nazir

Müsahibimiz Azərbaycan Respublikasının ədliyyə naziri, Məhkəmə-Hüquq Şurasının sədri Fikrət Məmmədovdur 

- Hörmətli Fikrət müəllim, 5 ildən artıqdır ki, Azərbaycanda yeni məhkəmə sistemi fəaliyyət göstərir. Hazırda bu sistemin təkmilləşdirilməsi və daha da müasirləşdirilməsi üzrə ciddi islahatlar aparılır. Belə bir zərurət nə ilə bağlı olmuşdur?

- Bildiyiniz kimi, Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən sonra ictimai münasibətlərin xarakterinin dəyişməsi, hüquqi dövlət quruculuğu həyatımızın bütün sahələrində olduğu kimi hüquqi sahədə də demokratik islahatların həyata keçirilməsini zəruri etmişdir.Ümummilli liderimiz Heydər Əliyevin bilavasitə rəhbərliyi ilə hazırlanmış və 1995-ci ildə ümumxalq səsverməsi ilə qəbul edilmiş ilk milli Konstitusiyamızda məhkəmə hakimiyyətinin, xüsusilə hakimlərin müstəqilliyinin təminatı barədə müddəalar əks edilmiş, demokratik quruluşun və hüquqi dövlətin təməli qoyularaq hüquqi islahatların aparılması şərtlənmişdir.Uğurla həyata keçirilən məhkəmə-hüquq islahatı nəticəsində ölkəmizdə əvvəlkindən prinsipcə köklü surətdə fərqlənən yeni hüquq sistemi yaradılmış, qısa müddət ərzində demokratik prinsiplərə və beynəlxalq tələblərə uyğun mütərəqqi qanun və məcəllələr qəbul edilmişdir.Məhkəmələrə müstəsna səlahiyyətlər verilmiş, hakimlərin maddi və sosial təminatı xeyli yaxşılaşdırılmış, o cümlədən təkcə əmək haqqları 1999-cu illə müqayisədə 20 dəfə artırılmış, 2000-ci ildə test üsulu ilə imtahan vasitəsilə formalaşdırılmış yeni məhkəmə korpusunun tərkibi 60% təzələnmişdir.Qeyd etmək istərdim ki, cəmiyyətdə məhkəmənin nüfuzu və ona inam yalnız o zaman tam təmin ediləcəkdir ki, bu inam hakimlərin həqiqi qərəzsizliyinə və ədalətinə əsaslansın. Hakimin qərəzsizliyi və ədalətliliyinin əsasında isə onun müstəqilliyi və mənəvi təmizliyi dayanmalıdır.Bu gün qanunvericilik hakimlərin müstəqilliyinin və onların yüksək statusunun təmin olunmasına kifayət qədər zəmanət verir. Lakin mənəvi təmizlik və vicdanı qarşısında cavabdehlik hakimin öz üzərinə düşür.Təəssüf hissi ilə bildirirəm ki, bəzi hakimlər tərəfindən məhkəmə hakimiyyətinin nüfuzuna xələl gətirən hərəkətlərə, o cümlədən vətəndaşların əsassız get-gələ salınması, süründürməçilik və digər neqativ hallara da yol verilir. Bu və həmçinin, son dövrdə cəmiyyətimizin sürətli inkişafı və ölkənin beynəlxalq qurumlara daha sıx inteqrasiya etməsi Azərbaycanda məhkəmə fəaliyyətinin təkmilləşdirilməsi zərurətini doğurmuşdur.Bununla əlaqədar, ədalət mühakiməsinin səmərəliliyinin artırılması və məhkəmələrin fəaliyyətindəki nöqsanların aradan qaldırılması üzrə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırıqlarına əsasən kompleks tədbirlər həyata keçirilir.Bu sahədə görülən işlərin milli antikorrupsiya qanunvericiliyinin, həmçinin Azərbaycan Respublikası Prezidentinin 3 sentyabr 2004-cü il tarixli Sərəncamı ilə təsdiq edilmiş Korrupsiyaya qarşı mübarizə üzrə Dövlət Proqramının tələbləri, o cümlədən məhkəmə fəaliyyətinin təkmilləşdirilməsinə dair tapşırıqları nəzərə alınmaqla həyata keçirilməsinə xüsusi diqqət yetirilir.Görülən tədbirlər çərçivəsində Avropa Şurası ilə səmərəli əməkdaşlıq şəraitində hazırlanaraq ölkə başçısının qanunvericilik təşəbbüsü əsasında qəbul edilmiş və ötən il qüvvəyə minmiş "Məhkəmələr və hakimlər haqqında" Qanuna müvafiq dəyişikliklər barədə və "Məhkəmə-Hüquq Şurası haqqında" qanunlar xüsusi əhəmiyyət kəsb edir.Məhkəmə sisteminin müasirləşdirilməsi barədə dövlət başçısının 19 yanvar 2006-cı il tarixli Fərmanı isə ölkəmizin məhkəmə sisteminin təkmilləşdirilməsində və inkişafında mühüm mərhələ olmuşdur.Fərmanda qeyd olunduğu kimi, məhkəmə sisteminin müasirləşdirilməsinin növbəti mərhələsində regionların sosial-iqtisadi inkişafı şəraitində əhalinin hüquq institutlarına və hüquqi yardıma tələbatının ödənilməsi üçün yeni, o cümlədən bölgələrdə apellyasiya məhkəmələrinin yaradılması, vətəndaşların narazılıqlarına səbəb olan sui-istifadə, süründürməçilik hallarının aradan qaldırılması, ədalət mühakiməsinin səmərəliliyinin və vətəndaşların məhkəmələrə inamının artırılması, məhkəmələrin fəaliyyətində yeni informasiya texnologiyalarının tətbiq edilməsi, məhkəmə aparatlarının strukturunun və işinin daha optimal şəkildə qurulması, habelə digər mühüm məsələlərin həlli nəzərdə tutulur. 

- Dövlət başçısının imzaladığı fərmanda qoyulmuş konkret məsələlər və onlar barədə əhalinin maarifləndirilməsi, xüsusilə hakimlərin məsuliyyət hissinin artırılması üzrə tədbirlər barədə nə deyə bilərsiniz? 

- Həmin Fərmana uyğun olaraq, hakimlərin sayının artırılması, onların peşə səviyyəsinin yüksəldilməsi, fəaliyyətində sui-istifadə, korrupsiya hallarına və digər qanun pozuntularına yol verən hakimlərin intizam məsuliyyətinə cəlb olunmasü üçün tədbirlərin görülməsi, məhkəmələrdə əmək və icra intizamına ciddi əməl edilməsinin təmin olunması, süründürməçilik hallarının və vətəndaşların qəbulunda olan nöqsanların aradan qaldırılması üzrə artıq xeyli iş görülmüşdür.Dövlət başçısı tərəfindən bu fərman imzalandıqdan dərhal sonra onun icrasından irəli gələn məsələlər Ədliyyə Nazirliyinin geniş Kollegiyasında, habelə Məhkəmə-Hüquq Şurasının Baş Prokuror, Vəkillər Kollegiyasının sədri, məhkəmə sədrləri və hakimlərin iştirakı ilə keçirilən iclasında hərtərəfli müzakirə edilərək, kompleks tədbirlər müəyyən olunmuşdur.Fərmanın müstəsna əhəmiyyəti, o cümlədən ədalət mühakiməsinin səmərəliliyinin artırılmasına, məhkəmələrdə əmək və icra intizamının gücləndirilməsinə xidmət etməsi, onun icrası nəticəsində əhalinin məhkəmələrə müraciət etmə imkanlarının asanlaşması, bölgələrin sosial-iqtisadi inkişafının sürətlənməsi, regionlarda hüquqi yardımın yaxşılaşması barədə ədliyyə və məhkəmə işçiləri tərəfindən televiziya və digər kütləvi informasiya vasitələrində 200-dən çox çıxışlar edilmiş, bu məsələ çoxsaylı mətbu nəşrlərdə işıqlandırılmış, geniş təbliğat işləri aparılmışdır.Qüvvədə olan qanunvericilik aktlarının qeyd edilən fərmanla tətbiq olunmuş məhkəmə fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı qanuna uyğunlaşdırılması məqsədilə Ədliyyə Nazirliyi tərəfindən 15 qanuna və 20-dək digər qanunvericilik aktlarına müvafiq əlavə və dəyişikliklər edilməsi barədə layihələr hazırlanaraq təqdim olunmuşdur.Məhkəmələrdə icra və əmək intizamına ciddi əməl edilməsi, süründürməçilik hallarının aradan qaldırılması barədə fərmanda nəzərdə tutulmuş tapşırıqların icrası ilə əlaqədar Ədliyyə Nazirliyi tərəfindən məhkəmələrdə monitorinqlər keçirilmiş, bəzi hakimlər tərəfindən əmək və icra intizamının pozulması, vətəndaşların müraciətlərinə etinasız münasibət göstərilməsi, süründürməçilik və digər nöqsanlara yol verilməsi aşkar edilmişdir. Monitorinq nəticələri Məhkəmə-Hüquq Şurasının iclasında müzakirə edilərək, məhkəmə hakimiyyətinin nüfuzuna xələl gətirməklə haqlı narazılıqlara səbəb olan belə hallara yol vermiş 10 hakim barədə intizam icraatı başlanılmışdır.Ümumiyyətlə, Məhkəmə-Hüquq Şurası tərəfindən hakimlərin məsuliyyət hissinin artırılması, yol verilən nöqsan və pozuntuların qarşısının alınması məsələləri daim diqqət mərkəzində saxlanılaraq, son bir il ərzində 47 hakim barədə (o cümlədən, onların yarıya qədəri Ədliyyə Nazirliyinin təşəbbüsü ilə) intizam icraatı başlanılmışdır. Fərmanın verilməsindən ötən dörd ay ərzində isə 23 hakim barədə intizam icraatı başlanılmışdır. Eyni zamanda, yol verdiyi ciddi nöqsan və kobud qanun pozuntularına görə 1 hakimin səlahiyyətlərinə vaxtından əvvəl xitam verilməsi barədə qərar qəbul olunmuş, barəsində vətəndaşlardan çoxsaylı şikayətlər daxil olan Apellyasiya məhkəməsinin mülki işlər üzrə kollegiya sədri intizam məsuliyyətinə cəlb olunmaqla, fəaliyyəti qeyri-qənaətbəxş hesab edilmiş və o, vəzifəsinin icrasından azad olunmuşdur.Hazırda yuxarı məhkəmələr tərəfindən məhkəmə səhvlərinə prinsipial münasibət göstərilir, qanunsuz və əsassız qərarlar qəbul edən, vətəndaşların haqlı narazılığına səbəb olan hərəkətlərə yol verən hakimlər barədə xüsusi qərarlar çıxarılması təcrübəsindən geniş istifadə edilir və onların intizam məsuliyyətinə cəlb edilməsi üçün Məhkəmə-Hüquq Şurası qarşısında vəsatət qaldırılır.Həmçinin, fərmanın icrası ilə bağlı məhkəmə statistikasının aparılmasının təkmilləşdirilməsi üzrə tədbirlər görülmüş, məhkəmə aparatlarının yeni strukturunun müəyyən edilməsi üçün bütün məhkəmələrə sorğular göndərilmiş və məsələ aparılan təhlillərin nəticələrinə və məhkəmələrin strukturuna uyğun həllini tapacaqdır.Məhkəmə-Hüquq Şurasının işçi qrupu tərəfindən məhkəmələrdə kargüzarlığın aparılması qaydalarına dair təlimat layihəsi hazırlanaraq, hakim assosiasiyalarında müzakirə edilməklə təkmilləşdirilmiş və Məhkəmə-Hüquq Şurasının növbəti iclaslarında müzakirə olunması üçün hazırlanmışdır. 

- Fərmanda Məhkəmə-Hüquq Şurasına tövsiyə edilib ki, birinci instansiya məhkəmələrinin hakimlərinin fəaliyyətinin qiymətləndirilməsi bu ilin oktyabrına qədər yekunlaşdırılsın. Bu sahədə hansı işlər görülür? 

- Ədalət mühakiməsinin səmərəliliyinin artırılmasında hakimlərin fəaliyyətinin qiymətləndirilməsinin prinsipial əhəmiyyəti nəzərə alınaraq, bu işin təşkili üçün Məhkəmə-Hüquq Şurası tərəfindən müvafiq işçi qrup yaradılmış, beynəlxalq təcrübə nəzərə alınmaqla, "Hakimlərin fəaliyyətinin qiymətləndirilməsi qaydaları haqqında Təlimat" layihəsi və hakimin vəzifələrinin icrasına dair məlumat formaları işlənib hazırlanmışdır.Həmin layihələr hakim assosiasiyaları tərəfindən müzakirə edilib təkmilləşdirilmiş və Məhkəmə-Hüquq Şurasının iclasında bəyənilərək, ingilis dilinə tərcümə olunub məhkəmə fəaliyyətinin təkmilləşdirilməsi üzrə Azərbaycan-Avropa Şurası birgə işçi qrupunun bu günlərdə Strasburqda keçiriləcək iclasında müzakirə edilməsi üçün təqdim olunmuşdur. Bundan sonra hakimlərin fəaliyyətinin qiymətləndirilməsi prosesinə başlanacaqdır. Qiymətləndirmə aparılarkən peşəkarlıqla yanaşı, yüksək insani keyfiyyətlərə, o cümlədən mənəvi təmizlik, ədalətlilik və qərəzsizlik, insanlara qayğılı münasibət kimi meyarlara xüsusi diqqət yetiriləcəkdir.Eyni zamanda, səlahiyyət müddətləri bitmiş müvafiq məhkəmə sədrləri, sədr müavinləri və kollegiya sədrləri vəzifələrinə namizədlərin verilməsi məsələsi Məhkəmə-Hüquq Şurasının iclasında müzakirə edilmiş, Ali Məhkəmənin kollegiya sədrləri vəzifələrinə namizədlər irəli sürülərək ölkə başçısı tərəfindən müvafiq təyinatlar aparılmış, habelə Ali Məhkəmədə vakant olan hakim vəzifələri peşəkarlığı və nəzəri hazırlığı ilə fərqlənən, yüksək mənəvi keyfiyyətlərə malik şəxslərlə komplektləşdirilmişdir. Qanunvericiliyə əsasən mövcud apellyasiya məhkəmələri ləğv edildiyindən, birinci instansiya məhkəmələri hakimlərinin isə səlahiyyət müddətləri bitdiyindən, apellyasiya və birinci instansiya məhkəmələrinə sədrlərin, sədr müavinlərinin və kollegiya sədrlərinin təyinatı ilə bağlı təkliflər qiymətləndirmə nəticələrindən asılı olaraq və həmin məhkəmələrə hakimlər təyin edildikdən sonra veriləcəkdir. Bu vəzifələrə təyinatların ən təcrübəli və mənəvi cəhətdən saflığı ilə fərqlənən hakimlər sırasından aparılması xüsusilə vacibdir.Hakimlərin fəaliyyətinin qiymətləndirilməsi ilə bilavasitə bağlı olan Hakimlərin Etik Davranış Kodeksinin hazırlanması üçün Məhkəmə-Hüquq Şurası tərəfindən "ad hoc" işçi qrup yaradılmış, hazırlanmış müvafiq layihə hakim assosiasiyaları tərəfindən müzakirə edilərək təkmilləşdirilmişdir. Məsələnin xüsusi əhəmiyyəti nəzərə alınaraq, layihə üzrə işin davam etdirilməsi üçün Avropa Şurası ilə birgə xüsusi işçi qrupun yaradılması barədə Avropa Şurasının təklifi qəbul edilmişdir. Hazırda layihə ingilis dilinə tərcümə edilərək, Avropa Şurasının ekspertlərinə təqdim olunmuşdur. 

- İslahatlar çərsivəsində həyata keçirilən tədbirlər sırasında hakimliyə namizədlərin yeni qaydalar əsasında seçilməsi və hakimlərin peşə səviyyəsinin artırılması mühüm yer tutur 

- Bəli, ölkəmizdə ədalət mühakiməsinin səmərəliliyinin artırılması üzrə görülən tədbirlər çərçivəsində hakim vəzifəsinə namizədlərin beynəlxalq standartlara müvafiq, test üsulu, habelə yazılı və şifahi imtahanlarla tam şəffaf şəraitdə seçimi aparılmışdır. Yeni qaydalara uyğun keçirilmiş müsabiqədə 1048 nəfər hakimliyə namizəd iştirak etmişdir. İmtahanların bütün mərhələlərini müşahidə etmiş 30-dan çox təşkilatdan olan beynəlxalq və yerli müşahidəçilər onu ən şəffaf prosedur kimi yüksək dəyərləndirilmiş və bir çox inkişaf etmiş dövlətlərin belə tədbirin keçirilməsini yalnız arzu etdiyini bildirmişlər.Bu imtahanlarda müvəffəqiyyət qazanmış 56 nəfər namizəd cari ilin fevral ayından ilkin tədris kurslarına cəlb edilmişlər. Müasir tədris üsullarından istifadə edilməklə 5 ay müddətində keçirilən həmin kursların tədris proqramı Avropa Şurasının və digər nüfuzlu beynəlxalq təşkilatların ekspertlərinin iştirakı ilə hazırlanmış, namizədlərin hakim olmaq üçün lazımi biliyə və peşə hazırlığına yiyələnmələrinə xüsusi diqqət yetirilərək, proqrama ən aktual, o cümlədən insan haqları, korrupsiya, məhkəmə etikası və digər məsələlərə dair mövzular daxil edilmişdir. Ədliyyə Nazirliyi yanında Hüquq-Tədris Mərkəzində təşkil edilən kurslarda yüksək məhkəmə hakimlərinin, görkəmli alimlərin, zəngin biliyə və təcrübəyə malik olan şəxslərin, habelə nüfuzlu xarici mütəxəssislərin, o cümlədən Avropa Şurasının İnsan hüquqları üzrə komissarı T.Hammerberq, Avropa Ümumi Hüquq Mərkəzinin direktoru, professor S.Floqaitis, Almaniya Texniki Əməkdaşlıq Cəmiyyətinin Azərbaycan və gənc müstəqil ölkələrdə hüquq islahatları Layihəsinin rəhbəri, professor R.Knipper, Fransa apellyasiya məhkəməsinin hakimi P.Henriot, ABŞ Cənubi Karolina Ali Məhkəməsinin hakimi K.Plikomes, Vaşinqtonun Kolumbiya Dairə Məhkəməsinin hakimi R.Keynan, Nyu-Meksika ştatının prokuroru Ç.Braun və digərlərinin mühazirələri təşkil olunmuşdur. Tədris proqramına uyğun olaraq hakimliyə namizədlər hazırda məhkəmələrdə staj keçirlər.Həmçinin, hakim kadrlarına olan ehtiyac nəzərə alınaraq, Məhkəmə-Hüquq Şurası tərəfindən hakim vəzifəsinə namizədlərin seçilməsi prosesinə yenidən başlanılması barədə elan verilmiş və artıq 400-dək şəxs öz namizədliyini irəli sürmüşdür. 2005-ci ildə hakim vəzifəsinə seçim zamanı müsabiqədə iştirak edən hakimliyə namizədlərin böyük əksəriyyətinin kifayət qədər hazırlıq nümayiş etdirə bilmədiklərini nəzərə alaraq, yenidən sənəd verən namizədlərin imtahanlarda iştirak etməzdən əvvəl hazırlaşmaları üçün Məhkəmə-Hüquq Şurası tərəfindən müvafiq hazırlıq kursları təşkil edilmişdir.Hakimlərin peşə səviyyəsinin artırılması məqsədilə mütəmadi olaraq regionlarda tədris kurslarının keçirilməsi təcrübəsindən istifadə edilmiş, habelə bu sahədə işin təkmilləşdirilməsi üçün Avropa Şurasi ilə birgə tədris üzrə komissiya yaradılmış, Fransa Milli Hakimlər Məktəbi ilə səmərəli əlaqələr yaradılaraq, əməkdaşların təcrübə keçmələri təmin olunmuşdur. Hakimlərin tədrisi işi müasir tələblərə və beynəlxalq təcrübəyə uyğun qurularaq, bütün hakimlərə tədrisə olan ehtiyacları və onları maraqlandıran aktual mövzular barədə sorğular edilmiş, verilmiş təkliflər ümumiləşdirilmiş və davamlı tədris kursunun yeni sahəvi proqramlarında nəzərə alınmışdır. Həmin proqramlar ingilis dilinə tərcümə edilərək, qeyd olunan komissiyanın bu günlərdə Strasburqda keçiriləcək iclasının müzakirəsinə təqdim olunmuşdur.İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedent hüququnun öyrənilməsi işinin təşkili və onun məhkəmə təcrübəsində nəzərə alınması məqsədilə hakimlərlə və hakimliyə namizədlərlə keçirilən tədris kurslarının proqramlarında bu mövzuya xüsusi yer ayrılmış, habelə bu məsələ Ali Məhkəmənin cari ilin mart ayında keçirilmiş plenumunda müzakirə edilərək, bütün məhkəmələrin diqqəti Avropa Məhkəməsinin presedent hüququnun tətbiqinə cəlb edilmiş və müvafiq tövsiyələr verilmişdir. Eyni zamanda, Ali Məhkəmədə nüfuzlu beynəlxalq qurumlarla birgə hər həftə hakimlər üçün Avropa Məhkəməsinin presedent hüququ barədə xüsusi seminarlar təşkil olunur.Həmçinin, ali hüquq təhsili almış şəxslərin ixtisasları üzrə müəyyən vəzifələrə təyin edilmələri üçün peşə səviyyəsinin yüksəldilməsi məqsədilə Ali Ədliyyə Məktəbinin yaradılması ilə bağlı fərmanda nəzərdə tutulan tapşırığın icrası məqsədilə məhkəmə və prokurorluq orqanları ilə keçirilmiş müzakirələr, aparılmış müvafiq təhlillər nəticəsində Ədliyyə Nazirliyi yanında Hüquq Tədris Mərkəzinin bazasında məhkəmə-hüquq sahəsində çalışan 10 mindən çox kollektivə xidmət edəcək ən yüksək statusa malik tədris ocağının yaradılması qənaətinə gəlinmişdir. Bu məqsədlə beynəlxalq, o cümlədən Fransa Milli Hakimlər Məktəbinin təcrübəsi nəzərdən keçirilmiş, məsələ həmçinin, Avropa Şurasi ilə birgə yaradılmış tədris üzrə komissiyanın bu günlərdə Strasburqda keçiriləcək iclasında müzakirə edilmək üçün hazırlanmışdır. 

- Fərmanda nəzərdə tutulan yeni məhkəmələrin yaradılması, məhkəmə fəaliyyətinin hüquqi və informasiya təminatının yaxşılaşdırılması, yeni informasiya texnologiyalarının tətbiq edilməsi şübhəsiz ki, ciddi maliyyə vəsaitləri tələb edir. Bu problem necə həll olunur? 

- Respublikamızda aparılan məhkəmə-hüquq islahatlarına nüfuzlu beynəlxalq maliyyə qurumları tərəfindən də xüsusi dəstək verilir. Belə ki, ölkədə aparılan islahatlar nəticəsində əldə olunmuş nailiyyətləri yüksək dəyərləndirən Dünya Bankı ilə Ədliyyə Nazirliyi tərəfindən "Ədliyyə sektorunun müasirləşdirilməsi" adlı birgə layihənin həyata keçirilməsi qərara alınmışdır.Həmin layihənin hazırlanmasında məhkəmə sisteminin müasirləşdirilməsi ilə bağlı fərmandan irəli gələn məsələlərin icrası diqqət mərkəzində saxlanılaraq, Dünya Bankının ekspertləri ilə məhkəmə infrastrukturu üzrə monitorinqlər keçirilmiş, müvafiq təhlillər aparılmış, prioritet sahələr müəyyən edilmişdir. Hərtərəfli müzakirələr, o cümlədən Dünya Bankının Vaşinqtondakı Baş ofisi ilə telekörpü vasitəsilə aparılmış danışıqlar nəticəsində Azərbaycan üçün ən əlverişli şərtlərlə 21,6 milyon ABŞ dolları məbləğində kreditin verilməsi, habelə layihə çərçivəsində Yaponiya hökumətinin 3 milyon ABŞ dolları məbləğində əvəzsiz maliyyə dəstəyi göstərməsi razılaşdırılmış, Azərbaycan dövləti tərəfindən bu məsələyə əlavə olaraq 11 milyon ABŞ dolları məbləğində vəsait ayrılması nəzərdə tutulmuşdur.Danışıqların müvəffəqiyyətlə keçməsində qeyd edilən fərman və onun qarşıya qoyduğu vəzifələr həlledici rol oynamış, bağlanacaq Maliyyələşdirmə Sazişində fərmanın icrası layihənin baş tutmasının vacib şərti kimi göstərilmişdir.Layihəyə əsasən 17 yeni məhkəmə, o cümlədən yeni yaradılan məhkəmələr üçün müasir tələblərə cavab verən binaların tikintisi, bir çox məhkəmə binalarının əsaslı təmiri, onların texniki cəhətdən müasirləşdirilməsi, Konstitusiya Məhkəməsinin və Ali Məhkəmənin ən müasir avadanlıqla təchiz edilməsi və digər tədbirlərin maliyyələşdirilməsi nəzərdə tutulur.Eyni zamanda ölkə başçısının tapşırığına əsasən məhkəmələrin yüksək statuslarına uyğun binalarla təmin edilməsi, zəruri maddi-texniki avadanlıqla təchiz olunması üçün müvafiq tədbirlər görülmüş, Ali Məhkəmənin yeni binasının inşası üçün şəhərin görkəmli yerində müvafiq ərazi ayrılmış, layihə-smeta sənədləri hazırlanaraq, ən müasir tələblərə uyğun olan məhkəmə binasının tikintisinə başlanılmışdır.Yeni yaradılan məhkəmələrə əlverişli yerdə binaların tikilməsi, bu binalar tikilənədək isə onların müvəqqəti yerləşdirilməsi üçün Ədliyyə Nazirliyi tərəfindən yerli icra hakimiyyəti orqanları və Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsi ilə müvafiq araşdırmalar aparılır.Məhkəmə fəaliyyətinin hüquqi və informasiya təminatının həyata keçirilməsinin təkmilləşdirilməsi, məhkəmələrdə yeni informasiya texnologiyalarının tətbiq edilməsi üçün Avropa Komissiyası TACİS proqramı ilə həyata keçirilən "Azərbaycanda məhkəmə və hüquq sisteminin islahatı layihəsi" çərçivəsində demək olar ki, bütün məhkəmələr üçün ən müasir kompüter dəstləri, habelə çoxsaylı digər təşkilati texniki avadanlıq alınmış, qanunvericiliyin elektron bazasının təşkili və ondan geniş istifadənin təmin olunması məqsədilə ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyinin (USAİD) maliyyə dəstəyi ilə normativ hüquqi aktların elektron bazası və Ədliyyə Nazirliyi tərəfindən bütün normativ və normativ xarakterli aktların elektron bazası yaradılaraq nazirliyin internet səhifəsində yerləşdirilmişdir. Qanunvericiliyin bu elektron bazalarından təkcə məhkəmələr deyil hər bir kəs pulsuz istifadə edə bilər. Məhkəmələrin müasir informasiya texnologiyalarından istifadəsinin asanlaşdırılması üçün isə onların arasında vahid kompüter şəbəkəsinin tətbiqi üzrə tədbirlər görülür. 

- Fikrət müəllim, hakimlərin iş yükünün böyük olması barədə də fikirlər səsləndirilir. Bu sahədə hansı tədbirlər nəzərdə tutulur? 

- Bəli, doğrudur. Elə bu səbəbdən də dövlət başçısının qeyd edilən fərmanında bu məsələ xüsusi vurğulanır. Hazırda məhkəmələrdə baxılan işlərin sayı 2000-ci illə müqayisədə 2 dəfə artmış, hakimlərin sayı isə dəyişilməz qalmışdır. Eyni zamanda, ölkəmizdə hakimlərin əhaliyə nisbətdə sayı Avropa Şurasının üzv dövlətləri ilə müqayisədə ən aşağı göstərici ilə xarakterizə olunur - hər 100 min nəfərə 4 hakim. Halbuki, bəzi Avropa dövlətlərində hər 100 min nəfərə düşən hakimlərin sayı 20-25-ə çatır.Bununla əlaqədar normal iş yükünün müəyyən edilməsi üçün ölkənin bütün hakimləri arasında sorğu keçirilərək nəticələr ümumiləşdirilmiş, beynəlxalq təcrübə, o cümlədən Ədalət Mühakiməsinin Səmərəliliyi üzrə Avropa Komissiyasının məlumatları nəzərə alınmaqla yeni yaradılmış və fəaliyyət göstərən məhkəmələr üçün tələb olunan əlavə hakim ştat vahidlərinin sayı müəyyən edilmiş, bu məsələ hakimlərin assosiasiyalarında və Məhkəmə-Hüquq Şurasının iclasında müzakirə edilərək razılaşdırılmışdır.Məhkəmələrdə olan yüksək iş yükünü azaltmaq məqsədi ilə ilkin mərhələdə ölkəmizin məhkəmələrinə təqribən 100 əlavə hakim ştat vahidlərinin ayrılmasına ehtiyacın olması qənaətinə gəlinmişdir.Həmçinin, fərmanın icrası ilə bağlı məhkəmələrin ərazi yurisdiksiyalarının müəyyən edilməsi üçün onların iş yükü, hakimlərin sayı nəzərə alınmaqla təhlillər aparılmış və müvafiq təkliflər hazırlanmışdır.Şübhə yoxdur ki, ölkə Prezidentinin fərmanında nəzərdə tutulan mühüm dəyişikliklərin həyata keçirilməsi Azərbaycan məhkəmə sisteminin inkişafında yeni mərhələ olmaqla, insan hüquqlarının daha etibarlı müdafiəsinə, məhkəmələrdə ədalətliliyinə və qərəzsizliyinə, mənəvi təmizliyinə görə fərqlənən ən layiqli şəxslərin təmsil olunmasına xidmət edəcək, ədalət mühakiməsinə inamın artmasına, habelə, bölgələrin inkişafına, xüsusilə yerli hüquqşünasların işlə təmin olunmasına, regionlarda vəkilliyin və digər hüquq təsisatlarının inkişafına, əhaliyə keyfiyyətli hüquqi yardım göstərilməsinə təkan verəcək və bütövlükdə cəmiyyətimizin demokratikləşməsi prosesinə dəyərli töhfə olacaqdır.

Müsahibəni apardı Kamil Həmzəoğlu 
"525-ci qəzet" 07.06.2006-ci il