diplomat



Hörmətli xanımlar və cənablar!
Hörmətli müşavirə iştirakçıları!
İlk növbədə yüksək səviyyədə təşkil olunmuş bu mötəbər tədbirdə çıxış üçün imkan verildiyinə görə təşəkkürümü bildirir, fürsətdən istifadə edib Sizin hamınızı ilk dəfə qeyd edilən peşə bayramı münasibətilə təbrik edirəm.Bu gün hər birimiz fəxrlə deyə bilərik ki, ümummilli lider Heydər Əliyevin müəyyən etdiyi və möhtərəm Prezidentimiz cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilən uzaqgörən və düşünülmüş xarici siyasət nəticəsində ölkəmizin beynəlxalq nüfuzu günbəgün artır.Bununla əlaqədar diplomatik nümayəndəliklərimizin üzərinə də olduqca mühüm vəzifələr düşür. Bu baxımdan hazırkı tədbir xüsusi əhəmiyyətə malikdir.Ölkə Prezidenti cənab İlham Əliyevin tədbirdə proqram xarakterli çıxışı xarici siyasət kursumuzun yeni prioritetlərini müəyyən etməklə, qarşıda əlavə mühüm vəzifələr qoymuşdur.Tədbirin proqramı bütün aidiyyəti mühüm məsələləri əhatə etmişdir.Güman edirəm ki, ölkəmizin beynəlxalq hüquq əməkdaşlığı və bu sahədə mövcud problemlər, aparılan hüquqi islahatlar haqda bəzi məsələlər ətrafında söhbət Sizin üçün maraqlı olardı.Məlum olduğu kimi, hər bir beynəlxalq əməkdaşlıq müqavilə-hüquq bazasına əsaslanmalıdır. Ölkəmiz BMT, Avropa Şurası, MDB-nin və digər beynəlxalq təşkilatların hüquqi sahədə əməkdaşlığı tənzimləyən bütün əsas instrumentlərinin iştirakçısıdır və öz üzərinə götürdüyü öhdəliklərin lazımınca icrası üçün tədbirlər görür.Hazırda Azərbaycan Ədliyyə Nazirliyi 20-dən artıq ölkənin, o cümlədən Avstriya, İtaliya, Fransa, Niderland, Çin, Misirin Ədliyyə Nazirlikləri ilə bağlanmış Sazişlər çərçivəsində əməkdaşlıq edir, habelə Nazirlik mərkəzi və əlaqələndirici orqan qismində 14 çoxtərəfli, həmçinin 30-dək ikitərəfli müqavilələrdən irəli gələn öhdəliklərin icrasını həyata keçirir.Ölkəmizin beynəlxalq aləmə sürətli inteqrasiyası nəticəsində son zamanlar hüquqi yardımla bağlı təkcə Ədliyyə Nazirliyinə edilən sorğuların sayı 2 dəfədən çox artaraq, ildə 5 mini ötmüşdür.Lakin nəzərə alınmalıdır ki, beynəlxalq konvensiyalar əsasən cinayət sahəsində hüquqi əməkdaşlığı əhatə edir.Mülki, ailə, ticarət sahəsində isə hüquqi yardımla bağlı ikitərəfli müqavilələr bağlanmalıdır. Ölkəmizin sürətli iqtisadi inkişafı belə müqavilələrin, xüsusilə Avropa ölkələri ilə imzalanmasının vacibliyini şərtləndirir. Təəssüf ki, mövcud müqavilə-hüquq bazasını qənaətbəxş hesab etmək olmaz.Hesab edirəm ki, bu sahədə ikitərəfli münasibətlərin inkişafı üçün səfirliklərimiz də səylərini artırmalıdırlar. Eyni zamanda, Avropa dövlətləri bu kimi məsələlərin həllində beynəlxalq xüsusi hüquq üzrə Haaqa Konfransında üzvlükdən səmərəli istifadə edirlər. Güman edirəm ki, Azərbaycanın da bu təşkilata üzvlük məsələsinin məqsədəuyğunluğunun dərindən öyrənilməsi vaxtı çatmışdır.Həmçinin, qeyd etmək istərdim ki, ABŞ, Böyük Britaniya, Almaniya, Portuqaliya, Polşa, Çin, İspaniya, Macarıstan, Norveç, Niderland, Rumıniya, Misir, Yunanıstan və İsrailə Ədliyyə Nazirliyi tərəfindən diplomatik kanallarla hüquqi yardımla bağlı müqavilə layihələri göndərilməsinə və təkrar müraciətlər edilməsinə baxmayaraq, bugünədək bu məsələlərdə irəliləyiş əldə edilməmişdir.Eyni zamanda, müqavilələrin imzalanması hələ problemlərin yaranmasını istisna etmir. Belə ki, dost və qardaş Türkiyə ilə hüquqi yardıma dair müqavilənin mövcudluğuna baxmayaraq, ölkəmizin məhkəmə qərarları müxtəlif səbəblərlə tanınmır. Bu isə öz növbəsində vətəndaşlarımızın hüquqlarının təmin olunmasında çətinliklər yaradır. Bu məsələni Türkiyənin ədliyyə nazirinin avqust ayında Azərbaycana gözlənilən səfəri zamanı öz tərəfimizdən qaldıracağıq. Güman edirəm ki, səfirliyimiz də bu kimi problemlər yarananda öz səylərini artıracaqdır.Yeri gəlmişkən qeyd olunan səfərin tarixlərinin dəqiqləşdirilməsi ilə bağlı Ədliyyə Nazirliyinin cavabı nədənsə Türkiyə səfirliyinə 2 ay gecikdirilməklə çatdırılmışdır. Bu isə həmin səfərin təxirə salınmasına gətirib çıxara bilər.Humanizm və insanpərvərlik prinsiplərini daim rəhbər tutan dövlətimiz bir çox ölkələrlə azadlıqdan məhrum edilmiş məhkumların cəza çəkilməsi üçün verilməsi haqqında müqavilələr bağlamış, habelə bu sahədə Avropa Şurasının və MDB-nin Konvensiyalarına qoşularaq həmin sənədlərin icrasına xüsusi önəm verir.Eyni zamanda, bu sahədə müqavilə olmadığı halda qarşılıqlıq prinsipi də tətbiq oluna bilər. Belə ki, Çində cəza çəkən məhkumların verilməsi istiqamətində Səfirliklə birgə məqsədyönlü tədbirlər görülərək 4 vətəndaşımızın Azərbaycana gətirilməsinə nail olunmuşdur. Belə tədbirlər Azərbaycan Respublikasının özünün hər bir vətəndaşının qayğısına qalmasına dəlalət etməklə insanların dövlətə inamının artmasına səbəb olur.Lakin təəssüf hissi ilə bildirməliyəm ki, bəzi ölkələrdə cəza çəkən vətəndaşlarımızın Azərbaycana verilməsi ilə bağlı qeyri-qənaətbəxş vəziyyət mövcuddur. Bu xüsusilə Gürcüstana və Rusiyaya aiddir.Belə ki, məhkumların verilməsinə dair sorğularımız bir çox hallarda Gürcüstan tərəfindən cavabsız qalır. Maraqlısı isə odur ki, Azərbaycanda cəza çəkən Gürcüstan vətəndaşlarına da eyni münasibət bəslənilir.Rusiya tərəfi isə Azərbaycanla sərhədi olmayan ölkələrdən tranzit yolu ilə məhkumların gətirilməsinə icazə vermir ki, bu da məhkumların köçürülməsində böyük çətinliklər yaradır. Güman edirəm ki, bu məsələlərə səfirlərimizin qoşulması müsbət nəticə verə bilərdi.Bununla belə həyata keçirilən tədbirlər nəticəsində 2006-2008-ci illər ərzində ölkəmizdən 50 məhkum, Azərbaycana isə 103 məhkum cəzasının çəkilməsi üçün verilmişdir.Qeyd etmək istərdim ki, hazırda ölkəmizdə 500-dən artıq xarici vətəndaş, o cümlədən Gürcüstanın 163, Rusiyanın 125, İranın 115, Türkiyənin 28, Ukraynanın 13 vətəndaşı cəza çəkir.Onların cəzalarının qalmış hissəsini öz ölkələrində çəkmələri məqsədilə Ədliyyə Nazirliyi tərəfindən bu barədə həmin ölkələrin diplomatik missiyaları lazımi qaydada məlumatlandırılıb.Arzu edərdik ki, xarici dövlətlərdə cəza çəkən vətəndaşlarımız haqqında da belə dolğun məlumatlar səfirliklərimiz tərəfindən əldə edilsin və çatdırılsın.Konsulluq xidmətlərimiz bu sahədə lazımi səylər göstərməli, həmin şəxslərə baş çəkməli, onlarla görüşlər keçirməli, problemləri ilə maraqlanmalıdır. Məhz belə qayğılı münasibəti öz vətəndaşlarına qarşı Azərbaycanda fəaliyyət göstərən konsullardan görürük .Xaricdə məhkum olunmuş vətəndaşlarımız haqqında məlumatlar tam və dəqiq deyil. Bu da öz növbəsində həmin şəxslər haqqında məlumatsızlığa səbəb olur və onların ölkəmizə gətirilməsi üçün vaxtında tədbirlərin görülməsinə imkan vermir.İndi isə digər əlaqəli məsələyə - məhkumların verilməsi ilə tez-tez qarışdırılan ekstradisiya probleminə toxunmaq istərdim. Azərbaycan Respublikası Ekstradisiya haqqında 1957-ci ilin Avropa Konvensiyasının iştirakçısıdır. Eyni zamanda, bu sahədə bir çox ölkələrlə ikitərəfli müqavilələr bağlanmış, ağır cinayətlər törətmiş bir sıra şəxslərin gətirilməsi təmin olunmuşdur.Lakin bu işdə problemlər də mövcuddur. Bir sıra Avropa ölkələrinin, o cümlədən Avstriya, Böyük Britaniya, Ukraynanın səlahiyyətli orqanları Avropa Konvensiyası əsasında edilmiş ekstradisiya ilə bağlı sorğuların təmin olunmasından, fikrimizcə, əsassız imtinalar etmişlər.Onu da qeyd etməliyəm ki, 50 il bundan əvvəl qəbul olunmuş ekstradisiyaya dair Konvensiya müasir insan haqları hüququna tam cavab vermir. Ölkəmizdə 2001-ci ildə daha mütərəqqi mexanizm müəyyən edən Ekstradisiya haqqında Qanun qəbul edilmişdir. Bu qanun hətta müvafiq müqavilə olmadan belə ölkəmiz tərəfindən cinayətkarların verilməsinə imkan yaradır. Bu da ölkəmizin cinayətkarlıqla təsirli mübarizəyə və bu sahədə beynəlxalq əməkdaşlığa mühüm əhəmiyyət verdiyini göstərir.Ümumiyyətlə, qeyd edilən Konvensiyanın təkmilləşdirilməsi, mövcud mexanizmlərin sadələşdirilməsi ehtiyacı ilə bağlı 2006-cı ildə Moskvada keçirilmiş Avropa ədliyyə və daxili işlər nazirlərinin Konfransında əsas məruzəçi qismində çıxış edilərək Konvensiyanın mövcud mexanizmləri ciddi tənqid olunmuş, onların müasirləşdirilməsi üzrə konkret təkliflər irəli sürülmüşdür.Ölkəmizdə ekstradisiya sorğularının baxılması qaydası da insan hüquqlarının müdafiəsi baxımından daha demokratik xarakter daşıyaraq bir çox dövlətlərdən fərqlənir. Azərbaycanda bu məsələyə Ədliyyə Nazirliyinin vəsatəti ilə respublika miqyaslı Ağır cinayətlərə dair məhkəmə tərəfindən baxılır, bu zaman vəkilin iştirakı və təqsirləndirilən şəxsin yuxarı məhkəməyə şikayət hüququ təmin olunur.Azərbaycanda bu sahədə insan hüquqlarının müdafiə olunması beynəlxalq təşkilatlar tərəfindən müsbət qiymətləndirilir.Belə ki, dost dövlət tərəfindən təkidlə sorğu edilən şəxsin həmin ölkədə işgəncələrə məruz qala biləcəyi beynəlxalq təşkilatlarda və bir sıra dövlətlərdə böyük narahatçılıq doğurmuşdu. Belə mürəkkəb vəziyyətdə BMT-nin İşgəncələrə qarşı Komitəsinin və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin yeni təcrübə yaradan presedentlərindən istifadə edilərək, şəxsin ekstradisiyasından əvvəl onun işgəncələrə məruz qalmayacağı haqqında diplomatik təminatlar alınmış və eyni zamanda, post-ekstradisional monitorinqin həyata keçirilməsi təmin olunmuşdur. Burada ölkəmizin Türkiyədəki səfirliyinin xidmətlərini qeyd etmək istərdim. Nəticədə BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı ölkəmizin bu addımını çox yüksək qiymətləndirərək digər dövlətlər üçün yaxşı nümunə olduğunu qeyd etmişdir.Burada bir məsələyə də toxunmaq istərdim. Hamımıza yaxşı bəllidir ki, diplomatik münasibətlər 1961-ci il Vyana Konvensiyası ilə tənzimlənir. Lakin təəssüf ki, Azərbaycanda akkreditə olunmuş bir sıra səfirliklər həmin Konvensiyaya zidd olaraq Xarici İşlər Nazirliyi vasitəsilə deyil, birbaşa dövlət orqanlarına müraciət edərək müxtəlif sorğular göndərir, görüşlərin və digər tədbirlərin keçirilməsi məsələsini qoyurlar. Təəssüf edirəm ki, bu arzuolunmaz praktika yayılmaqdadır. Onu da qeyd edim ki, bu sorğular bir çox hallarda birmənalı olmur və bəzən mənafelərimizə toxunur.Hesab edirəm ki, Xarici İşlər Nazirliyi bu məsələ ilə bağlı öz sözünü deyəcəkdir.Hörmətli müşavirə iştirakçıları!Sizə məlum olduğu kimi bu gün Azərbaycan hərtərəfli sürətli inkişaf yolundadır. İctimai və dövlət həyatının bütün sahələrində mütərəqqi demokratik islahatlar həyata keçirilir. Bu islahatların bünövrəsində isə sosial rifah və insan haqlarının etibarlı təminatı dayanır.Sevindirici haldır ki, bu gün bir çox xarici dövlətlər və nüfuzlu beynəlxalq təşkilatlar Azərbaycanla hüquqi sahədə əməkdaşlığa və təcrübə mübadiləsinə böyük təşəbbüslər göstərir, hüquq sistemimizdə həyata keçirilən inqilabi dəyişiklikləri, bir çox dövlətlərin 10 illər ərzində qazandığı nailiyyətlərin Azərbaycanda qısa müddətdə əldə olunmasını qeyd edirlər.Bu yaxınlarda Bakıda səfərdə olmuş İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin yeni sədri cənab Jan-Pol Kosta qısa zaman ərzində Azərbaycan hüquq sisteminin inkişafından və qazanılmış nailiyyətlərdən heyrətə gəldiyini gizlətməmişdi.Azərbaycan üçün demokratik, hüquqi və dünyəvi dövlət quruculuğu yolunu seçmiş ümummilli lider Heydər Əliyev ölkəmizdə müstəqil məhkəmə hakimiyyətinin formalaşmasına xüsusi diqqət yetirmişdir.Tarix üçün çox qısa müddətdə keçmiş sovetlər birliyindən miras qalmış ölkənin məhkəmə və hüquq sistemi demokratik prinsiplər əsasında tamamilə yenidən qurulmuşdur. Beynəlxalq ekspertlərin rəyləri nəzərə alınmaqla hüquq sisteminin fəaliyyətini tənzimləyən yeni, beynəlxalq hüquq normalarının tələblərinə uyğun olan qanunlar və məcəllələr qəbul edilmişdir.Azərbaycanda demokratiyanın inkişafı və yeni iqtisadi münasibətlərin formalaşması məhkəmə sisteminin beynəlxalq norma və prinsiplərə uyğun daha da təkmilləşdirilməsini şərtləndirmişdır. Bununla əlaqədar, ölkə Prezidentinin tapşırıqlarına əsasən məhkəmə sisteminin islahatı ilə bağlı kompleks tədbirlər həyata keçirilmişdir.Həmçinin, məhkəmə fəaliyyətinin səmərəliliyinin artırılmasında müsbət beynəlxalq təcrübədən və nüfuzlu beynəlxalq təşkilatların imkanlarından istifadə məqsədilə bir çox mötəbər beynəlxalq qurumlarla sıx işgüzar əlaqələr qurulmuşdur.Aparılmış islahatlar nəticəsində 2005-ci ildə demokratik əsaslarla yeni təsisat - məhkəmə hakimiyyətinin özünüidarə orqanı olan Məhkəmə-Hüquq Şurası yaradılmışdır. Bununla əlaqədar xüsusi qanun qəbul olunmuşdur. Şuranın tərkibi 15 nəfərdən ibarət olmaqla, onun tam əksəriyyəti - 9 nəfəri hakimdir. Namizədlər ölkədə aparılan islahatlar nəticəsində tam demokratik əsaslarla yeni yaradılmış hakimlərin Assosiasiyaları tərəfindən irəli sürülmüşlər. Eyni zamanda, bu qurumda hakimiyyətin digər qolları, həmçinin prosesin hər iki tərəfi olan vəkil və prokuror da təmsil olunmuşdur.Eyni əsaslarla başqa bir müstəqil qurum Hakimlərin Seçki Komitəsi yaradılmış, hakimliyə namizədlərin Avropada ən mütərəqqi və şəffaf üsullarla seçilməsi qaydası təsbit olunmuşdur. Çoxsaylı imtahan və müsahibələrdən, habelə namizədlərin hakim vəzifələrinə hazırlanmaları üçün uzunmüddətli kursdan ibarət olan bu seçim prosedurunun hər bir mərhələsi 10-larla yerli və beynəlxalq təşkilatların, səfirliklərin nümayəndələri, kütləvi informasiya vasitələri tərəfindən müşahidə edilmişdir.Qeyd etmək istərdim ki, bütün müşahidəçilər hakimlərin seçilməsinin şəffaf və obyektivliyi ilə bağlı müsbət rəylər vermiş, xarici dövlətlərin təmsilçiləri prosesin bu cür keçirilməsini öz ölkələrində də arzu etdiklərini bildirmişlər.Yeni qanunvericiliyə əsasən Azərbaycanda ilk dəfə olaraq hakimlərin müddətsiz - son yaş xəttinə qədər təyinatı təsbit olunmuş (əvvəllər onlar 5 və 10 ilə təyin olunurdular), onların tədrisi beynəlxalq tələblərə uyğun olmaqla yenidən qurulmuşdur. İlk dəfə olaraq hakimlərin fəaliyyətinin qiymətləndirilməsi tətbiq edilmişdir. Onların intizam məsuliyyətinə cəlb edilməsi proseduruna da yenidən baxılmış, bu zaman məhkəmə hakimiyyətinin müstəqilliyinin təmin olunmasına xüsusi diqqət yetirilmişdir. Belə ki, hakimlər barəsində intizam icraatı üzrə araşdırma Məhkəmə-Hüquq Şurasının üzvü olan hakim tərəfindən aparılır, səsvermədə isə yalnız Şuranın hakim üzvləri iştirak edirlər. İntizam məsuliyyəti məsələsinə baxılan hakimə özünün seçdiyi vəkilin və ya hakim yoldaşının köməyindən istifadə etmək və haqqında qəbul olunmuş qərardan Ali Məhkəmənin plenumuna şikayət etmək hüquqlarının verilməsi intizam icraatı prosedurunun obyektivliyinə və qərəzsizliyinə tam şərait yaradır.Korrupsiya hallarının qarşısının alınması məqsədilə qanunvericiliyə əsasən hakimlər tərəfindən vətəndaşlar qəbul edilmir. 2000-ci illə müqayisədə hakimlərin əmək haqqısı 25 dəfəyə qədər artırılmışdır. Məhkəmə fəaliyyətində şəffaflığının təmin edilməsi məqsədilə yuxarı məhkəmələrin bütün qərarları, habelə yerli məhkəmələrin ləğv edilmiş və ya dəyişdirilmiş qərarları dərc edilir.Vətəndaşların məhkəmələrə müraciət imkanlarının asanlaşdırılması, onlara göstərilən hüquqi xidmətin yaxşılaşdırılması və bölgələrdə hüquq təsisatlarının inkişafının stimullaşdırılması məqsədilə ölkəmizdə yeni regional məhkəmələr yaradılmış, o cümlədən bütün ölkəni əhatə edən vahid Apellyasiya Məhkəməsi ləğv edilərək bölgələrdə - Bakı, Gəncə, Sumqayıt, Şirvan, Şəki və Naxçıvanda apellyasiya və həmçinin bir sıra yerli iqtisad məhkəmələri təsis olunaraq ötən il fəaliyyətə başlamışlar.Eyni zamanda məlumdur ki, məhkəmə araşdırmalarının keyfiyyətinə mənfi təsir göstərən əsas amillərdən biri də hakimlərin yüksək iş yüküdür. Məhkəmələrə insan hüquqlarının qorunması ilə bağlı yeni müstəsna səlahiyyətlərin verilməsi, həmçinin iqtisadi münasibətlərinin sürətli inkişafı onların iş yükünün 2-3 dəfə artmasına səbəb olmuşdur. Azərbaycan isə Avropa Şurası ölkələri arasında hakimlərin əhaliyə nisbətdə sayına görə ən aşağı göstəricilərlə xarakterizə olunurdu - Azərbaycanda hər 100 min nəfərə 4 hakim düşürdü. Halbuki, bəzi Avropa dövlətlərində bu rəqəm 20-ni ötürdü. Bununla əlaqədar ölkə başçısı tərəfindən hakimlərin sayı 50% artırılmışdır.Azərbaycanda aparılan məhkəmə-hüquq islahatlarının mütərəqqi xarakterini və müsbət nəticələrini görən nüfuzlu maliyyə qurumları da bu proseslərə böyük maraq göstərir və dəstəkləyirlər. Belə ki, hazırda Dünya Bankı ilə "Ədliyyə sektorunun müasirləşdirilməsi" adlı birgə layihə həyata keçirilir və qısa müddətdə 17 yeni məhkəmə binasının tikilməsi, habelə məhkəmələrin müasir texnologiya ilə təmin olunması nəzərdə tutulur.Həmçinin, ədliyyə orqanlarında fəaliyyətin müasir tələblər səviyyəsində qurulması istiqamətində tədbirlər davam etdirilərək nazirliyin fəaliyyətinin yeni normativ-hüquqi bazası yaradılmış və yeni müasir strukturu təsdiq olunmuşdur.Nazirlik tərəfindən insan hüquq və azadlıqlarının təmin olunmasına, qeyri-hökumət təşkilatları və bütövlükdə ictimaiyyətlə əlaqələrin genişləndirilməsinə, şəffaflığın təmin olunmasına xüsusi diqqət yetirilir.Ədliyyə Nazirliyinin Penitensiar xidmətinin fəaliyyəti Avropa standartlarına uyğunlaşdırılır, məhkumların saxlanma şəraiti, ərzaq, tibbi və digər təminatı xeyli yaxşılaşdırılmışdır.Cəzaların icrasına təsirli ictimai nəzarət müəyyən olunmuş, bu məqsədlə demokratik və şəffaf üsullarla öz müstəqil mövqeyi ilə seçilən hüquq müdafiəçilərindən ibarət İctimai Komitə formalaşdırılmış və səmərəli fəaliyyət göstərir. Bu təcrübə beynəlxalq təşkilatlar və bir sıra xarici dövlətlər tərəfindən müsbət nümunə kimi qəbul olunmuşdur.Ölkəmizdə humanizm prinsipləri rəhbər tutularaq məhkumların hüquqlarının genişləndirilməsi istiqamətində mühüm bir addım atılmışdır. Belə ki, Milli Məclisin iyun ayının sonunda keçirilmiş iclasında məhkumların, o cümlədən ömürlük azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxslərin saxlama rejiminin xeyli yüngülləşdirməsini, bir çox əlavə hüquq və güzəştləri nəzərdə tutan qanun qəbul olunmuşdur. Lakin nəzərə alsaq ki, mövcud cəzaçəkmə müəssisələrimiz bizə sovetlər dövrundən miras qalmışdır, onların nə qədər çalışsaq da müasir tələblərə uyğunlaşdırılması çətinlik törədir. Buna görə ölkədə yeni penitensiar müəssisələrin inşasına başlanılmış, bu zaman məhkumların sosial adaptasiyasını asanlaşdırmaq məqsədilə bu müəssisələr bölgələrdə tikilir ki, onlar evlərinə yaxın ərazilərdə cəza çəkərək ailələri ilə əlaqələrini itirməsinlər. Yeri gəlmişkən məlumat üçün bildirirəm ki, ötən il ölkədə məhkumların sosial adaptasiyası ilə bağlı xüsusi qanun qəbul olunmuşdur.Artıq ən müasir tələblərə cavab verən penitensiar kompleksi bu il Naxçıvan Muxtar Respublikasında istifadəyə verilmişdir. Hazırda belə müəssisələr Lənkəranda və Şəki rayonlarında inşa olunur və həmçinin Qobustan həbsxanasının əvəzinə yeni müasir həbsxana tikilir. Eyni zamanda, Bayılda və Şüvəlanda əhalinin sıx olduğu ərazidə yerləşən istintaq təcridxanalarının yerinə Bakıda yeni vahid təcridxana intensiv inşa edilir.İnsan hüquqlarının müdafiəsi sahəsində görülən işlərdən söhbət açarkən 2006-cı ilin dekabr ayında ölkə başçısının Sərəncamı ilə təsdiq olunmuş Milli Fəaliyyət Planını xüsusi qeyd etmək istərdim. Beynəlxalq ictimaiyyət tərəfindən bu sənəd yüksək qiymətləndirilmişdir.Lakin təəssüf ki, beynəlxalq təşkilatlarla işgüzar münasibətlərin istədiyimiz səviyyədə olmaması ölkədə həyata keçirilən mütərəqqi islahatlar haqqında onların yetərincə məlumatlandırılmaması ilə nəticələnir.Belə ki, Avropa Şurasının İnsan hüquqları üzrə Komissarı ötən ilin sentyabr ayında ölkəmizə səfər etmiş və nəticə üzrə hazırlanmış hesabat layihəsini aidiyyəti dövlət orqanlarına təqdim etmişdir. Layihədə bir çox fikirlər səhvən, yanlış məlumatlara əsasən əks olunmuşdur. Məsələ ilə bağlı əsaslandırılmış rəyin təqdim olunmasına baxmayaraq bir çox səhv fikirlər hesabatda saxlanılmışdır. Güman edirəm ki, bu kimi məsələlərlə bağlı vaxtında görülən tədbirlər öz səmərəsini verə bilərdi.Hörmətli tədbir iştirakçıları,Məlum olduğu kimi, iqtisadiyyatı sürətlə inkişaf edən ölkələrdə korrupsiyanın yayılması üçün daha əlverişli şərait olur. Bu sosial bəla ilə ölkəmizdə həyata keçirilən mübarizə haqda məlumat, hesab edirəm ki, Sizin üçün faydalı olardı. Belə ki, Azərbaycanda "Korrupsiyaya qarşı mübarizə haqqında" xüsusi Qanun qəbul edilmiş, 2004-2006-cı illəri əhatə edən Dövlət Proqramı həyata keçirilmiş, 2007-2011-ci illər üçün Şəffaflığın artırılması və korrupsiyaya qarşı mübarizə üzrə Milli Strategiya dövlət başçısı tərəfindən təsdiq olunmuşdur.Eyni zamanda, hakimiyyətin hər üç qolunun nümayəndələrindən ibarət olan Korrupsiyaya qarşı mübarizə üzrə Komissiya, Baş Prokuror yanında Korrupsiyaya qarşı mübarizə idarəsi yaradılaraq səmərəli fəaliyyət göstərir. Bu idarə tərəfindən 2008-ci ilin 6 ayı ərzində məhkəmələrə 40 cinayət işi göndərilmiş, bu isə bütün 2005-ci ilin göstəricilərindən 3-4 dəfə çoxdur.Azərbaycan korrupsiyaya qarşı mübarizə sahəsində bütün əsas konvensiyalara qoşulmuş, korrupsiyaya qarşı beynəlxalq təşkilatların fəal iştirakçısına çevrilmişdir.Artıq xeyli müddətdir ki, Azərbaycan bir sıra nüfuzlu beynəlxalq təşkilatlarla, o cümlədən Korrupsiyaya qarşı Dövlətlər Qrupu (GRECO), İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (OECD) Antikorrupsiya Şəbəkəsi, Beynəlxalq Şəffaflıq Təşkilatı ilə sıx əməkdaşlıq edir.Həmçinin, Azərbaycan Çin Hökumətinin təşəbbüsü və BMT-nin dəstəyi ilə 2006-cı ildə 137 ölkədən 1000-dən çox nümayəndənin iştirakı ilə yaradılmış Beynəlxalq Antikorrupsiya Orqanları Assosiasiyasının təşkilatçılarından biri olmuş, ölkəmizin nümayəndəsi - ədliyyə naziri təşkilatın vitse-prezidenti seçilmişdir.Bu təşkilatın işində Azərbaycanın fəal iştirakı və verdiyi töhfələr nəzərə alınaraq, onun İcraiyyə Komitəsinin iclası bu il Bakıda keçirilmişdir. Tədbirdə iştirakla bağlı dünyanın bütün qitələrindən olan 30-dan çox yüksək səviyyəli nümayəndə, o cümlədən hüquq mühafizə orqanlarının rəhbərləri Azərbaycana səfər etmişlər. Anti-korrupsiya sahəsində dünya şöhrətli mütəxəssislərin ölkəmizə gəlməsindən səmərəli istifadə olunaraq Bakıda Korrupsiyaya qarşı mübarizə üzrə təcrübə mübadiləsinə həsr olunmuş Beynəlxalq Konfrans təşkil olunmuşdur. Qonaqlar həmçinin cənab Prezident tərəfindən qəbul olunaraq yüksək təəssüratla ayrılmışlar.Bu mötəbər tədbirdə iştirak etmiş nüfuzlu rəsmi şəxslər ölkəmizdə həyata keçirilən tədbirlərdən məmnun qaldıqlarını bildirmiş və bir növ Azərbaycanın təbliğatçılarına çevrilmişlər.Hesab edirəm ki, öz ölkələrində böyük nüfuza malik olan bu şəxslərin Azərbaycan həmkarları ilə belə səmimi münasibətlərinin yaranmasından bizim səfirliklər dövlətimizin mənafeyi baxımından çox yararlana bilərlər.Bu rəsmilərin Azərbaycana gəlişi barədə Xarici İşlər Nazirliyinə verilən məlumat həmin şəxslərlə səfər qabağı görüşə və tanışlığa səbəb ola bilər. Səfərin uğuru isə bu əlaqələrin inkişafına və dərinləşməsinə böyük zəmin yaradır. Bəzi səfirlər bu imkandan ikitərəfli münasibətlərinin inkişafı üçün lazımınca istifadə edirlər.Azərbaycanda hüquqi sahədə aparılan islahatlar və mütərəqqi tədbirlər barədə Siz Ədliyyə Nazirliyinin və Məhkəmə-Hüquq Şurasının saytlarında da (www.justice.gov.az, www.judicialcouncil.gov.az) məlumat əldə edə bilərsiniz.Sonda əminliyimi ifadə etmək istərdim ki, diplomatik missiyalarımız dövlətimizin beynəlxalq mövqelərinin daha da möhkəmlənməsi və nüfuzunun artmasına hələ çox-çox töhfələr verəcək və Azərbaycan dünya birliyində ən layiqli yerini tutacaqdır.
Diqqətinizə görə təşəkkür edirəm. 

10.07.2008