doing



Hörmətli xanımlar və cənablar!
Hörmətli müşavirə iştirakçıları!
İlk növbədə Dünya Bankı və Beynəlxalq Maliyyə Korporasiyasının Doing business – 2009 hesabatında Azərbaycanın dünyanın 181 dövləti arasında əldə edilmiş yüksək nəticələrə görə bir nömrəli islahatçı ölkə elan olunması ilə bağlı hamınızı təbrik edirəm.Bu gün hər birimiz fəxrlə deyə bilərik ki, belə bir presedenti olmayan uğur ümummilli lider Heydər Əliyevin müəyyən etdiyi və möhtərəm Prezidentimiz cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilən uzaqgörən və düşünülmüş iqtisadi siyasətin nəticəsidir.Qeyd olunmalıdır ki, hesabatda əlverişli biznes mühitinin yaradılmasında bir çox sahələrlə yanaşı məhkəmə sisteminin islahatı da vurğulanmışdır.Azərbaycanda demokratiyanın inkişafı və yeni iqtisadi münasibətlərin formalaşması məhkəmə sisteminin beynəlxalq norma və prinsiplərə uyğun daha da təkmilləşdirilməsini şərtləndirmişdır. Bununla əlaqədar, kompleks tədbirlər müəyyən edilib həyata keçirilmişdir.Qısa müddət ərzində hüquq sisteminin fəaliyyətini tənzimləyən yeni, beynəlxalq normaların tələblərinə uyğun olan qanunlar qəbul edilmiş, məhkəmə sisteminin müasirləşdirilməsi üzrə prioritetləri müəyyən edən proqram xarakterli sənədlər imzalanmışdır.Məhkəmələrə insan hüquqlarının qorunması ilə bağlı yeni müstəsna səlahiyyətlərin verilməsi, həmçinin iqtisadi münasibətlərinin sürətli inkişafı onların iş yükünün 2-3 dəfə artmasına səbəb olmuşdur. Azərbaycan isə Avropa Şurası ölkələri arasında hakimlərin əhaliyə nisbətdə sayına görə ən aşağı göstəricilərlə xarakterizə olunurdu: hər 100 min nəfərə 4 hakim düşürdü. Bununla əlaqədar ölkə başçısı tərəfindən hakimlərin sayı 50% artırılmışdır.İslahatlar nəticəsində demokratik əsaslarla yeni müstəqil təsisatlar – məhkəmə hakimiyyətinin özünüidarə orqanı olan Məhkəmə-Hüquq Şurası və Hakimlərin Seçki Komitəsi yaradılmış, hakimliyə namizədlərin Avropada ən mütərəqqi və şəffaf üsullarla seçilməsi qaydası təsbit olunmuşdur.1700 nəfərin iştirak etdiyi çoxmərhələli seçim prosedurları nəticəsində müvəffəqiyyət qazanmış və yarım illik tədris kurslarını və məhkəmələrdə stajkeçməni uğurla başa vurmuş 157 nəfər hakimliyə namizəd hakim vəzifələrinə təyin edilmişlər. Bu prosesi 10-larla yerli və beynəlxalq müşahidəçi izləyərək müsbət rəylər vermişlər.Bununla da birinci instansiya məhkəmələrində olan bütün vakansiyalar demək olar ki, doldurulmuşdur.Eyni zamanda, əgər əvvəllər hakimlər 5 (birinci instansiya) və 10 ilə (yuxarı instansiya) təyin olunurdularsa, hazırda yeni qanunvericiliyə əsasən Azərbaycanda ilk dəfə olaraq hakimlərin müddətsiz – son yaş həddinə qədər təyinatı təsbit olunmuş, onların tədrisi beynəlxalq tələblərə uyğun olmaqla yenidən qurulmuşdur.İlk dəfə olaraq hakimlərin fəaliyyətinin qiymətləndirilməsi tətbiq edilmişdir. Ötən il keçirilmiş prinsipial qiymətləndirilmə nəticəsində 32 hakimin səlahiyyətlərinə xitam verilmiş, habelə son iki il ərzində 50-dən çox hakim barədə intizam icraatı başlanılmış, o cümlədən korrupsiya hüquqpozmalarına yol verdiklərinə görə 3 nəfərinin səlahiyyətlərinə vaxtından əvvəl xitam verilmiş, 3 nəfər isə aşağı işə keçirilmişdir.Məhkəmə fəaliyyətində şəffaflığının təmin edilməsi məqsədilə yuxarı məhkəmələrin bütün qərarları, habelə yerli məhkəmələrin ləğv edilmiş və ya dəyişdirilmiş qərarları dərc edilir.Vətəndaşların məhkəmələrə müraciət imkanlarının asanlaşdırılması, onlara göstərilən hüquqi xidmətin yaxşılaşdırılması və bölgələrdə hüquq təsisatlarının inkişafının stimullaşdırılması məqsədilə ölkəmizdə yeni regional məhkəmələr yaradılmış, o cümlədən bütün ölkəni əhatə edən Respublika Apellyasiya Məhkəməsi və apellyasiya səlahiyyətli İqtisad Məhkəməsi ləğv edilərək 6 bölgədə tərkibində iqtisad kollegiyaları olan yeni apellyasiya məhkəmələri yaradılmışdır. Eyni zamanda, 3 yeni iqtisad məhkəməsi, o cümlədən Sumqayıtda və həmçinin Bakıda ikinci yerli iqtisad məkəmələri təsis olunaraq ötən il fəaliyyətə başlamış, beləliklə də onların sayı 7-yə çatdırılmışdır.Bununla yanaşı, məhkəmə aparatı işçilərinin sayı 25% artırılmış, hər bir hakim üçün köməkçi ştatı təsis edilmişdir.Bütün bunlar insanların pozulmuş hüquqlarının müdafiəsi üçün məhz məhkəmələrə müraciət etmək hüququnu genişləndirmiş və cari ilin 6 ayı ərzində məhkəmələrə müraciətlərin sayı ötən ilin müvafiq dövrü ilə müqayisədə 15% artmış, iqtisadi mübahisələrin sayı isə 1.8 dəfə çox olmuşdur. Eyni zamanda, təmin olunmuş qərarların sayı əvvəlki illərlə müqayisədə əhəmiyyətli dərəcədə artaraq 89%-ə çatmışdır.Məhz bu tədbirlər məhkəmə proseslərinin keyfiyyətinə müsbət təsir göstərməklə ictimaiyyətin məhkəmə sisteminə inamının yüksəlməsinə şərait yaratmışdır.Sahibkarlığın inkişafı və əlverişli biznes mühitinin yaranmasında iqtisad məhkəmələrinin rolu nəzərə alınaraq bu sahədə köklü islahatlar aparılmış, iqtisad məhkəmələri sistemi tamamilə yenidən qurulmuşdur.Regionlarda yeni yerli iqtisad məhkəmələrinin yaradılması, habelə iqtisadi sahədə işlərə apellyasiya qaydasında yerlərdə baxılması, bu sahdə hakimlərin sayının xeyli artırılması sahibkarların məhkəmələrə müraciət imkanlarını asanlaşdırılmış, işlərin daha keyfiyyətli və qısa müddət ərzində araşdırılmasını şərtləndirmişdir.Bunun nəticəsidir ki, son dövrlər iqtisadi mübahisələrlə bağlı verilən apellyasiya şikayətlərinin faizi xeyli azalaraq 18.4%-dən 10.8%-ə düşmüş, ləğv olunmuş qərarların faizi isə 4.6%-dən 3.1%-ə qədər azalmışdır.Hazırda ilk dəfə olaraq 1 saylı Bakı yerli iqtisad məhkəməsində iclas zallarında yeni informasiya texnologiyalarının tətbiqinə, o cümlədən bütün məhkəmə iclaslarının audio yazısının təmin edilməsinə başlanılmışdır. Ədalət mühakiməsinin səmərəliliyinin artırılmasında vəkillik xidmətinin rolu nəzərə alınaraq vəkillik peşəsi konsepsiyasının təkmilləşdirilməsi, regionlarda əhaliyə göstərilən hüquqi yardımın yaxşılaşdırılması üçün vəkillik fəaliyyətinin inkişafı istiqamətində bir çox tədbirlər görülmüş, mütərəqqi və şəffaf üsullarla keçirilmiş imtahanlar nəitcəsində vəkillərin sayı 2004-cü illə müqayisədə 2 dəfə, o cümlədən son bir il ərzində 220 nəfər artmışdır.Əminəm ki, dövlət başçısının rəhbərliyi ilə respublikamızda sürətlə aparılan mütərəqqi islahatlar bundan sonra da uğurlu nəticələrini verəcək və biz Azərbaycanın yeni-yeni nailiyyətlərinin şahidi olacayıq. 

Diqqətinizə görə sağ olun. 

12.09.2008