15102006-1Qədim tarixə malik xalqımız yetirdiyi parlaq dühaları, mütəfəkkirləri, dövlət xadimləri ilə haqlı olaraq daim fəxr edir. Azərbaycanın milli qürur mənbəyinə çevrilmiş belə simalardan biri - müasir dövlətçiliyimizin banisi Heydər Əliyevdir. XX əsrin böyük bir dövrü ərzində Azərbaycanın siyasi və iqtisadi inkişafı, ictimai həyatımızın bütün sahələrində əldə olunmuş yüksək nailiyyətlər məhz ulu öndərimizin adı ilə bağlıdır.1969-cu ildə Azərbaycana rəhbər seçilən Heydər Əliyev qısa müddətdə ölkəni tənəzzüldən və gerilikdən xilas edərək keçmiş Sovetlər Birliyinin ən qabaqcıl respublikalarından birinə çevirmiş, güclü iqtisadi və kadr potensialı yaratmış, xalqın milli özünüdərkinin və oyanışının əsasını qoymuşdur.Əsrin sonlarında dövlət müstəqilliyini bərpa edərək böyük çətinliklərlə üzləşən və tarixin amansız sınağı qarşısında lidersiz və köməksiz qalan, ümidsizlik girdabında çırpınan xalqımız öz Xilaskarına - ulu öndərimiz Heydər Əliyevə pənah gətirdi. 1993-cü ilin yayında Ermənistanın hərbi təcavüzü, müstəqilliyimizlə barışmaq istəməyən xarici qüvvələrin gizli müdaxiləsi və daxili hərc-mərclik, səriştəsiz siyasətçilərin xəyanəti nəticəsində özünün ən acınacaqlı dövrünü yaşayan Azərbaycan Heydər Əliyevin zəngin dövlətçilik təcrübəsi, titanik fəaliyyəti, dəmir iradəsi sayəsində labüd fəlakətdən xilas oldu. İyunun 15-də xalqın təkidli tələbi ilə Bakıya qayıdaraq, Azərbaycana rəhbərliyi, əslində isə qurtuluş missiyasını öz üzərinə götürən ümummilli liderimiz ölkəni məhv olmaq təhlükəsindən xilas edərək onu gələcəyə inamla baxan güclü bir dövlətə çevirdi. Heydər Əliyevin misilsiz siyasi məharəti, qeyri-adi idarəçilik qabiliyyəti, görünməmiş qətiyyəti və uzaqgörənliyi sayəsində cəbhədə atəşkəsə nail olundu, ordu quruculuğuna başlanıldı, daxili sabitlik bərqərar edildi, bütün sahələrdə köklü, demokratik islahatlar aparıldı, beynəlxalq aləmdə ölkəmizin mövqeləri möhkəmləndi, iqtisadi inkişafın möhkəm təməli qoyuldu.Beləliklə, bütün ömrünü xalqa təmənnasız xidmətə həsr edərək, milli maraqları daim hər şeydən üstün tutmuş Heydər Əliyev Azərbaycan dövlətçiliyinin dönməzliyini və əbədiliyini təmin etdi. Bununla yanaşı, Azərbaycanın qarşılaşa biləcəyi çətinlikləri əvvəlcədən duyan ümummilli lider, zamanı qabaqlayaraq, ölkənin davamlı inkişafı, dövlət müstəqilliyinin daha da möhkəmləndirilməsi istiqamətində böyük işlər gördü, Azərbaycanın strateji maraqlarının təmin edilməsi üçün zəruri və qəti addımlar atdı. Ən başlıcası odur ki, Heydər Əliyev xalqımızın milli sərvəti olan idarəçilik məktəbini yaratdı.Müdrik və qədirbilən xalqımız 3 il əvvəl keçirilən prezident seçkilərində yüksək vətəndaşlıq fəallığı ilə Heydər Əliyev məktəbinin ən layiqli nümayəndəsi, ümummilli liderimizin siyasi varisi cənab İlham Əliyevi özünün rəhbəri seçərək Heydər Əliyevin siyasi kursunu dəstəklədi, bununla da sabitliyə, dirçəlişə və tərəqqiyə səs verdi, yeni uğurların əsası qoyuldu. Azərbaycan Respublikasının Prezidenti kimi Heydər Əliyevin kursunu qəti və prinsipial şəkildə davam etdirən cənab İlham Əliyev özünün yuksək dövlətçilik amallarına söykənən təşəbbüsləri, ölkənin hərtərəfli inkişafına, xalqın rifahının yüksəlməsinə yönəlmiş addımları ilə ilk günlərdən dövlət başçısı kimi vətəndaşların layiqli hörmətini və rəğbətini qazandı.Seçkiqabağı dövrdə özünün gələcək fəaliyyət proqramının əsas məqsədlərini açıqlayan cənab İlham Əliyev ölkəmizdə Heydər Əliyevin başladığı hərtərəfli demokratik islahatları qətiyyətlə davam etdirəcəyinə, bundan sonra da insan hüquqlarının etibarlı qorunacağına, ümummilli liderimizin müdrik neft strategiyasını reallaşdırmaqla yanaşı, azad sahibkarlığın, qeyri-neft sektorunun, xüsusilə regionların sosial-iqtisadi inkişafına, 600 min yeni iş yerinin açılacağına, maaşların, pensiyaların, sosial müavinətlərin mütəmadi artırılacağına, yoxsulluq səviyyəsinin minimuma endiriləcəyinə, qaçqınların və məcburi köçkünlərin vəziyyətinin yaxşılaşdırılacağına, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin ədalətli həlli üçün bütün mümkün imkanlardan istifadə ediləcəyinə söz vermişdi. Ötən üç il əyani şəkildə göstərir ki, möhtərəm Prezidentimiz vədlərinə və andına tam sadiqdir.Prezident vəzifəsində fəaliyyətə başladıqdan dərhal sonra dövlət başçısı cənab İlham Əliyev əhalinin həyat səviyyəsinin yüksəldilməsində müstəsna rol oynayan fərmanlar imzaladı. İnsan hüquqlarına hörmət edilməsi, onlara qayğı ilə yanaşılması bütün dövlət strukturlarının əsas məqsədi kimi müəyyən edildi. Ölkənin tərəqqisində sahibkarlığın mühüm rolu nəzərə alınaraq, onun inkişafına mane olan halların aradan qaldırılması üzrə konkret tapşırıqlar verildi. Prezident seçkilərindən sonra cənab İlham Əliyevin sədrliyi ilə keçirilən Nazirlər Kabinetinin ilk iclasında proqram xarakterli çıxışında ölkədə yoxsulluğun səviyyəsinin azaldılması, əhalinin, xüsusilə erməni hərbi təcavüzünün qurbanı olan məcburi köçkünlərin rifahının dönmədən yüksəldilməsi, bütün regionların inkişafı üzrə əlavə tədbirlərin həyata keçirilməsinin zəruriliyini vurğulamış, habelə dövlət məmurlarının diqqətini onların fəaliyyətindəki nöqsanlara cəlb etmişdir. Həmçinin ölkə Prezidentinin "Azərbaycan Respublikasında sosial-iqtisadi inkişafın sürətləndirilməsi tədbirləri haqqında" 24 noyabr 2003-cü il tarixli fərmanı ilə dövlətimizin inkişafında müsbət meyilləri möhkəmləndirmək və daha da inkişaf etdirmək, sosial sahədə qarşıda duran problemlərin həllini sürətləndirmək məqsədilə konkret tədbirlər müəyyən olunmuşdur. Bu fərman ölkəmizdə həyata keçirilən iqtisadi islahatlara yeni təkan verərək işsizliyin aradan qaldırılması, erməni hərbi təcavüzü nəticəsində yurd-yuvalarından didərgin düşmüş soydaşlarımızın güzəranının yaxşılaşdırılması, əhalinin rifahının, o cümlədən əməkhaqqının yüksəldilməsi, pensiya təminatının yaxşılaşdırılması üzrə mühüm tədbirlərin həyata keçirilməsini şərtləndirmişdir.Dövlət başçısı tərəfindən ölkənin regionlarının inkişafına xüsusi əhəmiyyət verilərək 11 fevral 2004-cü il tarixli fərmanla regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı təsdiq olunmuş, bölgələrin tərəqqisi üçün tələb olunan bütün zəruri məqamlar əks edilmişdir. Azərbaycanın sosial-iqtisadi inkişafının başlıca istiqamətlərini müəyyən etmiş bu sənədlərdən irəli gələn və ölkənin hərtərəfli tərəqqisinə yönəlmiş digər tədbirlərin həyata keçirilməsi artıq öz bəhrəsini verməkdədir. Bu gün həyatın bütün sahələrində intibah dövrünü yaşayan müstəqil Azərbaycan Respublikası iqtisadi artım sürətinə görə lider ölkəyə çevrilmişdir. Hazırda Azərbaycanda ümumi daxili məhsulun artımı dünyada ən yüksək göstəricidir. Ötən il bu rəqəm 26 faiz, bu ilin 8 ayı ərzində 34,4 faiz təşkil etmişdir. Son üç ildə Dövlət büdcəmiz 4 dəfə, 2001-ci illə müqayisədə isə 6 dəfədən çox artmışdır. Azərbaycanda uğurla həyata keçirilən dünya miqyaslı layihələr, daxili sabitlik və vətəndaş həmrəyliyi beynəlxalq maliyyə qurumlarının, xarici şirkətlərin ölkəmizə marağını və inamını hədsiz dərəcədə artırmışdır. İqtisadiyyatımıza 20 milyard dollardan çox sərmayə qoyulması da bu inamın real ifadəsidir.Heydər Əliyevin adını daşıyan Bakı-Tbilisi-Ceyhan neft kəmərinin fəaliyyətə başlaması və Azərbaycan neftinin tarixdə ilk dəfə olaraq Aralıq dənizindən dünya bazarına göndərilməsi ümummilli liderimizin işləyib hazırladığı Azərbaycanın yeni neft strategiyasının reallaşması və onun uzaqgörən siyasətinin növbəti təntənəsi olmuşdur. Bu il may ayının sonunda Azərbaycan neftinin Ceyhan terminalına çatması münasibətilə Prezident İlham Əliyevin Azərbaycan xalqına müraciətində vurğuladığı bir fikri xatırlatmaq istərdik: "Bakı-Tbilisi-Ceyhan neft kəmərinin reallaşması bir daha onu göstərir ki, Azərbaycan iqtidarı, rəhbərliyi ölkəni inamla idarə edir. Bizim siyasətimiz xalq tərəfindən bəyənilir, dəstəklənir və biz də çalışacağıq əlimizdən gələni edək ki, ölkəmiz daha da möhkəmlənsin, hər bir vətəndaş daha yaxşı yaşasın, işsizlik, yoxsulluq tamamilə aradan qaldırılsın. Əlbəttə ki, bu işdə Bakı-Tbilisi-Ceyhan neft kəmərinin rolu müstəsna əhəmiyyət daşıyır".Məlum olduğu kimi, neft gəlirlərinin daha səmərəli və tam şəffaf istifadəsi məqsədilə ölkəmizdə yaradılmış Dövlət Neft Fonduna daxil olan vəsaitlərin həcmi sürətlə artır. Azərbaycanda dünya miqyaslı neft-qaz layihələrinin reallaşması həm də ölkəmizin beynəlxalq aləmdə nüfuzunun hədsiz dərəcədə artması, dövlətimizin milli təhlükəsizliyinin möhkəmlənməsi deməkdir. Bununla yanaşı, ölkəmizdə qeyri-neft sektorunun da inkişafına mühüm diqqət yetirilir. Dövlət başçısının regionların sosial-iqtisadi inkişafına yönəlmiş siyasəti çox musbət nəticələr verir. Bütün şəhər və rayonlarda sənaye müəssisələri, səhiyyə, təhsil, idman obyektləri, elektrik stansiyaları, aeroportlar tikilir, yollar salınır, su xətləri çəkilir, əməkhaqları müntəzəm şəkildə artırılır. Son 3 il ərzində 500 minə yaxın yeni iş yeri açılmışdır. Təkcə ötən bir il ərzində yoxsulluq şəraitində yaşayanların sayı 20 faiz aşağı düşmüşdür.Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin sosial yönümlü daxili siyasətinin prioritet istiqamətlərindən biri də Azərbaycanda təhsilin inkişafına qayğı göstərilməsi, böyüməkdə olan nəslin bilikli, savadlı olması, ölkənin intellektual potensialının gücləndirilməsidir. Bu məqsədlə bütün şəhər və rayonlarda yeni məktəblərin inşasına, mövcud tədris ocaqlarının yüksək tələblərə uyğun təmirinə, ən müasir avadanlıqlarla təchiz edilməsinə xüsusi diqqət yetirilir. Belə ki, son 2 ildə Azərbaycanda 600-dən çox yeni məktəb binası tikilib istifadəyə verilmişdir. Yeri gəlmişkən, bu sahədə çox böyük işlər görməklə, təhsilimizin inkişafına dəyərli töhfələr verən Heydər Əliyev Fondunun xidmətlərini qeyd etmək lazımdır. Heydər Əliyev Fondunun təşəbbüsü və dəstəyi ilə Azərbaycanda ötən il 132 yeni məktəb binası tikilmişdir, cari ildə isə daha 100 məktəb binası inşa edilir. Dövlət başçısının ölkəmizdə təhsilin, elmin, səhiyyənin inkişafına, əhalinin rifahının yaxşılaşdırılmasına xidmət edən sosial yönümlü daxili siyasəti ardıcıl və məqsədyönlü şəkildə həyata keçirilən uğurlu xarici siyasət kursu ilə sıx vəhdət təşkil edir.Prezident İlham Əliyevin bu sahədə yorulmaz və çox səmərəli fəaliyyəti Azərbaycanın strateji maraqlarının qorunmasına, beynəlxalq aləmdə ölkəmizin nüfuzunun artmasına və mövqelərinin möhkəmlənməsinə, dövlətimizin milli təhlükəsizliyinin təmin olunmasına xidmət edir. Mövcud dünya reallıqlarını düzgün qiymətləndirməyi bacaran, dövlətlərarası münasibətlərin ən mürəkkəb məqamlarını bütün incəliklərinə kimi mənimsəmiş cənab İlham Əliyev diplomatik məharəti, yüksək intellektual səviyyəsi ilə beynəlxalq miqyaslı siyasətçi kimi aparıcı dövlətlərin liderləri arasında böyük hörmət qazanmışdır. Tükənməz enerjiyə malik İlham Əliyevin xarici ölkələrə müntəzəm səfərləri, dövlət və hökumət başçıları ilə aparılan faydalı danışıqlar, imzalanan mühüm sənədlər, nüfuzlu siyasi və iqtisadi dairələrdə keçirdiyi görüşlər, mötəbər beynəlxalq forumlarda çıxışları, dünyanın ən aparıcı mətbu orqanlarına, telekanallarına, informasiya agentliklərinə verdiyi geniş müsahibələr dövlətimizin müsbət imicini möhkəmləndirir, ölkəmizə olan marağı daha da artırır. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin üç il ərzində 60-dək xarici səfərə getməsi sübut edir ki, dövlət başçımız beynəlxalq əlaqələrin genişlənməsinə müstəsna əhəmiyyət verərək, bunun üçün vaxtını və qüvvəsini heç zaman əsirgəmir. Danılmaz faktdır ki, Azərbaycan artıq regionda aparıcı dövlətə çevrilmişdir. Hazırda Xəzər regionu, Cənubi Qafqaz və Qara dəniz bölgələrində Azərbaycanın iştirakı olmadan hər hansı layihənin reallaşması təsəvvür olunmur. Bir çox beynəlxalq forumlara dövlətimizin başçısı cənab İlham Əliyevin dəvət olunması bir növ zərurətə çevrilmiş, Azərbaycanda mötəbər beynəlxalq təşkilatların tədbirlərinin keçirilməsi ənənəvi xarakter almışdır.Dünya birliyinə, beynəlxalq təşkilatlara sürətlə inteqrasiya edən Azərbaycanın diplomatik əlaqələrinin genişlənməsinə mühüm diqqət yetirilir. Hazırda Azərbaycan xarici dövlətlərdə və beynəlxalq təşkilatlarda 50-dək diplomatik missiya ilə təmsil olunur. Bu böyük diplomatik potensialın imkanlarından daha səmərəli istifadə olunmasını təmin etmək məqsədilə Prezident İlham Əliyev diplomatik xidmət orqanlarının rəhbərləri ilə keçirdiyi müşavirələr bu mühüm işə ölkə başçısının verdiyi xüsusi önəmi əyani şəkildə təsdiq edir. 2004-cü ilin iyulunda və bu ilin avqustunda keçirilmiş və dövlətimizin xarici siyasət prioritetlərini müəyyən edən həmin müşavirələrdə Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə tam dolğunluğu ilə çatdırılması, Ermənistanın işğalçı siyasətinin ifşa edilməsi, bu məsələ ilə bağlı beynəlxalq ictimaiyyətdə obyektiv rəyin formalaşdırılması və dövlətimizin xarici siyasətinin digər istiqamətləri üzrə konkret vəzifələr qoymuşdur.Bu gün xalqımızın qarşısında ən mühüm problem kimi dayanan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin ədalətli həlli üçün cənab İlham Əliyev böyük səylər göstərir. Bu taleyüklü məsələdə Azərbaycan Prezidentinin rəhbər tutduğu əsas prinsip milli və dövlətçilik maraqlarımızın təmin olunmasıdır. Münaqişənin sülh yolu ilə nizama salınması istiqamətində ardıcıl səylər göstərilməklə yanaşı, genişmiqyaslı ordu quruculuğu işləri də aparılır, lazım olarsa, dövlətimizin ərazi bütövlüyünü hərbi yolla təmin etməyə qadir olan Milli Ordumuz daha da gücləndirilir. Ölkəmizin hərbi büdcəsi son illərdə dəfələrlə artmışdır və gələn il Azərbaycanın yalnız hərbi xərcləri Ermənistanın dövlət büdcəsinə bərabər olacaqdır. Bu fakt ölkəmizin iqtisadi potensialının çox böyük sürətlə artmasını, iqtisadi inkişafın digər sahələrdə mövcud olan problemlərin həlli üçün geniş imkanlar açmasını sübut edir. Bununla yanaşı, dünya təcrübəsi göstərir ki, iqtisadi inkişaf olan yerdə neqativ təzahürlər, o cümlədən korrupsiya halları da müşahidə olunur. Qlobal xarakter daşıyan bu sosial bəla keçid dövrünü yaşayan dövlətlər üçün xüsusilə aktualdır.Dövlətin sosial-iqtisadi inkişafında korrupsiyanın mühüm əngəl olması nəzərə alınaraq, korrupsiya ilə mübarizə ölkəmizdə ön plana çəkilib. Möhtərəm Prezidentimiz cənab İlham Əliyev fəaliyyətinin ilk vaxtlarından bu sahədə ciddi tədbirlərə başlamış, 13 yanvar 2004-cü il tarixdə onun tərəfindən "Korrupsiyaya qarşı mübarizə haqqında" qanun imzalanaraq, korrupsiya ilə mübarizə üzrə dövlətin strateji kursunun əsasları müəyyən edilmişdir. Qanunun qəbul olunması korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə xüsusi təkan vermiş, korrupsiya ilə əlaqədar hüquqpozmaların aşkar edilməsi, qarşısının alınması və nəticələrinin aradan qaldırılmasına, sosial ədalətin, insan və vətəndaş hüquq və azadlıqlarının müdafiə olunmasına, iqtisadiyyatın inkişafının sürətləndirilməsinə, dövlət və yerli özünüidarəetmə orqanlarının, vəzifəli şəxslərin fəaliyyətinin qanuniliyinin, şəffaflığının və səmərəliliyinin təmin edilməsinə əsaslı zəmin yaratmışdır. Korrupsiyaya qarşı mübarizə üzrə Dövlət Proqramı (2004-2006-cı illər) hazırlanmış və ölkə Prezidentinin 3 sentyabr 2004-cü il tarixli sərəncamı ilə təsdiq edilmişdir. Dövlət Proqramı korrupsiyaya qarşı mübarizənin səmərəli surətdə həyata keçirilməsi üçün vahid sistemi təmin etməklə bu sahədə müvafiq dövlət orqanları qarşısında konkret vəzifələr müəyyənləşdirmişdir.Korrupsiyanın qarşısının alınması sahəsində ixtisaslaşmış orqan funksiyalarını həyata keçirən Dövlət Qulluğunu İdarəetmə Şurası yanında Korrupsiyaya qarşı mübarizə üzrə Komissiya yaradılaraq, səmərəli fəaliyyət göstərir. Həmçinin korrupsiyaya qarşı mübarizəni dövlət siyasətinin mühüm istiqamətlərindən biri kimi müəyyən edən dövlət başçısının 28 oktyabr 2004-cü il tarixli fərmanı ilə Azərbaycan Respublikası Baş prokuroru yanında xüsusi olaraq Korrupsiyaya qarşı Mübarizə İdarəsi yaradılmışdır. Birillik fəaliyyəti ərzində İdarə tərəfindən əsasən, rüşvətalma, vəzifədən sui-istifadə etmə, vəzifə səlahiyyətlərini aşma və digər faktlarla bağlı 85 nəfər barəsində cinayət işlərinin istintaqı tamamlanaraq, məhkəməyə göndərilmişdir. Sırf rüşvətlə bağlı ötən il məhkum edilmişlərin sayı əvvəlki illərlə müqayisədə, demək olar ki, 4 dəfə artmışdır.Eyni zamanda, bu mühüm məsələdə beynəlxalq əməkdaşlığa böyük önəm verən dövlətimiz korrupsiya ilə mübarizə sahəsində bütün əsas beynəlxalq konvensiyalara qoşulmuşdur. Bu sahədə, eləcə də beynəlxalq terrorçuluğa qarşı mübarizədə Azərbaycan xarici ölkələr və beynəlxalq təşkilatlarla sıx əməkdaşlıq həyata keçirir, mötəbər forumlarda fəal iştirak edir. Ötən ilin aprel ayında Tailandın paytaxtı Banqkokda keçirilən BMT-nin cinayətkarlığın qarşısının alınması və cinayət mühakiməsi üzrə 11-ci konqresində Azərbaycan nümayəndə heyətinin başçısı konqresin birinci vitse-prezidenti seçilmişdir. Bu da mötəbər konqresin iclaslarında sədrlik etməyimizə imkan vermişdir. Ölkəmiz BMT-nin dəstəyi ilə yeni yaradılan Antikorrupsiya Orqanları Assosiasiyasının təsisçilərindən biri kimi çıxış etmiş və təşkilatın bu ilin oktyabrında Pekində keçiriləcək ilk konfransında Azərbaycanın nümayəndəsi əsas məruzəçilərdən biri müəyyən olunmuş və eyni zamanda, qurumun vitse-prezidentliyinə namizədliyimiz irəli sürülmüşdür. Bütün bunlar möhtərəm Prezidentimiz cənab İlham Əliyevin yeritdiyi məqsədyönlü xarici siyasət nəticəsində dövlətimizin beynəlxalq mütəşəkkil cinayətkarlığa və korrupsiyaya qarşı mübarizədə nüfuzlu və etibarlı tərəfdaşa çevrildiyini əyani şəkildə sübut edir.Azərbaycanda hüquqi dövlət quruculuğu və qanunun aliliyinin təmin edilməsi məqsədilə aparılan demokratik islahatlar çərçivəsində ölkə başçısı tərəfindən insan hüquqlarının etibarlı qorunmasına xüsusi diqqət yetirilir. Bu işdə məhkəmələrin müstəsna rolu nəzərə alınaraq, ədalət mühakiməsinin səmərəliliyinin artırılması və məhkəmələrin fəaliyyətində yol verilən nöqsanların aradan qaldırılması üzrə möhtərəm Prezidentimiz cənab İlham Əliyevin tapşırıqlarına əsasən genişmiqyaslı işlər görülür. Bu sahədə qanunvericilik bazası təkmilləşdirilmiş, hakimlərin məsuliyyət hissinin artırılması, məhkəmə fəaliyyətinin yaxşılaşdırılması üzrə kompleks tədbirlər həyata keçirilmiş, Məhkəmə-Hüquq Şurası yeni qanunvericiliyə uyğun demokratik əsaslarla formalaşdırılmış, hakimliyə namizədlərin seçilməsinin daha mütərəqqi və təkmil qaydaları müəyyən olunmuş, müstəqil qurum - Hakimlərin Seçki Komitəsi yaradılmışdır.Məhkəmə sisteminin müasirləşdirilməsi barədə dövlət başçısının 19 yanvar 2006-cı il tarixli fərmanı isə ölkəmizin məhkəmə sisteminin təkmilləşdirilməsində və inkişafında mühüm mərhələ olmuşdur. Fərmanın icrası ilə bağlı Ədliyyə Nazirliyi və Məhkəmə-Hüquq Şurası tərəfindən kompleks tədbirlər həyata keçirilir. Məhkəmələrdə icra və əmək intizamına ciddi əməl edilməsi, süründürməçilik hallarının aradan qaldırılması ilə əlaqədar Ədliyyə Nazirliyi tərəfindən monitorinqlər keçirilmiş, bəzi hakimlər tərəfindən əmək və icra intizamının pozulması, vətəndaşların müraciətlərinə etinasız münasibət göstərilməsi və digər nöqsanlara yol verilməsi aşkar edilmişdir. Monitorinq nəticələri Məhkəmə-Hüquq Şurasının iclasında müzakirə edilərək, belə hallara yol vermiş 10 hakim barədə intizam icraatı başlanılmışdır. Ümumiyyətlə, MHŞ tərəfindən 56 (o cümlədən, onların yarıya qədəri Ədliyyə Nazirliyinin təşəbbüsü ilə) intizam icraatı başlanılmışdır. Məhkəmə fəaliyyətinin təkmilləşdirilməsində hakim vəzifəsinə seçimin obyektiv və ədalətli aparılmasının əhəmiyyəti nəzərə alınaraq, hazırda hakimliyə namizədlərin yeni qaydalarla, beynəlxalq standartlara uyğun, test üsulu, habelə yazılı və şifahi imtahanlarla tam şəffaf şəraitdə seçimi aparılır. Beynəlxalq və yerli müşahidəçilər, KİV nümayəndələri imtahanların bütün mərhələlərini ən mütərəqqi və obyektiv prosedur kimi yüksək qiymətləndirirlər. Eyni zamanda, məhkəmə araşdırmalarının keyfiyyətinə mənfi təsir göstərən amillərdən biri kimi hakimlərin iş yükünün həddən artıq çox olması nəzərə alınaraq, ölkə Prezidentinin 17 avqust 2006-cı il tarixli fərmanı ilə hakimlərin sayı 153 vahid artırılmışdır.Respublikamızda aparılan məhkəmə-hüquq islahatlarına nüfuzlu beynəlxalq maliyyə qurumları tərəfindən də xüsusi dəstək verilir. Belə ki, ölkədə aparılan islahatlar nəticəsində əldə olunmuş nailiyyətləri yüksək dəyərləndirən Dünya Bankı ilə Ədliyyə Nazirliyi tərəfindən "Ədliyyə sektorunun müasirləşdirilməsi" adlı birgə layihə həyata keçirilir. Azərbaycan üçün ən əlverişli şərtlərlə 21,6 milyon ABŞ dolları məbləğində kreditin verilməsi, habelə layihə çərçivəsində Yaponiya hökumətinin 3 milyon ABŞ dolları məbləğində əvəzsiz maliyyə dəstəyi göstərməsi razılaşdırılmış, Azərbaycan dövləti tərəfindən bu məsələyə əlavə olaraq 11 milyon ABŞ dolları məbləğində vəsait ayrılması nəzərdə tutulmuşdur. Layihəyə əsasən müasir tələblərə cavab verən 17 yeni məhkəmə binasının tikintisi, bir çox məhkəmə binalarının əsaslı təmiri, onların müasir avadanlıqla təchiz edilməsi və digər tədbirlərin maliyyələşdirilməsi nəzərdə tutulur. Eyni zamanda, ölkə başçısının tapşırığına əsasən Ali Məhkəmənin yeni binasının inşası üçün şəhərin görkəmli yerində müvafiq ərazi ayrılmış, ən müasir tələblərə uyğun olan məhkəmə binasının tikintisinə başlanılmışdır.Ümummilli liderimiz Heydər Əliyevin yüksək humanizm siyasətini davam etdirən cənab İlham Əliyev bunu ötən müddət ərzində fəaliyyəti ilə bir daha sübut etmişdir. Ölkə Prezidenti kimi fəaliyyət göstərdiyi 3 il ərzində imzaladığı 8 fərmanla 1287 nəfəri əfv etmişdir. Dövlət başçımız bununla Azərbaycanda ali humanist meyarlara üstünlük verildiyini bir daha nümayiş etdirmiş, azadlıqdan məhrum olunmuş şəxslərin bundan düzgün nəticə çıxarmalarına və dövlətimizin qanunlarına dönmədən əməl etmələrinə inam ifadə etmişdir.Cəmiyyətimizin demokratikləşməsinə, insan hüquqlarının qorunmasına xüsusi önəm verən möhtərəm Prezidentimiz bütün digər sahələr kimi ədliyyə sisteminə və onun inkişafına daim diqqət yetirir. Nazirliyin fəaliyyətinin normativ hüquqi əsaslarının təkmilləşdirilməsi məqsədilə dövlət başçısının 18 aprel 2006-cı il tarixli fərmanı ilə "Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi haqqında Əsasnamə" təsdiq edilmişdir. Həmçinin ölkə Prezidentinin qanunvericilik təşəbbüsü əsasında Milli Məclis tərəfindən cari ilin may ayında "Ədliyyə orqanlarında qulluq keçmə haqqında" qanun qəbul edilmişdir. Bü il avqustun 17-də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən "Ədliyyə orqanlarının inkişafı haqqında" xüsusi fərman imzalanması və nazirliyin yeni strukturunun təsdiq edilməsi Azərbaycan ədliyyəsinin təkmilləşməsi və müasirləşməsinin keyfiyyətcə yeni mərhələyə keçməsini şərtləndirmişdir.Həmin fərmanla nazirliyin qarşısında qoyulan vəzifələrə uyğun yeni qurumlar, o cümlədən insan hüquqlarının təmin olunmasına, hüquqi maarifləndirmə və informasiya təminatı işinin yaxşılaşdırılmasına, ictimaiyyətlə əlaqələrin gücləndirilməsinə xüsusi diqqət yetirələrək insan hüquqları və ictimaiyyətlə əlaqələr idarəsi yaradılmışdır.Eyni zamanda, ölkəmizdə ilk dəfə olaraq ədliyyə işçilərinin, prokurorların və digər hüquqşünas kadrların ixtisasının artırılması və peşə vərdişlərinə yiyələnməsi üçün məhkəmə-hüquq sahəsində çalışan 10 mindən çox kollektivə xidmət edəcək Ədliyyə Akademiyası təsis edilmişdir. Yerlərdə ədliyyə orqanlarının fəaliyyətinin əlaqələndirilməsi və onlara nəzarətin gücləndirilməsi, bələdiyyələrin fəaliyyətinə inzibati nəzarətin səmərəsinin artırılması məqsədilə regional ədliyyə şöbələrinin, hüquqi və fiziki şəxslərin dövlət qeydiyyatı işinin sadələşdirilməsi məqsədilə rayon (şəhər) qeydiyyat şöbələrinin yaradılması qərara alınmışdır. Hazırda nazirliyin fəaliyyəti yeni normativ-hüquqi bazaya uyğun olaraq təkmilləşdirilir. Ədliyyə orqanlarına işə qəbul açıq müsabiqə yolu ilə aparılır. Bu məqsədlə verilmiş elana əsasən 300-ə yaxın şəxs müraciət etmişdir və bu yaxınlarda onlarla ilk dəfə olaraq ədliyyə orqanlarına işə qəbul üzrə test imtahanı keçiriləcəkdir.Ölkə başçısının tapşırığına əsasən penitensiar xidmətin işinin müasir tələblərə uyğun qurulması, mövcud problemlərin aradan qaldırılması üçün Ədliyyə Nazirliyi tərəfindən məqsədyönlü tədbirlər həyata keçirilir, məhkumların saxlanma şəraiti yaxşılaşdırılır, onların hüquqlarının etibarlı qorunması üçün digər tədbirlərlə yanaşı, penitensiar müəssisələrin fəaliyyətində tam şəffaflıq təmin olunur. Bu sahədə hüquq müdafiə təşkilatları ilə qarşılıqlı fəaliyyətin gücləndirilməsi məqsədilə məhkumların islah edilməsində iştirakı və penitensiar sistemdə nəzarəti həyata keçirmək üçün İctimai komitə yaradılmışdır.Göründüyü kimi, ölkəmizdə hüquqi dövlət quruculuğu, vətəndaş cəmiyyətinin inkişafı, həyatımızın bütün sahələrini əhatə edən demokratikləşmə prosesləri uğurla davam etdirilir, qanunun aliliyinin təmin edilməsi, humanist, bəşəri dəyərlərin tam bərqərar olması üçün böyük işlər görülür.Prezident İlham Əliyevin dövlət başçısı kimi fəaliyyətinin üç illik yekunları göstərir ki, xalqımız Azərbaycan Respublikasının dövlət müstəqilliyinin 15-ci ildönümünə bütün sahələrdə qazanılan böyük nailiyyətlərlə gəlir. Ümummilli liderimiz Heydər Əliyevin müəyyən etdiyi müstəqil Azərbaycanın dirçəldilməsi və inkişafı kursunun cənab İlham Əliyev tərəfindən uğurla həyata keçirilməsi nəticəsində beynəlxalq aləmdə dövlətimizin nüfuzu artmış və mövqeləri qəti şəkildə möhkəmlənmişdir. Dinamik və hərtərəfli tərəqqi yolunda olan ölkəmizdə aparılan geniş quruculuq və abadlıq işləri, özəl sektorun və sahibkarlığın, elmin, təhsilin və səhiyyənin, mədəniyyətin və idmanın inkişafı, əhalinin sosial problemlərinin həlli və həyat səviyyəsinin dönmədən yüksəldilməsi üzrə görülən məqsədyönlü tədbirlər və əldə olunan yüksək nəticələr Prezident İlham Əliyevin verdiyi vədlərə sadiq qaldığını əyani şəkildə təsdiq etməklə, xalqımızın sabaha olan inamını birə on qat artırır.Bu gün hər bir azərbaycanlı gündən-günə qüdrətlənən və çiçəklənən bir ölkədə yaşamaqdan, müstəqil Azərbaycan Respublikasının vətəndaşı olmaqdan qürur duyur və fəxr edir ki, millətimizin, Vətənimizin, dövlətçiliyimizin taleyi etibarlı əldədir. Hamımız ürəkdən əminik ki, möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi ilə hələ çox-çox uğurların sevincini yaşayacaq, daha möhtəşəm qələbələrin şahidi olacağıq. 


"Azərbaycan" qəzeti