15 iyun - Milli Qurtuluş günü Azərbaycan xalqının dövlətçilik tarixində ən əlamətdar bayramlardandır. Məhz 1993-cü ilin 15 iyunu tarixinin sınaq dövrünü yaşayan Azərbaycan xalqının nicat yolunun başlanğıcı olmuşdur.Həlledici məqamlarda xalqı üzləşdiyi çətinliklərdən xilas etmək böyük və qüdrətli şəxsiyyətlərin çiyninə düşür. Ölkənin, xalqın taleyində ümummilli liderin rolu və tarixi missiyası da bununla müəyyən olunur. 1991-ci ildə xalqımız dövlət müstəqilliyini bərpa etsə də bundan dərhal sonra onu itirmək təhlükəsi qarşısında qalmışdı. 1918-ci ildə yaranan Azərbaycan Demokratik Respublikasının ömrü cəmi 21 ay çəkdi, onun varisi kimi yaranan Azərbaycan Respublikasının ömrü isə daha qısa ola bilərdi. Ölkə vətəndaş müharibəsi, milli dövlətçiliyin məhvi təhlükəsi ilə üz-üzə qalmışdı.Ermənistanın hərbi təcavüzü nəticəsində torpaqlarımız zəbt olunmuş, müharibə aparan ölkənin paytaxtında isə torpaqların itirilməsi təlaşı deyil, hakimiyyətə yiyələnmək hərisliyi yaşanır, hər siyasi təşkilat özünə silahlı dəstə yaradır, tam özbaşınalıq hökm sürürdü. İqtisadiyyat iflic vəziyyətinə salınmış, meydan liderlərinin yürütdüyü yanlış xarici siyasət Azərbaycanı dostsuz, müttəfiqsiz və arxasız qoymuşdu.Belə ağır bir vəziyyətdə xalqın çağırışı ilə görkəmli dövlət xadimi, dünya miqyaslı siyasətçi Heydər Əliyev 1993-cü ilin iyun ayının 15-də Bakıya qayıtdı, Azərbaycana rəhbərliyi, əslində isə xilaskarlıq missiyasını öz üzərinə götürdü. Ümummilli liderimizin həyata keçirdiyi şərəfli xilaskarlıq missiyası nəticəsində Azərbaycan məhv olmaq təhlükəsindən xilas olaraq gələcəyə inamla baxan güclü bir dövlətə çevrildi. Onun misilsiz siyasi məharəti, zəngin dövlətçilik təcrübəsi, möhkəm qətiyyəti və uzaqgörənliyi sayəsində xalqımızın ən böyük çətinlikləri, milli dövlətçiliyimizin itirilməsinə səbəb ola biləcək problemlər tezliklə həll edilməyə başlandı.Bir həqiqəti də unutmaq olmaz ki, xalqımızın milli özünüdərki, vətənpərvərlik hissinin oyanışı da Heydər Əliyevin adı ilə bağlı olmuşdur.1969-cu ildə onun Azərbaycan rəhbərliyinə gəlişindən sonra incəsənət, elm və mədəniyyətlə yanaşı azərbaycançılıq ideyası, milli mənlik şüuru da yüksək inkşaf mərhələsinə çatmış, Azərbaycan keçmiş SSRİ-nin ən qabaqcıl respublikalarından birinə çevrilmişdi. Ölkədə güclü kadr potensialı yaradılmış, milli müstəqillik ideyalarının daşıyıcısı olan ziyalılar nəsli formalaşmış, başqa sözlə bugünkü dövlət müstəqilliyimizin möhkəm təməli qoyulmuşdur.Beləliklə də, ömrü xalqa xidmətdə və dövlət quruculuğunda keçən Heydər Əliyev sonda Azərbaycan dövlətinə və xalqına əbədi həyat bəxş etdi.1993-cü ildə hakimiyyətə qayıdaraq dövlətçiliyimizi məhv olmaq təhlükəsindən xilas etdikdən sonra Heydər Əliyevin quruculuq missiyası - ictimai həyatın bütün sahələrini əhatə edən hərtərəfli islahatlar dövrü başladı.Onun uğurlu xarici siyasət kursu ölkəmiz üçün təkcə siyasi dəstək deyil, həm də iqtisadi əməkdaşlıq və investisiya imkanları yaratdı. Azərbaycanın günbəgün artan beynəlxalq nüfuzu, təminatlı dövlət hakimiyyətinin mövcudluğu dünyanın ən nüfuzlu şirkətləri tərəfindən iqtisadiyyatımızın müxtəlif sahələrinə küllü miqdarda investisiya qoyulmasını şərtləndirdi.Həyata keçirilən ardıcıl və məqsədyönlü tədbirlər nəticəsində cəmiyyət və dövlət həyatının bütün sahələrində köklü dəyişikliklər baş verdi, hərtərəfli iqtisadi islahatlar, o cümlədən aqrar islahatı, özəlləşdirmə aparıldı, sənayedə və kənd təsərrüfatında tənəzzül aradan qaldırıldı, iqtisadi dirçəlişə zəmin yaradan neft müqaviləri imzalandı. Hamının yadındadır ki, həm bu müqavilələrin imzalanması, həm də Azərbaycan neftini və qazını dünya bazarına çıxaracaq Bakı-Tbilisi-Ceyhan neft, Bakı-Tibilisi-Ərzurum qaz kəmərinin çəkilməsinə dəstək qazanmaq üçün Heydər Əliyev özünün titanik iradəsi ilə hansı təzyiqlərə sinə gərməli oldu.Azərbaycan dövlətinin getdikcə möhkəmlənməsindən narahat olan bədxah qüvvələr, hakimiyyət hərisləri öz çirkin niyyətlərini həyata keçirmək üçün silahlı birləşmələrin köməyi ilə dövlət çevrilişi cəhdləri etməklə, ölkə başçısına sui-qəsdlər təşkil etməklə, Azərbaycan xalqını, milli dövlətçiliyimizi növbəti sınaqlar qarşısında qoydular. Lakin dövlətçiliyimiz Azərbaycan xalqının dəstəyinə əsaslanan Heydər Əliyevin yenilməz iradəsi və qətiyyəti nəticəsində bu sınaqlardan da üzüağ çıxdı.Ölkə başçısının uzaqgörənliyi, zəngin dövlətçilik təcrübəsi, iti zəkası, iradəsi və qətiyyəti sayəsində ölkəmizdə ictimai-siyasi sabitlik bərqərar olundu, xalqımız Azərbaycançılıq ideyası ətrafında sıx birləşdi. Bu illər ərzində müstəqil dövlətimizin inkişafı yolunda ən böyük maneə olan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin dincliklə nizama salınması, sülh yaradılması istiqamətində ardıcıl səylər göstərilməklə yanaşı, genişmiqyaslı ordu quruculuğu işləri də aparılmış, lazım olarsa dövlətimizin ərazi bütövlüyünü hərbi yolla təmin etməyə qadir olan milli ordu yaradılmışdır.1995-ci ildə bilavasitə Heydər Əliyevin müəllifliyi ilə demokratik dəyərlər və prinsiplərə uyğun hazırlanmış və ümumxalq səsverməsi ilə qəbul edilmiş ilk milli Konstitusiyamızın müddəalarının üçdə biri insan hüquq və azadlıqlarına həsr edilmiş, hakimiyyət bölgüsü prinsipi təsbit olunmuşdur. Beynəlxalq ekspertlər tərəfindən dünyanın demokratik konstitusiyalarından biri kimi qiymətləndirilən bu Konstitusiya Azərbaycanda demokratik quruluşun və hüquqi dövlətin möhkəm təməlini qoymuş, hüquqi islahatların aparılmasına zəmin yaratmışdır.Konstitusiyanın qəbulundan sonra dahi öndər Heydər Əliyevin rəhbərliyi ilə aparılmış məhkəmə-hüquq islahatı nəticəsində keçmiş sovetlər birliyindən miras qalmış ölkənin hüquq sistemi demokratik prinsiplər əsasında tamamilə yenidən qurulmuşdur.Həyata keçirilən islahatlar nəticəsində bütün hüquq təsisatlarının fəaliyyətini tənzimləyən yeni mütərəqqi qanunlar, o cümlədən "Konstitusiya məhkəməsi haqqında", "Məhkəmələr və hakimlər haqqında", "Prokurorluq haqqında", "Polis haqqında", "Əməliyyat-axtarış fəaliyyəti haqqında", "Vəkillər və vəkillik fəaliyyəti haqqında" və digər qanunlar, əvvəlkilərdən prinsipcə köklü surətdə fərqlənən Mülki və Mülki-Prosessual, Cinayət və Cinayət-Prosessual, Cəzaların İcrası və s. məcəllələr qəbul edilmişdir. Bütün bu qanunlar demokratik prinsiplər və beynəlxalq hüquq normalarının tələblərinə uyğun hazırlanmış və beynəlxalq ekspertlər tərəfindən yüksək qiymətləndirilmişdir.Hüquq sisteminin islahatı nəticəsində ölkədə yeni, 3 pilləli müstəqil məhkəmə sistemi yaradılmış, hakimlərin müstəqilliyinin real təmin edilməsi üçün kompleks tədbirlər görülmüş, hüquq mühafizə orqanlarının və vəkillik xidmətinin fəaliyyəti demokratik əsaslarla yenidən qurulmuşdur.Hüquqi dövlət quruculuğu işinə fəal qatılan Azərbaycan ədliyyəsi də bu islahatlardan kənarda qalmamışdır. Xüsusilə vurğulamaq istərdim ki, ölkəmizdə ədliyyə sisteminin təşəkkülü və inkişafının təmin edilməsi, ümumiyyətlə Ədliyyə Nazirliyinin dövlət strukturu kimi yenidən və əsaslı surətdə təsis olunması da ümummilli liderimiz Heydər Əliyevin Azərbaycana rəhbərliyi dövrünə təsadüf edir. Və bu hər bir ədliyyə işçisində xüsusi qürur hissi yaradır. Belə ki, Azərbaycan Ədliyyə Nazirliyi məhz 1970-ci ildə yenidən təsis edilmiş, ədliyyə işi təkmilləşdirilərək onun gələcək inkişafı üçün şərait yaradılmışdır.Azərbaycan Respublikası dövlət müstəqilliyini bərpa etdikdən sonra ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə ölkəmizin hüquq sistemində köklü islahatlar aparılmış, ədliyyə fəaliyyətinə xüsusi əhəmiyyət verilərək, onun demokratik dəyərlərə və müasir standartlara uyğun qurulması üçün əsaslı tədbirlər görülmüşdür.Təkcə bir neçə il ərzində ədliyyə fəaliyyəti ilə bağlı 100-dən çox normativ hüquqi akt qəbul olunmuş, Ədliyyə Nazirliyinin üzərinə yeni vəzifələr qoyulmuşdur. Ümummilli liderimizin sərəncamına əsasən ədliyyə işçilərinin fəaliyyətinin mənəvi stimullaşdırılması üçün 1918-ci ildə Ədliyyə Nazirliyin ilk Əsasnaməsinin qəbul edildiyi gün - noyabr ayının 22-si ədliyyə işçilərinin peşə bayramı günü kimi təsis edilmişdir.Həyata keçirilən köklü islahatlar nəticəsində Ədliyyə Nazirliyi dövlətin hüquq siyasətini həyata keçirən əsas orqanlardan birinə çevrilmiş, sivil cəmiyyətdə onun rolu və əhəmiyyəti artmışdır.Hazırda Ədliyyə Nazirliyi normativ hüquqi aktların hüquqi ekspertizasını, uçotunu və dövlət qeydiyyatını aparır; qanunvericiliyin təkmilləşdirilməsində iştirak edir, o cümlədən qanun layihələri hazırlayır və normativ sənədlərin layihələri üzrə rəylər verir, hüquqi maarifləndirmə işi aparır; hüquqi şəxslərin dövlət qeydiyyatını və dövlət reyestrini, mətbu nəşrlərin reyestrini aparır; notariat fəaliyyətinə rəhbərlik edir; vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını həyata keçirir; dövlətlərarası övladlığa götürmə məsələlərini və sənədlərin leqallaşdırılmasını həyata keçirir; məhkəmələrin fəaliyyətinin təşkilati təminatını, məhkəmə statistikasının aparılmasını təmin edir; qeyri-kommersiya hüquqi şəxslərə münasibətdə qrant müqavilələrinin (qərarlarının) qeydiyyatının aparılmasını həyata keçirir. Ədalət mühakiməsinin səmərəliliyinin artırılmasında məhkəmə qərarlarının düzgün və vaxtında icrasının əhəmiyyəti nəzərə alınaraq Ədliyyə Nazirliyində Məhkəmə nəzarətçiləri və məhkəmə icraçıları xidməti yaradılmış, Baş məhkəmə məmuru vəzifəsi təsis edilmişdir.Bunlarla yanaşı, Azərbaycan Respublikasında aparılan bütün növ məhkəmə (qeyri-tibb) ekspertizaları Ədliyyə Nazirliyinin nəzdində fəaliyyət göstərən və məhkəmə ekspertizası, kriminalistika və kriminologiya problemləri üzrə ölkədə yeganə elmi-tədqiqat mərkəzi olan İnstitut tərəfindən həyata keçirilir.Nazirliyin nəzdində fəaliyyət göstərən Hüquq-Tədris Mərkəzi elmi-tədqiqat işlərinin aparılması, hakimlərin, hakim vəzifəsinə namizədlərin, ədliyyə işçilərinin və digər hüquqşünas kadrların ixtisaslarının artırılmasına, müxtəlif sahələrdə çalışan başqa mütəxəssislərin hüquqi biliklərinin yüksəldilməsinə xidmət edir.Ədliyyə Nazirliyinə aid olan xidmət sahələri arasında əhalinin daha çox müraciət etdiyi ünvanlar əsasən, notariat və vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı, həmçinin hüquqi şəxslərin dövlət qeydiyyatı üzrə qurumlardır. Bu yönümdə vətəndaşlara göstərilən hüquqi xidmətlərin keyfiyyətinin yaxşılaşdırılması üzrə son vaxtlar ciddi irəliləyişlər əldə edilmişdir.Notariat və VVA idarəsinin tərkibində vətəndaşlıq vəziyyəti şöbəsi yaradılmış, müasir informasiya texnologiyalarının tətbiqinə başlanılaraq, notariat qaydasında təsdiq edilən sənədlərin tərcüməsinin operativ həyata keçirilməsi məqsədilə bu işin informasiya mübadiləsi şəbəkəsi vasitəsilə görülməsi təmin olunmuş, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı sahəsində ümumrespublika elektron məlumat bankı yaradılmışdır.Azərbaycan Respublikası əhalisinin dövlət reyestri xidmətinin aparıcısı kimi Ədliyyə Nazirliyinin müəyyən edilməsi ilə bağlı Nazirlik tərəfindən yaradılmış işçi qrupu beynəlxalq təşkilatlarla sıx əməkdaşlıq şəraitində bu sahədə qabaqcıl xarici təcrübəni öyrənmiş və hazırda Əhalinin Dövlət Registri şöbəsi yaradılaraq fəaliyyətə başlamışdır.Son illərdə hüquqi şəxslərin dövlət qeydiyyatı işi də təkmilləşdirilmiş, bu sahədə yeni qanunvericilikdən irəli gələn vəzifələrə əsasən müvafiq qərarlar qəbul olunmuş, o cümlədən hüquqi şəxslərin dövlət qeydiyyatı prosedurunun daha da sadələşdirilməsi və müddətinin azaldılması üzrə tədbirlər görülmüş, bölgə şöbələrinin strukturu təkmilləşdirilmiş, Mərkəzi reyestr şöbəsi yaradılmışdır. Hazırda kommersiya hüquqi şəxslərin dövlət qeydiyyatı əsasən 5 günədək müddətdə həyata keçirilir. Son vaxtlar qeydiyyat işinin təkmilləşdirilməsinə yönələn 15-ə yaxın normativ hüquqi akt qəbul edilmiş və bu sahənin hüquqi tənzimlənməsi xeyli yaxşılaşmışdır. Müvafiq qanuna əsasən, hüquqi şəxslərin dövlət reyestri ilə bağlı məlumatlar nazirliyin təsis etdiyi "Ədliyyə" qəzetində müntəzəm dərc olunur.Penitensiar sahənin inkişafına diqqət artırılmış, bu sahədə mütərəqqi qanunvericilik bazası yaradılmış, məhkumların saxlanılması şəraitinin yaxşılaşdırılmasına yönəlmiş tədbirlər görülmüş, penitensiar xidmətə dövlət büdcəsindən ayrılan vəsaitin məbləği son illər ərzində 3 dəfə artırılmışdır.Ötən il Baş idarənin fəaliyyətində aşkar edilmiş kobud qanun pozuntularının, sui-istifadə hallarının aradan qaldırılması üçün təsirli tədbirlər görülmüş, tələbkarlıq və nəzarət gücləndirilmiş, Cəzaların icrasına nəzarət üzrə müfəttişlik fəaliyyətə başlamış, işdə yol verdiyi ciddi nöqsan və qanun pozuntularına görə 200-dən çox əməkdaş cəzalandırılmış, 60 vəzifəli şəxs işdən azad olunmuş, vəzifə səlahiyyətləri ilə bağlı cinayətlər törətmiş şəxslər məsuliyyətə alınmış, kadr işi sağlam meyarlar və müasir tələblər əsasında yenidən qurulmuş, penitensiar sistem yüksək peşə hazırlığına və mənəvi keyfiyyətlərə malik mütəxəssislər hesabına möhkəmləndirilmişdir.Penitensiar xidmətin təkmilləşdirilməsi sahəsində Avropa Şurası ilə sıx əməkdaşlıq əlaqələrini xüsusi qeyd etmək istərdim. Belə ki, bu il Avropa Şurası və Avropa Komissiyasının Azərbaycanın penitensiar sisteminin islahatı üzrə 2006-cı il üçün Birgə Proqram qəbul olunmuşdur. Bu sənədə əsasən qanunvericiliyin Avropa standartlarına uyğunlaşdırılması, idarəetmənin təkmilləşdirilməsi, tədris tədbirlərinin təşkil edilməsi və məhbusların reabilitasiya tədbirlərinin həyata keçirilməsi nəzərdə tutulur.Saxlanma şəraitinin, həmçinin tibb-sanitariya xidmətinin yaxşılaşdırılması məqsədi ilə bir sıra müəssisələrdə aparılmış təmir-tikinti və abadlaşdırılma işləri ilə yanaşı Naxçıvan Muxtar Respublikasında yeni penitensiar kompleksin tikintisi başa çatdırılmaq üzrədir, Lənkəran və Şəki rayonlarında isə belə komplekslərin inşa edilməsinə başlanılmışdır.Həyata keçirilən islahatlar nazirliyin səhiyyə xidmətində də köklü dəyişikliklərlə nəticələnmiş, tibb ekspertlərinin müstəqilliyinin təmin olunması məqsədilə MQİBİ-nin tərkibində olan Səhiyyə idarəsi birbaşa ədliyyə nazirinin tabeçiliyinə verilmişdir.Ölkədə insan hüquqlarının müdafiəsinin ön plana çəkilməsi şəraitində nazirlikdə İnsan hüquqları üzrə şöbə yaradılmışdır. Şöbə qeyri-hökumət hüquq-müdafiə təşkilatları ilə sıx əlaqəli fəaliyyət göstərir. Ədliyyə Nazirliyi tərəfindən ictimai təşkilatlarla səmərəli işgüzar əlaqələr qurulmuş, mütəmadi monitorinqlər və görüşlər təşkil edilmişdir. Qarşılıqlı fəaliyyətin təşkili məsələlərinin müzakirəsi üçün QHT-lərlə Ədliyyə Nazirliyi arasında "Qarşılıqlı Anlaşma Memorandumu" qəbul olunmuşdur.Həmçinin, məhkumların islah edilməsində ictimaiyyətin iştirakı və penitensiar müəssisələrin fəaliyyətində şəffaflığın təmin edilməsi üçün ictimai nəzarətin həyata keçirilməsi məqsədilə həmin Anlaşma Memorandumuna müvafiq olaraq xüsusi Qaydalar təsdiq edilmişdir. Hazırda həmin Qaydalara uyğun İctimai Komitənin formalaşdırılması məqsədilə aidiyyəti qurumların nümayəndələrindən ibarət Seçki Komissiyası yaradılmışdır.Eyni zamanda, nazirlik tərəfindən beynəlxalq hüquq əməkdaşlığının genişləndirilməsinə xüsusi diqqət yetirilir. Azərbaycan bir çox xarici dövlətlərlə, o cümlədən Türkiyə, Rusiya, İran, Ukrayna, Çin, Bolqarıstan, Gürcüstan, Qazaxıstan, Özbəkistan, Qırğızıstan, Litva, Moldova və digər ölkələrlə hüquqi yardım haqqında ikitərəfli müqavilələr bağlamışdır.Həmçinin, ABŞ, Pakistan, Səudiyyə Ərəbistanı, Yaponiya, Macarıstan, Əlcəzair, Cənubi Koreya Respublikası, Hindistan və s. ilə hüquqi yardıma dair müqavilə layihələrinin razılaşdırılması və bağlanılması istiqamətində işlər davam etdirilir. Nazirliyimiz biləvasitə xarici dövlətlərin ədliyyə orqanları ilə əməkdaşlığa da mühüm əhəmiyyət verir. Bununla əlaqədar Avstriya, Fransa, Niderland, Türkiyə, Rusiya, İtaliya, Litva, İran, Çin, Gürcüstan, Rumıniya, Ukrayna və digər dövlətlərin Ədliyyə nazirlikləri ilə əməkdaşlıq haqqında sazişlər imzalanmışdır.Ölkəmizdə həyata keçirilən mütərəqqi məhkəmə-hüquq islahatının müsbət nəticələrinin beynəlxalq aləmdə də etiraf olunmasının nəticəsidir ki, ötən il 18-25 aprel tarixlərdə Tailandın paytaxtı Banqkokda təşkil olunmuş BMT-nin cinayətkarlığın qarşısının alınması və cinayət mühakiməsi üzrə 11-ci Konqresində Azərbaycan ədliyyə naziri Konqresin Birinci Vitse-Prezidenti seçilmiş, plenar iclaslarda, xüsusilə yüksək səviyyəli seqmentdə sədrlik etmişdir. Bu hal dövlətimizin cinayətkarlığa qarşı mübarizədə səmərəli beynəlxalq əməkdaşlığı üçün daha geniş imkanlar yaratmışdır.Bu il mayın 30-dan iyunun 2-dək Strasburqda Avropa Şurası Yerli və Regional Hakimiyyətlər Konqresinin 13-cü ümumi sessiyasında iştirakımız çərçivəsində Konqresin prezidenti H.Skard, Avropa Şurasının Baş katibi T.Devis və insan hüquqları üzrə komissar T.Hammerberq, Avropa Şurasının Hüquqi Məsələlər üzrə Baş Direktorluğunun rəhbəri Gi De Vel ilə görüşlərimiz zamanı həmsöhbətlərimin Azərbaycanda həyata keçirilən hərtərəfli mütərəqqi islahatları, əldə edilmiş yüksək nailiyyətləri xüsusi qeyd etmələrini vurğulamaq istərdim.Fərəhli haldır ki, müstəqil Azərbaycanın qurucusu Heydər Əliyevin dövlət inkişafının strateji kursu ulu öndərimizin yaratdığı idarəçilik məktəbinin ən layiqli yetirməsi möhtərəm Prezidentimiz cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir.Hazırda həyatın bütün sahələrində intibah dövrünü yaşayan müstəqil Azərbaycan Respublikası iqtisadi artım surətinə görə lider ölkəyə çevrilmişdir. Bu günlərdə Heydər Əliyevin adını daşıyan Bakı-Tbilisi-Ceyhan neft kəmərinin fəaliyyətə başlaması və Azərbaycan neftinin tarixdə ilk dəfə olaraq Aralıq dənizindən dünya bazarına göndərilməsi ümummilli liderimizin işləyib hazırladığı Azərbaycanın yeni neft strategiyasının reallaşması və onun uzaqgörən siyasətinin təntənəsidir.Ölkəmizdə qeyri-neft sektorunun da inkişafına mühüm diqqət yetirilir. Dövlət başçısının regionların sosial-iqtisadi inkişafına yönəlmiş siyasəti real bəhrəsini verir. Bütün şəhər və rayonlarda sənaye müəssisələri, səhiyyə, təhsil idman obyektləri istifadəyə verilir, əmək haqqları müntəzəm şəkildə artırılır. İqtisadiyyatımızın sürətli inkişafını xarakterizə edən bəzi fəaktlara diqqət yetirək. Ötən il ərzində ÜDM-in artımı 26 faiz olmuşdur. Cari ilin dörd ayı ərzində isə bu rəqəm təxminən 40 faiz, sənaye istehsalının artımı isə təqribən 50 faiz təşkil etmişdir. Son iki il yarım ərzində 400 minə yaxın yeni iş yeri açılmışdır.Cəmiyyətimizin demokratikləşməsinə, insan hüquqlarının qorunmasına xüsusi önəm verən möhtərəm Prezidentimiz bütün digər sahələr kimi ədliyyə sisteminə və onun inkişafına daim diqqət yetirir. Nazirliyin fəaliyyətinin normativ hüquqi əsaslarının təkmilləşdirilməsi məqsədilə dövlət başçısının 18 aprel 2006-cı il tarixli Fərmanı ilə "Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi haqqında Əsasnamə" təsdiq edilmişdir. Həmçinin, ölkə Prezidentinin qanunvericilik təşəbbüsü əsasında Milli Məclis tərəfindən ötən ay "Ədliyyə orqanlarında qulluq keçmə haqqında" Qanun qəbul edilmişdir. Ədliyyə Nazirliyinin yeni funksiya və səlahiyyətlərini, onun cəmiyyətdə rolunu əks etdirən və bütün ədliyyə sistemi üçün müstəsna tarixi əhəmiyyətə malik olan bu sənədlərin qəbul edilməsi ədliyyə işçilərində böyük razılıq və minnətdarlıq hissləri doğurmaqla yanaşı, onları qanunun aliliyinin təmin edilməsi və insan hüquqlarının etibarlı qorunması işinə daha səmərəli xidmət etməyə səfərbər edir.Hazırda Nazirliyin fəaliyyətinin normativ-hüquqi bazası yeni Əsasnaməyə uyğun təkmilləşdirilir. Yeni Əsasnaməyə uyğun işlənib hazırlanmış ədliyyə orqanlarına işə qəbul olunmaq üçün namizədlərlə müsabiqənin keçirilməsinə dair Qaydalar təsdiq olunmuş, bününla əlaqədar müvafiq elan verilmiş və müsabiqədə iştirak etmək arzusunda olan şəxslərin sənədlərinin qəbuluna başlanılmışdır. Qeyd etmək istərdim ki, penitensiar sistemə və nazirliyin səhiyyə idarəsinə də işə qəbul ötən ildən açıq müsabiqə yolu ilə aparılır.Həyata keçirilən məhkəmə-hüquq islahatı nəticəsində insan hüquqlarının müdafiəsi ilə bağlı məsələlərin müstəsna olaraq məhkəmələrin səlahiyyətinə aid edilməsi, cəmiyyətimizin sürətli inkişafı və ölkənin beynəlxalq qurumlara daha sıx inteqrasiya etməsi Azərbaycanda məhkəmə fəaliyyətinin təkmilləşdirilməsi zərurətini doğurmuşdur.Bununla əlaqədar və ədalət mühakiməsinin səmərəliliyinin artırılması üzrə ölkə başçısı cənab İlham Əliyevin tapşırıqlarına əsasən 2004-cü ildən etibarən kompleks tədbirlər həyata keçirilmişdir. Görülən tədbirlər çərçivəsində Avropa Şurası ilə səmərəli əməkdaşlıq şəraitində hazırlanaraq ölkə başçısının qanunvericilik təşəbbüsü əsasında qəbul edilmiş və ötən il qüvvəyə minmiş "Məhkəmələr və hakimlər haqqında" Qanuna müvafiq dəyişikliklər barədə və "Məhkəmə-Hüquq Şurası haqqında" qanunlar xüsusi əhəmiyyət kəsb edir.Beynəlxalq norma və prinsiplərə uyğun olan həmin qanunlara əsasən Məhkəmə-Hüquq Şurasının tərkibi əsasən hakimlərdən, habelə ölkə Prezidentinin, Milli Məclisin, prokurorluğun, Vəkillər Kollegiyasının nümayəndələrindən və digər şəxslərdən ibarət formalaşdırılmış, hakimlərin immunitetinə və səlahiyyət müddətlərinə yenidən baxılmış, hakim vəzifəsinə ömürlük təyinat təsbit olunmuş, onların intizam məsuliyyəti məsələləri təkmilləşdirilmiş və Məhkəmə-Hüquq Şurasının müstəsna səlahiyyətinə aid edilmiş, hakimliyə namizədlərin seçilməsinin yeni qaydaları müəyyən olunmuş, yeni müstəqil qurum - Hakimlərin Seçki Komitəsi yaradılmışdır.Məhkəmə sisteminin müasirləşdirilməsi barədə dövlət başçısının 19 yanvar 2006-cı il tarixli Fərmanı isə ölkəmizin məhkəmə sisteminin təkmilləşdirilməsində və inkişafında mühüm mərhələ olmuşdur.Fərmanda qeyd olunduğu kimi, məhkəmə sisteminin müasirləşdirilməsinin növbəti mərhələsində regionların sosial-iqtisadi inkişafı şəraitində əhalinin hüquq institutlarına və hüquqi yardıma tələbatının ödənilməsi üçün yeni, o cümlədən bölgələrdə apellyasiya məhkəmələrinin yaradılması, vətəndaşların narazılıqlarına səbəb olan sui-istifadə, süründürməçilik hallarının aradan qaldırılması, ədalət mühakiməsinin səmərəliliyinin və vətəndaşların məhkəmələrə inamının artırılması, məhkəmələrin fəaliyyətində yeni informasiya texnologiyalarının tətbiq edilməsi, məhkəmə aparatlarının strukturunun və işinin daha optimal şəkildə qurulması, habelə digər mühüm məsələlərin həlli nəzərdə tutulur.Dövlət başçısı tərəfindən bu fərman imzalandıqdan dərhal sonra onun icrasından irəli gələn məsələlər Ədliyyə Nazirliyinin geniş Kollegiyasında, habelə Məhkəmə-Hüquq Şurasının iclasında hərtərəfli müzakirə edilərək, kompleks tədbirlər müəyyən olunmuşdur.Fərmanın müstəsna əhəmiyyəti, onun icrası nəticəsində əhalinin məhkəmələrə müraciət etmə imkanlarının asanlaşması, regionlarda hüquqi yardımın yaxşılaşması barədə ədliyyə və məhkəmə işçiləri tərəfindən televiziya və digər kütləvi informasiya vasitələrində yüzlərlə çıxışlar edilmiş, bu məsələ çoxsaylı mətbu nəşrlərdə işıqlandırılmış, geniş təbliğat işləri aparılmışdır.Qüvvədə olan qanunvericilik aktlarının qeyd edilən fərmanla tətbiq olunmuş qanuna uyğunlaşdırılması məqsədilə Ədliyyə Nazirliyi tərəfindən 15 qanuna və 20-dək digər qanunvericilik aktlarına müvafiq əlavə və dəyişikliklər edilməsi barədə layihələr hazırlanaraq təqdim olunmuşdur.Məhkəmələrdə icra və əmək intizamına ciddi əməl edilməsi, süründürməçilik hallarının aradan qaldırılması ilə əlaqədar Ədliyyə Nazirliyi tərəfindən məhkəmələrdə monitorinqlər keçirilmiş, bəzi hakimlər tərəfindən əmək və icra intizamının pozulması, vətəndaşların müraciətlərinə etinasız münasibət göstərilməsi və digər nöqsanlara yol verilməsi aşkar edilmişdir. Monitorinq nəticələri Məhkəmə-Hüquq Şurasının iclasında müzakirə edilərək, belə hallara yol vermiş 10 hakim barədə intizam icraatı başlanılmışdır. Ümumiyyətlə, MHŞ-sı tərəfindən son bir il ərzində 47 hakim barədə (o cümlədən, onların yarıya qədəri Ədliyyə Nazirliyinin təşəbbüsü ilə) intizam icraatı başlanılmışdır.Eyni zamanda, beynəlxalq təcrübə nəzərə alınmaqla, "Hakimlərin fəaliyyətinin qiymətləndirilməsi qaydaları haqqında Təlimat" layihəsi və hakimin vəzifələrinin icrasına dair məlumat formaları işlənib hazırlanmışdır. Qiymətləndirmə aparılarkən peşəkarlıqla yanaşı, yüksək insani keyfiyyətlərə, o cümlədən mənəvi təmizlik, ədalətlilik və qərəzsizlik, insanlara qayğılı münasibət kimi meyarlara xüsusi diqqət yetiriləcəkdir.Hakimlərin Etik Davranış Kodeksinin hazırlanması üçün Məhkəmə-Hüquq Şurası tərəfindən "ad hoc" işçi qrup yaradılmış, hazırlanmış müvafiq layihə hakim assosiasiyaları tərəfindən müzakirə edilərək təkmilləşdirilmişdir.Ölkəmizdə ədalət mühakiməsinin səmərəliliyinin artırılması üzrə görülən tədbirlər çərçivəsində hakim vəzifəsinə namizədlərin beynəlxalq standartlara müvafiq, test üsulu, habelə yazılı və şifahi imtahanlarla tam şəffaf şəraitdə seçimi aparılmışdır. Bu imtahanlarda müvəffəqiyyət qazanmış 56 nəfər namizəd cari ilin fevral ayından ilkin tədris kurslarına cəlb edilmişlər. Kursların tədris proqramına ən aktual mövzular daxil edilmiş, yüksək məhkəmə hakimlərinin, görkəmli alimlərin, zəngin biliyə və təcrübəyə malik olan şəxslərin, habelə nüfuzlu xarici mütəxəssislərin mühazirələri təşkil olunmuşdur. Tədris proqramına uyğun olaraq hakimliyə namizədlər hazırda məhkəmələrdə staj keçirlər.Həmçinin, hakim kadrlarına olan ehtiyac nəzərə alınaraq, Məhkəmə-Hüquq Şurası tərəfindən hakim vəzifəsinə namizədlərin seçilməsi prosesinə yenidən başlanılması barədə elan verilmiş və artıq 400-dən çox şəxs öz namizədliyini irəli sürmüşdür. Hakimliyə namizədlərin imtahanlarda iştirak etməzdən əvvəl hazırlaşmaları üçün Məhkəmə-Hüquq Şurası tərəfindən müvafiq hazırlıq kursları təşkil edilmişdir.İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedent hüququnun öyrənilməsi işinin təşkili və onun məhkəmə təcrübəsində nəzərə alınması məqsədilə hakimlərlə və hakimliyə namizədlərlə keçirilən tədris kurslarının proqramlarında bu mövzuya xüsusi yer ayrılmışdır. Eyni zamanda, Ali Məhkəmədə nüfuzlu beynəlxalq qurumlarla birgə hər həftə hakimlər üçün Avropa Məhkəməsinin presedent hüququ barədə xüsusi seminarlar təşkil olunur.Həmçinin, Ali Ədliyyə Məktəbinin yaradılması ilə bağlı fərmanda nəzərdə tutulan tapşırığın icrası məqsədilə məhkəmə və prokurorluq orqanları ilə keçirilmiş müzakirələr, aparılmış müvafiq təhlillər nəticəsində Ədliyyə Nazirliyi yanında Hüquq Tədris Mərkəzinin bazasında məhkəmə-hüquq sahəsində çalışan 10 mindən çox kollektivə xidmət edəcək ən yüksək statusa malik tədris ocağının yaradılması qənaətinə gəlinmişdir.Respublikamızda aparılan məhkəmə-hüquq islahatlarına nüfuzlu beynəlxalq maliyyə qurumları tərəfindən də xüsusi dəstək verilir. Belə ki, ölkədə aparılan islahatlar nəticəsində əldə olunmuş nailiyyətləri yüksək dəyərləndirən Dünya Bankı ilə Ədliyyə Nazirliyi tərəfindən "Ədliyyə sektorunun müasirləşdirilməsi" adlı birgə layihənin həyata keçirilməsi qərara alınaraq, Azərbaycan üçün ən əlverişli şərtlərlə 21,6 milyon ABŞ dolları məbləğində kreditin verilməsi, habelə layihə çərçivəsində Yaponiya hökumətinin 3 milyon ABŞ dolları məbləğində əvəzsiz maliyyə dəstəyi göstərməsi razılaşdırılmış, Azərbaycan dövləti tərəfindən bu məsələyə əlavə olaraq 11 milyon ABŞ dolları məbləğində vəsait ayrılması nəzərdə tutulmuşdur. Layihəyə əsasən 17 yeni məhkəmə, o cümlədən yeni yaradılan məhkəmələr üçün müasir tələblərə cavab verən binaların tikintisi, bir çox məhkəmə binalarının əsaslı təmiri, onların texniki cəhətdən müasirləşdirilməsi, Konstitusiya Məhkəməsinin və Ali Məhkəmənin ən müasir avadanlıqla təchiz edilməsi və digər tədbirlərin maliyyələşdirilməsi nəzərdə tutulur.Eyni zamanda, ölkə başçısının tapşırığına əsasən Ali Məhkəmənin yeni binasının inşası üçün şəhərin görkəmli yerində müvafiq ərazi ayrılmış, layihə-smeta sənədləri hazırlanaraq, ən müasir tələblərə uyğun olan məhkəmə binasının tikintisinə başlanılmışdır.Məhkəmə fəaliyyətinin hüquqi və informasiya təminatının həyata keçirilməsinin təkmilləşdirilməsi, məhkəmələrdə yeni informasiya texnologiyalarının tətbiq edilməsi üçün Avropa Komissiyası TACİS proqramı ilə həyata keçirilən layihə çərçivəsində demək olar ki, bütün məhkəmələr üçün ən müasir kompüter dəstləri, çoxsaylı digər təşkilati texniki avadanlıq alınmış, qanunvericiliyin elektron bazasının təşkili, ondan məhkəmələrin və əhalinin pulsuz və sərbəst istifadəsinin təmin olunması məqsədilə ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyi (USAİD) və Ədliyyə Nazirliyi tərəfindən normativ və normativ xarakterli aktların elektron bazası yaradılaraq nazirliyin internet səhifəsində yerləşdirilmişdir. Həmçinin, nazirliyin internet səhifəsindən istifadə imkanlarının genişləndirilməsi məqsədilə onun ingilis dili versiyası hazırlanaraq tətbiq olunmağa başlanmışdır.Aparılan təhlillər və məhkəmə monitorinqləri göstərmişdir ki, məhkəmə araşdırmalarının keyfiyyətinə mənfi təsir göstərən amillərdən biri də hakimlərin iş yükünün həddən artıq çox olmasıdır. Eyni zamanda, ölkəmizdə hakimlərin əhaliyə nisbətdə sayı Avropa Şurasının üzv dövlətləri ilə müqayisədə ən aşağı göstərici ilə xarakterizə olunur. Bununla əlaqədar normal iş yükünün müəyyən edilməsi üçün ölkənin bütün hakimləri arasında sorğu keçirilərək nəticələr ümumiləşdirilmiş və təqribən 100 əlavə hakim ştat vahidlərinin ayrılmasına ehtiyacın olması qənaətinə gəlinmişdir.Şübhə yoxdur ki, ölkə Prezidentinin fərmanında nəzərdə tutulan mühüm dəyişikliklərin həyata keçirilməsi Azərbaycan məhkəmə sisteminin inkişafında yeni mərhələ olmaqla, cəmiyyətimizin demokratikləşməsi prosesinə dəyərli töhfə olacaqdır.Fürsətdən istifadə edərək milli dövlətçilik tariximizin ən əlamətdar bayramlarından olan Milli Qurtuluş Günü münasibətilə bütün xalqımızı ürəkdən təbrik edir, ulu öndərimiz Heydər Əliyevin yaratdığı və əbədi həyat verdiyi müstəqil Azərbaycanımızın hərtərəfli inkişafı və daha da qüdrətlənməsi naminə yeni-yeni uğurlar arzulayıram. 

Fikrət Məmmədov,
Azərbaycan Respublikasının ədliyyə naziri,
Məhkəmə-Hüquq Şurasının sədri