşların sorğularının operativ cavablandırılması, vətəndaşlıq vəziyyəti barədə hər bir informasiyanın dolğun əldə edilməsi təmin olunacaqdır. 

Ədliyyə sahəsində qabaqcıl beynəlxalq təcrübənin öyrənilməsi də az əhəmiyyət kəsb etmir. Bu sahədə Nazirlik tərəfindən hansı işlər görülür? 

Ölkəmizdə aparılan demokratik hüquqi islahatların və uğurlu xarici siyasətin məntiqi nəticəsi olaraq, Ədliyyə Nazirliyinin də hüquqi sahədə əməkdaşlığı genişlənmiş, xarici dövlətlərlə və nüfuzlu beynəlxalq təşkilatlarla əlaqələrə xüsusi əhəmiyyət verilərək, hüquq əməkdaşlığının yaxşılaşdırılması və qabaqcıl beynəlxalq təcrübənin öyrənilməsi məqsədilə bir çox mühüm tədbirlər həyata keçirilmişdir. 
Təkcə son dövrlər ərzində Ədliyyə Nazirliyi tərəfindən Türkiyə, Ukrayna, Litva, Avstriya Ədliyyə Nazirlərinin ölkəmizə səfərləri təşkil olunmuş, Türkiyə, Rusiya, Ukrayna, Niderland, Litva və Avstriya Ədliyyə Nazirlikləri ilə əməkdaşlığa dair sənədlər imzalanmış, habelə Türkiyə və Litva ilə hüquqi yardım haqqında dövlətlərarası müqavilələr bağlanmışdır. Hazırda Fransa, İngiltərə və İran Ədliyyə nazirlikləri ilə müvafiq sazişlər razılaşdırılır. 
Həmçinin, xarici dövlətlərin səfirləri, ədliyyə və digər hüquq mühafizə orqanlarının rəhbərləri, nüfuzlu beynəlxalq təşkilatların rəhbər işçiləri ilə işgüzar görüşlər keçirilmiş, son aylar ərzində Nazirlik Almaniya, İngiltərə, Fransa, Niderland, Bolqarstan, Cənubi Koreya və digər dövlətlərdə təşkil olunan mötəbər beynəlxalq tədbirlərdə təmsil edilmişdir. 
Bununla yanaşı BMT, Avropa Şurası, ATƏT və digər nüfuzlu beynəlxalq təşkilatlarla əməkdaşlığa mühüm əhəmiyyət verilərək müxtəlif tədbirlər keçirilir, təcrübə mübadiləsi aparılır. 
Beynəlxalq hüquq əməkdaşlığı sahəsində həyata keçirilmiş bəzi mühüm tədbirlərin üzərində xüsusi dayanmaq istərdim. 
Belə ki, Türkiyə Cumhuriyyətinin ölkəmizin dövlətlərarası münasibətlərində müstəsna əhəmiyyət kəsb etməsi nəzərə alınaraq Azərbaycan Ədliyyə Nazirliyinin dəvətilə Türkiyənin yeni təyin edilmiş Ədliyyə Naziri Cəmil Çiçek bu ilin iyul ayında ölkəmizə səfər etmiş, ədliyyə nazirliklərimiz arasında Əməkdaşlıq proqramı imzalanmış, faydalı səfər çərçivəsində hörmətli qonaq cənab Heydər Əliyev tərəfindən qəbul edilmişdir. 
Eyni zamanda, cari ilin sentyabr ayında Avstriya Ədliyyə Naziri Diter Böhmdorfer dəvətimizə əsasən Azərbaycana səfərə gəlmiş, ölkələrimizin Ədliyyə nazirlikləri arasında əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanmışdır. Səfər çərçivəsində qonaq Baş Naziri cənab İlham Əliyev tərəfindən qəbul olunmuş, bir sıra faydalı görüşlər keçirmiş, əməkdaşlıq məsələləri üzrə fikir mübadiləsi aparmış, penitensiar müəssisələrin fəaliyyəti ilə tanış olmuşdur. 
Ədliyyə fəaliyyətinin müxtəlif istiqamətləri üzrə təcrübə mübadiləsi məqsədilə Azərbaycan Ədliyyə Nazirliyinin dəvətilə cari ilin sentyabr ayının əvvəllərində Almaniyanın Bremen Torpağının Baş Naziri və Ədliyyə Naziri, Bremen şəhərinin valisi Henninq Şerf və onunla birgə Almaniya Texniki Əməkdaşlıq Cəmiyyətinin (GTZ) MDB ölkələri üzrə hüquq layihələrinin rəhbəri prof. Rolf Kniper işgüzar səfərlə ölkəmizdə olmuşdur. 
Qonaqlar səfər çərçivəsində Ədliyyə Nazirliyində görüşlər keçirərək, ədliyyə fəaliyyətinin ayrı-ayrı sahələri, habelə bələdiyyələrlə bağlı Almaniya təcrübəsi barədə əməkdaşlar qarşısında mühazirə ilə çıxış etmiş, faydalı təcrübə və fikir mübadiləsi aparmışlar. Həmçinin, qonaqlar Konstitusiya məhkəməsi, prokurorluq və nəqliyyat işçiləri qarşısında da mühazirələrlə çıxış etmiş, ölkənin müxtəlif bölgələrinə səfər edərək məhkəmələrin, ədliyyə, prokurorluq, yerli icra orqanları və bələdiyyələrin fəaliyyəti ilə əlaqədar təcrübə mübadiləsi aparmışlar.

Bəs bu gün ədliyyə orqanları qarşısında duran əsas vəzifə nədən ibarətdir? 

Bildiyiniz kimi, bu il ölkəmizin tarixində mühüm ictimai siyasi hadisə olan - Prezident seçkiləri keçirilmiş və bu taleyüklü seçki kampaniyası Heydər Əliyev siyasi kursunun növbəti dəfə təntənəsi ilə başa çatmışdır. Azərbaycan xalqı böyük həmrəylik nümayiş etdirərək, möhtərəm Prezidentimizin siyasi varisi, dünya siyasətçiləri tərəfindən yüksək qiymətləndirilən istedadlı dövlət xadimi cənab İlham Əliyevi özünə rəhbər seçməklə yeni əsrdə böyük uğur və nailiyyətinə imza atmışdır. 
Cənab İlham Əliyevin ölkə Prezidenti vəzifəsində fəaliyyətə başladığı ilk gündən yüksək dövlətçilik təəssübkeşliyi, insanların rifahının yaxşılaşdırılması niyyətilə həyata keçirdiyi tədbirlər nəticəsində o, Azərbaycan xalqının gələcək inkişafının təminatçısı kimi böyük ehtiramla qarşılanır. 
17 noyabr Milli dirçəliş günündə Azərbaycan hökumətinin seçkilərdən sonra ölkə prezidenti cənab İlham Əliyevin sədrliyi ilə keçirilmiş ilk iclasında dövlət başçımız proqram xarakterli geniş nitq söyləmiş, ölkəmizdə aparılan hərtərəfli ardıcıl islahatlar nəticəsində ictimai həyatın bütün sahələrində xüsusilə iqtisadiyyatın sürətli inkişafında, möhtərəm Heydər Əliyevin neft strategiyasının həyata keçirilməsində əldə edilmiş nailiyyətlər qeyd olunmuşdur. 
Eyni zamanda, iclasda ölkəmizdə yoxsulluğun azaldılması, sahibkarlığın inkişafı, əhalinin, xüsusilə erməni hərbi təcavüzü nəticəsində yurd-yuvalarından didərgin düşmüş soydaşlarımızın rifahının yaxşılaşdırılması, ölkənin bütün regionlarının inkişafı üzrə və digər sahələrdə əlavə tədbirlərin görülməsi zəruriliyi vurğulanmış, hər bir dövlət məmurunun diqqəti fəaliyyətlərində mövcud olan nöqsanlara cəlb edilmiş, zəruri tədbirlərin görülməsi tapşırılmışdır. Ölkə başçısının qarşımızda qoyduğu yüksək tələblər dərhal Ədliyyə Nazirliyinin kollegiyasında müzakirə edilmiş, qarşıda duran vəzifələrlə bağlı təxirəsalınmadan məqsədyönlü kompleks tədbirlər müəyyən edilmişdir. 
Ədliyyə orqanları öz fəaliyyətini daim təkmilləşdirərək, işini dövlət başçımızın yüksək tələbləri səviyyəsində qurmaq, müdrik Heydər Əliyevin əsəri olan müasir Azərbaycan dövlətinin daha da möhkəmlənməsi, onun zəngin və qüdrətli ölkəyə çevrilməsi və hərtərəfli inkişafı naminə ölkə Prezidenti cənab İlham Əliyevə yardımçı olmaq üçün əllərindən gələni əsirgəməyəcəkdir. 

- Fikrət müəllim ədliyyə işçilərinin peşə bayramı münasibətilə hansı tədbirlərin həyata keçirilməsi nəzərdə tutulur? 

Ədliyyə işçilərinin peşə bayramı günü ənənəvi olaraq bütün ədliyyə orqanlarında və məhkəmələrdə yığıncaqlar keçirilir, ötən dövr ərzində görülmüş işlərə və qarşıda duran vəzifələrə bir daha nəzər salınır, şəhidlər xiyabanları ziyarət edilir, xidmətdə fərqlənmiş işçilər təltif olunur, ədliyyə veteranları təbrik edilir və digər tədbirlər həyata keçirilir. 
Peşə bayramı münasibətilə Ədliyyə Nazirliyinin binasının əsaslı təmir edilmiş korpusunun, Suraxanı rayon məhkəməsinin yeni tikilmiş binasının, Nazirliyin Hüquq-Tədris Mərkəzinin, digər məhkəmə, habelə notariat kontorları və vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı şöbələrinin əsaslı təmir edilmiş binalarının açılışı olacaq, ədliyyə fəaliyyəti ilə bağlı ekspozisiyalar işçilərin istifadəsinə veriləcəkdir. 
Həmçinin, bu gün Azərbaycan ədliyyə fəaliyyəti ilə bağlı ictimaiyyətin daha geniş məlumatlandırılması və hüquqi maarifləndirmə işinin gücləndirilməsi məqsədilə Ədliyyə Nazirliyinin internet səhifəsi açılacaqdır (www.justice.gov.az - red.). 
Ədliyyə işçiləri bu əziz gündə erməni hərbi təcavüzü nəticəsində doğma yurd-yuvalarından didərgin düşmüş soydaşlarımızı da unutmamış, məcburi köçkün ailələrinə maddi yardım göstərilmişdir. 
Fürsətdən istifadə edib, bütün ədliyyə işçilərini peşə bayramı günü münasibətilə ürəkdən təbrik edir, onlara işlərində yeni-yeni müvəffəqiyyətlər arzulayıram.

 

Müsahibəni apardı A.Novruzov 
AZƏRBAYCAN qəzeti 22.11.2003-cü il