Müasir dövlətçiliyimizin banisi, ulu öndər Heydər Əliyevin siyasi xəttini uğurla davam etdirən möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi ilə son dörd ildə siyasi, iqtisadi, sosial, mədəni və digər sahələrdə böyük nailiyyətlər qazanan ölkəmiz müasir dünya düzənində sürətli inkişaf və tərəqqi nümunəsi göstərir.


Qısa zaman ərzində iqtisadi inkişaf sürətinə görə Azərbaycan regionda lider ölkəyə çevrilmiş, dövlət büdcəsi son 4 ildə təxminən 10 dəfə artmış, yoxsulluğun səviyyəsi 49 faizdən 20 faizə enmiş, 610 min yeni iş yerinin açılması təmin olunmuşdur. Ölkəmizdə maaşlar, pensiyalar, sosial müavinətlər mütəmadi olaraq artırılır. Hazırda Azərbaycan dünyada enerji təhlükəsizliyinin təmin edilməsində mühüm rola malikdir.Bu gün fəxrlə deyə bilərik ki, həyatın bütün sahələrində geniş vüsət alan demokratik islahatlar ölkənin hüquq sistemini də əhatə etmiş, Azərbaycanın ədliyyə və məhkəmə sisteminin inkişafı, müasirləşdirilməsi üzrə tarixi əhəmiyyətli addımlar atılmış, qanunun aliliyinin, insan hüquqlarının etibarlı təminatına xidmət edən bu orqanların fəaliyyətində köklü mütərəqqi dəyişikliklər aparılmışdır.Sürətlə yeniləşən, möhkəmlənən və ölkənin hüquq siyasətinin həyata keçirilməsində öz mühüm yerini tutan Azərbaycan ədliyyəsi barədə məhz bu gün, noyabrın 22-də - ədliyyə işçilərinin peşə bayramı günündə söhbət açmaq olduqca xoş və şərəflidir.Müstəqil Azərbaycan dövlətinin qurucusu, ümummilli liderimiz Heydər Əliyevin qərarı ilə təsis edilmiş bu bayramı ədliyyə işçiləri səkkizinci ildir ki, böyük ruh yüksəkliyi və ulu öndərimizə dərin minnətdarlıq hissi ilə geniş və təntənəli şəkildə qeyd edirlər.Bu əlamətdar bayram günündə Azərbaycan ədliyyəsinin şərəfli və mürəkkəb inkişaf yoluna nəzər salarkən tarixi bir həqiqətlə üzləşirsən. Bu həqiqət ondan ibarətdir ki, yarandığı vaxtdan çətin və keşməkeşli bir yol keçən Ədliyyə Nazirliyi məhz ulu öndər Heydər Əliyevin və cənab İlham Əliyevin Azərbaycana rəhbərlik etdiyi dövrlərdə vacib və mühüm dövlət orqanı kimi təşəkkül tapmış, inkişaf etmiş, ona zəruri diqqət və qayğı ilə yanaşılmışdır.XX əsrin əvvəllərində Şərqdə ilk demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyəti elan edildiyi gün yaradılsa da, Ədliyyə Nazirliyi sovetlər dövründə dövlət orqanı kimi əsl repressiyalara məruz qalmış, dəfələrlə ləğv edilmiş, onun funksiyalarını digər qurumlar yerinə yetirmişdir.Maraqlıdır ki, Ədliyyə Nazirliyinin yenidən və əsaslı surətdə təsis edilərək, ədliyyə işinin təkmilləşdirilməsi, onun gələcək inkişafı üçün əlverişli şərait yaradılması məhz 1970-ci ilə - ümummilli liderimiz Heydər Əliyevin respublikamıza rəhbərliyə gəldiyi dövrə təsadüf edir. Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra da ulu öndərimiz Heydər Əliyev tərəfindən Ədliyyə Nazirliyinin inkişafı, hüquqi dövlətdə onun layiq olduğu yeri tutması üçün mühüm addımlar atılmış, funksiyaları genişlənmişdir.Ümummilli liderimizin dövlət quruculuğu xəttini uğurla davam və inkişaf etdirən cənab İlham Əliyevin Azərbaycan Respublikasının Prezidenti kimi fəaliyyət göstərdiyi son dörd il ərzində Ədliyyə Nazirliyində və bütövlükdə ölkəmizin məhkəmə-hüquq sistemində əsaslı islahatlar aparılmış, bu mühüm sahədə fəaliyyətin təkmilləşdirilməsi, ədliyyə orqanlarının inkişafı, ədalət mühakiməsinin səmərəliliyinin artırılması, müstəqil məhkəmə hakimiyyətinin möhkəmləndirilməsi üzrə genişmiqyaslı təbirlər həyata keçirilmişdir.Bu baxımdan, ədliyyə işçiləri üçün ötən il xüsusilə əlamətdar olmuşdur. Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin ədliyyə sisteminə göstərdiyi diqqət və qayğının əyani təzahürü olaraq ötən il ədliyyə fəaliyyətinin normativ-hüquqi bazasının təkmilləşdirilməsi və ədliyyə orqanlarının inkişafı ilə bağlı tarixi əhəmiyyətli sənədlər qəbul edilmişdir.Nazirliyin fəaliyyətinin normativ hüquqi əsaslarının təkmilləşdirilməsi məqsədilə ölkə Prezidenti cənab İlham Əliyevin 18 aprel 2006-cı il tarixli Fərmanı ilə "Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi haqqında Əsasnamə" təsdiq edilmişdir. May ayında ölkə Prezidentinin qanunvericilik təşəbbüsü əsasında Milli Məclis tərəfindən "Ədliyyə orqanlarında qulluq keçmə haqqında" Qanun qəbul edilmişdir. Ədliyyə Nazirliyinin yeni funksiya və səlahiyyətlərini, onun cəmiyyətdə rolunu əks etdirən və bütün ədliyyə sistemi üçün müstəsna tarixi əhəmiyyətə malik olan bu sənədlərin qəbul edilməsi ədliyyə işçilərində böyük razılıq və minnətdarlıq hisləri doğurmaqla yanaşı, onların üzərinə yeni vəzifələr qoymuşdur.Ötən il avqustun 17-də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən "Ədliyyə orqanlarının inkişafı haqqında" xüsusi Fərman imzalanması və Nazirliyin yeni strukturunun təsdiq edilməsi Azərbaycan ədliyyəsinin təkmilləşməsində yeni mərhələ olmuşdur.Fərmanla Nazirliyin strukturunda ciddi dəyişikliklər edilmiş, bir sıra qurumların funksiyaları dəqiqləşdirilmiş, digərlərinin statusu genişləndirilmiş, habelə İnsan hüquqlarının təmin olunmasına, hüquqi maarifləndirmə və informasiya təminatı işinin yaxşılaşdırılmasına, ictimaiyyətlə əlaqələrin gücləndirilməsinə xüsusi diqqət yetirilərək İnsan hüquqları və ictimaiyyətlə əlaqələr idarəsi yaradılmışdır.Belə tədbirlər sırasında məhkəmə-hüquq sahəsində çalışan çoxminli kollektivə xidmət edəcək Ədliyyə Akademiyasının təsis olunmasını xüsusi qeyd etmək lazımdır. Ölkəmizdə ilk dəfə olaraq ədliyyə işçilərinin, digər hüquqşünas kadrların ixtisasının artırılmasını və peşə vərdişlərinə yiyələnməsini təmin etmək üçün belə bir yüksək statuslu ali tədris ocağının yaradılması mühüm əhəmiyyət kəsb edir. Eyni zamanda, yerlərdə ədliyyə işinin təşkili, bu orqanların fəaliyyətinin əlaqələndirilməsi və onlara nəzarətin gücləndirilməsi, bələdiyyələrin fəaliyyətinə inzibati nəzarətin səmərəsinin artırılması məqsədilə regional ədliyyə şöbələri yaradılmışdır.Beləliklə, cənab İlham Əliyevin ölkəyə rəhbərlik etdiyi son 4 il ərzində keyfiyyətcə yeni mərhələyə keçmiş köklü məhkəmə-hüquq islahatları nəticəsində Ədliyyə Nazirliyinin də fəaliyyətində əsaslı dəyişikliklər aparılmış, Nazirlik dövlətin hüquq siyasətini həyata keçirən əsas orqanlardan birinə çevrilmişdir.Ötən əsrin 90-cı illərinin əvvəllərində cəmi bir neçə funksiyaya malik kiçik bir qurum olan Ədliyyə Nazirliyinin fəaliyyət istiqamətləri, onun qarşısında dayanan mühüm vəzifələrin miqyası ciddi şəkildə genişlənmişdir. Bu da öz növbəsində, iş həcminin dəfələrlə artması deməkdir. Məsələn, cari ilin yanvar-sentyabr ayları ərzində 1531 qanun, fərman, sərəncam və digər sənədlərin layihələrinə rəy verilmiş, bilavasitə Nazirlik tərəfindən 119 normativ-hüquqi aktın layihəsi hazırlanmış, 89 normativ hüquqi sənəd dövlət qeydiyyatına alınmışdır.Əhalinin hüquqi biliklərinin artırılması, qanunların mətni ilə onların birbaşa tanış olmasına kömək məqsədilə ABŞ-ın USAİD təşkilatı ilə birgə böyük həcmli layihə həyata keçirilərək, milli qanunvericiliyin elektron məlumat bazası hazırlanmış, internetdə yerləşdirilərək açıq istifadəyə verilmişdir.Notariat və VVADQ orqanları tərəfindən göstərilən xidmətin keyfiyyətinin yüksəldilməsi məqsədilə Nazirliyin təşəbbüsü əsasında bu sahədə qanunvericilik təkmilləşdirilərək yeni normativ hüquqi aktlar qəbul edilmiş, işin müasir tələblər səviyyəsində qurulması üçün notariat və VVA orqanlarının strukturu təkmilləşdirilmişdir. Bu ilin 10 ayı ərzində 1.700.000-ə yaxın notariat hərəkəti və vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatına dair 240.000 əməliyyat rəsmiləşdirilmişdir.Notariat qaydasında təsdiq edilən sənədlərin tərcüməsinin asanlaşdırılması üçün bu işin elektron şəbəkə vasitəsi ilə həyata keçirilməsi təşkil olunmuşdur.Bu sahədə mühüm əhəmiyyət kəsb edən və ictimaiyyət arasında böyük marağa səbəb olan bir yeniliyi xüsusi qeyd etmək lazımdır. Əhaliyə göstərilən hüquqi xidmətin yaxşılaşdırılması, notariat işinin təkmilləşdirilməsi məqsədilə notariat fəaliyyəti ilə məşğul olmaq istəyən şəxslərlə müsabiqə keçirilməsi və xüsusi notariusların yaradılması qərara alınmışdır. Bununla əlaqədar kütləvi informasiya vasitələrində elan verilərək, 2007-ci ilin may ayından avqust ayınadək notariat fəaliyyəti ilə peşəkarcasına məşğul olmaq istəyənlərin sənədlərinin qəbulu həyata keçirilmiş, 500-dən çox şəxs sənəd təqdim etmişdir. Namizədlərlə test üsulu ilə yazılı imtahan bu günlərdə - noyabrın 24-də keçiriləcəkdir. İmtahanın çoxsaylı yerli və beynəlxalq müşahidəçilərin, KİV nümayəndələrinin iştirakı ilə tam şəffaf şəraitdə, obyektiv keçirilməsi üçün bütün zəruri tədbirlər nəzərdə tutulmuşdur.Ölkəmizdə vətəndaş cəmiyyətinin inkişafı, söz və mətbuat azadlığının tam şəkildə təmin olunması üzrə Ədliyyə Nazirliyi öz üzərinə düşən vəzifələrin yerinə yetirilməsinə mühüm diqqət yetirir, dövlət qeydiyyatına alınan qeyri-hökumət təşkilatlarının sayı ilbəil artır. Hazırda ölkədə dövlət qeydiyyatına alınmış QHT-lərin sayı 2500-ə yaxındır. Son 9 ay ərzində 382 KİV dövlət reyestrinə daxil edilmişdir. Ümumilikdə isə, belə KİV-lərin sayı 3600-ü ötmüşdür.Məhkəmə qərarlarının vaxtında və düzgün icrası sahəsində ardıcıl tədbirlərin görülməsi davam etdirilmiş, nəzarətin gücləndirilməsi və təhlillərin yaxşılaşdırılması məqsədilə müvafiq statistik hesabat formaları təkmilləşdirilmişdir. Eyni zamanda, ictimaiyyəti narahat edən və haqlı şikayətlərə səbəb olan icra vəziyyətinin yaxşılaşdırılması və işçilərə qarşı tələbkarlığın artırılması üçün əlavə qəti tədbirlərin görülməsi davam etdirilmişdir.Həyata keçirilmiş tədbirlər nəticəsində 2007-ci ilin 9 ayı ərzində 40.000-ə yaxın sənəd icra olunmuşdur.Məhkəmə qərarlarının icrasının təmin edilməsində xüsusi rolu olan Nazirliyin İstintaq idarəsində 2007-ci ilin 10 ayı ərzində 122 cinayət işinin istintaqı tamamlanmışdır. Onlardan 90-ı ittiham aktları ilə məhkəmələrə göndərilmiş, 32 cinayət işi üzrə məhkəmə qətnamələri icra edilərək, vurulmuş ziyan tam həcmdə ödətdirildiyindən icraata xitam verilmişdir. İstintaqın nəticəsində bir çox şəxslərin qanuni hüquqları təmin edilmiş, onlara vurulmuş maddi ziyan ödətdirilmişdir.2007-ci ilin 10 ayı ərzində beynəlxalq hüquq əməkdaşlığı üzrə çoxsaylı tədbirlər təşkil olunmuş, Nazirlikdə 520 beynəlxalq sənəd layihəsinin hüquqi ekspertizası keçirilmiş, mülki, ticarət, ailə və cinayət işlərinə dair hüquqi yardımla bağlı 6000-dən çox beynəlxalq sənəd və sorğu daxil olmuş və onların icrası üçün müvafiq tədbirlər görülmüşdür. Ədliyyə Nazirliyi tərəfindən, öz növbəsində, müxtəlif dövlətlərə 5300-ə yaxın belə sorğular və cavablar göndərilmişdir.Hüquqi sahədə əlaqələrin sürətlə genişlənərək dünyanın ən müxtəlif ölkələrini əhatə etməsi taleyüklü məsələlərin həllində, o cümlədən cinayətkarlığa və korrupsiyaya qarşı mübarizədə, məhkəmə-hüquq sisteminin inkişafında faydalı beynəlxalq əməkdaşlıq üçün real imkanlar yaradır. Bu gərəkli işdə dövlət başçısına layiqli yardımçı olmağı Ədliyyə Nazirliyinin kollektivi özünün ən vacib vəzifələrindən biri hesab edir.Bu sahədə cari ildə həyata keçirilən bəzi mühüm tədbirləri qeyd etmək istərdim. Belə ki, dəvətimizə əsasən Gürcüstanın və Bolqarıstanın ədliyyə nazirləri Azərbaycana rəsmi səfərə gəlmiş və onları ölkə Prezidenti cənab İlham Əliyev qəbul etmişdir. Xarici həmkarımızla Ədliyyə Nazirliyində faydalı görüşlər keçirilmiş və əməkdaşlığa dair vacib sənədlər imzalanmışdır.Çinin xüsusi inzibati regionu olan Honkonqda dünyanın 120 hüquq-mühafizə orqanını birləşdirən Beynəlxalq Prokurorlar Assosiasiyasının 12-ci illik konfransı və ümumi yığıncağı, habelə qurumun rəhbər orqanı olan İcraiyyə Komitəsinın iclası keçirilmişdir. Tədbirdə Azərbaycanın bu təşkilatla əməkdaşlığı və təşəbbüskarlığı yüksək qiymətləndirilmiş, bizə böyük etimad göstərilərək, seçkilər nəticəsində yenidən İcraiyyə Komitəsində təmsil olunmuşuq.Cənubi Afrika Respublikasının Yohannesbuq şəhərində keçirilmiş Korrupsiyaya qarşı mübarizə üzrə 5-ci Qlobal Forumda, Beynəlxalq Antikorrupsiya Orqanları Assosiasiyası İcraiyyə Komitəsinin iclasında təşkilatın vitse-prezidenti kimi iştirakımız əlamətdar və faydalı olmuşdur. Yeri gəlmişkən, bu günlərdə İndoneziyada Assosiasiyanın II İllik Konfransı və İcraiyyə Komitəsinin iclası keçiriləcək. Konfransda korrupsiyanın qarşısının alınması üzrə Azərbaycanda görülən işlər haqqında çıxışımız nəzərdə tutulub. Tədbirdə həmçinin, İcraiyyə Komitəsinin növbəti iclasının gələn ilin yazında Bakıda keçirilməsi barədə qərar qəbul olunacaqdır.İyun ayında Prezident cənab İlham Əliyevin İordaniyaya səfəri zamanı bu ölkə ilə Azərbaycan arasında ekstradisiya haqqında dövlətlərarası müqavilə və ədliyyə nazirlikləri arasında əməkdaşlıq haqqında memorandum imzalanmışdır.#214;tən ay İspaniyada 47 dövlətin ədliyyə nazirlərinin, nüfuzlu beynəlxalq təşkilatların yüksək səviyyəli rəsmi şəxslərinin iştirakı ilə Avropa ədliyyə nazirlərinin növbəti 28-ci Konfransı keçirilmişdir. Tədbirdəki çıxışımızda insan hüquqlarının qorunması üzrə Azərbaycanda mütərəqqi islahatların həyata keçirilməsi, ədalət mühakiməsinin səmərəliliyinin artırılması üzrə görülən işlər, yuvenal ədliyyənin inkişafına yönəlmiş tədbirlər diqqətə çatdırılmışdır.Göründüyü kimi, həyata keçirdiyimiz beynəlxalq hüquq əməkdaşlığının miqyası oduqca genişdir və bu mənada Avropa ölkələri ilə əlaqələrin inkişafına mühüm önəm verilir. Avropada Azərbaycanın iqtisadi, mədəni və hüquqi sahədə səmərəli əlaqələrə malik olduğu ölkələrdən biri də İtaliyadır. Belə əlaqələrin davamı olaraq, İtaliyanın ədlliyyə naziri Klemente Mastellanın dəvətinə əsasən Azərbaycanın ədliyyə naziri nümayəndə heyəti ilə mayın sonunda bu ölkədə rəsmi səfərdə olmuşdur. Səfər çərçivəsində İtaliyanın hüquq-mühafizə və məhkəmə orqanlarının rəhbərləri ilə faydalı görüşlər keçirilmiş, səmərəli təcrübə mübadiləsi aparılmışdır.Xüsusi qeyd etmək istərdim ki, beynəlxalq hüquq əməkdaşlığı üzrə keçirilən tədbirlərdə çıxışlarımız, ikitərəfli görüşlər, danışıqlar və söhbətlər zamanı möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin bütün sahələrdə əldə etdiyi böyük uğurlar barədə geniş məlumat verilməklə yanaşı, xalqımızın ən ağrılı problemi olan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi və onun ədalətli həlli ilə bağlı dövlətimizin prinsipial və haqlı mövqeyi iştirakçıların diqqətinə çatdırılmışdır.Nazirliyin çoxşaxəli fəaliyyət istiqamətləri sırasında kadrlarla iş mühüm yer tutur. Ədliyyə orqanlarını zəruri peşəkarlığa, sağlam mənəviyyata, yüksək hazırlığa malik işçilərlə möhkəmləndirmək və eyni zamanda, ədliyyə işçisinin adına və nüfuzuna xələl gətirən şəxslərdən təmizləmək, əməkdaşların vəzifədə irəli çəkilməsi, onların təşəbbüskarlıq və təşkilatçılıq bacarıqlarını inkişaf etdirmək, zəruri kadr ehtiyatı formalaşdırmaq əsas məqsədlərimizdir. Bunun üçün işə qəbulun aşkarlıq şəraitində şəffaf üsullarla həyata keçirilməsi vacib şərtlərdəndir.Bu sahədə ilk addımlar 2004-cü ildə atılmış, Nazirliyin tibb, penitensiar və əhalinin dövlət reyestri xidmətlərinə vakant vəzifələrə işə qəbulun açıq müsabiqə əsasında keçirilməsinə başlanılmışdır.Ötən il dövlət qulluğunun xüsusi növü olan ədliyyə orqanlarına qulluğa qəbulun müsabiqə və şəffaflıq əsasında həyata keçirilməsi qərara alınmış və dekabrın 9-da Azərbaycan ədliyyəsinin tarixində ilk dəfə olaraq ədliyyə orqanlarında işləmək istəyən namizədlərlə test imtahanı keçirilmişdir. 258 nəfərin iştirak etdiyi imtahan zamanı hamı üçün eyni şərait yaradılmış, cavablar namizədlərin və müşahidəçilərin gözü qarşısında yerindəcə yoxlanılaraq, nəticələr dərhal elan olunmuşdur. Test imtahanından uğurla keçmiş 129 namizədlə növbəti mərhələdə söhbət aparılmış, onlardan 67 nəfəri müvəffəqiyyət qazanmış və müvafiq təyinatlar aparılmışdır. Bu münasibətlə təşkil olunmuş mərasimdə gənc mütəxəssislər təntənəli surətdə and içmiş və Nazirliyin rəhbərliyi onlara xidməti vəsiqələr təqdim etmişdir.Gənc əməkdaşların ədliyyə orqanlarında qulluq keçməsinin qanunvericiliyə müvafiq təşkilini təmin etmək məqsədilə, onların xidməti vəzifələrini mənimsəməsi və zəruri peşə vərdişlərinə yəyələnmələri üçün "İlk dəfə ədliyyə orqanlarına qulluğa qəbul edilən şəxslərin stajorluq və sınaq keçmə qaydaları" qəbul edilmişdir.Bütövlükdə, bu ilin 10 ayı ərzində ədliyyə orqanları üzrə 423 vakant ştat vahidi komplektləşdirilmişdir. Həmin müddətdə 174 nəfər vəzifədə irəli çəkilmiş, 480 əməkdaşa xüsusi rütbələr verilmişdir. Eyni zamanda, işçilərin məsuliyyət hissinin artırılmasına da mühüm diqqət yetirilmiş, əmək və icra intizamının gücləndirilməsi üzrə tədbirlər görülmüş və 70-dən çox əməkdaş intizam məsuliyyətinə cəlb olunmuşdur.Bu ilin 10 ayı ərzində Nazirliyin Bələdiyyələrlə iş mərkəzi yerli özünüidarə orqanlarına metodoloji yardımın göstərilməsi, habelə bələdiyyələrin fəaliyyətinə inzibati nəzarətin həyata keçirilməsi məqsədilə ölkənin demək olar ki, bütün regionlarını əhatə edən zona seminarları keçirmiş, Ədliyyə Akademiyasında 1200 nəfərdən çox bələdiyyə üzvü və bələdiyyə qulluqçusu ixtisasartırma kurslarına cəlb edilmiş, 13.500-dən çox bələdiyyə aktına baxılaraq, onlardan Nazirliyin təklifləri əsasında 650-yə qədəri ləğv edilmiş və ya dəyişdirilmiş, 180-dən çox aktın ləğvi ilə bağlı məhkəmələrdə iddialar qaldırılmışdır. İnzibati icraatın həyata keçirilməsinə maneçilik törədilməsinə və bələdiyyə aktlarının vaxtında təqdim edilməməsinə görə 300-ə yaxın inzibati xəta protokolu tərtib edilərək məhkəmələrə göndərilmiş və onların əsasında 180-ə yaxın bələdiyyə sədri inzibati məsuliyyətə cəlb olunmuşdur. İnzibati nəzarət qaydasında aparılmış araşdırmalar nəticəsində müəyyən edilmiş maddi çatışmazlıqlar yerli büdcələrə ödətdirilmiş, ciddi qanun pozuntuları barədə 20 bələdiyyənin fəaliyyəti ilə bağlı müvafiq sənədlər prokurorluq orqanlarına göndərilmişdir. Eyni zamanda, bələdiyyələr tərəfindən 1200 hektar torpaq sahəsinin qanunsuz olaraq ayrı-ayrı şəxslərin mülkiyyətinə və icarəsinə verilməsi haqqında qərarlar Bələdiyyələrlə iş mərkəzinin təşəbbüsü ilə ləğv edilmişdir.Milli Məclisin bu ilin fevralında keçirilmiş iclasında bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqan kimi Nazirliyin məruzəsi müsbət qiymətləndirilmişdir.Yerli özünüidarənin təkmilləşdirilməsi, bələdiyyələrin fəaliyyətinin əlaqələndirilməsinin və mütəşəkkilliyinin təmin edilməsinin mühüm şərtlərindən biri bələdiyyə assosiasiyalarının yaradılmasıdır. Bu məqsədlə beynəlxalq təşkilatlarla sıx əməkdaşlıq şəraitində məqsədyönlü tədbirlər görülmüşdür. Avropa Şurasının Azərbaycanla əməkdaşlığa dair fəaliyyət planında milli bələdiyyə assosiasiyalarının təşkili prosesinin 2007-ci ilin sonunda başa çatması nəzərdə tutulsa da, bu məsələ 1 il tez reallaşmış, şəhər, qəsəbə və kənd bələdiyyələrinin milli assosiasiyaları yaradılmışdır.Yerli demokratiyanın inkişafına dövlətimiz tərəfindən mühüm diqqət yetirilməsinin əyani ifadəsi olaraq, iyun ayında Azərbaycanın sosial-iqtisadi inkişafında bələdiyyələrin iştirakına dair ümumrespublika toplantısı keçirilmiş, bələdiyyələrin fəaliyyəti və mövcud problemlər ətraflı müzakirə edilmiş, respublikanın şəhər, qəsəbə və kənd bələdiyyələri milli assosiasiyalarının fəaliyyətini Əlaqələndirmə şurası yaradılmışdır.İspaniyanın Valensiya şəhərində Avropa Şurasına üzv olan ölkələrin yerli və regional qurumlar üzrə məsul nazirlərinin konfransında Azərbaycan nazir müavini səviyyəsində təmsil olunmuş, tədbirin yekunu üzrə qəbul edilmiş Bəyannamədə ölkəmizdə bələdiyyələrin fəaliyyətinin təşkili və inkişafı üzrə görülən işlər, o cümlədən bu yaxınlarda keçirilmiş yerli demokratiya həftəsi yüksək qiymətləndirilmişdir.Ölkə başçısının tapşırığına əsasən Penitensiar xidmətin işinin müasir tələblərə uyğun qurulması, mövcud problemlərin aradan qaldırılması üçün Ədliyyə Nazirliyi tərəfindən ardıcıl tədbirlər həyata keçirilir, kadrlara qarşı tələbkarlıq artırılır, məhkumların saxlanma şəraiti yaxşılaşdırılır, onların hüquqlarının etibarlı qorunması üçün zəruri tədbirlər görülür, müasir tipli yeni cəzaçəkmə müəssisələri inşa edilir. Nazirliyin Tibb baş idarəsi tərəfindən keyfiyyətli tibbi xidmətin göstərilməsinə, məhkumların tibb və sanitariya təminatının yaxşılaşdırılmasına xüsusi diqqət yetirilir. Vərəmlə mübarizə proqramı çərçivəsində Beynəlxalq Qırmızı Xaç Komitəsi ilə 1995-ci ildən həyata keçirilən səmərəli əməkdaşlıq real bəhrəsini verir. Bu nüfuzlu qurumla Ədliyyə Nazirliyinin birgə səyləri nəticəsində 8500-ə yaxın məhkum müalicə edilmiş, onların arasında bu xəstəlikdən ölənlərin sayı dəfələrlə azalmışdır.Bununla yanaşı, penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, yol verilən nöqsanların aradan qaldırılması məqsədilə təsirli tədbirlər görülür. Bu məqsədlə bütün cəzaçəkmə müəssisələri rəhbərlərinin və digər məsul əməkdaşların iştirakı ilə Nazirliyin səyyar Kollegiya iclası keçirilmişdir. İclasda son dövrdə görülmüş işlər və qarşıda duran vəzifələr ətraflı müzakirə edilmiş, eyni zamanda, Penitensiar xidmətdə bir çox problemlərin və ciddi nöqsanların mövcud olması, narahatlıq doğuran konkret faktlar diqqətə çatdırılmışdır. Açıq və prinsipial müzakirə şəraitində keçən Kollegiya iclasının yekunu olaraq, xidməti vəzifələrinin icrası zamanı kobud pozuntulara yol verdiklərinə görə bir sıra cəzaçəkmə müəssisələrinin rəisləri tutduqları vəzifədən azad edilərək, ədliyyə orqanlarından xaric olunmuş, 10-dan artıq digər məsul vəzifəli şəxs barəsində müvafiq intizam tədbirləri görülmüşdür.Eyni zamanda, penitensiar müəssisələrin fəaliyyətində tam şəffaflıq təmin olunur. Bu sahədə hüquq müdafiə təşkilatları ilə qarşılıqlı fəaliyyətin gücləndirilməsi məqsədilə məhkumların islah edilməsində iştirakı və penitensiar sistemdə nəzarəti həyata keçirmək üçün İctimai Komitə yaradılmışdır. Bu yaxınlarda İctimai Komitənin bir illik fəaliyyəti müzakirə olunmuşdur. İclasda İctimai Komitənin üzvləri çıxış edərək, ötən bir il ərzində 19 cəzaçəkmə müəssisəsinə 75 başçəkmə həyata keçirilmiş, məhkumların şəraiti və problemləri ilə maraqlanılmış, onların asudə vaxtının mənalı keçirilməsi, hüquqi biliklərinin artırılması, cəmiyyətə inteqrasiyasının təmin edilməsi üzrə və digər tədbirlər görülmüşdür. Təsadüfi deyil ki, bu sahədə Azərbaycanın təcrübəsi beynəlxalq təşkilatlar və xarici ekspertlər tərəfindən nümunə kimi qəbul edilir.Ədliyyə orqanlarının fəaliyyətində aşkarlığın genişləndirilməsi, hüquqi maarifləndirmə işinin və ictimaiyyətlə əlaqələrin gücləndirilməsi, ədliyyə fəaliyyəti barədə ictimai maraq doğuran informasiyaların əhaliyə vaxtında çatdırılması daim diqqət mərkəzində saxlanılır.Bu məqsədlə Nazirliyin mətbu nəşrlərinin müasir tələblər səviyyəsində dərc edilməsi, Nazirliyin internet saytının interaktiv rejimə keçirilməsi, operativ təzələnməsi, foto materiallarla zənginləşdirilməsi və ingilis dilinə tərcüməsi təmin olunmuşdur.Nazirliyin Kollegiyasının qərarına əsasən ədliyyə fəaliyyəti barədə kütləvi informasiya vasitələrində dərc edilmiş materiallardan ibarət, hər il üzrə "Ədliyyə fəaliyyəti mətbuat səhifələrində" adlı toplular nəşr edilir.Möhtərəm Prezidentimiz cənab İlham Əliyev demokratik prinsiplərə, insan hüquqlarının təmin edilməsinə mühüm diqqət yetirir. Ötən il ölkə başçısı tərəfindən insan hüquqlarının müdafiəsi üzrə Milli Fəaliyyət Planının təsdiq edilməsi və bu mühüm sənədin icrası ilə bağlı görülən işlər dövlətimizin bəşəri dəyərlərə sadiqliyini əyani şəkildə təsdiq edir.Ulu öndərimizin humanizm siyasəti ənənələrinə sadiq qalmaq, insanlara qayğı göstərmək cənab Prezident İlham Əliyevin fəaliyyətinin məhək daşıdır. Təsadüfi deyildir ki, cənab İlham Əliyev imzaladığı əfv fərmanları ilə 1500-ə yaxın məhkum əfv edilmişdir. Maraqlıdır ki, onların sırasında dövləti cinayətlərə, dövlətin və xalqın maraqlarına zidd əməllərə görə məhkum olanlar da var.Heydər Əliyev Fondunun Prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə qəbul olunmuş "Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin xatirəsinə həsr olunmuş amnistiya haqqında" Milli Məclisin 08 may 2007-ci il tarixli Qərarının icrası ilə bağlı ədliyyə orqanları və məhkəmələr tərəfindən zəruri tədbirlər görülmüş, 3 ay ərzində Penitensiar xidmət üzrə 2861, məhkəmə icraçılarının müvafiq qərarları ilə 6542 və birinci instansiya məhkəmələri tərəfindən 370 məhkum təyin olunmuş cəzalardan, o cümlədən 4.225 şəxs 3 milyon manatdan çox məbləğdə cərimənin ödənilməsindən azad edilmişlər.Bu fakt dövlətimizin cəmiyyətdə vətəndaş etimadını, milli həmrəyliyi möhkəmləndirmək siyasətinin real ifadəsidir.Cənab İlham Əliyevin Azərbaycan Respublikasının Prezidenti kimi fəaliyyət göstərdiyi son 4 il ərzində ölkəmizdə məhkəmə hakimiyyətinin müstəqilliyinin təmin edilməsi, ədalət mühakiməsinin səmərəliliyinin artırılması və əhalinin məhkəmələrə inamının gücləndirilməsi üzrə çox böyük işlər görülmüş, bu sahədə köklü dəyişikliklərə səbəb olan mühüm addımlar atılmışdır.Son dövrdə cəmiyyətimizin sürətli inkişafı və ölkənin beynəlxalq qurumlara daha sıx inteqrasiya etməsi Azərbaycanda məhkəmə fəaliyyətinin də təkmilləşdirilməsi zərurətini doğurmuşdur. Eyni zamanda, həyata keçirilən köklü islahatlar nəticəsində insan hüquqlarının müdafiəsi ilə bağlı məsələlər müstəsna olaraq məhkəmələrin səlahiyyətinə aid edilmiş, mülki işlərin sayı kəskin şəkildə çoxalmış, digər tərəfdən, ayrı-ayrı hakimlər onlara göstərilmiş yüksək etimadı doğrulda bilməmiş, məhkəmə hakimiyyətinin nüfuzuna xələl gətirən neqativ hallara yol vermişlər.Ölkə Prezidenti kimi fəaliyyətə başladığı ilk vaxtlardan ədalət mühakiməsinin səmərəliliyinin artırılmasına xüsusi əhəmiyyət verən cənab İlham Əliyevin tapşırıqlarına əsasən 2004-cü ildən etibarən məhkəmə fəaliyyətinin təkmilləşdirilməsi üzrə kompleks tədbirlər həyata keçirilmiş, köklü dəyişikliklərə səbəb olan mühüm addımlar atılmışdır.Belə ki, Avropa Şurası ilə səmərəli əməkdaşlıq şəraitində məhkəmə fəaliyyətinin təkmilləşdirilməsinin müxtəlif istiqamətləri üzrə işçi qruplar yaradılmış, beynəlxalq ekspertlər tərəfindən yüksək dəyərləndirilən yeni mütərəqqi qanun layihələri hazırlanaraq ölkə başçısının qanunvericilik təşəbbüsü əsasında qəbul edilmişdir.Yeni qanunvericiliyə uyğun olaraq məhkəmə hakimiyyətinin özünüidarə orqanı - əsasən hakimlərdən ibarət olan Məhkəmə-Hüquq Şurası formalaşdırılmış, hakimlərin intizam məsuliyyətinə cəlb edilməsi və onların fəaliyyətini tənzimləyən bir çox məsələlər bu orqanın müstəsna səlahiyyətinə aid edilmiş, ilk dəfə olaraq hakimlərin müddətsiz təyinatı, onların fəaliyyətinin qiymətləndirilməsi məsələləri təsbit olunmuş, hakimlərin seçilməsinin yeni, ən mütərəqqi qaydası müəyyən olunmuş və müstəqil qurum olan Hakimlərin Seçki Komitəsi yaradılmışdır.Ölkəmizdə məhkəmə fəaliyyətinin təkmilləşdirilməsi üzrə görülən tədbirlər çərçivəsində hakim vəzifəsinə namizədlərin test üsulu, habelə yazılı və şifahi imtahanlarla tam şəffaf şəraitdə seçimi xüsusi qeyd edilməlidir.Yeni qaydalarla keçirilmiş imtahanlarda müvəffəqiyyət qazanaraq, hakim vəzifələrinə tam hazırlanmaları məqsədilə uzunmüddətli tədris kursu və məhkəmələrdə təcrübə keçmiş hakimliyə namizədlər müxtəlif məhkəmələrdə hakim vəzifəsinə təyin olunmuşlar.Həmçinin, hakim kadrlarına olan ehtiyac nəzərə alınaraq, Məhkəmə-Hüquq Şurası tərəfindən hakim vəzifəsinə namizədlərin seçilməsi prosesinə yenidən başlanılmış, yazılı və şifahi imtahanlarda uğur qazanmış 102 nəfər hakimliyə namizəd hazırda 6 aylıq tədris kursuna cəlb olunmuşdur.Həmin şəxslərin hakim vəzifəsinə hazırlanmaları üçün yarım illik kurs təşkil olunmuşdur. Hazırda davam edən kursda yüksək məhkəmə hakimlərinin, görkəmli alimlərin, zəngin biliyə və təcrübəyə malik olan şəxslərin, habelə nüfuzlu xarici mütəxəssislərin mühazirələri təşkil olunur, insan hüquqlarının qorunması, məhkəmə etikası, korrupsiyaya qarşı mübarizə və digər aktual məsələlərə dair mövzuların tədrisinə xüsusi əhəmiyyət verilir.Qeyd etmək lazımdır ki, hakimliyə namizədlərin seçilməsi prosesini izləyən beynəlxalq və yerli QHT-ləri təmsil edən çoxsaylı müşahidəçilər imtahanın bütün mərhələlərinin son dərəcə şəffaf və obyektiv keçirilməsini, bu prosedurun yüksək beynəlxalq tələblərə cavab verdiyini və ən layiqli namizədlərin seçilməsini qeyd etmişlər.Ölkəmizin məhkəmə sisteminin təkmilləşdirilməsində Azərbaycan Respublikası Prezidentinin məhkəmə sisteminin müasirləşdirilməsi barədə 19 yanvar 2006-cı il tarixli fərmanı müstəsna rol oynamışdır.Fərmanın icrası ilə bağlı görülən genişmiqyaslı tədbirlər Azərbaycanda uğurla həyata keçirilən məhkəmə-hüquq islahatının keyfiyyətcə yeni mərhələsinin reallaşması ilə səciyyələnmişdir.Fərmanda verilən tapşırıqların və tövsiyələrin yerinə yetirilməsi, o cümlədən yeni apellyasiya və digər regional məhkəmələrin formalaşdırılması, hakimlərin sayının artırılması, onların peşə səviyyəsinin yüksəldilməsi, fəaliyyətində sui-istifadə, korrupsiya hallarına və digər qanun pozuntularına yol verən hakimlərin intizam məsuliyyətinə cəlb olunmasü üçün ciddi tədbirlərin görülməsi üzrə böyük həcmli, gərgin iş aparılmışdır.Belə ki, məhkəmələrdə keçirilmiş monitorinqlər nəticəsində bəzi hakimlər tərəfindən əmək və icra intizamının pozulması, vətəndaşların müraciətlərinə etinasız münasibət göstərilməsi və digər nöqsanlara yol verilməsi aşkar edilmişdir. Monitorinq nəticələri Məhkəmə-Hüquq Şurasının iclasında müzakirə edilərək, belə hallara yol vermiş 10 hakim barədə intizam icraatı başlanılmışdır. Ümumiyyətlə, isə MHŞ tərəfindən son iki il yarım ərzində 79 intizam icraatı başlanılmış, 59 hakim cəzalandırılmış, 4 hakimin səlahiyyətlərinə vaxtından əvvəl xitam verilməsi barədə qərar qəbul olunmuşdur. Bununla yanaşı, xüsusi vurğulamaq istərdim ki, Məhkəmə-Hüquq Şurası tərəfindən hakimlər barədə araşdırmaların obyektiv və hərtərəfli aparılmasına xüsusi diqqət yetirilir, hakimin fəaliyyətində pozuntu müəyyən edilmədikdə icraata xitam verilir. Araşdırma nəticəsi üzrə 13 hakim barəsində məhz belə qərarlar qəbul olunmuşdur.Eyni zamanda hakimlərin iş yükünün həddən artıq çox olmasının onların fəaliyyətində ciddi çətinliklər yaratması nəzərə alınaraq bu məsələ Məhkəmə-Hüquq Şurası tərəfindən geniş təhlil edilmiş və ölkə Prezidentinin fərmanları ilə hakimlərin ştat sayı 160 vahid artırılmışdır.Həmçinin, vətəndaşların məhkəmələrə müraciət imkanlarının asanlaşdırılması, onlara göstərilən hüquqi xidmətin yaxşılaşdırılması və bölgələrdə hüquq təsisatlarının inkişafının stimullaşdırılması məqsədilə yaradılmış regional apellyasiya və iqtisad məhkəmələrinin tezliklə fəaliyyətə başlaması üçün müvafiq binalar ayrılaraq məhkəmə fəaliyyətinə uyğunlaşdırılmışdır.Məhkəmə-Hüquq Şurası tərəfindən bütün hakim korpusunun fəaliyyəti qiymətləndirilmiş, bu zaman hər bir hakimə fərdi yanaşılmış, bilik, peşəkarlıq, mənəvi təmizlik, insanlara qayğılı münasibət kimi keyfiyyətlər əsas götürülmüşdür.Qeyd etmək istərdim ki, hakimlərin fəaliyyətinin prinsipial qiymətləndirilməsinin nəticəsi olaraq 30 hakimin səlahiyyətlərinə xitam verilmiş, bütün məhkəmələrin hakimlərinin tərkibi tam təzələnmiş, respublika apellyasiya məhkəməsi hakimlərinin bir çoxu yenidən apellyasiya instansiyasına təyinat almamış, habelə Bakı şəhər rayon məhkəmələri sədrlərinin 11-dən 8-i bu vəzifəyə yenidən təyin olunmamış, o cümlədən 2 məhkəmə sədrinin hakimlik səlahiyyətlərinə xitam verilmişdir. Hakimlərin seçilməsi prosesini müvəffəqiyyətlə başa vurmuş 55 nəfər ilk dəfə olaraq hakim vəzifələrinə təyin olunmuşlar.Qiymətləndirmə nəticəsi üzrə verilmiş təkliflərə uyğun olaraq həmçinin yeni yaradılmış regional apellyasiya məhkəmələrinin hakimlərinin tərkibi təcrübəli hakimlər hesabına formalaşdırılmış, habelə bütün yuxarı məhkəmələrin rəhbərliyində dəyişiklik edilərək, səriştəli kadrlarla möhkəmləndirilmişdir.Artıq yeni hakim korpusu və yeni məhkəmələr cari ilin iyul ayından fəaliyyətə başlamışdır. Ədalət mühakiməsinin səmərəliliyinin artırılması məqsədilə Avropa Şurası ekspertləri ilə sıx əməkdaşlıq şəraitində Məhkəmə-Hüquq Şurası tərəfindən Hakimlərin Etik Davranış Kodeksi, habelə məhkəmələrdə kargüzarlığın aparılması Qaydası təsdiq olunmuş, bütün məhkəmə aparatlarının tərkibi yenidən müəyyən olunmuşdur.Görülən tədbirlər bəhrəsini vermiş və son dövrlər məhkəmə fəaliyyəti ilə bağlı, xüsusilə Apellyasiya məhkəmələrinin qərarlarından Ali Məhkəməyə verilən şikayətlərin sayı xeyli azalmışdır.Qeyd etmək istərdim ki, Məhkəmə-Hüquq Şurası tərəfindən hüquqi maarifləndirmə, xüsusilə insan haqlarının təmin olunması mexanizmləri barədə əhalinin məlumatlandırılması işinin təşkilinə də xüsusi əhəmiyyət verilir.Belə ki, Şura tərəfindən gənc hüquqşünaslar üçün "İnsan hüquqlarının təmin edilməsində ölkədaxili və beynəlxalq vasitələr" mövzusunda kurslar təşkil edilir, tədris proqramına uyğun olaraq insan haqlarının təmin edilməsi mexanizmləri ilə bağlı geniş təcrübəsi olan yerli və beynəlxalq mütəxəssislərin mühazirələri keçirilir.Eyni zamanda, Avropa İnsan hüquqları Məhkəməsinin presedent hüququnun öyrənilməsi və tətbiqi ilə bağlı ölkə başçısının tövsiyələrinə uyğun olaraq, bu məqsədlə tanınmış mütəxəssislərin iştirakı ilə silsilə tədris tədbirləri, o cümlədən Avropa İnsan hüquqları Məhkəməsi hakimlərini ölkəmizə dəvət etməklə beynəlxalq seminarlar təşkil olunur, Məhkəmənin Azərbaycanla bağlı qəbul etdiyi qərarlar Nazirliyin "Qanunçuluq" jurnalında dərc edilir.Həmçinin, Avropa Şurasının və Avropa Komissiyasının birgə təşəbbüsü ilə hər il oktyabr ayının 25-nin "Avropada mülki ədalət mühakiməsi günü" kimi qeyd olunması ilə əlaqədar Məhkəmə-Hüquq Şurası tərəfindən bu sahədə geniş tədbirlər planı hazırlanılaraq həyata keçirilmiş, 25 oktyabr 2007-ci il tarixdə respublikanın bütün məhkəmələrində "açıq qapı" günü elan edilmiş, məhkəmə işçiləri tərəfindən vətəndaşların məhkəmə fəaliyyəti ilə bağlı qarşılaşdıqları problemlər üzrə onlara izahat və məsləhətlər verilmişdir.Həmin gün həmçinin televiziya verlişlərində vətəndaşların məhkəmə fəaliyyəti ilə bağlı qaldırdıqları problemlərlə bağlı izahlar verilmiş, Ali Məhkəmədə, Ədliyyə Nazirliyində təcrübəli hakimlər tərəfindən işçilər üçün treninqlər, məhkəmələrdə məhkəmə aparatının işçiləri ilə seminarlar, habelə internet saytı vasitəsilə "on-line forum" keçirilmiş, yeni məhkəmə saytları istifadəyə verilmişdir.

Azərbaycanda aparılan məhkəmə-hüquq islahatlarının mütərəqqi xarakterini görən nüfuzlu beynəlxalq təşkilatlar, o cümlədən maliyyə qurumları bu proseslərə böyük maraq göstərir və dəstəkləyirlər. Belə ki, ölkədə aparılan islahatlar nəticəsində əldə olunmuş nailiyyətləri yüksək dəyərləndirən Dünya Bankı ilə Ədliyyə Nazirliyi tərəfindən "Ədliyyə sektorunun müasirləşdirilməsi" adlı birgə layihənin həyata keçirilməsi qərara alınmışdır.Layihəyə əsasən 17 yeni məhkəmə binasının tikintisi, bir çox məhkəmə binalarının əsaslı təmiri, onların texniki cəhətdən müasirləşdirilməsi, Konstitusiya Məhkəməsinin və Ali Məhkəmənin ən müasir avadanlıqla təchiz edilməsi və digər tədbirlərin maliyyələşdirilməsi nəzərdə tutulur. Artıq layihənin reallaşdırılmasına başlanılmış, yeni inşa ediləcək məhkəmə binaları üçün torpaq sahələri ayrılmışdır. Hazırda tikinti işlərinin layihə-smeta sənədləri üzərində iş aparılır, mövcud məhkəmə binaları təmir edilir, onların təchizatı ilə bağlı tədbirlər görülür.Ölkə başçısının tapşırığına əsasən Bakının görkəmli yerində Ali Məhkəmənin ən müasir tələblərə cavab verən yeni binasının tikintisinin gələn il başa çatdırılması planlaşdırılır.Məhkəmə sisteminin fəaliyyətinin təkmilləşdirilməsi üzrə görülmüş tədbirlər, xüsusilə hakimlərin yenidən təyinatı, bu zaman peşəkarlıq və mənəvi saflıq prinsiplərinin əsas götürülməsi, habelə özünü doğrultmamış və ötən dövrdəki fəaliyyətləri ilə vətəndaşların haqlı narazılıqlarına səbəb olmuş hakimlər barəsində prinsipial qərarların qəbul edilməsi ictimaiyyət tərəfindən böyük razılıq və rəğbətlə qarşılanmış, bütövlükdə məhkəmə hakimiyyətinə inamı gücləndirmişdir. Yeni tərkibdə işə başlamış məhkəmələrin, xüsusilə yeni qaydalar əsasında tam şəffaf və obyektiv üsullarla seçilərək, zəruri hazırlıq keçmiş gənc hakimlərin fəaliyyəti ilə bağlı səslənən müsbət rəylər bizi olduqca sevindirir və məhkəmə hakimiyyətinin nüfuzunun daha da artması inamını gücləndirir.Bütün bunlar möhtərəm Prezidentimiz cənab İlham Əliyevin təşəbbüsü və rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən mütərəqqi islahatların real təzahürü olmaqla, iqtisadi, sosial və digər sahələrdə müşahidə olunan sürətli inkişafın məntiqi davamıdır.Son dörd ildə respublikamızın hər yerində, xüsusilə bölgələrdə yeni istehsal və emal müəssisələri, səhiyyə, təhsil və mədəniyyət ocaqları, idman kompleksləri tikilib istifadəyə verilmiş, yollar çəkilmiş, infrastruktur yeniləşmiş, əhalinin rifahı yüksəlmişdir. Dövlət başçısının diqqət və qayğısı sayəsində 1200 yeni məktəb binası tikilmiş, yüzlərlə məktəbdə əsaslı təmir işləri aparılmışdır. Böyüməkdə olan nəslin hərtərəfli təhsil almasına, Azərbaycan xalqının bu gününə və gələcəyinə xidmət edən bu nəhəng işlərin reallaşmasında böyük xeyriyyəçilik missiyası yerinə yetirən Heydər Əliyev Fondunun xidmətləri xüsusi qeyd edilməlidir.Ədliyyə işçiləri bu gün ölkəmizdə gedən demokratikləşmə prosesində, vətəndaş cəmiyyətinin təşəkkül tapmasında, Azərbaycanın daha da inkişaf edərək, zəngin və qüdrətli dövlətə çevrilməsində möhtərəm Prezidentimiz cənab İlham Əliyevə layiqli yardımçı olmağı özlərinin vəzifə və vətəndaşlıq borcu sayırlar.Peşə bayramı ərəfəsində ədliyyə işçilərinin vəzifə maaşlarının artırılması dövlətimizin ədliyyə orqanlarına göstərdiyi diqqət və qayğının növbəti təzahürüdür.Ümummilli liderimiz, müasir Azərbaycan dövlətçiliyinin banisi Heydər Əliyevin müəyyən etdiyi siyasi kursa daim sadiq olan ədliyyə işçiləri ölkəmizin dinamik inkişafının real təminatçısı və yeganə qarantı olan Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin çiçəklənməsi və xalqımızın rifahının yaxşılaşdırılması işinə öz töhfələrini vermək üçün bundan sonra da yorulmadan çalışmaq əzmindədirlər.Fürsətdən istifadə edərək, peşə bayramı münasibətilə bütün ədliyyə işçilərini ürəkdən təbrik edir və onlara qanunun aliliyinin təmin edilməsi, insan hüquqlarının təmin olunması kimi gərəkli fəaliyyətlərində uğurlar arzulayıram. 

Fikrət Məmmədov,
Azərbaycan Respublikasının ədliyyə naziri,
Məhkəmə-Hüquq Şurasının sədri,
I dərəcəli dövlət ədliyyə müşaviri
22 noyabr 2007.