Hər il noyabr ayının 22-də ədliyyə işçiləri öz peşə bayramlarını böyük ruh yüksəkliyi ilə qeyd edirlər. Müstəqil dövlətimizin banisi, dahi öndər Heydər Əliyevin ədliyyə işçilərinə bəxş etdiyi peşə bayramı bu il xüsusilə əlamətdardır - ədliyyə sistemi həm də 90 illik yubileyini qeyd edir.Əsrə yaxın ömür dəf edən Azərbaycan ədliyyəsinin zəngin və kəşməkəşli tarixini öyrənmək, müsbət ənənələri yaşatmaq, kadrları, xüsusilə kadrların gənc nəslini bu ənənələr ruhunda tərbiyə etmək bizim tarixi vəzifəmizdir. Mütəxəssislər cəlb edilməklə araşdırmalar aparılması və nazirlikdə Azərbaycan ədliyyəsinin tarixi muzeyinin yaradılması bu işdə xüsusilə əhəmiyyətli olmuşdur.Azərbaycan ədliyyəsi barədə 90 illik yubiley günündə söhbət açmaq olduqca fərəhlidir.Müstəqil Azərbaycan dövlətinin Ədliyyə Nazirliyi ilk dəfə 1918-ci ilin may ayının 28-də - Azərbaycan Xalq Cümhuriyyətinin elan edildiyi gün yaradılmış, təcrübəli dövlət xadimi Xəlil bəy Xasməmmədov ilk ədliyyə naziri təyin olunmuş və həmin ilin noyabr ayının 22-də nazirliyin Əsasnaməsi təsdiq edilərək, onun funksiya və səlahiyyətləri müəyyən olunmuşdur. Ədliyyə Nazirliyinin dövlətin yaradıldığı gün təsis edilməsi milli dövlət quruculuğunda ədliyyə sisteminə xüsusi əhəmiyyət verilməsinə dəlalət edir.Bu dövrdə Rusiya imperiyasından və anarxiya dövründən Azərbaycana miras qalmış ədliyyə sistemi iflic vəziyyətində olduğundan, bütün infrastrukturu dağıdıldığından nazirlik öz işinə ilk növbədə ədliyyə, məhkəmə və istintaq strukturlarının bərpası ilə başlamışdır.Kadrların hazırlanması məqsədilə hüquq kursları təsis edilmiş, qısa müddət ərzində Azərbaycan məhkəmə palatası yaradılmış, Bakı dairə məhkəməsinin və onun tərkibində prokurorluğın fəaliyyəti bərpa olunmuşdur.Bakı şəhərinin ən görkəmli binalarından birində - "Səadət Sarayı" adlanan binada yerləşən Ədliyyə Nazirliyi tərəfindən yeni hüquq sisteminin təşkili ilə bağlı həmin dövr üçün ən mütərəqqi hesab edilən əhəmiyyətli qərarlar qəbul olunmuş, nazirliyin təşəbbüsü ilə "İstintaq hissəsinin quruluşu və gücləndirilməsi haqqında", "Məhkəmə idarəsi sahəsində vəzifələrə namizədlər haqqında", "Andlı iclasçılar məhkəməsinin təsis edilməsi haqqında" və s. mühüm qanun layihələri parlamentin müzakirəsinə çıxarılmışdır.Vəziyyətin mürəkkəbliyinə, ixtisaslı kadrların məhdudluğuna baxmayaraq ədliyyə işçiləri məhkəmə və hüquq sisteminin inkişafı naminə ölkənin süqutuna qədər şərəflə çalışmışlar.Ədliyyə tariximizdə unudulmaz hadisələrlə yanaşı, kəşməkəşli səhifələr də olmuşdur. 1920-ci ildə ölkə işğal edildikdən sonra milli dövlətçiliyin əsas sütunlarından olan Ədliyyə Nazirliyi ləğv edilmiş, Xalq Ədliyyə Komissarlığı yaradılaraq, onun səlahiyyətlərinə qanunvericilik layihələrinin hazırlanması, məhkəmə işçilərinin seçilməsi, təlimatlandırılması və onlara inzibati rəhbərlik edilməsi, qanunçuluğa ali nəzarət və istintaqın aparılması daxil edilmişdir. Lakin 1930-cu ildə Xalq Ədliyyə Komissarlığı ləğv edilərək onun funksiyaları prokurorluq, Ali Məhkəmə, Mərkəzi İcraiyyə Komitəsinə və digər orqanlara verilmişdir. 1933-cü ildə Xalq Ədliyyə Komissarlığı yenidən təşkil edilmiş, onun səlahiyyətinə qanun layihələrinin hazırlanması, qanunların şərhi, məhkəmə kadrlarının hazırlanması, əhaliyə hüquqi yardımın təşkili, penitensiar sistemin idarə olunması, Ali Məhkəməyə, Dövlət Prokurorluğuna və vəkillərə rəhbərlik etmək funksiyaları daxil edilmişdir.1937-ci ildə Xalq Ədliyyə Komissarlığının yeni əsasnaməsi təsdiq edilmiş, onun səlahiyyətləri xeyli məhdudlaşdırılmış, əsas fəaliyyət sahəsi məhkəmə və notariat orqanlarının işinin təşkili və onlara rəhbərlik etməkdən ibarət olmuşdur. 1959-cu ildə Ədliyyə Komissarlığı yenidən ləğv edilmiş, məhkəmə orqanlarının fəaliyyətinə rəhbərlik və nəzarət, məhkəmə statistikasının aparılması Ali Məhkəməyə həvalə edilmiş, digər səlahiyyətləri Nazirlər Soveti yanında hüquq komissiyası və ayrı-ayrı dövlət orqanları arasında bölüşdürülmüşdür.Ədliyyə sisteminin stabil funksiya və struktura malik olmaması onun inkişafına ciddi əngəllər törətmişdir. Ədliyyə Nazirliyinin yenidən və əsaslı surətdə yaradılması ümummilli lider Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi dövrə təsadüf edir. Belə ki, 27 oktyabr 1970-ci ildə Azərbaycan SSR Ali Sovetinin qərarı ilə Ədliyyə Nazirliyi təsis edilmiş, bununla da Azərbaycan ədliyyə tarixində yeni mərhələ başlanmışdır.Həmin dövrdən Ədliyyə Nazirliyi sabit fəaliyyət göstərərək Ali Məhkəmədən başqa bütün məhkəmə orqanlarına təşkilati rəhbərliyi və məhkəmə idarəçiliyini həyata keçirmiş, əhaliyə hüquqi yardımı, notariat fəaliyyəti və məhkəmə ekspertizasının aparılmasını, hüquqi biliklərin təbliğini təmin etmişdir.1972-ci ildə Ədliyyə Nazirliyinin əsasnaməsi təsdiq edildi, ədliyyə sisteminin yeniləşən fəaliyyətini tənzimləyən mühüm normativ sənədlər qəbul edildi, ən əsası isə ədliyyə işinin gələcək inkişafı üçün hərtərəfli zəmin yarandı.1991-ci ildə xalqımız dövlət müstəqilliyini bərpa etsə də bundan dərhal sonra onu itirmək təhlükəsi qarşısında qalmışdı. 1918-ci ildə yaranan Azərbaycan Xalq Cümhuriyyətinin ömrü cəmi 23 ay çəkdi, onun varisi olan müasir Azərbaycan Respublikasının ömrü isə daha qısa ola bilərdi.Həmin dövrdə hakimiyyət əldə etmiş naşı siyasətçilərin  xəyanətkar əməlləri və xalqa zidd siyasəti nəticəsində ictimai həyatın bütün sahələrində tənəzzül yaranmışdı. Ermənistanın hərbi təcavüzü və torpaqlarımızın işğalı davam edirdi, ölkə vətəndaş müharibəsi ilə üz-üzə qalmışdı. Belə ağır bir vəziyyətdə xalqın təkidli çağırışı ilə dahi öndər Heydər Əliyev Bakıya qayıtdı və dövlətçiliyimizin qorunmasını öz üzərinə götürdü. Ümummilli liderimizin həyata keçirdiyi xilaskarlıq missiyası nəticəsində milli dövlətçiliyimizin itirilməsi təhlükəsi aradan qaldırıldı, cəbhədə atəşkəsə nail olundu, ordu quruculuğuna başlanıldı, daxili sabitlik bərqərar edildi, ölkəni bürümüş hərtərəfli tənəzzülün qarşısı alındı.Azərbaycan üçün demokratik, hüquqi və dünyəvi dövlət quruculuğu yolunu seçmiş xalqımızın ümummilli lideri Heydər Əliyevin rəhbərliyi ilə ictimai həyatın bütün sahələrində köklü islahatlar həyata keçirildi. İslahatların ən geniş vüsət aldığı sahələrdən biri də hüquq sistemi oldu.Azərbaycan tarixinə Heydər Əliyev Konstitusiyası kimi daxil olmuş ilk milli Konstitusiyamızda demokratik quruluşun və hüquqi dövlətin möhkəm təməli qoyuldu. Ümummilli liderimizin bilavasitə sədrliyi ilə Hüquqi İslahat Komissiyası yaradıldı və qısa müddət ərzində keçmiş sovetlər birliyindən miras qalmış ölkənin hüquq sistemi demokratik prinsiplər əsasında tamamilə yenidən quruldu, hüquq sisteminin fəaliyyətini tənzimləyən bütün əsas qanunlar və məcəllələr beynəlxalq hüquq normalarının tələbləri nəzərə alınmaqla yenidən qəbul edildi.Həyata keçirilən islahatlar çərçivəsində ədliyyə işinin müasir tələblər səviyyəsinə qaldırılması üçün əsaslı tədbirlər görüldü, Ədliyyə Nazirliyinin üzərinə yeni mühüm vəzifələr qoyuldu. Ölkəmizdə insan haqlarının əsil müdafiəsinə xidmət edən müstəqil məhkəmə hakimiyyətinin formalaşmasına xüsusi diqqət yetirilərək, 2000-ci ildə ilk dəfə hakimlərin test üsulu ilə seçimi keçirildi, həmin ilin sentyabr ayından isə yeni 3 pilləli məhkəmə sistemi fəaliyyətə başladı. Görülmüş tədbirlər nəticəsində Azərbaycan ədliyyəsi beynəlxalq norma və prinsiplərə uyğun olan inkişaf yoluna qədəm qoydu, onun çoxşaxəli fəaliyyətinin tənzimlənməsi üçün 10-larla normativ sənədlər qəbul edildi.Ədliyyə işçilərində mənəvi stimul yaradılması və tarixi irsin qorunması məqsədilə ümummilli lider Heydər Əliyevin 11 noyabr 2000-ci il tarixli Sərəncamı ilə 1918-ci ildə Azərbaycan Demokratik Respublikası Ədliyyə Nazirliyinin Əsasnaməsinin təsdiq edildiyi gün - 22 noyabr ədliyyə işçilərinin peşə bayramı günü kimi müəyyən olundu.Ulu öndər Heydər Əliyevin hüquq siyasətini uğurla davam etdirən ölkə Prezidenti cənab ilham Əliyevin insan haqlarının etibarlı qorunması, hüquqi xidmətin yaxşılaşdırılması, ədalət mühakiməsinin səmərəliliyinin artırılması barədə tapşırıqlarının icrası üzrə görülmüş tədbirlər nəticəsində Azərbaycan ədliyyə sistemi öz inkişafının yeni, müasir mərhələsinə qədəm qoymuşdur.Ədliyyə fəaliyyətinin normativ hüquqi əsasları təkmilləşdirilmiş, 2006-cı ildə ölkə Prezidenti tərəfindən nazirliyin yeni Əsasnaməsi təsdiq olunaraq cəmiyyətdə mühüm rolu təsbit edilmiş, ona hüquq mühafizə orqanı statusu verilmişdir. Həmçinin, ölkə Prezidenti tərəfindən 2006-cı ildə "Ədliyyə orqanlarının inkişafı haqqında", Məhkəmə sisteminin fəaliyyətinin müasirləşdirilməsi barədə  proqram xarakterli fərmanların imzalanması, dövlət başçısının qanunvericilik təşəbbüsü əsasında "Ədliyyə orqanlarında qulluq keçmə haqqında", "Məhkəmə-Hüquq Şurası haqqında" qanunların qəbul olunması Azərbaycan ədliyyəsinin inkişafında yeni mərhələ olmuşdur.Ədliyyə sahəsində həyata keçirilən islahatlara uyğun olaraq nazirliyin strukturunda ciddi dəyişikliklər edilmiş, bir sıra qurumların funksiyaları dəqiqləşdirilmiş və statusları genişləndirilmiş, yerlərdə ədliyyə işinin təşkili, bu orqanların fəaliyyətinin əlaqələndirilməsi və onlara nəzarətin gücləndirilməsi məqsədilə regional ədliyyə şöbələri yaradılmışdır. Həmçinin, qeyd edilən sənədlərdən irəli gələn məsələlərin həlli ilə bağlı ədliyyə fəaliyyətinin ayrı-ayrı istiqamətləri üzrə çoxsaylı normativ aktlar qəbul edilmiş, nazirlik üzrə onlarla təşkilati xarakterli əmrlər verilmişdir.Bu gün ədliyyə sahəsində dövlət siyasətini və idarəetməni həyata keçirən Ədliyyə Nazirliyi qanunların və digər normativ hüquqi aktların layihələrini hazırlayır, qanunvericilik aktları layihələrinin hüquqi ekspertizasını keçirir, normativ hüquqi aktların uçotunu və qeydiyyatını aparır, əhalinin hüquqi maarifləndirilməsində iştirak edir, qeyri-kommersiya hüquqi şəxslərin dövlət qeydiyyatını və dövlət reyestrini, mətbu nəşrlərin reyestrini aparır, penitensiar sistemə, notariat orqanlarının və vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı orqanlarının fəaliyyətinə rəhbərlik edir, sənədlərin leqallaşdırılmasını, məhkəmələrin və digər orqanların qərarlarının icrasını, məhkəmələrin fəaliyyətinin təşkilati təminatını, məhkəmə statistikasının aparılmasını, bələdiyyələrə metodoloji yardım və inzibati nəzarəti, ölkə əhalisinin, habelə qüvvədən düşmüş sənədlərin dövlət reyestrinin aparılmasını, bütün növ qeyri-tibb  məhkəmə ekspertizalarının keçirilməsini təmin edir. Bundan başqa, nazirlik ədalət mühakiməsi əleyhinə olan və bəzi digər cinayətlərin istintaqının, qeyri-kommersiya hüquqi şəxsləri tərəfindən alınmış qrant müqavilələrinin (qərarların) uçotunun aparılmasını həyata keçirir, bununla bağlı mövcud qaydaların pozulmasına görə inzibati məsuliyyət məsələlərini həll edir.Həmçinin nazirlik Azərbaycan Respublikası adından xarici dövlətlərlə və beynəlxalq təşkilatlarla hüquqi yardım və əməkdaşlıq haqqında müqavilələrin bağlanmasını və onların icrasını, beynəlxalq sahədə hüquqi yardım göstərilməsini, o cümlədən cinayət törətmiş şəxslərin təslim edilməsi, məhkumların verilməsini təmin edir, digər funksiyaları həyata keçirir.Ədliyyə fəaliyyətinin əsas sahələrindən olan qanunvericiliyin təkmilləşdirilməsi üzrə iş daim diqqət mərkəzində saxlanılmış, son 5 ildə 10 minədək qanunvericilik aktlarının layihələri ekspertizadan keçirilmiş, ictimai həyatın müxtəlif sahələrini tənzimləyən 750-dək qanunvericilik layihələri hazırlanmışdır. Təkcə bu ilin 1-ci yarımili ərzində isə 1100-dək qanunvericilik aktlarının layihələrinə rəylər verilmiş, 100-dən çox mühüm layihələr hazırlanmışdır.Əhalinin hüquqi biliklərinin artırılması, qanunların mətni ilə onların birbaşa sərbəst və təmənnasız tanış olmaları məqsədilə Ədliyyə Nazirliyi tərəfindən milli qanunvericiliyin elektron məlumat bazası əks edilmiş "e-qanun.az" internet saytı yaradılmış, sayt daimi olaraq yeniləşdirilərək, dürüstlüyü təmin olunmuşdur. Həmçinin əhalinin qanunvericilik aktları və aktual hüquq məsələləri ilə geniş maarifləndirilməsi üçün nazirliyin, ayrıca internet saytı,  4 hüquq jurnalı və "Ədliyyə" qəzeti dərc edilir.Ədliyyə fəaliyyətinin ənənəvi sahələrindən olan notariat orqanlarının da cəmiyyətdə rolu artmış, notariat hərəkətlərinin ümumi sayı 2000-ci illə müqayisədə 3 yarım dəfə çoxalaraq 2 milyon 150 mini ötmüşdür. Ölkəmizin dünya birliyinə surətli inteqrasiyası nəticəsində xaricdə istifadə edilməsi üçün leqallaşdırılmış sənədlərin sayı 13 dəfə artmışdır. Bununla əlaqədar, insanlara daha əlverişli şərait yaratmaq və bu proseduru sadələşdirmək məqsədilə respublikamız 2004-cü ildə "Xarici rəsmi sənədlərin leqallaşdırılması tələbini ləğv edən Konvensiya"ya qoşularaq, dünyanın 90-a yaxın ölkəsi ilə münasibətlərdə apostilin verilməsi qaydasını artıq tətbiq edir.İqtisadi inkişafın geniş vüsət alması bu sahədə münasibətlərin hüquqi tənzimlənməsində mühüm rolu olan notariat xidmətinin təkmilləşdirilməsini şərtləndirmişdir. Bu orqanların zəruri peşə biliklərinə və mənəvi keyfiyyətlərə malik olan kadrlarla komplektləşdirilməsi diqqət mərkəzində saxlanılmış, beynəlxalq səviyyəli mütəxəssislər cəlb edilməklə mütəmadi tədris tədbirləri keçirilmiş, həmçinin qabaqcıl təcrübənin öyrənilməsi və tətbiq olunması üçün digər ölkələrin notariat orqanları və beynəlxalq təşkilatlarla əlaqələr yaradılmışdır.Eyni zamanda, xüsusi notarius institutu ölkədə təsbit olunaraq, onun tətbiqi məqsədilə qabaqcıl təcrübənin öyrənilməsi üçün 80-ə yaxın dövlətin notariat orqanlarını birləşdirən nüfuzlu Beynəlxalq Notariat İttifaqı ilə işgüzar əlaqələr qurulmuş, birgə faydalı tədbirlər keçirilmişdir.Bununla yanaşı işinə məsuliyyətsiz yanaşan, fəaliyyətində ciddi nöqsanlara yol verən, əhaliyə lazımi səviyyədə hüquqi xidmət göstərə bilməyən bir sıra notariuslar vəzifədən azad edilmiş, bu orqanların hazırlıqlı mütəxəssislərlə komplektləşdirilməsi üzrə tədbirlər görülmüş, işə qəbul şəffaf prosedurlarla, test üsulu ilə imtahan yolu ilə həyata keçirilməyə başlanmışdır. Bu yaxınlarda keçirilmiş müsabiqənin birinci mərhələsi üzrə 120 nəfər müvəffəqiyyət qazanmışdır.Notariat orqanları tərəfindən əhaliyə göstərilən xidmətin səviyyəsinin yüksəldilməsi və müasir tələblərə uyğun qurulması məqsədilə yeni iş metodlarının, elm və texnikanın müasir nailiyyətlərinin tətbiqinə xüsusi diqqət yetirilmiş, "Elektron notariat" Avtomatlaşdırılmış Qeydiyyat informasiya Sistemi yaradılmış, Bakı, Gəncə, Sumqayıt şəhərlərinin və digər rayonların dövlət notariat kontorları vahid elektron şəbəkədə birləşdirilmişdir. Sistemin təkmilləşdirilməsi nəticəsində fiziki və hüquqi şəxslərin notariat hərəkətlərinin rəsmiləşdirilməsi ilə əlaqədar müxtəlif qurumlara əlavə müraciət etmək zərurəti aradan qalxacaqdır.Həmçinin, həyata keçirilən tədbirlər çərçivəsində Dövlət notariat arxivi yaradılmış, əhalinin rahatlığı üçün xaricdə istifadə edilən sənədlərin bölgələrdə də rəsmiləşdirilməsi təşkil edilmiş, müraciətlərin "qaynar xətt" vasitəsilə qəbulu təmin olunmuş, digər tədbirlər görülmüşdür.2000-ci ildə yeni ailə məcəlləsi qüvvəyə mindikdən sonra vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatının təkmilləşdirilməsi məqsədilə əsaslı islahatlar həyata keçirilmiş, əhalinin rahatlığının təmin edilməsi və daha münasib şəraitin yaradılması üçün bu sahədə bəzi səlahiyyətlər yerli icra hakimiyyəti nümayəndəliklərinə də verilmiş, qeydiyyatın rəsmiləşdirilməsi əhəmiyyətinin təbliği ilə bağlı müxtəlif plakatlar, nəşrlər, lövhələr hazırlanmış, nikahın təntənəli qeydiyyatı təşkil edilmişdir.Əhalinin rifahının yaxşılaşması, yoxsulluğun azaldılmasına yönəlmiş dövlət siyasətinin müsbət nəticəsi olaraq 2001-ci illə müqayisədə nikahın qeydiyyatının sayı 2 dəfəyədək, qeydə alınmış doğumların sayı 37% artmışdır.Vətəndaş cəmiyyəti institutlarının möhkəmlənməsi nəticəsində isə 2001-ci illə müqayisədə qeydiyyata alınmış qeyri-kommersiya hüquqi şəxslərinin sayı təxminən 12 dəfə, uçota götürülmüş mətbu nəşrlərin sayı 60%-dən çox artmışdır. Hazırda 2400-dən artıq qeyri-hökumət təşkilatı dövlət qeydiyyatına alınmış, 3800-ə qədər mətbu nəşr uçota götürülmüşdür.Hüquqi xidmətin səviyyəsinin artırılması məqsədilə ölkəmizdə ilk dəfə müasir informasiya və kommunikasiya texnologiyaları tətbiq edilməklə qeydiyyat orqanları vahid şəbəkədə birləşdirilmiş, "Vətəndaşlıq vəziyyəti aktları" Avtomatlaşdırılmış Qeydiyyat informasiya Sistemi yaradılmışdır. Beynəlxalq təcrübədə yalnız bir neçə inkişaf etmiş dövlətlərdə rast gəlinən bu informasiya sistemi vasitəsilə keçən əsrin əvvəllərindən, müxtəlif orqanlarda parakəndə şəkildə olan vətəndaşlıq vəziyyəti barədə məlumatların mərkəzləşdirilmiş qaydada toplanması, təzələnməsi və etibarlı qorunması mümkün olacaqdır.Ədalət mühakiməsinin səmərəliliyinin artırılmasında məhkəmə qərarlarının vaxtında və düzgün icrası xüsusi əhəmiyyət kəsb edir. Qeyd olunmalıdır ki, bu sahədə də nazirliyin iş həcmi ilbəil artmışdır. Əgər 2001-ci ildə 44350 iş icra edilmişdirsə, 2007-ci ildə bu rəqəm təxminən 2 dəfə çoxalmışdır. Məhkəmə qərarlarının icrasının yaxşılaşdırılması üzrə kompleks tədbirlər öz bəhrəsini vermiş, başa çatmamış, mürəkkəb icra işlərinin böyük əksəriyyətinin icrası təmin olunmuş, nəticədə, başa çatdırılmış icra işlərinin sayı 2008-ci ilin birinci yarımilində ötən ilin müvafiq dövrü ilə müqayisədə 2 dəfədən çox artmışdır.Həmçinin, bu ilin 10 ayı ərzində daxil olmuş icra işlərinin 87%-i tam təmin olunmuş, fiziki və hüquqi şəxslərə 9 milyon manatdan artıq pul vəsaiti ödətdirilmişdir. Heç də təsadüfi deyildir ki, məhkəmə qərarlarının icrası ilə bağlı vətəndaşlardan nazirliyə daxil olan müraciətlərin sayı son illər mütəmadi azalmış, qəbula gələn şikayətçilərin sayı isə 2007-ci ildə ötən illə müqayisədə 2 dəfə azalmışdır.Bu sahədə fəaliyyətin müasir tələblər səviyyəsində qurulması, icra edilməmiş işlər üzrə dərhal müvafiq tədbirlərin görülməsi məqsədilə məhkəmə qərarlarının icrası ilə bağlı mərkəzləşdirilmiş məlumat-informasiya bankının yaradılması və məhkəmə icraçıları qurumlarının həmin sistemə qoşulması nəzərdə tutulmuşdur.2000-ci ildə ədalət mühakiməsi əleyhinə olan və bəzi digər cinayətlərin istintaqının Ədliyyə Nazirliyinə həvalə edilməsi ilə əlaqədar nazirlikdə istintaq idarəsi yaradılmışdır. İdarədə 2001-ci ildə 40 cinayət işinin istintaqı aparılmışdırsa, 2007-ci ildə bu rəqəm 3 dəfədən çox artmış, 2008-ci ilin 10 ayı ərzində isə 124 olmuşdur. Görülmüş tədbirlər nəticəsində məhz istintaq zamanı bir çox şəxslərin hüquqları təmin edilmiş, habelə onlara vurulmuş ziyanın yarıdan çoxu ödənilmişdir.Son 5 ildə nazirliyə mülki, ticarət, ailə və cinayət işlərinə dair hüquqi yardımla bağlı 16 mindən çox beynəlxalq sənəd və sorğu daxil olmuş və onların icrası üçün müvafiq tədbirlər görülmüşdür. Ədliyyə Nazirliyi tərəfindən öz növbəsində, müxtəlif məsələlər üzrə, o cümlədən Azərbaycan vətəndaşlarının əmlak və şəxsi qeyri-əmlak hüquqlarının qorunması, hüquqi xidmətin göstərilməsi və s. məsələlərlə bağlı 29 mindən çox sorğu və digər sənədlər göndərilmiş, hüquqi sahədə əməkdaşlığın genişləndirilməsi üçün səmərəli danışıqlar aparılmışdır.Cəzasının qalan hissəsinin çəkilməsi üçün son illər ərzində ölkəmizə 150-dən çox məhkum qəbul edilmiş, 80-dək məhkum  müxtəlif dövlətlərə təhvil verilmiş, 3 minədək beynəlxalq sənəd layihəsinin hüquqi ekspertizası keçirilmişdir.Hüquqi sahədə əlaqələrin sürətlə genişlənməsi faydalı beynəlxalq əməkdaşlıq və təcrübə mübadiləsi üçün real imkanlar yaratmışdır.Təkcə son illər ərzində Ədliyyə Nazirliyi tərəfindən Türkiyə, Rusiya, İran, Litva, Niderland, İtaliya, Çin, Avstriya, İordaniya, Bolqarıstan, Gürcüstan və digər ölkələrin ədliyyə nazirlikləri ilə geniş əlaqələr yaradılmış, əməkdaşlığa dair sazişlər bağlanmış, dövlətlərarası müqavilələrin imzalanması təşviq edilmiş, həmçinin nazirlik Azərbaycan dövlətinin qoşulduğu 13 Beynəlxalq Konvensiya üzrə əlaqələndirici orqan qismində müəyyən edilmişdir.Beynəlxalq hüquq əməkdaşlığının inkişafı məqsədilə müxtəlif dövlətlərin səlahiyyətli nümayəndələri, nüfuzlu beynəlxalq təşkilatların təmsilçiləri ilə təkcə 2008-ci ilin 10 ayı ərzində 40-dək görüş keçirilmiş, əməkdaşlığa dair konkret məsələlər müzakirə edilmişdir.Nüfuzlu beynəlxalq hüquq təsisatları ilə əməkdaşlıq da xüsusi əhəmiyyət kəsb edir. Ümumbəşəri sosial bəla olan korrupsiya ilə mübarizədə beynəlxalq əməkdaşlığın möhkəmləndirilməsi məqsədilə ölkəmiz 2006-cı ildə Çin hökümətinin təşəbbüsü və BMT-nin dəstəyi ilə yaradılmış Beynəlxalq Antikorrupsiya Orqanları Assosiasiyasının təşkilatçılarından biri olmuşdur. Dünyanın 140 ölkəsini əhatə edən Təşkilatda Azərbaycan xüsusi fəallığı ilə fərqlənmiş və ölkəmizin ədliyyə naziri  Assosiasiyanın vitse-prezidenti seçilmişdir.Azərbaycanın beynəlxalq nüfuzunun artmasının və müsbət imicinin möhkəmlənməsinin nəticəsi olaraq bu qurumun İcraiyyə Komitəsinin iclası cari ilin mart ayında Bakıda keçirilmişdir. Tədbirdə dünyanın bir çox ölkələrinin antikorrupsiya qurumlarının və  prokurorluq orqanlarının rəhbərləri, digər rəsmi şəxslər və nüfuzlu ekspertlər iştirak etmiş, onların Azərbaycana səfəri nəzərə alınaraq, təcrübə mübadiləsinə həsr olunmuş Beynəlxalq Konfrans keçirilmiş, bu sahədə Azərbaycanda görülən genişmiqyaslı işlər Konfransda yüksək dəyərləndirilmişdir.Ölkəmizin sıx əlaqələr qurduğu nüfuzlu beynəlxalq hüquq təsisatlarından biri də Beynəlxalq Prokurorlar Assosiasiyasıdır. Bu təşkilatın rəhbər orqanı olan İcraiyyə Komitəsində region dövlətlərindən yalnız Azərbaycan təmsil olunmuşdur. Həmçinin, Avropa Ümumi Hüquq Mərkəzinin rəhbərliyində, Avropa Ədliyyə Nazirlərinin Forumunda və digər beynəlxalq tədbirlərdə Azərbaycanın yüksək səviyyədə təmsil olunması digər dövlətlərin hüquq mühafizə orqanları ilə səmərəli əməkdaşlıq münasibətlərinin qurulmasına şərait yaratmaqla, beynəlxalq hüquqi yardım göstərilməsində imkanlarımızı genişləndirmişdir. Qeyd olunmalıdır ki, beynəlxalq hüquq əməkdaşlığı üzrə keçirilən tədbirlər zamanı ölkəmizin bütün sahələrdə əldə etdiyi böyük uğurlar barədə məlumatlar verilir, 1 milyondan çox məcburi köçkün və qaçqın düşmüş soydaşlarımızın haqlarının beynəlxalq müdafiəsinin zəruriliyi, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi və onun ədalətli həlli ilə bağlı dövlətimizin prinsipial və haqlı mövqeyi iştirakçıların diqqətinə çatdırılır.İnsan haqlarının etibarlı qorunmasına xüsusi ehtiyac duyulan sahələrdən biri olan penitensiar xidmətdə ölkə başçısının tapşırıqlarına uyğun olaraq nizam-intizamın və qanunçuluğun möhkəmləndirilməsi, məhkumların hüquqlarının, şəffaflığın təmin edilməsi, penitensiar sistemin müasir infrastrukturunun yaradılması üzrə ardıcıl tədbirlər həyata keçirilmişdir. Məhkumların qidalanması, digər təminatları köklü surətdə yaxşılaşdırılmış və buna gündəlik nəzarət təşkil olunmuşdur. Cəzaçəkmə müəssisələrində mütəmadi axtarış-baxış tədbirləri keçirilir, qadağan olunmuş əşyalar aşkar edilib götürülür, islah işinin səmərəsi artırılır. Eyni zamanda, son illər ərzində fəaliyyətində kobud qanun pozuntularına yol verən penitensiar xidmətin 300-dən artıq işçisi intizam qaydasında cəzalandırılmışdır. Bir çox nöqsanlar kadrların düzgün seçilib yerləşdirilməməsi ilə bağlı olduğundan bu sahədə işin sağlam meyarlarla yenidən qurulması, penitensiar sistemin hazırlıqlı və zəruri mənəvi keyfiyyətlərə malik mütəxəssislərlə komplektləşdirilməsi məqsədilə işə qəbul ictimaiyyətin iştirakı ilə, açıq müsabiqə yolu ilə aparılmış və xidmət təcrübəli və peşəkar işçilərlə möhkəmləndirilmiş, əməkdaşların maddi-sosial təminatı yaxşılaşdırılmışdır.Məhkumların islah olunmasında ictimaiyyətin iştirakı və cəzaların icrasına ictimai nəzarətin təmin olunması məqsədilə xüsusi Qaydalar hazırlanaraq qəbul olunmuş, qeyri-hökumət hüquq müdafiə təşkilatlarının nümayəndələrindən və tanınmış hüquq müdafiəçilərindən ibarət İctimai Komitə formalaşdırılmış və səmərəli fəaliyyət göstərmişdir. İctimai Komitə və beynəlxalq təşkilatlar hesabatlarında məhkumların saxlanma şəraitinin və islah işinin son dövrlər qat-qat yaxşılaşmasını qeyd edir, habelə fəaliyyətin daha da təkmilləşdirilməsi üzrə onların verdikləri tövsiyələrin icrası üzrə dərhal zəruri tədbirlər görülür.Məhkumların saxlanma şəraitinin beynəlxalq standartlara uyğunlaşdırılması və onların yaşayış yerlərinə yaxın ərazilərdə cəza çəkməsini təmin etmək məqsədilə regionlarda penitensiar müəssisələrin inşası təşviq edilir. Bununla əlaqədar Naxçıvan MR-də müasir tələblərə cavab verən qarışıq rejimli penitensiar kompleks tikilərək bu il istifadəyə verilmişdir. Lənkəran və Şəkidə bu cür penitensiar komplekslərinin, Bakıda yeni istintaq təcridxanasının intensiv tikintisi aparılır, penitensiar müəssisələrin əksəriyyətində əsaslı təmir və abadlıq işləri görülür. İslah işinin səmərəliliyinin artırılması məqsədilə saxlanma rejiminin də yüngülləşdirilməsinə ehtiyac duyulmuşdur. Bununla əlaqədar cəzaların beynəlxalq norma və prinsiplərə uyğun humanistləşdirilməsini daim diqqət mərkəzində saxlayan dövlət başçısının təşəbbüsü ilə cari ildə cəza-icra qanunvericiliyinə əlavə və dəyişikliklər edilmiş, məhkumların yazışmalarında senzura məhdudlaşdırılmış, xərcləmək üçün vəsait, görüş və telefon danışıqlarının sayı artırılmış, həvəsləndirmə tədbirlərinin dairəsi genişləndirilmiş, ömürlük azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxslər üçün əlavə güzəştlər müəyyən edilmişdir. Burada diqqətçəkici məqamlardan biri məhkum barəsində tətbiq olunan tənbeh tədbiri haqqında qərarla sonuncunun tanış olması və ondan yuxarı orqanlara və məhkəmələrə şikayət etmək hüququnun təsbit olunmasıdır. Həmçinin, ötən il penitensiar müəssisələrdə qadağan olunmuş əşyaların dövriyyəsinə görə cinayət məsuliyyəti müəyyən edən qanunun qəbul olunması rejimə və intizama riayət edilməsinə əlavə təkan olmuşdur.Qeyd olunan cinayətlərlə bağlı ibtidai istintaq aparılmasının Ədliyyə Nazirliyinə həvalə olunması ilə əlaqədar nazirlik tərəfindən 70 cinayət işi başlanmış, həmçinin yeni qanunvericiliyin izahına xüsusi diqqət yetirilmiş və nəticədə qadağan olunmuş əşyaların, könüllü təhvil verilməsi müşayiət olunmuşdur.Ədliyyə Nazirliyinin tibb xidmətində də köklü islahatlar aparılmış, xidmətin maddi-texniki bazası möhkəmləndirilmiş, vərəmli məhkumlar üçün inşa olunmuş yeni müalicə korpusu istifadəyə verilmiş, cəzaçəkmə müəssisələrində müasir diaqnostika və müalicə xidmətlərinin tətbiqinə başlanılmışdır. Təsadüfi deyildir ki, penitensiar sistemdə aparılan əsaslı islahatlar və vərəmə qarşı həyata keçirilən kompleks tədbirlər nəticəsində 1995-ci illə müqayisədə 2007-ci ildə məhbuslar arasında vərəm xəstəliyindən baş vermiş ölüm hallarının sayı 20 dəfəyədək azalmışdır. Həmçinin, ölkəmizdə ulu öndər Heydər Əliyevin müəyyən etdiyi humanizm və insanpərvərlik ənənələrinə möhtərəm Prezidentimiz tərəfindən daim sadiqlik nümayiş etdirilərək təkcə son illər ərzində 1767 şəxs barəsində 13 əfv fərmanı imzalanmış, qəbul edilmiş amnistiya aktı 10 minə yaxın şəxsə şamil olunmuşdur.Cəmiyyətimizdə ən yeni təsisatlardan biri - yerli demokratiya və özünüidarə orqanı olan bələdiyyələrə metodiki yardımın göstərilməsi, onların fəaliyyətinə inzibati nəzarətin həyata keçirilməsi Ədliyyə Nazirliyinin üzərinə düşür.Səmərəli inzibati nəzarətin təmin edilməsi üzrə görülmüş tədbirlər nəticəsində əgər 2004-cü ildə nazirliyə daxil olmuş bələdiyyə aktlarının sayı 2400-dək olmuşdursa, 2007-ci ildə bu rəqəm 7 dəfə çox artmış, bu ilin 10 ayı ərzində isə 12600-ə çatmışdır.Cari ildə bələdiyyələrin fəaliyyətinə inzibati nəzarət həyata keçirilərkən 15 bələdiyyədə aşkar edilmiş ciddi qanun pozuntuları barədə materiallar prokurorluq orqanlarına göndərilmiş və cinayət işləri başlanılmışdır. 420-dən çox bələdiyyə sədri barəsində inzibati xəta haqqında protokol tərtib edilərək məhkəmələrə göndərilmiş, 410 qanunsuz bələdiyyə aktı nazirliyin bələdiyyələrlə iş mərkəzinin təklifləri əsasında ləğv edilmiş, qanunazidd bələdiyyə qərarlarının ləğv edilməsi barədə məhkəmələrdə 138 iddia qaldırılmışdır.Eyni zamanda, son 3 il ərzində 10 min hektaradək torpaq sahəsinin qanunsuz olaraq mülkiyyətə, icarəyə və istifadəyə verilməsi barədə bələdiyyə aktları ləğv edilmiş və həmin torpaq sahələri bələdiyyə mülkiyyətinə qaytarılmışdır.Bələdiyyələrin fəaliyyətinin əlaqələndirilməsi və mütəşəkkəlliyinin təmin edilməsi məqsədilə ölkəmizdə şəhər, qəsəbə və kənd bələdiyyələrinin milli assosiasiyaları, həmçinin, bu assosiasiyaların fəaliyyətini Əlaqələndirmə Şurası yaradılmış, nazirlik tərəfindən bələdiyyələrin problemlərinin birgə müzakirəsi, fəaliyyətin səmərəliliyinin artırılması üzrə mütəmadi tədbirlər keçirilmiş, zəruri metodiki yardım göstərilmişdir.Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin fəaliyyəti də mühüm əhəmiyyətə malikdir. Hələ 2001-ci ildə ümummilli liderimiz Heydər Əliyevin fərmanı ilə məhkəmə tibb ekspertizasından başqa bütün növ ekspertizaların aparılması Ədliyyə Nazirliyinə həvalə olunmuşdur.Ölkə Prezidenti cənab İlham Əliyevin ədliyyə orqanlarının inkişafı barədə fərmanı bu sahənin də inkişafında əlavə təkan olmuş, Mərkəzin maddi-texniki bazası xeyli möhkəmlənmiş, ekspertizaların keyfiyyətinin yüksəldilməsi, cinayətkarlıqla mübarizənin səmərəliliyinin artırılması məqsədilə dünyanın aparıcı şirkətlərinin istehsal etdikləri və nadir ölkələrdə təsadüf olunan müasir kriminalistik avadanlıqlar alınmış, yeni elmi-tədqiqat laboratoriyaları təşkil edilmişdir.Bu sahədə ölkəmizdə yeganə təsisat olan və mükəmməl elektron sistemə malik olan Məhkəmə Ekspertizası Mərkəzində artıq əl-barmaq və ovuc izlərini çox dəqiq müayinə etmək, 185 ölkənin pasport nümunələrini, ən müxtəlif qida məhsullarını, narkotik vasitələri, hətta mənşəyi naməlum olan maddələri qısa vaxt ərzində tədqiq etmək mümkündür.Ədliyyə orqanlarını zəruri peşəkarlığa, sağlam mənəviyyata, yüksək hazırlığa malik işçilərlə möhkəmləndirmək və eyni zamanda, ədliyyə işçisinin adına və nüfuzuna xələl gətirən şəxslərdən təmizləmək, əməkdaşların peşəkarlığını artırmaq, zəruri kadr ehtiyatı formalaşdırmaq üzrə məqsədyönlü tədbirlər görülür.İşə qəbulun şəffaf üsullarla həyata keçirilməsi məqsədilə 2004-cü ildən nazirliyin müxtəlif qurumlarına işə qəbul açıq müsabiqə əsasında keçirilməyə başlanmış və yaranmış müsbət təcrübə əsas götürülməklə ölkə başçısının 13 dekabr 2007-ci il tarixli Fərmanı ilə işə qəbulun yeni qaydaları müəyyən olunmuşdur. Hazırlıqlı hüquqşünaslar müsabiqədən keçərək artıq ədliyyə orqanlarına qulluğa qəbul edilmişlər və uğurlu fəaliyyət göstərirlər.Bu sahədə görülən tədbirlər sırasında ölkə Prezidentinin fərmanı ilə ədliyyə sahəsində çalışan çoxminli kollektivin və digər hüquqşünas kadrların tədrisinə xidmət edəcək yüksək statuslu tədris ocağının - Ədliyyə Akademiyasının təsis olunması xüsusi qeyd olunmalıdır.Azərbaycanda demokratiyanın inkişafı, yeni iqtisadi münasibətlərin formalaşması və ölkəmizin Avropa ailəsinə daha sıx inteqrasiyası ədalət mühakiməsinin səmərəliliyinin artırılması və məhkəmə sisteminin beynəlxalq norma və prinsiplərə uyğun daha da təkmilləşdirilməsini şərtləndirmişdir. Həmçinin, dövlət başçısı cənab İlham Əliyevin ədalət mühakiməsinin səmərəliliyinin artırılması üzrə tapşırıqlarının icrası məqsədilə son illər ərzində Azərbaycanda məhkəmə sisteminin islahatı ilə bağlı kompleks tədbirlər həyata keçirilmişdir.2004-cü ildən etibarən məhkəmə fəaliyyətini tənzimləyən qanunvericilik bazası Avropa Şurası ekspertləri ilə birgə ətraflı tədqiq edilmiş və onun daha da təkmilləşdirilərək Avropa standartlarına tam uyğunlaşdırılması işinə başlanılmış, nüfuzlu beynəlxalq ekspertlərlə birgə müvafiq layihələr hazırlanaraq Avropa Şurasında ekspertizadan keçirilmişdir.Görülmüş tədbirlər nəticəsində "Məhkəmələr və hakimlər haqqında" Qanun əsaslı şəkildə yeniləşdirilmiş, "Məhkəmə-Hüquq Şurası haqqında" yeni Qanun, Hakimlərin Seçki Komitəsi haqqında Əsasnamə, Hakim vəzifələrinə namizədlərin seçimi Qaydaları, habelə ədalət mühakiməsinin səmərəliliyinə xidmət edən sair mühüm aktlar qəbul olunmuşdur. Yeni təsisatlar - məhkəmə hakimiyyətinin özünüidarə orqanı olan Məhkəmə-Hüquq Şurası, hakimlərin seçilməsi prosesinin təşkili ilə bağlı müstəqil qurum olan Hakimlərin Seçki Komitəsi yaradılmış, ilk dəfə olaraq hakimlərin müddətsiz təyinatı, onların fəaliyyətlərinin qiymətləndirilməsi qaydası təsbit olunmuş, hakimlərin intizam məsuliyyətinə cəlb edilməsi prosedurları təkmilləşdirilərək beynəlxalq normalara uyğunlaşdırılmışdır. İslahatlar nəticəsində həmçinin, hakimlərin müstəqilliyinin real təmin edilməsi, korrupsiya hallarının qarşısının alınması məqsədilə bir çox əlavə tədbirlər görülmüş, hakimlərin maddi və sosial təminatı xeyli yaxşılaşdırılmışdır.Azərbaycan Respublikası Prezidentinin məhkəmə sisteminin müasirləşdirilməsi barədə 19 yanvar 2006-cı il tarixli fərmanı isə məhkəmə fəaliyyətinin təkmilləşdirilməsində yeni mərhələ olmuş, Fərmana əsasən vətəndaşların məhkəmələrə müraciət imkanlarının asanlaşdırılması, habelə regionlarda hüquq institutlarının inkişafı məqsədilə yeni məhkəmələr, o cümlədən ölkənin bütün bölgələrində apellyasiya məhkəmələri təşkil edilmişdir.Bu məhkəmələrin tezliklə fəaliyyətə başlaması məqsədilə gərgin iş aparılmış, onların yeni binaları tikilənədək müvəqqəti yerləşdirilmələri üçün binalar ayrılaraq məhkəmə fəaliyyətinə uyğunlaşdırılmışdır. Regional apellyasiya məhkəmələri təcrübəli hakimlər hesabına komplektləşdirilərək ötən ilin iyul ayından fəaliyyətə başlamışlar.Bu gün məhkəmələrdə baxılan işlərin sayı 2000-ci illə müqayisədə 2-3 dəfə çoxalmışdır. Bununla əlaqədar Məhkəmə-Hüquq Şurasının təklifi ilə hakimlərin sayı 50%, müvafiq olaraq məhkəmə aparatı işçilərinin sayı isə 60 %-dək artırılmış, o cümlədən bütün hakimlər üçün əlavə köməkçi ştatı ayrılmışdır.Məhkəmə hakimiyyətinin nüfuzlu və müstəqil təsisat kimi təşəkkül tapması bu hakimiyyəti realizə edən hakimlərdən çox dərəcədə asılıdır. Bununla əlaqədar məhkəmə sisteminin fəaliyyətinin təkmilləşdirilməsi üzrə həyata keçirilən kompleks tədbirlər çərçivəsində vətəndaşların haqlı narazılığına səbəb olan qanun pozuntuları və neqativ hallara yol verən hakimlərin məhkəmə sistemindən kənarlaşdırılması, məhkəmə hakimiyyətinin hazırlıqlı və mənəvi cəhətdən saf hakimlərlə komplektləşdirilməsi üzrə ardıcıl tədbirlər görülmüşdür. Ötən il hakim korpusunun fəaliyyətinin prinsipial qiymətləndirilməsi nəticəsində 32 hakimin səlahiyyətlərinə xitam verilmiş, bütün məhkəmələrin hakimlərinin tərkibi tam təzələnmiş, habelə son iki il ərzində 50-dək hakim barədə intizam icraatı başlanılmış, o cümlədən korrupsiya hüquqpozmalarına yol verdiklərinə görə 3 nəfərinin səlahiyyətlərinə vaxtından əvvəl xitam verilmiş, 6 nəfər isə aşağı işə keçirilmiş və ya iş yeri dəyişdirilmişdir.Məhkəmə sisteminin mənəvi cəhətdən saf və hazırlıqlı hakimlər hesabına komplektləşdirilməsi məqsədilə Məhkəmə-Hüquq Şurası tərəfindən hakimliyə namizədlərin seçilməsinin Avropada ən mütərəqqi və şəffaf qaydaları müəyyən edilmiş, 1800-dək namizədlə aparılmış çoxmərhələli seçim prosedurları nəticəsində müvəffəqiyyət qazanmış 55 nəfər ötən il, 102 nəfər hakimliyə namizəd isə bu il hakim vəzifələrinə təyin edilmişlər.Qeyd etmək lazımdır ki, hakimlərin seçilməsi ilə bağlı yeni qaydalara uyğun olaraq ölkəmizin tarixində ilk dəfə bütün hakimliyə namizədlər üçün imtahanların hamısı vahid zalda təşkil olunmuş, imtahanların bütün mərhələləri şəffaf üsullarla, namizədlərin qarşısında həyata keçirilmişdir. Xarici müşahidəçilər bu cür prosesin ölkələrində yalnız arzu olunduğunu bildirmişlər.Ümumiyyətlə, hakim ştatlarının artırılması və hakimlərin yeni qaydalarla seçilib təyin edilməsi nəticəsində Ali Məhkəmə hakimlərinin ştat sayı 23-dən 38-ə, apellyasiya instansiyası məhkəmələri hakimlərinin ştat sayı isə 2 dəfədən çox artırılaraq 49-dan 106-ya çatdırılmışdır. Bakı şəhərinin rayon məhkəmələrində 45 hakim fəaliyyət göstərmişdirsə, bu rəqəm bu gün iki dəfə çoxalaraq 88 təşkil etmiş, habelə respublikanın digər rayon, şəhər məhkəmələri hakimlərinin sayı xeyli artmışdır.Bu isə öz növbəsində hakimlərin iş yükünün azalmasına, nəticə etibarilə, işlərə daha keyfiyyətli baxılmasına, yol verilən süründürməçilik və digər pozuntuların aradan qaldırılmasına səbəb olmuşdur. Hazırda bütün birinci instansiya məhkəmələri hakimlərlə demək olar ki, tam komplektləşdirilmişdir və bu hakimlərin yarıdan çoxu yeni, Avropada ən mütərəqqi və şəffaf qaydalarla seçilib təyin edilmiş şəxslərdir. Onların fəaliyyəti ilə bağlı ictimaiyyətin müsbət rəyi bizi olduqca sevindirir.Hakimlərin tədrisinin əhəmiyyəti nəzərə alınaraq ötən il Məhkəmə-Hüquq Şurasının nəzdində yüksək məhkəmə hakimlərindən ibarət tədris sektoru yaradılmış, bu iş beynəlxalq standartlar səviyyəsində yenidən qurulmuşdur. Təkcə bu ilin 10 ayı ərzində sektor tərəfindən 140 nəfər davamlı tədris kurslarına cəlb edilmiş, tədris prosesinə nüfuzlu xarici mütəxəssislər cəlb olunmuş, regionlarda keçirilmiş ayrı-ayrı tədris tədbirləri isə bütün hakim korpusunu əhatə etmişdir. Görülmüş tədbirlər hakimlərin peşə hazırlığının artırılmasına, onların insan hüquqları ilə bağlı beynəlxalq dəyərlərə yiyələnmələrinə imkan yaratmışdır.İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedent hüququnun öyrənilməsi və tətbiqinin müstəsna əhəmiyyəti nəzərə alınaraq, bu sahədə tanınmış beynəlxalq mütəxəssislərin iştirakı ilə silsilə tədris tədbirləri, konvensiyanın tətbiqi problemləri ilə bağlı Ali Məhkəmədə, regionlarda geniş seminarlar, hakimlər və hakimliyə namizədlər üçün Avropa Şurası ilə əməkdaşlıq çərçivəsində ayrıca təlimlər keçirilir, məhkəmənin qərarlarının yayılması təşkil olunur.Həmçinin, Avropa Məhkəməsinin hakimləri ilə bilavasitə görüşlərin səmərəsi nəzərə alınaraq son iki ildə dəvətimizə əsasən məhkəmənin 5 hakimi, o cümlədən məhkəmənin sədri cənab Jan-Pol Kosta hakimlər qarşısında mühazirələrlə çıxışlar etmiş, səmərəli fikir mübadiləsi aparılmışdır. Qarşıda duran ən mühüm məsələlərdən biri məhkəmə infrastrukturunun əsaslı şəkildə müasirləşdirilməsi, məhkəmə fəaliyyətində yeni texnologiyaların imkanlarından geniş istifadənin təmin olunmasıdır.Məhkəmə proseslərinin keyfiyyətli aparılması və hakimlərin iş şəraitinin yaxşılaşdırılması məqsədilə, ötən illər ərzində 10-larla yeni məhkəmə binaları istifadəyə verilmişdir. Dünya Bankı ilə həyata keçirilən "Ədliyyə sektorunun müasirləşdirilməsi" Layihəsi çərçivəsində gələn il çoxsaylı yeni müasir tələblərə uyğun, o cümlədən Bakı şəhərinin əksər rayon məhkəməsi üçün binalarının inşası, habelə dövlət başçısının tapşırığı ilə inşa edilən Ali Məhkəmənin yüksək statusuna uyğun olan yeni binasının istifadəyə verilməsi, bütün apellyasiya məhkəmələri üçün yeni binaların tikilməsinə başlanılması nəzərdə tutulur.Məhkəmə fəaliyyətinin təkmilləşdirilməsi üzrə qısa müddət ərzində görülmüş tədbirlər, o cümlədən fəaliyyəti mənfi qiymətləndirilən hakimlərin səlahiyyətlərinə xitam verilməsi, hakimlərin iş yükünün xeyli azaldılması, yüksək hazırlıqlı hakimliyə namizədlərin seçilərək hakim təyin edilməsi, məhkəmə infrastrukturunun yaxşılaşması, ötən il hakimlərin Etik Davranış Kodeksinin qəbul olunması, məhkəmələrdə kargüzarlığın aparılmasının yeni, mütərəqqi qaydasının cari ildən tətbiqinə başlanılması ədalət mühakiməsinin səmərəliliyinə müsbət və əsaslı təsir göstərmiş, ictimaiyyətdə məhkəmələrə inamı yüksəltmişdir.Azərbaycan ədliyyəsinin inkişafı möhtərəm Prezidentimiz cənab İlham Əliyevin təşəbbüsü və rəhbərliyi ilə həyata keçirilən mütərəqqi islahatların real təzahürü olmaqla, ölkəmizin hərtərəfli tərəqqisinin məntiqi davamıdır.Bu gün qürur hissi ilə deyə bilərik ki, Azərbaycanda gedən dinamik iqtisadi inkişaf, genişmiqyaslı quruculuq işləri, uğurlu xarici siyasət respublikamızı regionun lider dövlətinə çevirmiş, ölkənin iqtisadi potensialı dəfələrlə yüksəlmiş, Azərbaycan dünyada analoqu olmayan inkişaf sürətinə nail olmuşdur.Təsadüfi deyildir ki, Dünya Bankı və Beynəlxalq Maliyyə Korporasiyasının biznes mühitə dair bu il açıqlanmış hesabatında Azərbaycan bu sahədə inkişaf tempinə görə dünyada birinci yeri tutmuşdur. Hesabatda əlverişli biznes mühitinin yaradılmasında məhkəmə sisteminin islahatının da vurğulanması isə ədliyyə işçilərini hədsiz sevindirmişdir.Böyük öndər Heydər Əliyevin işıqlı ideya və amallarına, siyasi irsinə daim sadiq olan müdrik Azərbaycan xalqı yüksək vətəndaş həmrəyliyi göstərərək bu il cənab İlham Əliyevi yenidən ölkə Prezidenti seçməklə öz şərəfli tarixində növbəti uğur və nailiyyətə imza atmış, ölkəmizin davamlı inkişafına təminat əldə etmişdir. Ötən ay milyonlarla soydaşımız böyük fərəh və iftixar hissi ilə ölkəmizdə azad, demokratik və şəffaf keçirilmiş seçkilərdə möhtərəm Prezidentimiz cənab ilham Əliyevin inamlı qələbəsini bayram etdi, hər birimiz Azərbaycanda digər demokratik ölkələr üçün örnək olan seçkilərin keçirilməsinin ən yüksək kürsülərdən etiraf olunmasından qürur duyduq.Bütün bunlar peşə bayramımıza əlavə bayram qatmışdır. Peşə bayramının və Azərbaycan ədliyyəsinin 90 illik yubileyinin təntənəli keçirilməsi məqsədilə əhatəli tədbirlər planı təsdiq olunmuşdur.Hər il peşə bayramı günündə ədliyyə işçiləri Fəxri Xiyabana gedərək bu bayramı bizlərə bəxş etmiş müstəqil Azərbaycan dövlətinin banisi Heydər Əliyevə öz əbədi ehtiramlarını bildirir, Şəhidlər Xiyabanında uyuyan şəhidlərimizin xatirəsini yad edirlər. Bu gün bütün ədliyyə sistemində bayram ab-havası yaranır, Azərbaycan ədliyyəsinin keçdiyi şanlı tarixə nəzər salınır, ədliyyə veteranları və gənc mütəxəssislərlə görüşlər, yığıncaqlar keçirilir, bayram tədbirləri təşkil olunur.Peşə bayramı ərəfəsində ədliyyə işçilərinin vəzifə maaşlarının artırılması, Azərbaycan Ədliyyəsinin gələcək inkişafına təminat verən sənədlərin qəbul olunması, ədliyyə orqanları işçilərinin və hakimlərin yüksək dövlət təltiflərinə, fəxri adlara və ali rütbələrə layiq bilinməsi dövlətimizin ədliyyə sisteminə göstərdiyi diqqət və qayğının növbəti təzahürü olmuşdur.Dövlət başçımızı əmin etmək istərdik ki, onun dövlətçiliyimizin inkişafında fədakar əməyini özünə örnək bilən ədliyyə işçiləri göstərilən yüksək etimadı əməlləri ilə doğruldacaq, üzərlərinə düşən mühüm vəzifələri bundan sonra da vicdanla icra edəcək, ədliyyə işçisi adını daim uca tutaraq, ölkəmizin tərəqqisi yolunda möhtərəm Prezidentimizə layiqli yardımçı olacaqlar.Fürsətdən istifadə edib bütün ədliyyə işçilərini 22 noyabr peşə bayramı və Azərbaycan Ədliyyəsinin 90 illik yubileyi münasibətilə təbrik edir, çətin və şərəfli işlərində müvəffəqiyyətlər arzulayıram.