Hörmətli sədr,
Xanımlar və cənablar,
İcazə verin, ilk öncə Avropa Şurası və Norveç hökumətinə belə bir aktual məsələ ilə əlaqədar konfransın keçirilməsinə görə minnətdarlığımı bildirim. Biz bu mühüm forumun yüksək səviyyədə təşkil olunmasının artıq şahidi olduq və səmimi qonaqpərvərliyi hiss etdik.Hörmətli həmkarlar,İnsan hüquqlarının təmin olunması ilə bağlı məsələlər içərisində məişət zorakılığının qarşısının alınması problemi getdikcə daha da aktuallaşır. Statistika bunu göstərir: hər üçüncü qadın həyatda bir dəfə olsa belə zorakılığın, kobud davranışın, 5 min qadın isə hər il öz ailə üzvləri tərəfindən keçirilən qətllərin qurbanı olur.Təəssüf ki, bu məsələ uzun müddət ərzində öyrənilməmiş, gizlədilmiş və məxfi saxlanılmışdır. Hətta Sokrat və Homer kimi antik müəlliflərin əsərlərində qadınlara qarşı neqativ münasibətdən söhbət açılmış, qadının kişilərə tabeçiliyinə dair müddəalar bəzi digər qədim mənbələrdə də yer almışdır.Bu problem Avropada əsaslı şəkildə ötən əsrin 70-80-ci illərindən sonra öyrənilməyə başlanılmışdır. Avropa Şurasının məişət zorakılığı da daxil olmaqla, qadınlara münasibətdə zorakılıqla mübarizə üzrə kampaniyası, Avropa İnsan hüquqları Məhkəməsinin müvafiq məsələyə dair qərarları, həmçinin, BMT tərəfindən bu yaxınlarda aparılmış əhatəli tədqiqatlar problemlərin aşkar edilməsini və səylərimizin artırılmasının vacib olduğu sahələrin müəyyənləşdirilməsinə yardım etmişdir.Məlumdur ki, məişət zorakılığının qurbanı əsasən qadınlar və uşaqlardır. Bizim ölkəmiz istisnalıq təşkil etmir. Biz də ailənin daha zəif nümayəndələrinin məişət zorakılığının müxtəlif formalarına məruz qalmaları ilə rastlaşırıq. Ölkəmizdə bu hal qonşu Ermənistanın işğalçılıq fəaliyyəti nəticəsində 1 milyon qaçqın və məcburi köçkünlərin meydana gəlməsi ilə daha da dərinləşmişdir. Belə ki, 250 min ailə sosial, mənəvi və məişət problemləri və bundan irəli gələn psixoloji gərginliyə məruz qalmaqdadır.Problemin dərindən öyrənilməsi və ictimaiyyətin diqqətini cəlb etmək məqsədilə "Şəxsiyyətə qarşı zorakılıq" adlı xüsusi sorğu keçirilmişdir. Respondentlərin böyük əksəriyyəti (78%) zorakılığa qarşı daha çox məruz qalan qurban kimi qadınları, 19% - uşaqları və yalnız 3%-i yaşlı insanları göstərmişdir.Təəssüf ki, çox vaxt ailəni qoruyub saxlamaq və uşaqlara mənəvi əzab verməmək naminə zorakılığın qurbanları kömək üçün müraciət etmirlər, bu da öz növbəsində daha ağır nəticələrə gətirib çıxara və hətta ölümlə nəticələnə bilər. Xoşbəxtlikdən qohumlar və yaxınların təkidi ilə zorakılıq qurbanları daha tez-tez hüquq-mühafizə orqanlarına müdafiə üçün müraciət edirlər.Dövlətimiz tərəfindən bərabərliyin bərqərar olunması üçün ciddi maneə olan gender probleminin həlli istiqamətində ardıcıl tədbirlər həyata keçirilir.1995-ci il Konstitusiyası qadınlara qarşı siyasi, hüquqi, sosial, iqtisadi və ya psixoloji ayrı-seçkiliyin bütün formalarını aradan qaldırdı. Ailə, qadın və uşaq problemləri sahəsində məqsədyönlü dövlət siyasətinin aparılması məqsədilə vəzifələrindən biri gender bərabərliyinə nəzarətin həyata keçirilməsi olan nazirlik statusuna malik xüsusi institut fəaliyyət göstərir.Ümummilli lider Heydər Əliyev tərəfindən Azərbaycanda qadınların rolunun artırılmasına və qadınlara münasibətdə dövlət siyasətinin gücləndirilməsinə dair xüsusi fərmanlar qəbul olunmuşdur. Məhz bu sənədlər qeyd olunan sahədə milli siyasətin prioritetlərini müəyyən etdi.Ölkə Prezidenti cənab İlham Əliyev müvafiq siyasəti davam etdirərək, əlavə tədbirlərin həyata keçirilməsinin təşəbbüskarı kimi çıxış etmişdir. Belə ki, dövlət başçısının 2006-cı ilin sonunda təsdiq etdiyi "İnsan hüquqlarının müdafiəsi üzrə Milli Fəaliyyət Planı" məişət zorakılığı ilə mübarizənin gücləndirilməsi, qurbanların hüquqi müdafiə vasitələri, kompensasiya, tibbi və psixoloji yardımla təmin edilməsinə dair ayrıca fəaliyyətləri nəzərdə tutur. Bu məsələyə Parlamentin xüsusi iclası həsr edilərək, ailədə zorakılığa qarşı mübarizənin gücləndirilməsi üçün əhatəli tədbirləri nəzərdə tutan "Qadınlara qarşı zorakılıq, o cümlədən məişət zorakılığı ilə mübarizə haqqında" bəyanat qəbul etmişdir.Bununla yanaşı, Avropa Şurasının xüsusi Kampaniyasında fəal iştirak edilmiş, BMT ilə birgə "XXI əsrdə qadınlara qarşı zorakılıqla Mübarizə Layihəsi" hazırlanmış və həyata keçirilmişdir.Bundan əlavə, hər il UNİSEF-lə birgə uşaqlara qarşı zorakılıqla mübarizə tədbirlərini nəzərdə tutan yuvenal ədliyyə üzrə Fəaliyyət Planı həyata keçirilir.2007-ci ildə Hökumət demokratik cəmiyyətdə gündəlik zorakılıqla mübarizə üzrə Kompleks Proqramı təsdiq etmiş və "Qadınlara qarşı ayrı-seçkiliyin bütün formalarının aradan qaldırılması haqqında" BMT Konvensiyasının (CEDAW) milli qanunvericiliyə implementasiyası üzrə intensiv işlər görülür. Proqram qadınların zorakılıqdan müdafiəsi haqqında qanunun qəbul edilməsi məsələsini xüsusi şərt kimi nəzərdə tutur.Vətəndaş cəmiyyətinin fəal iştirakı ilə BMT və ATƏT-in tövsiyələri, EKOSOS model qanunu, həmçinin bir sıra Avropa dövlətlərinin qanunvericilik təcrübəsi nəzərə alınmaqla "Məişət zorakılığına qarşı mübarizə haqqında" qanun layihəsi işlənib hazırlanmışdır. Hazırda layihə Milli Məclisin müzakirəsindədir.Qanun layihəsi məişət zorakılığından adekvat və səmərəli müdafiə mexanizmlərini, həmçinin müdafiə orderinin təqdim olunmasını, sığınacağın verilməsini, zorakılıq qurbanlarına kömək göstərilməsi və onların sosial reabilitasiyası üçün xüsusi mərkəzlərin yaradılmasını nəzərdə tutur.Eləcə də, kompleks hüquqi, sosial və profilaktiki tədbirlərin həyata keçirilməsi, zorakılıq qurbanına hüquqi, tibbi, psixoloji yardımın göstərilməsi və onların reabilitasiyası üçün xüsusi mərkəzlərin yaradılması nəzərdə tutulur. Layihəyə əsasən, həmin mərkəzlər, həmçinin günahkarlar ilə də işləyəcək, problemli ailələri aşkarlayacaq və s.Bununla yanaşı, fiziki, psixi və seksual zorakılığı əhatə edən cinayətə görə məişət zorakılığını törədən şəxsin cinayət məsuliyyətinə cəlb olunması mümkündür. Bununla yanaşı, biz tətbiqinin səmərəliliyi və məqsədəuyğunluğu baxımından Cinayət Məcəlləsində xüsusi normaları olan ölkələrin və Avropa dövlətlərinin məhkəmə təcrübəsini öyrənirik.Qanunverici orqan yuvenal ədliyyə ilə bağlı qanun layihəsi üzərində işi tamamlayır, ailə və qadın məsələləri üzrə Milli Fəaliyyət Planı layihəsi işlənib hazırlanır.Məişət zorakılığına qarşı mübarizənin səmərəliliyi daha çox məhkəmə araşdırmasının keyfiyyətindən, zərərçəkmiş şəxslərin ədalətli məhkəmə hüququnun təmin olunması, onlara hüquqi yardımın göstərilməsi səviyyəsindən çox asılıdır. Bununla əlaqədar, biz məhkəmə sisteminin təkmilləşdirilməsi, o cümlədən hakimlərin və vəkillərin sayının artırılması, onların peşəkarlığının yüksəldilməsi, yeni məhkəmələrin yaradılması, müasir informasiya-kommunikasiya texnologiyalarının tətbiqi və s. işləri davam etdiririk.Eyni zamanda, cəmiyyətin diqqətinin bu problemə yönəldilməsində vətəndaş cəmiyyəti də böyük rol oynayır. Bu gün Azərbaycanda 2500-ə yaxın QHT var və onlardan öz fəaliyyətini bilavasitə qadın və uşaq hüquqlarına həsr etmiş 170-i, ölkədə mövcud olan 4 minə yaxın KİV-də məişət zorakılığına qarşı kampaniya keçirilir, televiziyada bu mövzuda videoroliklər nümayiş etdirilir.Bu günlərdə biz müxtəlif ölkələrin təcrübəsi haqqında məlumat topladıq və əmin olduq ki, bizim çox oxşarlıqlarımız var. Lakin beynəlxalq səviyyədə qüvvələri birləşdirən müsbət milli təcrübəni nəzərə alan, eyni zamanda, daha konkret və məqsədyönlü tədbirlər görməyə məcbur edən vahid sənədin olmasına ehtiyac duyulur. Buna görə də biz qadınlara qarşı zorakılıqla mübarizə üzrə Avropa Şurası İşçi qrupunun müvafiq Avropa Konvensiyasının işlənib hazırlanmasının zəruriliyi barədə fikrini dəstəkləyirik.Bununla yanaşı, aşağıdakı məsələləri ehtiva edən məişət zorakılığı haqqında vahid elektron informasiya şəbəkəsinin yaradılması da faydalı olardı:- beynəlxalq sənədlər və Avropa Şurası üzv-dövlətlərin qanunvericiliyi;- hüquq-mühafizə və digər orqanların əməkdaşları üçün xüsusi təlimlərə dair məlumatlar;- Avropa Şurasının üzv-dövlətlərində belə əməkdaşlarla əlaqə məlumatları;- informasiya və sorğu mübadiləsi üçün müzakirə forumu.Belə bir aktual məsələyə yetirilən böyük diqqətin bu sahədə qarşılıqlı fəaliyyətin səmərəliliyinin artırılmasına imkan verəcəyinə və məişət zorakılığının qarşısının alınması işinə böyük töhfə olacağına əmin olduğumu bildirmək istərdim.
Əziz dostlar!
Sözümü məşhur Şərq müdrik kəlamı ilə tamamlamaq istərdim: "Yalnız alicənab insan qadına ehtiramla yanaşar, rəzil adam isə alçaldar!".
Birləşərək ailədə zorakılığa "YOX" deyək.
Diqqətinizə görə minnətdaram.