Azərbaycan ədliyyə işçiləri artıq 10-cu ildir ki, öz peşə bayramlarını böyük ruh yüksəkliyi ilə qeyd edirlər.Dahi öndər Heydər Əliyevin 11 noyabr 2000-ci il tarixli Sərəncamı ilə ədliyyə sisteminə bəxş edilmiş bu bayramı qeyd edərkən Azərbaycan Xalq Cumhuriyəti Ədliyyə Nazirliyinin fəaliyyətini yada salır, həmin dövrdə Ədliyyə Nazirliyinin təşəbbüsü ilə ölkədə qanunçuluğun bərqərar olunması üzrə əhəmiyyətli qərarların qəbul edilməsini, Bakı Dairə Məhkəməsinin, prokurorluğun fəaliyyətinin bərpasını, nazirliyin təşəbbüsü ilə Azərbaycan Məhkəmə Palatası haqqında Əsasnamənin təsdiq edilməsini ehtiramla xatırlayırıq.Azərbaycan Hökumətinin 1918-ci il 22 noyabr tarixli qərarı ilə nazirliyin Əsasnaməsinin təsdiqi ədliyyə tarixində ən mühüm hadisələrdən biri olmuş, məhz həmin gün ədliyyə işçilərinin peşə bayramı günü kimi müəyyən edilmişdir.1920-ci ilin aprel ayında ölkə işğal edildikdən sonra ədliyyə sistemində sovetlər birliyinin mahiyyətinə xas olan dəyişikliklər aparılmış, ədliyyə orqanları çətin dövrlər keçmişdir. Yalnız ümummilli liderimiz Heydər Əliyevin respublikamıza rəhbərlik etdiyi dövrdə yenidən və əsaslı surətdə təsis edilərək ədliyyənin gələcək tərəqqisi üçün əlverişli şərait yaradılmışdır.Ümummilli liderimizin Azərbaycan ədliyyəsinə xüsusi diqqəti ölkəmizin müstəqillik illərində də davam etmiş, hüquq sistemində inqilabi demokratik yeniliklərə səbəb olan məhkəmə-hüquq islahatı həyata keçirilmiş, ədliyyə işi müasir tələblərə uyğunlaşdırılmışdır.Ulu öndər Heydər Əliyevin dövlət quruculuğu xəttini uğurla davam etdirən ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan ədliyyə sistemi daha da inkişaf etmiş, onun normativ bazası daha da təkmilləşdirilmiş, o cümlədən ədliyyə orqanlarında qulluq keçmə haqda qanun, nazirliyin yeni əsasnaməsi qəbul edilmiş, ona hüquq mühafizə orqanı statusu verilmiş, ədliyyə orqanlarının inkişafı, məhkəmə sisteminin müasirləşdirilməsi haqqında proqram xarakterli Fərmanlar imzalanmışdır. Həmçinin, ötən ilin sonunda - Azərbaycan Ədliyyəsinin 90 illik yubileyi ərəfəsində dövlət başçısı tərəfindən Ədliyyə Akademiyasının yüksək statusunu müəyyən edən əsasnaməsi, nazirliyin rəsmi emblemi, Mühafizə Alayının bayrağı təsdiq edilmişdir.Ədliyyə fəaliyyətinin təkmilləşdirilməsi və inkişafı baxımından mühüm əhəmiyyətə malik bu sənədlərə əsasən nazirliyin fəaliyyət istiqamətləri genişləndirilmiş, strukturu təkmilləşdirilmiş, yeni qurumlar, o cümlədən regional ədliyyə şöbələri yaradılmışdır.Ölkəmizin sosial-iqtisadi və hüquqi sahədə sürətli inkişafının nəticəsi olaraq ədliyyə sahəsində görülən işlərin miqyası da artmışdır. Son illər ərzində Ədliyyə Nazirliyi tərəfindən 13 minədək qanunvericilik aktının layihəsi ekspertizadan keçirilmiş, ictimai həyatın müxtəlif sahələri üzrə 1000-dək qanunvericilik layihələri hazırlanmışdır. Notariat hərəkətlərinin sayı 2000-ci illə müqayisədə 3 yarım dəfə, istintaq edilən cinayət işlərinin sayı 3 dəfə, icra edilən məhkəmə qərarlarının sayı 2 dəfə, inzibati nəzarət məqsədilə daxil olan bələdiyyə aktlarının sayı 7 dəfə çoxalmışdır. Orta hesabla nazirlikdə hər gün beynəlxalq hüquqi yardımla bağlı digər dövlətlərdən daxil olan 30-dək sorğu həll edilir.Ədliyyə nazirliyinin cəmiyyətdə rolunun və xüsusi çəkisinin əhəmiyyətli dərəcədə artması ədliyyə fəaliyyətinin müasir dövrün tələblərinə və beynəlxalq standartlara uyğun təşkil edilməsini, bu sahədə müasir informasiya və kommunikasiya texnologiyalarının tətbiqinin genişləndirilməsini, yeni nəsil hüquqşünasların formalaşdırılmasını şərtləndirmişdir.Bununla əlaqədar ədliyyə sahəsində fəaliyyətin müasirləşdirilməsi və islahatların aparılması, ədliyyənin gələcək 5 il ərzində davamlı inkişafının təmin edilməsi və sürətləndirilməsi məqsədilə dövlət başçısının 06.02.2009-cu il tarixli sərəncamı ilə "Azərbaycan ədliyyəsinin inkişafına dair 2009-2013-cü illər üçün Dövlət Proqramı" təsdiq olunmuşdur.Azərbaycan ədliyyəsinin inkişafı baxımından müstəsna tarixi əhəmiyyətə malik olan bu Dövlət Proqramı ilə Ədliyyə Nazirliyi qarşısında ədliyyə orqanlarında və məhkəmələrdə yeni texnologiyaların tətbiqinin sürətləndirilməsi, onların infrastrukturunun yeniləşdirilməsi və maddi-texniki bazasının möhkəmləndirilməsi, müasir tələblərə cavab verən yeni iş prosesinin təşkil edilməsi, cəzaçəkmə müəssisələrinin fəaliyyətinin müasirləşdirilməsi, vətəndaşların ədliyyə orqanlarına müraciət etmək imkanlarının genişləndirilməsi kimi vəzifələr müəyyən olunmuşdur.Dövlət proqramının vaxtında və mütəşəkkil icrasının təmin olunması məqsədilə proqramdan irəli gələn vəzifələr Ədliyyə Nazirliyinin geniş kollegiya iclasında müzakirə edilərək, nazirlik üzrə əhatəli Tədbirlər Planı təsdiq olunub həyata keçirilir.Dövlət Proqramına uyğun olaraq cari ilin may ayında Əhalinin Dövlət Reyestri Xidməti, Notariat və qeydiyyat Baş idarəsi, habelə Vətəndaşlıq vəziyyəti aktlarının reyestri xidməti və dövlət notariat arxivi üçün müasir standartlara cavab verən, yeni informasiya və kommunikasiya texnologiyaları ilə tam təmin olunmuş bina tikilib istifadəyə verilmişdir. Yeni bina Nazirliyin «Elektron notariat» və «Vətəndaşlıq vəziyyəti aktları» Avtomatlaşdırılmış Qeydiyyat İnformasiya Sistemlərinə qoşulmuş, həmçinin, onunla Daxili İşlər Nazirliyinin inzibati binası arasında dayanıqlı optik rabitə kanalı çəkilmiş, iki qurumun bu sahədə apardığı informasiya resurslarının vahid şəbəkədə fəaliyyəti təmin olunmuşdur.Yüksək zövqlə layihələndirilmiş və inkişaf etmiş Avropa dövlətlərinin qabaqcıl təcrübəsinə əsaslanan elektron sistemlərin və iş metodlarının tətbiq olunduğu binanın açılışında dövlət başçısı cənab İlham Əliyev iştirak etmişdir.Həmçinin penitensiar sistemin fəaliyyətinin təkmilləşdirilməsi, məhkumların və təqsirləndirilən şəxslərin saxlanma şəraitinin yaxşılaşdırılması üzrə tədbirlər diqqət mərkəzində saxlanılaraq, bu ilin may ayında yeni inşa edilmiş penitensiar kompleks - Bakı istintaq təcridxanasının birinci buraxılış obyektləri istifadəyə verilmiş, bununla da 120 il əvvəl Bayılda inşa edilmiş və məhkumların hüquqlarının təmin edilməsi baxımından müasir tələblərinə cavab verməyən 1 saylı Bakı İstintaq Təcridxanası ləğv olunmuşdur.Təqsirləndirilən şəxslərin və məhkumların saxlanılması şəraitinin, onların hüquqlarının, o cümlədən tibbi yardım almaq hüququnun ən yüksək səviyyədə təmin olunduğu yeni müəssisə müasir texniki vasitələrlə tam təchiz edilmiş, onun ərazisində ən yeni tibbi avadanlıqla təmin olunmuş stasionar müalicə üçün 60 nəfərlik tibb məntəqəsi tikilmişdir. Dövlət başçısı yeni müəəsisəyə baş çəkərək yaradılmış şəraitlə tanış olmuş, insan haqlarının müdafiəsində ədliyyə orqanları və məhkəmələrin infrastrukturunun möhkəmləndirilməsinin əhəmiyyətini qeyd etmiş, zəruri göstərilşər vermişdir.Bu müəssisəyə beynəlxalq təşkilatların və xarici dövlətlərin yüksək səviyyəli nümayəndələri böyük maraq göstərərək onun fəaliyyəti ilə tanış olmaq üçün müraciətlər edirlər. Bu günlərdə ölkəmizdə səfərdə olan Moldovanın ədliyyə naziri Aleksandru Tanase Azərbaycanda ən müasir standartlar səviyyəsində yeni penitensiar müəssisənin mövcudluğundan xəbərdar olduğunu bildirərək oraya baş çəkmiş, yüksək təəssüratlarını bölüşərək, ölkəsinin də bu təcrübədən yararlanmaq arzusunu vurğulamışdır.Yeni yaradılmış regional ədliyyə şöbələrinin ədliyyə orqanlarının fəaliyyətinin əlaqələndirilməsi və əhaliyə hüquqi xidmətin yaxşılaşdırılmasında rolu nəzərə alınaraq bu ilin sentyabr ayında Şəki regional ədliyyə şöbəsi üçün hər cür şəraiti olan və müasir təşkilati-texniki avadanlıqla təmin edilmiş yeni inzibati bina tikilərək istifadəyə verilmiş, Gəncə və Şirvan regional ədliyyə şöbələri, habelə Qəbələ və Qax qeydiyyat şöbələrinin yeni inzibati binalarının inşası bu ay başa çatdırılmışdır.Həmçinin, Ədliyyə Nazirliyi tərəfindən Dünya Bankı ilə birgə həyata keçirilən "Ədliyyə sisteminin müasirləşdirilməsi" layihəsi cərçivəsində ədliyyə orqanlarında idarəçiliyin beynəlxalq standartlara uyğunlaşdırılması və vahid informasiya şəbəkəsinin təşkili məqsədilə elektron idarəetmə və sənəd dövriyyəsinin yaradılmasına başlanılmışdır.Əhalinin hüquqi maarifləndirilməsi işində fəal iştirak edən nazirliyin 4 internet saytı fəaliyyət göstərir,  4 hüquq jurnalı, "Ədliyyə" qəzeti və digər nəşrləri dərc olunur. Təkcə bu ilin 10 ayı ərzində ədliyyə işçiləri tərəfindən kütləvi informasiya vasitələrində, o cümlədən televiziya və radioda 850-dək çıxış edilmiş, əhaliyə, xüsusilə onun aztəminatlı təbəqəsinə pulsuz hüquqi yardımın göstərilməsi və onların hüquqi maarifləndirilməsi məqsədilə nazirliyin 8 regional hüquq xidməti mərkəzi fəaliyyətə başlamışdır.Ölkəmizin ictimai-siyasi həyatında mühüm hadisə olan Konstitusiyamıza əlavələr və dəyişikliklərin edilməsi ilə bağlı Rerefendum Aktının əhali arasında geniş izahının təşkili ilə bağlı ədliyyə orqanları tərəfindən görülən tədbirlər çərçivəsində nazirliyin qeyd edilən mətbu nəşrlərinin, internet səhifəsinin imkanlarından geniş istifadə edilmiş, saytda ayrıca bölmə aparılmış, «Qanunçuluq» jurnalının xüsusi buraxılışı hazırlanmış, çoxsaylı çıxışlar edilmişdir.Ədliyyə fəaliyyətinin təkmilləşdirilməsi və işin müasir tələblər səviyyəsində qurulmasının təmin edilməsi məqsədilə 2009-cu ilin 10 ayı ərzində nazirliyin fəaliyyətinin müxtəlif sahələri  üzrə 31 təşkilati əmr, habelə müvafiq təlimatlar, qaydalar qəbul edilmişdir.Həmin dövrdə nazirlik tərəfindən 1264 qanun, fərman, sərəncam və digər sənədlərin layihələrinə rəy verilmiş, 138 mühüm normativ-hüquqi aktın layihəsi hazırlanmış, 49 normativ hüquqi sənəd dövlət qeydiyyatına alınmışdır. Hər kəsin ölkəmizdə qəbul edilmiş bütün normativ-hüquqi aktların mətni ilə heç bir ödəmə aparmadan, sərbəst tanış olması məqsədilə Ədliyyə Nazirliyi tərəfindən aparılan milli qanunvericiliyin elektron məlumat bazası - "e-qanun.az" internet saytı mütəmadi zənginləşdirilmişdir. 19 minədək normativ hüquqi sənədin daxil edildiyi sayta başçəkmələrin sayı ötən illə müqayisədə 10 dəfədən çox artmışdır.Notariat və qeydiyyat orqanları tərəfindən göstərilən xidmətin keyfiyyətinin yüksəldilməsinə, onların maddi-texniki bazasının möhkəmləndirilməsinə, işin müasir tələblər səviyyəsində qurulmasına daim xüsusi diqqət yetirilir.Bu ilin 10 ayı ərzində 2 milyondan çox notariat hərəkəti və vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatına dair əməliyyatlar rəsmiləşdirilmiş, dövlət büdcəsinə ödənilmiş dövlət rüsumunun məbləği 7 milyon manata yaxın olmuşdur. Əhalinin Dövlət Reyestrinin tamlığının təmin edilməsi ilə əlaqədar akt qeydləri üzrə 15 milyon texnoloji əməliyyat aparılaraq onların elektron informasiya bazasına daxil edilməsi təmin olunmuşdur.Demokratiyanın möhkəmləndirilməsi və inkişafında mühüm rol oynayan, müasir cəmiyyətimizin ayrılmaz tərkib hissəsinə çevrilmiş qeyri-hökumət təşkilatlarının sayı ilbəil artmış, o cümlədən son 10 ay ərzində 120-dən çox  təşkilat nazirlik tərəfindən dövlət qeydiyyatına alınmış, 272 mətbu nəşr dövlət reyestrinə daxil edilmişdir. Hazırda ölkədə dövlət qeydiyyatına alınmış qeyri-kommersiya təşkilatlarının  sayı 3400-ə, KİV-lərin sayı isə 4100-ə çatmışdır.Məhkəmə qərarlarının icrasının yaxşılaşdırılması üzrə təsirli tədbirlər görülmüş, icra işlərinin sayının xeyli artması nəzərə alınaraq tabe qurumlara əlavə ştatlar ayrılmış, xidmətin maddi-texniki vəziyyətinin yaxşılaşdırılması, hazırlıqlı və sağlam mənəviyyata malik şəxslərlə komplektləşdirilməsi, əməkdaşların peşəkarlığının yüksəldilməsi üzrə tədbirlər həyata keçirilmiş, işinin öhdəsindən gələ bilməyən bir çox işçilər ciddi intizam məsuliyyətinə cəlb edilmiş, o cümlədən tutduqları vəzifələrdən azad olunmuşlar.Məhkəmə qərarlarının icrasının ədalət mühakiməsinin səmərəliliyinin artırılmasında və insan haqlarının təmin olunmasında rolu nəzərə alınaraq cari ildə keçirilmiş referendumla ölkə Konstitusiyasına məhkəmə qərarlarının icra olunmamasına görə məsuliyyət nəzərdə tutan norma əlavə edilmişdir. Lakin təəssüf ki, bəzi vətəndaşlar, o cümlədən vəzifəli şəxslər tərəfindən məhkəmə qərarlarının icrasının məcburiliyinə əməl edilmir. Bununla əlaqədar Ədliyyə Nazirliyi tərəfindən cari ildə məhkəmə qərarlarının icrasından yayınan 600-dən çox şəxs inzibati məsuliyyətə cəlb olunmuş, 34 nəfər barədə cinayət işi başlanmışdır. Nazirlik tərəfindən aparılan 107 cinayət işi üzrə fiziki və hüquqi şəxslərə vurulmuş ziyanın 70%-i, habelə bir çox cinayət işi üzrə məhkəmə qətnamələri məhz istintaq dövründə icra edilmişdir.Görülmüş tədbirlər nəticəsində bu ilin 10 ayı ərzində daxil olmuş icra işlərinin 92%-nin icrası tam təmin olunmuş, hüquqi və fiziki şəxslərə 37 milyon manatdan çox vəsait ödətdirilmişdir.Ədliyyə Nazirliyi tərəfindən hüquqi sahədə əməkdaşlığın genişləndirilməsi, müsbət beynəlxalq təcrübənin öyrənilib tətbiq olunması daim diqqət mərkəzində saxlanılır. Təkcə 2009-cu ildə nazirliyə beynəlxalq hüquqi yardımın göstərilməsi üçün  4 minə yaxın sorğu daxil olmuş, 5400-ə yaxın rəy və digər məlumatlar göndərilmişdir.2009-cu ildə nazirliyin rəhbərliyi tərəfindən bir sıra ölkələrin yüksək səviyyəli nümayəndə heyətləri, o cümlədən Türkiyə və Slovakiya yüksək məhkəmələrinin sədrləri, xarici dövlətlərin ölkəmizdəki səfirləri, həmçinin, BMT, Avropa Şurası, ATƏT, Dünya Bankı və digər təşkilatların rəhbərləri ilə görüşlər keçirilərək əməkdaşlıq perspektivləri müzakirə olunmuş, konkret birgə tədbirlərin təşkili razılaşdırılmışdır.Eyni zamanda Ədliyyə Nazirliyi mərkəzi və əlaqələndirici orqan qismində 13 çoxtərəfli, 30-dək ikitərəfli müqavilələrdən irəli gələn öhdəliklərin icrasını həyata keçirir, 20-dən artıq ölkənin ədliyyə nazirlikləri ilə bağlanmış ikitərəfli sazişlər çərçivəsində əməkdaşlıq edilir.Bununla yanaşı Hindistan, Səudiyyə Ərəbistanı, Koreya, İndoneziya, Mərakeş, Əlcəzair, Küveyt, Suriya, Liviya ilə əməkdaşlığa dair müvafiq sənədlərin razılaşdırılması üzrə iş aparılmışdır. Slovakiya Respublikası baş nazirinin müavini, ədliyyə naziri Ştefan Harabin bu ilin mayında Azərbaycana səfər etmiş, ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən qəbul olunmuş, Ədliyyə Nazirliyində faydalı görüşlər keçirilmiş və iki ölkənin ədliyyə nazirlikləri arasında əməkdaşlıq haqqında Memorandum imzalanmışdır. Qeyd olunmalıdır ki, bu sənəd ölkələrimiz arasında hüquqi sahədə imzalanmış ilk sənədlərdən olmuşdur. Əməkdaşlığımızın inkişaf etdirilməsi məqsədilə Slovakiyalı nazirin dəvətinə əsasən bu ərəfədə Azərbaycan nümayəndə heyətinin Bratislavaya səfəri planlaşdırılır.Cari ilin iyun ayında Almaniyanın federal ədliyyə naziri xanım Brigitta Tsüpriesin dəvəti ilə bu ölkəyə səfər edilmiş, ölkələrimizin Ədliyyə nazirlikləri arasında əməkdaşlığa dair Birgə Bəyanat imzalanmışdır.İmzalanma mərasimindən sonra Almaniyalı nazirlə keçirilmiş görüşdə artıq konkret tədbirlər barədə razılaşmalar əldə edilmişdir. Belə ki, gələn ay nazirliyə göstəriləcək texniki yardımın prioritetlərini müəyyən etmək üçün Almaniya Beynəlxalq Hüquq Əməkdaşlığı Fondu direktorunun Bakıya səfəri, gələn ilin əvvəllərində isə ölkəmizin hakimlərdən və ədliyyə işçilərindən ibarət böyük bir nümayəndə heyətinin məhkəmə qərarlarının icrası üzrə təcrübə mübadiləsinin aparılması üçün Berlinə səfəri nəzərdə tutulur.Almaniyaya səfər zamanı həmçinin, Brandenburq əyalətinin paytaxtı Potsdam şəhərində Ədliyyə Mərkəzində yerləşən bu federal subyektin konstitusiya məhkəməsi, məhkəmə və prokurorluğunun rəhbərləri ilə görüşlər keçirilmiş, ölkəmizdə məhkəmə infrastrukturunun yaxşılaşdırılması, yeni məhkəmə binalarının layihələndirilməsi nəzərə alınaraq müxtəlif məhkəmə binalarına baş çəkilmiş, onların layihəsi və fəaliyyəti ilə tanış olunmuşdur.Səfər çərçivəsində Almaniya, Cənubi Qafqaz ölkələri və Ukrayna ədliyyə orqanlarının rəhbərləri, ali məhkəmələrin sədrləri, parlamentlərin və ombudsman təsisatlarının 200-ə yaxın nümayəndəsinin iştirak etdiyi "Davamlı inkişaf hüquqi dövlətçilik tələb edir - əməkdaşlığın imkanları" mövzusunda yüksək səviyyəli beynəlxalq konfransda iştirak edilərək çıxış edilmişdir.Konfransın canlı dialoq formasında təşkil olunmuş panel sessiyasında ölkəmizin Ali Məhkəməsinin sədri ilə birgə iştirak edilərək, demokratik hüquqi islahatlarla bağlı aparıcının və konfrans iştirakçılarının çoxsaylı sualları müfəssəl cavablandırılmışdır. Çıxışlara və Azərbaycan təcrübəsinə böyük maraq göstərilərək aparılan müzakirələr, ölkəmizdə qısa müddətdə Avropa dəyərlərinə uyğun qazanılmış nailiyyətlər Almaniyanın KİV-də geniş işıqlandırılmışdır.Eyni zamanda, Norveçin Trömsö şəhərində iki ildə bir dəfə təşkil olunan Avropa ədliyyə nazirlərinin 29-cu Konfransı keçirilmişdir. Məişət zorakılığına qarşı mübarizə kimi aktual bir mövzuya həsr olunmuş tədbirdə çıxış edilərək ölkəmizdə bu sahədə aparılan qanunvericilik və institusional tədbirlərdən danışılmış, beynəlxalq sahədə mübarizənin gücləndirilməsinə dair bir sıra təkliflər irəli sürülmüş, habelə məişət zorakılığının qarşısının alınmasına dair xüsusi hazırlanmış və ingilis dilinə tərcümə olunmuş broşuralar və videoroliklər tədbir iştirakçıları arasında yayılmışdır.Səfər çərçivəsində əməkdaşlıq haqqında əldə edilmiş razılığa uyğun olaraq gələn həftə Norveçin Ədliyyə Nazirliyinin Baş katibinin rəhbərlik etdiyi nümayəndə heyətinin konkret tədbirlərin müzakirəsi üçün ölkəmizə səfəri gözlənilir.Bu ilin aprelində İslam Konfransı Təşkilatının üzvü olan dövlətlərin hüquq mühafizə orqanları rəhbərlərinin Bakıda keçirilmiş ilk konfransı dost və qardaş ölkələrlə əməkdaşlığımızın daha da inkişaf etdirilməsi baxımından faydalı olmuş, Ədliyyə Nazirliyi tərəfindən konfransın üçüncü sessiyasına sədrlik edilərək, hüquqi yardım və ekstradisiya məsələləri, çirkli pulların yuyulması, korrupsiyaya qarşı mübarizə məsələlərinə dair çıxış edilmiş, ölkəmizdə aparılan mütərəqqi islahatlar barədə geniş məlumat verilmiş, Azərbaycan təcrübəsinə böyük maraq göstərilərək səmərəli qarşılıqlı əlaqələr qurulmuşdur.Kiyevdə dünyanın 80-dək ölkəsindən olan 350 nümayəndənin, o cümlədən prokurorluq, ədliyyə və digər hüquq mühafizə orqanları rəhbərlərinin iştirakı ilə Beynəlxalq Prokurorlar Assosiasiyasının İllik Konfransı, Ümumi Yığıncağı və İcraiyyə Komitəsinin iclası keçirilmişdir. Ölkəmiz tədbirlərdə Ədliyyə Nazirliyinin rəhbərliyi tərəfindən təmsil olunmuş, Azərbaycanda hərtərəfli demokratik, o cümlədən hüquqi sahədə islahatlar vurğulanmış, faydalı müzakirələr keçirilmişdir. Həmçinin, səfər çərçivəsində məhkəmə infrastrukturu, məhkəmə və ədliyyə orqanlarında yeni informasiya-kommunikasiya texnologiyalarının tətbiqi  məsələləri ilə maraqlanılmış, bu sahədə təcrübə mübadiləsi məqsədilə yeni istifadəyə verilmiş 28 mərtəbədən ibarət olan Kiyev apellyasiya məhkəməsinə baş çəkilmişdir.Xüsusi qeyd etmək istərdim ki, beynəlxalq hüquq əməkdaşlığı üzrə keçirilən bütün tədbirlərdə çıxışlarımız, ikitərəfli görüşlər, danışıqlar və söhbətlər zamanı xalqımızın ən ağrılı problemi olan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi və onun ədalətli həlli ilə bağlı dövlətimizin prinsipial və haqlı mövqeyi diqqətə çatdırılır.Ədliyyə Nazirliyi eyni zamanda, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən irəli gələn öhdəliklərin yerinə yetirilməsi ilə bağlı ölkəmizin dövri hesabatlarının hazırlanmasında fəal iştirak edir. Cari ildə «Mülki və siyasi hüquqlar haqqında» və «İqtisadi, Sosial və mədəni hüquqlar haqqında» beynəlxalq paktlar, «İrqi ayrı-seçkiliyin bütün formalarının ləğv edilməsi haqqında», «Qadınlara münasibətdə ayrı-seçkiliyin bütün formalarının ləğv olunması haqqında», habelə «Uşaq hüquqları haqqında», «İşgəncələrə qarşı» konvensiyalar üzrə Azərbaycanın məruzələrinin BMT-də təqdimatı həyata keçirilmişdir.Beynəlxalq əməkdaşlıq zamanı ədliyyənin inkişafı üzrə müxtəlif layihələrin razılaşdırılması diqqət mərkəzində saxlanılmış, bu il Avropa Komissiyası ilə birgə 2009-2011-ci illər üzrə ümumi dəyəri 16 mlyon avro təşkil edən «Azərbaycanda ədliyyə islahatlarına dəstək» Proqramının həyata keçirilməsi üçün razılıq əldə olunmuşdur.Ədliyyə sisteminin müasirləşdirilməsi üzrə tədbirlər çərçivəsində penitensiar sistemdə qanunçuluğun möhkəmləndirilməsi, məhkumların hüquqlarının daha etibarlı təmin edilməsi, saxlanma şəraitinin yaxşılaşdırılması, onların əməyə cəlb olunması üzrə kompleks tədbirlər görülmüş, iri həcmli infrastruktur layihələr müvəffəqiyyətlə icra edilmiş, regionlarda, o cümlədən Lənkəran, Şəki rayonlarında, habelə Gəncə, şəhərində və Umbakı qəsəbəsində yeni penitensiar müəssisə və komplekslərin intensiv tikintisi aparılmışdır.Son illər cəzaların icrası qanunvericiliyinin hümanistləşdirilməsi artıq öz bəhrəsini vermiş, məhkumlar onlara verilmiş əlavə hüquq və imtiyazlardan geniş istifadə etmiş, habelə 2400-dək məhkum faydalı əməyə cəlb edilmş, məhkumlar tərəfindən vurulmuş ziyan üzrə zərərçəkmişlərə 200 min manatdan artıq vəsait ödənilmişdir.Penitensiar xidmətdə əməliyyat işinin aparılması sahəsində fəaliyyət yenidən qurulmuş, xidmətin əməliyyat aparatı tərəfindən əldə olunmuş məlumatlar nəticəsində 305 cinayət, o cümlədən bir neçə il əvvəl törədilmiş və artıq açılması qeyri-mümkün hesab edilən xüsusilə ağır cinayətlər açılmış, mütəşəkkil cinayətkar dəstələr ifşa edilmiş, axtarışda olan 21 nəfər tutulub istintaqa təhvil verilmişdir.Beynəlxalq Qırmızı Xaç Komitəsi və penitensiar müəssisələrin fəaliyyətinə ictimai nəzarəti həyata keçirən İctimai Komitə ilə sıx əməkdaşlıq edilmiş, bu qurumlar tərəfindən penitensiar müəssisələrə başçəkmə nəticələri üzrə təqdim edilən hesabatlarda məhkumların saxlanma şəraitinin son illər qat-qat yaxşılaşması qeyd olunmuş, eyni zamanda verilən tövsiyələrin icrası üzrə təxirəsalınmaz tədbirlər görülmüşdür.Ötən ay ölkə ictimaiyyəti və media nümayəndələrinin, xarici ölkələrin və beynəlxalq təşkilatların təmsilçilərinin iştirakı ilə İctimai Komitə üzvlərinin komitənin Seçki Komissiyası ilə hesabat görüşü keçirilmiş, qurumun vətəndaş cəmiyyəti və hüquq mühafizə orqanları arasında qarşılıqlı dialoqun və əməkdaşlığın həyata keçirilməsinə imkan verən nümunəvi model olduğu, ölkəmizdə belə bir mexanizmin fəaliyyətinə beynəlxalq marağın artdığı vurğulanmışdır.Ulu öndərimizin humanizm ideallarına sadiqlik nümayiş etdirilərək, əfv fərmanlarının, amnistiya aktlarının qəbul edilməsi cəmiyyətdə vətəndaş etimadını, milli həmrəyliyi möhkəmləndirmək siyasətinin real ifadəsidir. Dövlət başçısının fərmanları ilə ölkəmizdə 5 minədək məhkum əfv edilmiş, amnistiya aktları 100 min nəfərə şamil edilmişdir.Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun Prezidenti, millət vəkili Mehriban xanım Əliyevanın yüksək humanist dəyərlərə əsaslanan təşəbbüsü ilə bu ilin martında növbəti amnistiya aktı qəbul olunmuşdur. Amnistiya aktnının icrası ilə əlaqədar ədliyyə orqanları və məhkəmələr tərəfindən zəruri  tədbirlər görülmüş, Penitensiar xidmət üzrə 4123 məhkum, məhkəmə icraçılarının müvafiq qərarları ilə 5205 şəxs təyin olunmuş cəzalardan, o cümlədən 1860 şəxs 670 min manatadək məbləğdə cərimənin ödənilməsindən azad edilmişlər.Məhkumlara və təqsirləndirilən şəxslərə keyfiyyətli tibbi xidmətin göstərilməsi üzrə həyata keçirilən tədbirlər çərçivəsində Nazirliyin Tibb baş idarəsi tərəfindən 7000 məhkum hərtərəfli tibbi müayinədən keçirilmiş, vərəm xəstəliyinə düçar olmuş məhkumlar üçün xüsusi yaradılmış İxtisaslaşdırılmış Müalicə Müəssisəsində müasir avadanlıqlarla təchiz edilmiş laboratoriya və yeni müalicə korpusları istifadəyə verilmişdir. Respublikamızda ilk dəfə olaraq vərəmin çox ağır və ən təhlükəli forması olan, müalicəyə çətin tabe edilən "multirezistent" xəstə məhkumların müalicəsinə başlanılaraq, 200-dən çox xəstənin bu üsulla müalicəsi aparılmış və müsbət nəticələr əldə edilmişdir.Ədliyyə Nazirliyi tərəfindən bələdiyyələrə metodoloji yardımın yaxşılaşdırılması, mövcud problemlərin aradan qaldırılması, onların fəaliyyətinə inzibati nəzarətin gücləndirilməsi üzrə ardıcıl tədbirlər görülmüş, ölkə Prezidentinin «Dövlət və bələdiyyə əmlakının və vəsaitlərinin idarə olunması sahəsində korrupsiya ilə əlaqədar hüquqpozmalara qarşı mübarizənin gücləndirilməsi haqqında» 22 iyun 2009-cu il tarixli Fərmanı ilə ədliyyə orqanlarının üzərinə qoyulmuş mühüm vəzifələrin icrası ilə bağlı nazirlik üzrə kompleks tədbirlər müəyyən edən əmr imzalanmışdır.Bələdiyyələrlə iş mərkəzi tərəfindən bu ilin 10 ayı ərzində inzibati nəzarət qaydasında 26 bələdiyyənin fəaliyyətində ciddi hüquq pozuntuları aşkar edilərək toplanmış materiallar istintaq aparılması üçün prokurorluğa göndərilmiş, 670 bələdiyyə sədri barəsində inzibati xəta protokolları tərtib olunmuşdur.Aparılan araşdırmalar üzrə ümumilikdə 12,7 milyon manat məbləğində maliyyə pozuntusu, 383 ha torpaq sahəsinin qanunsuz satılması faktları müəyyən edilmiş, 2,8 min ha torpaq sahəsinə dair qəbul edilmiş qərarlar ləğv edilmişdir.Bələdiyyələr tərəfindən yol verilmiş qanun pozuntularının səbəb və şəraitinin aradan qaldırılması məqsədilə qanunvericiliyin təkmilləşdirilməsi üzrə 70-dən çox təklif verilmiş, 3057 nəfər bələdiyyə üzvü və qulluqçusu ixtisasartırma tədbirlərinə, o cümlədən Ədliyyə Akademiyasında təşkil edilmiş kurslara cəlb olunmuş, bələdiyyələr üçün 15 metodik vəsait hazırlanmışdır.Ədliyyə orqanlarına işə qəbul test üsulu ilə, şəffaf prosedurlar əsasında aparılaraq son illərdə 200 nəfərə yaxın hazırlıqlı və sağlam düşüncəli gənc hüquqşünas ədliyyə orqanlarına işə qəbul edilmişlər. Cari ildə aparılmış seçim nəticəsində 50 nəfərədək şəxs imtahanlarda müvəffəqiyyət qazanmışlar. İlk dəfə olaraq onlar peşə fəaliyyətinə buraxılması üçün Ədliyyə Akademiyyasında icbari təlim kursları keçmiş və kursun nəticələri üzrə peşə bayramı ərəfəsində müxtəlif ədliyyə qurumlarına təyin edilmişlər.Məlum olduğu kimi ədliyyə sahəsində yüksək hazırlıqlı və peşəkar kadr korpusunun formalaşdırılması məqsədilə Ədliyyə Akademiyası yaradılaraq, ötən il onun Nizamnaməsi təsdiq edilmiş, yüksək statusu müəyyən olunmuşdur.Geniş dinləyici spektrinə malik olan Akademiya tərəfindən ədliyyə və prokurorluq, habelə ölkəmizin tarixində ilk dəfə olaraq vəkillik orqanları üçün ixtisaslı kadrların hazırlanması, habelə məhkəmə aparatı işçiləri, xüsusi notariuslar, bələdiyə üzvləri və qulluqçuları, digər dövlət qulluqçuları, ali təhsil müəssisələrinin müəllim-elmi heyətlərinin ixtisasartırma kurslarına cəlb edilməsi, konseptual hüquq problemlərinin tədqiqi nəzərdə tutulur.Artıq cari ildə Ədliyyə Akademiyasında 500-dən çox ədliyyə və məhkəmə işçisi, bələdiyyə üzvü və qulluqçuları, habelə digər hüquqşünaslar tədrisə cəlb edilmiş, ilkin uzunmüddətli tədris prosesləri təşkil olunmuşdur.Ölkəmizin hərtərəfli inkişafı və Avropa ailəsinə daha sıx inteqrasiyası məhkəmə sisteminin beynəlxalq norma və prinsiplərə uyğun daha da təkmilləşdirilməsini şərtləndirmiş, dövlət başçısının tapşırıqlarının icrası üzrə son illər bu sahədə kompleks tədbirlər həyata keçirilmişdir.Qısa müddət ərzində görülmüş tədbirlər, o cümlədən yeni regional apellyasiya məhkəmələrinin fəaliyyətə başlaması, fəaliyyəti mənfi qiymətləndirilən hakimlərin səlahiyyətlərinə xitam verilməsi, hakimlərin iş yükünün xeyli azaldılması, yüksək hazırlıqlı hakimliyə namizədlərin seçilərək hakim təyin edilməsi ədalət mühakiməsinin səmərəliliyinə müsbət və əsaslı təsir göstərmiş, ictimaiyyətdə məhkəmələrə inamı yüksəltmişdir.Həmçinin, məhkəmə sisteminin təkmilləşdirilməsi üzrə həyata keçirilən tədbirlər çərçivəsində 2009-cu ildə ölkəmizdə ilk dəfə olaraq inzibati-prosessual məcəllə qəbul edilmiş, inzibati mübahisələrə dair işlər üzrə məhkəmələrin formalaşdırılması nəzərdə tutulmuşdur.Məhkəmə hakimiyyətinin nüfuzlu və müstəqil təsisat kimi təşəkkül tapması bu hakimiyyəti realizə edən hakimlərdən çox dərəcədə asılıdır. Bununla əlaqədar məhkəmə hakimiyyətinin hazırlıqlı və mənəvi cəhətdən saf hakimlərlə komplektləşdirilməsi üzrə ardıcıl tədbirlər görülür, habelə 2009-cu ildə qanun pozuntuları və digər neqativ hallara yol vermiş 10 hakim intizam məsuliyyətinə cəlb edilmiş, 2 nəfər məhkəmə sədri tutduğu vəzifələrdən azad edilmişlər.Hakim kadrlarına olan ehtiyacla bağlı ötən ilin sonunda hakimlərin seçilməsi prosesinə yenidən başlanılmışdır. Hakimliyə namizədliyini irəli sürmüş 440 nəfər namizədlə nüfuzlu beynəlxalq təşkilatların iştirakı ilə, şəffaf prosedurlar əsasında vahid auditoriyada test üsulu ilə və yazılı imtahanlar, habelə şifahi müsahibələrdən keçmiş 80 nəfər hakimliyə namizəd hakim vəzifəsinə hazırlanmaları üçün tədris ili ərzində davam edəcək kurslara buraxılmışlar.Dövlət başçısının ötən ay imzaladığı fərmana əsasən hakimliyə namizədlərin ilkin uzunmüddətli tədrisinin və hakimlərin ixtisasının artırılmasının təşkili Ədliyyə Akademiyasına həvalə olunmuşdur. Artıq Akademiyada nüfuzlu beynəlxalq təşkilatlarla sıx əməkdaşlıq şəraitində, ən qabaqcıl tədris metodlarından istifadə edilməklə hakim vəzifəsinə namizədlərin uzunmüddətli tədrisi keçirilir. Onların hakim olmaq üçün lazımi biliyə və peşə hazırlığına yiyələnmələrinə xüsusi diqqət yetirilərək, tədris proqramına ən aktual, o cümlədən insan haqları, korrupsiya, məhkəmə etikası və digər məsələlərə dair mövzular daxil edilmiş, məhkəmələrdə, o cümlədən xarici ölkələrdə stajkeçmə nəzərdə tutulmuşdur.Cari ildə ədliyyə sistemi üçün ən mühüm hadisələrdən biri möhtərəm Prezidentimiz cənab İlham Əliyevin tapşırığı ilə 2006-cı ildə inşasına başlanılmış Azərbaycan Respublikası Ali Məhkəməsinin yeni inzibati binasının açılışı olmuşdur.Məhkəmə hakimiyyətinin yüksək statusuna uyğun, xüsusi memarlıq üslubu ilə inşa edilmiş və şəhərimizə əlavə yaraşıq verən bu əzəmətli bina ən müasir texnologiya və elektron sistemlərlə təchiz edilmişdir.Binanın açılışında dövlət başçımızın iştirakı, qanunun aliliyinin təmin edilməsi, insan haqlarının etibarlı qorunması ilə bağlı dəyərli tövsiyə və tapşırıqları, dövlətçiliyimizin möhkəmləndirilməsində ədliyyənin rolu barədə fikirləri hər bir ədliyyə işçisində yüksək fərəh və böyük məsuliyyət hissi yaratmışdır.Ali Məhkəmənin binası ilə tanış olan yüksək səviyyəli xarici qonaqlar onun Avropanın ən gözəl məhkəmə binalarından biri olduğunu, belə bir ədalət sarayının inşasının ölkəmizin məhkəmə hakimiyyətinin müstəqilliyinə verilən böyük əhəmiyyətin əyani təzahürü olduğunu vurğulayırlar.Həmçinin, Azərbaycan ədliyyəsinin inkişafına dair Dövlət Proqramına uyğun olaraq Bakı Apellyasiya məhkəməsi, Bakı şəhərinin Yasamal, Nərimanov və Binəqədi rayon məhkəmələri üçün yeni inzibati banaların inşası məqsədilə müvafiq torpaq sahələri ayrılmış, çoxsaylı yeni məhkəmə binasının inşası, yenidən qurulması və əsaslı təmirinin aparılması məqsədilə mütərəqqi beynəlxalq təcrübə öyrənilməklə layihələr hazırlanmışdır. Məhkəmələrin yüksək statuslarına uyğun layihələndirilən bu binalarda müasir tələblərə cavab verən iş prosesinin təşkilinə, vətəndaşların məhkəmələrə müraciət imkanlarının asanlaşdırılmasına, onların məhkəmə fəaliyyəti barədə məlumatlığının genişləndirilməsinə xüsusi diqqət yetirilmişdir.Dünya Bankı ilə birgə həyata keçirilən Ədliyyə sisteminin müasirləşdirilməsi layihəsi çərçivəsində məhkəmələrdə idarəetmə imkanlarının gücləndirilməsi, vahid elektron şəbəkə yaradılmaqla sənəd dövriyyəsi və informasiya mübadiləsinin asanlaşdırılması üzrə tədbirlər görülmüş, bununla əlaqədar Ali Məhkəmə və Məhkəmə-Hüquq Şurası ən müasir avadanlıqla təmin olunmuş, 2010-cu ildə bütün məhkəmələrin texniki və proqram təminatı nəzərdə tutulmuşdur.Azərbaycanda ədalət mühakiməsinin səmərəliliyinin artırılması üzrə tədbirlər nüfuzlu beynəlxalq hüquq təsisatları tərəfindən də təqdir olunur. Belə ki, Azərbaycan Ümumi Məhkəmələr Hakimlərinin Assosiasiyasının «Hakimlərin Beynəlxalq Assosiasiyasına» üzvlüklə bağlı müraciəti əsasında təşkilatın nümayəndələri Azərbaycana səfər edərək, məhkəmələrin fəaliyyəti ilə tanış olmuş, uğürla həyata keçirilən məhkəmə-hüquq islahatı nəticəsində qazanılmış nailiyyətləri təqdir etmiş və ölkəmiz 70-dən çox dövləti birləşdirən həmin mötəbər quruma seçilmişdir. Bu mühüm hadisə məhkəmə fəaliyyəti sahəsində beynəlxalq əməkdaşlığın daha da genişləndirilməsinə, qabaqcıl dünya təcrübəsinin öyrənilməsinə və tətbiqinə əlavə töhfə olmuşdur.Azərbaycan ədliyyə və məhkəmə sisteminin təkmilləşməsi və müasirləşməsi üzrə atılan məqsədyönlü addımlar ölkəmizdə möhtərəm Prezidentimiz cənab İlham Əliyevin təşəbbüsü və rəhbərliyi ilə həyata keçirilən mütərəqqi islahatların, nəhəng quruculuq işləri, sürətli sosial-iqtisadi inkişafın real təzahürüdür.Danılmaz faktdır ki, artıq Azərbaycan regionda aparıcı dövlətə çevrilmişdir. Ölkəmizin iştirakı olmadan regionda hər hansı layihənin həyata keçirilməsi təsəvvür belə olunmur. Dünyada hökm sürən maliyyə və iqtisadi böhrana baxmayaraq dövlətimizin sosial-iqtisadi inkişafının sürətlə davam etməsi yüksək fərəh hissi doğurur.Ədliyyə işçiləri ulu öndərimizin müəyyən etdiyi və uğurla həyata keçirilən dövlətçilik amallarına daim sadiq qalaraq ölkəmizin daha da qüdrətlənməsi və demokratik hüquqi dövlət quruculuğu işində möhtərəm Prezidentimizə yardımçı olmağı özlərinin vəzifə və vətəndaşlıq borcu sayırlar.Möhtərəm Prezidentimizin ədliyyə fəaliyyətinə yüksək qiymət verərək peşə bayramı ərəfəsində bir qrup ədliyyə işçisini ali xüsusi rütbələrə layiq bilməsi hər birimizin üzərinə əlavə müəsuliyyət qoyur.Peşə bayramı günündə ədliyyə işçiləri Fəxri Xiyabana gedərək bu bayramı bizlərə bəxş etmiş müstəqil Azərbaycan dövlətinin banisi dahi öndər Heydər Əliyevə öz əbədi ehtiramlarını bildirmiş, Şəhidlər Xiyabanında uyuyan şəhidlərimizin xatirəsini yad etmişlər.Ənənəvi olaraq ədliyyə orqanları və məhkəmələrdə Azərbaycan ədliyyəsinin keçdiyi şanlı tarixə, ümummilli liderimizin müəyyən etdiyi dövlət inkişafı kursunun dövlət başçımızın misilsiz fəaliyyəti ilə davam etdirilməsi nəticəsində qazanılmış uğurlara nəzər salınmış, ədliyyə veteranları və gənc mütəxəssislərlə görüşlər, yığıncaqlar keçirilmiş, erməni işğalı nəticəsində məcburi köçkün düşmüş soydaşlarımıza yardımlar göstərilmiş, digər bayram tədbirləri təşkil olunmuşdur.Fürsətdən istifadə edərək, peşə bayramı münasibətilə bütün ədliyyə işçilərini ürəkdən təbrik edir və onlara qanunun aliliyinin, insan haqlarının təmin olunması üzrə şərəfli işlərində müvəffəqiyyətlər arzulayıram.

 

Fikrət MƏMMƏDOV,
Azərbaycan Respublikasının ədliyyə naziri,
Məhkəmə-Hüquq Şurasının sədri
I dərəcəli dövlət ədliyyə müşaviri