UŞAQLARIN ƏDALƏTLİ MƏHKƏMƏ HÜQUQUNUN
TƏMİN OLUNMASININ BƏZİ MƏSƏLƏLƏRİ:
AZƏRBAYCAN RESPUBLİKASININ TƏCRÜBƏSİ

 

Hörmətli sədr,
Xanımlar və cənablar, 

İcazə verin, ilk öncə belə aktual məsələyə dair konfransın keçirilməsinə görə Avropa Şurasına və İspaniya tərəfinə öz minnətdarlığımı bildirim. Bu mühüm forumun yüksək səviyyəli təşkilinə və səmimi qonaqpərvərliyə görə İspaniya Krallığının Hökumətinə dərin təşəkkürümüzü bildiririk. 

Hörmətli həmkarlar,Ədalətli məhkəmə hüququnun təmin olunması İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Avropa Konvensiyasının 6-cı maddəsində təsbit olunmuş ədalətli məhkəmə araşdırması hüququnun ayrılmaz tərkib hissəsidir. İnsan hüquqları üzrə Avropa Məhkəməsinin presedent təcrübəsinə əsasən bu hüquq demokratik cəmiyyətdə görkəmli yer tutur. Lakin ədalətli məhkəmə hüququ təmin olunmadığı təqdirdə öz əhəmiyyətini tamamilə itirir.Onu da qeyd etmək lazımdır ki, insan hüquqları üzrə mövcud olan əsas beynəlxalq sənədlərin mətnində ədalətli məhkəmə hüququnun təmin olunmasının birbaşa göstərilməsi hallarına təsadüf etmək çətindir. Eyni vəziyyət Avropa Şurasının üzvü olan bir çox dövlətlərin milli qanunvericiliyində də müşahidə olunur - həmin sənədlərdə ədalətli məhkəmə hüququnun təmin olunması anlayışı təsbit edilməyib və ona müstəqil prosessual hüquq kimi baxılmır.Buna baxmayaraq, beynəlxalq məhkəmələrin və digər orqanların məhkəmə və hüquq tətbiqi təcrübəsi belə hüququn mövcudluğu, onun milli və beynəlxalq müdafiə imkanları barədə danışmağa imkan verir. Həmin təcrübəyə uyğun olaraq, ədalətli məhkəmə hüququnun təmin olunması məhkəmə müdafiəsinin xüsusi və ayrılmaz elementidir.Bu hüquq bir çox ölkələrin qanunvericiliyində öz əksini tapmışdır, Azərbaycanda isə o, ən yüksək hüquqi səviyyədə - Konstitusiyada təsbit olunmuşdur. Əsas qanunumuz insan hüquq və azadlıqlarının dövlət müdafiəsi hüququna, məhkəmə müdafiəsi hüququna, həmçinin ixtisaslaşmış hüquqi yardım almaq hüququna təminat verir. Məhkəmə müdafiəsinin səmərəliliyi istər bu hüquqların hər birinin həyata keçirilməsindən, istərsə də kifayət qədər hakimlərin və məhkəmələrin olmasından, məhkəmə prosedurunun sadəliyindən və çevikliyindən asılıdır.Ədalətli məhkəmə hüququnun təmin olunması prinsipinin həyata keçirilməsində məhkəmə sisteminin fəaliyyətinin səmərəliliyi də mühüm əhəmiyyət kəsb edir. Vətəndaşların məhkəmələrə müraciət imkanlarının asanlaşdırılması, ədalət mühakiməsinin səmərəliliyinin artırılması məqsədilə Avropa Şurası ilə əməkdaşlıq şəraitində Azərbaycanın məhkəmə sistemində əsaslı islahatlar aparılmışdır. Məhkəmə sisteminin müasirləşdirilməsində və ədalətli məhkəmə hüququnun təmin olunmasında əsas məqamlar ölkəmizdə mövcud olmuş vahid apellyasiya instansiyasının əvəzinə 6 regional apellyasiya məhkəmələrinin yaradılması və ixtisaslaşdırılmış məhkəmələr şəbəkəsinin genişləndirilməsi, hakimlərin sayının bir dəfə yarım artırılması, həmçinin məhkəmə aparatlarının genişləndirilməsi olmuşdur. Məhkəmələrin müstəqilliyinin gücləndirilməsi, cəmiyyətin məhkəməyə inamının yüksəldilməsi üzrə tədbirlərin həyata keçirilməsinə xüsusi diqqət yetirilmiş, bunun üçün hakimliyə ən layiqli namizədlərin seçimi üzrə daha şəffaf və səmərəli qaydalar hazırlanaraq tətbiq edilmiş, hakimlərin maddi təminatı ciddi şəkildə yaxşılaşdırılmışdır (2000-ci illə müqayisədə əmək haqqı 25 dəfə artırılmışdır). Məhkəmə prosesinin aşkarlığı və şəffaflığının gücləndirilməsi, süründürməçilik və digər neqativ halların aradan qaldırılması, vətəndaşlara göstərilən hüquqi yardımın səviyyəsinin yüksəldilməsi və onların öz prosessual hüquqları barədə məlumatlandırılması üzrə təsirli tədbirlər görülmüşdür.Şübhəsiz ki, səmərəli və müstəqil məhkəmə hakimiyyəti, insan hüquqlarının qorunmasının maddi və prosessual təminatı, aydın və ardıcıl tətbiq olunan qanunvericilik - bütün bunlar, ədalətli məhkəmə hüququnun hamı üçün bərabər şəkildə təmin olunmasının vacib şərtləridir. Vətəndaşların yüksək ixtisaslı və keyfiyyətli hüquqi yardım alması da az əhəmiyyət daşımır.Azərbaycan Respublikasının Konstitusiyası ixtisaslaşdırılmış hüquqi yardım almaq hüququnu təsbit edir və həmçinin, onun ödənişsiz olmasına təminat verir. Təcrübədə dövlət tərəfindən ödənişsiz hüquqi yardım əsasən müdafiəçinin məcburi iştirakını nəzərdə tutan hallarda göstərilir. Güman edirəm ki, dövlətin maliyyə imkanlarını nəzərə almaqla, xüsusilə əhalinin sosial cəhətdən aztəminatlı təbəqələrinə münasibətdə bu meyarların genişləndirilməsinin vacibliyi şübhə doğurmur. Məlum olduğu kimi, Ermənistanın hərbi təcavüzü nəticəsində Azərbaycan torpaqlarının 20 faizi işğal olunmuş və əhalisinin 1/8 hissəsi qaçqın və məcburi köçkün vəziyyətinə düşərək ev-eşiyindən, yaşayış vasitələrindən tamamilə məhrum edilmişdir. Əhalisinin 1 milyonunu qaçqın və məcburi köçkünlər təşkil edən Azərbaycan üçün bu məsələ xüsusilə aktualdır.Şübhəsiz, ədalətli məhkəmə hüququnun təmin olunması problemləri əhalinin miqrantlar və uşaqlar kimi həssas qrupları ilə bağlı hallarda özünü daha qabarıq şəkildə göstərir və milli qanunvericilik buna hazır olmalıdır. Məsələn, uşaq hüquqları haqqında Azərbaycan Respublikasının qanunu uşaqların öz qanuni maraqlarını müdafiə etmək üçün müvafiq orqanlara, o cümlədən məhkəmələrə müraciət hüququnu nəzərdə tutur, 14 yaşından sonra isə onlar bunu müstəqil şəkildə edə bilərlər. Həmçinin, qanunvericilik, yetkinlik yaşına çatmayanların işləri ilə bağlı əlavə prosessual təminatlar nəzərdə tutan mühakimə icraatı xüsusiyyətlərini müəyyən etmişdir. Belə ki, bu işlərdə müdafiəçinin iştirakı məcburidir, yetkinlik yaşına çatmayanların işləri ilə bağlı ibtidai istintaq cinayət təqibi orqanlarının imkan daxilində ixtisaslaşmış bölmələri tərəfindən aparılmalıdır, məhkəmədə bu cür işlərə daha təcrübəli hakimlər baxmalıdır. Qanunvericilik yetkinlik yaşına çatmayan şəxslərə, əgər onlar təkrar ağır cinayət törətməmişlərsə, azadlıqdan məhrumetmə cəzasının tətbiq edilməsini məqsədəmüvafiq hesab etmir və müəyyən edir ki, tətbiq edilən cəza minimum həddə olmalıdır. Yetkinlik yaşına çatmayan şəxs tutulduqda dərhal onun valideynlərinə və ya qəyyumlarına xəbər verilməlidir, onlar üçün valideynlərin və qəyyumların nəzarətinə vermə kimi xüsusi qəti imkan tədbiri nəzərdə tutulmuşdur, prosessual qanunvericilik məhkəmə icraatında iştirak edən uşaqların hüquqlarının təmin olunmasına yönəlmiş bir sıra digər tədbirlər də nəzərdə tutur. Üstəlik, ölkəmizdə ömürlük azadlıqdan məhrumetmə cəzası mövcud olduğu halda, onların cəzası 10 ildən artıq ola bilməz.Bununla yanaşı, bir sıra faktiki problemlərin mövcudluğu üzündən ədalətli məhkəmə hüququnun təmin edilməsi üçün belə qanunvericilik təminatları hər halda kifayət deyildir. Uşaqların ədalətli məhkəmə hüququnun təmin edilməsi çox vaxt müəyyən maneələrlə müşayiət olunur. Belə ki, uşaqların çoxu, xüsusilə ağır mühitdən olan uşaqlar, həmçinin Ermənistanın hərbi təcavüzü və torpaqlarımızın işğalı nəticəsində evsiz-eşiksiz və kəskin ehtiyac içində yaşayan 300 min qaçqın və məcburi köçkün uşaqları özlərinin müdafiə üçün məhkəməyə müraciət etmək və yardım almaq hüquqları barədə demək olar ki, məlumatsızdırlar. Fikrimizcə, uşaqların müstəqil şəkildə mühakimə icraatı başlamaq hüquqlarının səmərəli həyata keçirilməsi də az əhəmiyyətli problem deyil. Buna ən çox əngəl törədən hallar məhkəməyəqədər ödənişsiz hüquqi yardım göstərmə mexanizminin olmaması, həmçinin mülki mühakimə icraatı prosesində yardımın olmaması və digər amillərdir.Fikrimizcə, qeyd olunan və başqa problemlərin həll olunması ilə bağlı sözügedən qrupların ədalətli məhkəmə hüququnun təmin olunması üçün razılaşdırılmış kompleks tədbirlər, o cümlədən uşaqların hüquqlarının təmin olunması, yetkinlik yaşına çatmayanlar arasında hüquq pozuntularının profilaktikası, onların məlumatlandırılması işinin yaxşılaşdırılması, hüquqi təhsili və tərbiyəsi, məhkəməyə müstəqil şəkildə müraciət edilməsi vasitələrinin təkmilləşdirilməsi üzrə milli proqramların işlənib hazırlanması və həyata keçirilməsi tələb olunur.Azərbaycan Respublikası bu problemlərin həllini yetkinlik yaşına çatmayanlar arasında baxımsızlığın və hüquq pozuntularının profilaktikası haqqında xüsusi Qanunda tapmışdır. Həmin sənəddə bu sahədə dövlət orqan və idarələrinin əsas fəaliyyət istiqamətləri müəyyən edilmiş, yetkinlik yaşına çatmayanların hüquqlarının müdafiəsi və təmin olunması, o cümlədən ödənişsiz hüquqi və digər xidmətlərin göstərilməsi ilə bağlı vəzifələri aydın şəkildə göstərilmişdir. Məhkəmələrə və cinayət təqibi orqanlarına yetkinlik yaşına çatmayanların işləri ilə bağlı diskresion səlahiyyətlər verilmiş, cinayət cəzasına alternativ olaraq tərbiyəvi xarakterli tədbirlər sistemi nəzərdə tutulmuşdur. Hazırda həyata keçirilən insan hüquqlarının müdafiəsi üzrə milli Fəaliyyət Planında uşaq hüquqları xüsusi qeyd edilir və bu hüquqların təmin olunmasında Ailə, Qadın və Uşaq problemləri üzrə Dövlət Komitəsi mühüm rol oynayır.Bundan başqa, bu yaxınlarda qəbul olunmuş qeyri-hökumət təşkilatlarına dövlət yardımının milli konsepsiyası əhalinin hüquqi savadının artırılması, uşaqların müdafiəsi və inkişafı üzrə proqramların prioritetliyini müəyyən etmişdir.Digər ölkələr kimi, bizim üçün də yuvenal ədliyyə institutunun inkişafı xüsusi aktuallıq kəsb edir. Hazırda Azərbaycanda YUNİSEF-lə birlikdə yuvenal ədliyyə sistemində islahatlar proqramı işlənib hazırlanmışdır. Bu proqram çərçivəsində cinayət mühakiməsinə alternativin yaradılması, yetkinlik yaşına çatmayanların prosessual hüquqlarını təsbit edən Yuvenal Məcəllənin işlənib hazırlanması və qəbul edilməsi, onların iştirakı ilə işlərə baxılan məhkəmə zallarının uyğunlaşdırılması və s. nəzərdə tutulur. Zəruri peşəkarlığa və ixtisaslaşmaya nail olmaq üçün yetkinlik yaşına çatmayanlarla bağlı istintaqın bir orqanın əlində cəmləşdirilməsi, müvafiq vəzifəli şəxslərlə treninqlərin keçirilməsi, 14 yaşına çatmış şəxslər tərəfindən törədilən əməllərə görə cinayət məsuliyyəti yaradan cinayətlərin siyahısına yenidən baxılması, yetkinlik yaşına çatmayanlara cinayət işi açmağa dair cinayət təqibi orqanlarına geniş diskresion səlahiyyətlərin verilməsi, yetkinlik yaşına çatmayanları cinayət məsuliyyətindən və cəzadan azad edən əsasların genişləndirilməsi və şərtlərin sadələşdirilməsi, məhkəmələr tərəfindən yetkinlik yaşına çatmayanlara təyin olunan cəza həddlərinə və növlərinə yenidən baxılması, uşaq hüquqları üzrə müvəkkil institutunun təsis edilməsi və s. kimi məsələlər aktuallıq kəsb edir.Qeyd etmək istərdim ki, ədalətli məhkəmə hüququnun təmin edilməsi üçün bəzi ənənəvi anlayışlara və təcrübəyə təzədən baxılması, yeni beynəlxalq-hüquqi standartların müəyyənləşdirilməsi zəruridir.Bununla əlaqədar həssas qruplara, xüsusilə də uşaqlara, diqqət yetirməklə, məhkəmələrə sərbəst müraciət formalarının təkmilləşdirilməsini və ixtisaslaşmış hüquqi yardımın göstərilməsini nəzərdə tutan ədalətli məhkəmə hüququnun təmin edilməsi üzrə prosessual və digər təminatların işlənib-hazırlanması və beynəlxalq-hüquqi sənədlərdə təsbit olunması imkanlarının müzakirəsini məqsədəmüvafiq hesab edirik.Həmçinin, uşaq hüquqlarının təmin edilməsi ilə bağlı daimi monitorinqlərin keçirilməsi və gələcəkdə təkmilləşdirilməsi məqsədilə beynəlxalq-hüquqi göstərişlərin səmərəliliyinin qiymətləndirilməsi üzrə yeni mexanizmlərin işlənilməsini vacib hesab edirik.Çıxışımın sonunda əmin olduğumu bildirmək istərdim ki, müzakirə olunan aktual problemə belə yüksək səviyyədə diqqət göstərilməsi, ölkələrimizin nəzəriyyə və praktikada əldə etdiyi nailiyyətlərin və təcrübənin mübadiləsi əhalinin həssas təbəqələrinin, o cümlədən uşaqların ədalətli məhkəmə hüququnun maneəsiz təmin edilməsinə dəyərli töhfə olacaq.Əlbəttə ki, bu xeyli qüvvə, vaxt və xərc tələb edəcək, lakin bir məşhur mütəfəkkirin dediyi kimi, "dünyanın bütün sərvəti uşağın bir damla göz yaşına dəyməz". Diqqətinizə görə minnətdaram. 


Lansarote, İspaniya, 25-26 oktyabr 2007-ci il