Əziz həmkarlar !
Hörmətli xanımlar və cənablar !
İlk növbədə hamınızı ürəkdən salamlayır, Hüquqi yardım və ekstradisiya, çirkli pulların yuyulması və korrupsiyaya qarşı mübarizə məsələlərinə həsr olunan Sessiyanı böyük məmnuniyyətlə açıq elan edirəm.Əminəm ki, bu gün də dünən olduğu kimi gündəlikdəki məsələlər üzrə dəyərli həmkarlarımızla səmərəli və konstruktiv müzakirələr keçiriləcək, cinayətkarlığa qarşı birgə daha effektiv mübarizə üçün zəmin yaranacaq, yeni prioritetlər müəyyən olunmaqla ölkələrimiz arasında hüquqi sahədə mövcud əlaqələr daha da inkişaf etdiriləcəkdir.Təsadüfi deyil ki, bu mühüm Konfransda korrupsiya ilə mübarizə məsələsi əsas mövzular sırasındadır."Dünyanın özü qədər qədim" olan korrupsiyanın kökləri minilliklərin dərinliyinə gedib çıxır.Korrupsiya təhlükəsinin həddi-hüdudu yoxdur. İnsan fəaliyyətinin bütün sahələrinə təsir edərək korrupsiya dövlətin əsaslarını və ictimaiyyətin inamını sarsıdır, iqtisadi inkişafa zərbə vurur və hər bir vətəndaşın maraqlarına ziyan verir.Bu qlobal problemə adekvat reaksiya Korrupsiyaya qarşı BMT Konvensiyası olmuşdur. Həmin Konvensiyaya əsasən üzv-dövlətlərin Konfransı yaradılmış və şərəfli haldır ki, onun hər iki sessiyası İKT üzvləri olan İordaniya və İndoneziyada keçirilmişdir.Bir sıra regionlarda da xüsusi instrumentlər, o cümlədən Avropada korrupsiyaya görə cinayət və mülki məsuliyyət üzrə iki Konvensiya qəbul olunmuş, habelə Korrupsiya monitorinqi təşkilatı GRECO, OECD Antikorrupsiya Şəbəkəsi, Beynəlxalq Şəffaflıq Təşkilatı və s. qurumlar fəaliyyət göstərir.Məlum olduğu kimi, iqtisadiyyatı sürətlə inkişaf edən dövlətlərdə iqtisadi və maliyyə xarakterli cinayətlərin yayılması üçün daha əlverişli şərait mövcud olur. Azərbaycanın iqtisadi inkişaf sürətinə görə lider ölkələr sırasında olması nəzərə alınaraq, bu sahədə genişmiqyaslı tədbirlər həyata keçirilir. Ölkəmiz BMT-nin və Avropa Şurasının müvafiq Konvensiyalarına qoşulmuş, aidiyyəti ixtisaslaşdırılmış beynəlxalq təşkilatların fəal iştirakçısına çevrilmişdir. Bununla yanaşı, ölkəmizdə "Korrupsiyaya qarşı mübarizə haqqında" xüsusi Qanun və Şəffaflığın artırılması və korrupsiyaya qarşı mübarizə üzrə 5 illik Milli Strategiya qəbul olunmuş, Korrupsiyaya qarşı mübarizə üzrə Dövlət Komissiyası təsis edilmiş, Baş Prokuror yanında xüsusi statuslu Korrupsiyaya qarşı mübarizə idarəsi yaradılaraq səmərəli fəaliyyət göstərir.Dövlət orqanları, o cümlədən hüquq mühafizə qurumları işçilərinin vəzifəyə təyinatı şəffaf müsabiqə əsasında aparılır. Həmçinin, dövlət qulluqçularının etik davranış qaydaları qəbul olunmuş, antikorrupsiya qaynar xətləri açılmışdır.İctimaiyyətdə korrupsiyaya qarşı ümumi dözümsüzlüyün bərqərar olmasında vətəndaş cəmiyyətinin mühüm rolu var. Ölkəmizdə qeyri-hökumət təşkilatlarının və mətbu nəşrlərin tam azad fəaliyyətinə hər cür şərait yaradılmışdır. Hazırda əhalisi 8.5 milyon olan Azərbaycanda 2500-ə qədər QHT, 4 minə yaxın mətbu nəşr qeydə alınmışdır. Bu isə məmurların diskresiyasının azalmasına, onların fəaliyyətində hesabatlığın və şəffaflığın təmin olunmasına yönəlməklə, təsirli vətəndaş nəzarətinə şərait yaratmışdır.Korrupsiya ilə mübarizənin güclü vasitələrindən biri də mükəmməl və səmərəli məhkəmə sisteminin mövcud olmasıdır. Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən sonra xalqımızın ümummilli lideri Heydər Əliyev müstəqil məhkəmə hakimiyyətinin bərqərar olmasına böyük əhəmiyyət verərək tarix üçün qısa bir müddət ərzində yeni demokratik məhkəmə sisteminin yaradılmasını təmin etmişdir.Ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən məhkəmə sisteminin müasirləşdirilməsinə xüsusi diqqət göstərilməsi nəticəsində Azərbaycanda hakimlərin seçilməsinin tam yeni, dünyada ən şəffaf və çoxmərhələli mütərəqqi qaydaları müəyyən edilmiş, yeni müstəqil təsisat - məhkəmə hakimiyyətinin özünüidarə orqanı olan Məhkəmə-Hüquq Şurası yaradılmışdır.Hakimlərin müddətsiz təyinatı müəyyən olunmuş, onların maddi təminatına xüsusi diqqət yetirilərək 2000-ci illə müqayisədə əmək haqqı 25 dəfə artırılmışdır.Korrupsiya ilə birbaşa əlaqəli əməl olan çirkli pulların yuyulmasına qarşı mübarizəyə də beynəlxalq aləmdə xüsusi önəm verilir.Dünya birliyi dövlətləri terrorçuluğun maliyyələşdirilməsinə, mütəşəkkil cinayətkarlığa, narkotiklərin dövriyyəsinə qarşı BMT-nin Konvensiyalarına və Qətnamələrinə qoşularaq maliyyə tədbirləri qurumu olan FATF təşkilatının 40+9 prinsiplərinə diqqət yetirirlər. Çirkli pulların yuyulmasının qarşısının alınması - silahların və narkotiklərin qanunsuz dövriyyəsi, insan alveri və s. bu kimi predikativ cinayətlərlə mübarizəyə böyük töhfə verə bilər.Əlbəttə, Azərbaycan da çirkli pulların yuyulmasına qarşı beynəlxalq mübarizədən kənarda qalmamış, ölkəmiz universal və regional instrumentlərə qoşulmuş, habelə bu yaxınlarda Çirkli pulların yuyulmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında Qanun qəbul etmiş, həmçinin, Mərkəzi Bank nəzdində Maliyyə monitorinq xidməti təsis olunmuşdur.Müasir qloballaşma dövründə sərhədləri tanımayan transmilli xarakterli cinayətlərin geniş vüsət alması bu sosial bəla ilə mübarizədə dünya dövlətlərinin səylərini birləşdirməyə sövq etmişdir.Nəticədə 2006-cı ildə bir sıra dövlətlər, o cümlədən Azərbaycan Çinin təşəbbüsünə dəstək verərək Beynəlxalq Antikorrupsiya Orqanları Assosiasiyasını təsis etmişlər. Təqdirəlayiq haldır ki, dünyanın 140 ölkəsini əhatə edən Assosiasiyanın rəhbər orqanı olan İcraiyyə Komitəsində İKT-nin 5 dövləti təmsil olunur və bu qurumun sonuncu belə iclası məhz Bakıda keçirilmişdir.Assosiasiyanın vitse-prezidenti kimi təşkilatın adından vurğulamaq istərdim ki, bu qurumun əsas məqsədlərindən biri də beynəlxalq hüquqi əməkdaşlığın təkmilləşdirilməsi, hüquqi yardımın və cinayətkarların ekstradisiyasının həyata keçirilməsini, aktivlərin qaytarılmasını təşviq etməkdir.Cinayətkarlıqla mübarizədə dövlətlərin əməkdaşlığı müvafiq müqavilə-hüquq bazasına əsaslandığından ölkəmiz BMT, Avropa Şurası, MDB-nin və digər beynəlxalq təşkilatların hüquqi sahədə əməkdaşlığı tənzimləyən bütün əsas instrumentlərinə qoşulmuşdur.Azərbaycan həmçinin İKT-yə üzv olan dövlətlərdən Türkiyə, Özbəkistan, Qazaxıstan, Qırğızıstan, İran, Türkmənistan, Birləşmiş Ərəb Əmirlikləri, İordaniya ilə hüquqi yardım, cinayət törətmiş şəxslərin ekstradisiyası, hüquqi informasiya mübadiləsi haqqında Müqavilələr və nazirliklərarası sazişlər imzalamış və səmərəli qarşılıqlı əməkdaşlıq həyata keçirir. Səudiyyə Ərəbistanı, Mərakeş, Əlcəzairlə müvafiq ikitərəfli sənəd layihələri imzalanması üçün hazırdır.Lakin İslam Konfransı Təşkilatına üzv olan bir çox dövlətlərlə bu sahədə nə çoxtərəfli, nə də ikitərəfli müqavilələrimizin olmaması cinayətkarlıqla mübarizə üzrə müvafiq hüquqi yardımın həyata keçirilməsini çətinləşdirir.Qeyd olunmalıdır ki, Azərbaycan Respublikası bu problemi aradan qaldırmaq məqsədilə müsbət beynəlxalq praktikadan istifadə etmişdir. Belə ki, 2001-ci ildə qəbul olunmuş Cinayət işləri üzrə hüquqi yardım haqqında və Cinayət törətmiş şəxslərin verilməsi (ekstradisiya) haqqında qanunlar - müqavilə olmayan dövlətlərə belə hüquqi yardımın göstərilməsinə və təslimetmənin həyata keçirilməsinə imkan vermişdir.Lakin digər dövlətlərdə belə mexanizmlərin olmaması cinayətkarlıqla mübarizədə əngəllər yaradır.Qeyd etməliyəm ki, bu problem dünyanın digər yerlərində də mövcuddur. Məsələn, Avropa məkanında həm hüquqi yardım, həm də ekstradisiya mexanizmlərinin olmasına baxmayaraq, onların təkmilləşdirilməsi ehtiyacına görə 2 il əvvəl Avropa ədliyyə və daxili işlər nazirlərinin ilk birgə Konfransı bu məsələyə həsr olunmuşdur. Azərbaycan həmin tədbirdə əsas məruzəçi kimi təmsil olunmuş və bu problemin həlli yollarına dair bir çox faydalı təkliflər vermiş, o cümlədən Avropa İttifaqı məkanında mövcud olan vahid təslimetmə mexanizminin - Avropa həbs orderinin tətbiqi təcrübəsinə diqqəti cəlb etmişdir.Bununla bağlı hesab edirəm ki, transmilli cinayətkarlıqla mübarizədə İslam Konfransı Təşkilatına üzv olan dövlətlər arasında daha səmərəli əməkdaşlığın həyata keçirilməsi məqsədilə əlavə mexanizmlərinin işlənib hazırlanmasına ehtiyac vardır.Eyni zamanda, fikrimcə, mövcud beynəlxalq təşkilatların imkanlarından da səmərəli istifadə etmək olar. Belə təşkilatlardan biri də Beynəlxalq Prokurorlar Assosiasiyasıdır. Assosiasiyanın rəhbər orqanı - İcraiyyə Komitəsinin üzvü olaraq mənə bu təşkilatı burada təmsil etmək kimi şərəfli bir missiya da həvalə olunmuşdur. 90-na yaxın dövləti, o cümlədən bir çox İKT üzvlərini birləşdirən bu Assosiasiya beynəlxalq hüquqi əməkdaşlığı təşviq edir, üzvlər arasında mövcud olan sıx əlaqələrdən istifadə edərək təcili və səmərəli hüquqi yardım göstərilir.Təşkilat beynəlxalq təcrübəni təhlil edib tövsiyə xarakterli dəyərli metodiki vəsaitlər nəşr edir. Belə vəsaitlərin 2-si məhz korrupsiya ilə mübarizə və hüquqi yardıma həsr olunmuşdur. Bu və ya digər vəsaitlərin əldə edilməsində köməklik göstərə bilərik.Göründüyü kimi, bu gün cinayətkarlığa qarşı mübarizənin səmərəliliyinin artırılması, bu sahədə yeni strategiya və metodların işlənilməsi məqsədilə həm beynəlxalq, həm də ölkədaxili səviyyələrdə çoxlu tədbirlər görülür. Səylərimizin birləşdirilməsi isə müsbət nəticələrin əldə olunması imkanını xeyli artırır.İnanıram ki, hazırkı sessiya İKT üzvü olan dost və qardaş ölkələrlə əməkdaşlığımızın daha da inkişaf etdirilməsi baxımından faydalı olacaqdır.
Diqqətinizə görə minnətdarlığımı bildirirəm.