Əziz həmkarlar!
Xanımlar və cənablar!
Artıq 10-cu ildir ki ədliyyə işçiləri ümummilli liderimiz tərəfindən bəxş edilmiş peşə bayramını böyük ruh yüksəkliyi ilə qeyd edirlər. Bu bayram ədliyyə sistemində yeni ənənələrin əsasını qoymuşdur.Hər il peşə bayramında ədliyyə işçiləri müstəqil Azərbaycan dövlətinin banisi və müasir hüquq sistemimizin müəllifi olan dahi öndər Heydər Əliyevin Fəxri Xiyabanda məzarını ziyarət edir, onun əziz xatirəsini yad edirlər.Ənənəvi olaraq Azərbaycan ədliyyəsinin keçdiyi şərəfli tarixə, görülən işlərə, qarşıda duran vəzifələrə nəzər salınır. Ədliyyə veteranları və gənc mütəxəssislərlə görüşlər, yığıncaqlar keçirilir, ədliyyə fəaliyyətinə dair çıxışlar edilir, məcburi köçkün düşmüş soydaşlarımıza yardımlar göstərilir. Eyni zamanda, fəaliyyətində fərqlənmiş işçilər mükafatlandırılır, təminatla bağlı əlavə tədbirlər görülür.Bir sözlə peşə bayramında bütün ədliyyə sistemində əsl bayram əhval-ruhiyyəsi yaşanır, işçilərdə böyük mənəvi stimul, cəmiyyətdə isə Azərbaycan ədliyyəsinə, onun fəaliyyətinə rəğbət yaranır. Peşə bayramının bu il Ali Məhkəmədə qeyd edilməsi təsadüfi deyil. Çünki, ölkəmizin hüquq həyatında ən mühüm hadisələrindən biri məhz Ali Məhkəmənin yeni binasının açılışı olmuşdur. Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin tapşırığı ilə inşa edilən, həm məzmun, həm də forma baxımından əsl «Ədalət Sarayı» olan bu bina Azərbaycanda ədliyyə və məhkəmə orqanlarının inkişafına verilən böyük əhəmiyyətin əyani təzahürüdür.Bu gün biz qürur hissi ilə deyirik ki, dövlət başçımızın bilavasitə rəhbərliyi ilə həyata keçirilən dinamik iqtisadi inkişaf ölkəmizi regionun lider dövlətinə çevirmiş, Azərbaycan dünyada analoqu olmayan inkişaf sürətinə nail olmuşdur.Azərbaycan ədliyyəsi də bu inkişafdan geri qalmamışdır. Ədliyyə fəaliyyətinin dövrün tələblərinə və beynəlxalq standartlara uyğun təşkili, müasir texnologiyaların və idarəçilik metodlarının tətbiqi, yeni nəsil hüquqşünasların formalaşdırılması üzrə genişmiqyaslı tədbirlər görülmüşdür.Dövlət başçısı tərəfindən bu ilin fevral ayında təsdiq edilmiş və Azərbaycan ədliyyəsinin gələcək inkişafına yönələn Dövlət Proqramı isə müstəsna tarixi əhəmiyyət kəsb etmişdir.Dövlət Proqramına uyğun olaraq ədliyyə və məhkəmə infrastrukturunun möhkəmləndirilməsi, əhaliyə hüquqi xidmətin yaxşılaşdırılması, elektron idarəetmə və sənəd dövriyyəsinin təşkili üzrə ardıcıl işlər görülmüşdür.Artıq həyata keçirilən tədbirlər öz bəhrəsini verir. Belə ki, bu il yüksək zövqlə layihələndirilmiş Əhalinin Dövlət Reyestri Xidməti üçün yeni bina inşa edilib istifadəyə verilmişdir. Müasir informasiya və kommunikasiya texnologiyaları ilə tam təchiz edilmiş bu binada Notariat və VVAQ arxivləri də yerləşdirilərək informasiya resurslarının vahid şəbəkədə işlənilməsi təmin olunmuşdur.Binanın açılışında dövlət başçısı cənab İlham Əliyev iştirak etmiş, ölkəmizdə ilk dəfə tətbiq olunan və inkişaf etmiş Avropa dövlətlərinin təcrübəsinə əsaslanan qabaqcıl texnologiyaların imkanları ilə tanış olmuşdur.Bu il ədliyyə sistemində daha bir layihə uğurla başa çatmışdır. Yeni inşa edilmiş Bakı istintaq təcridxanasının birinci buraxılış obyektləri kompleksi may ayında istifadəyə verilmişdir. Bununla da 120 il əvvəl Bayılda inşa edilmiş və məhkumların hüquqlarının təmin edilməsi baxımından müasir tələblərinə cavab verməyən 1 saylı Bakı İstintaq Təcridxanası ləğv olunmuşdur.Dövlət başçısı yeni müəəsisəyə baş çəkərək yaradılmış yüksək şəraitlə tanış olmuş, insan haqlarının müdafiəsində ədliyyə orqanları və məhkəmələrin infrastrukturunun möhkəmləndirilməsinin əhəmiyyətini qeyd etmiş, zəruri göstərişlər vermişdir.Bu müəssisəyə beynəlxalq təşkilatların və xarici dövlətlərin yüksək səviyyəli nümayəndələri böyük maraq göstərərək onun fəaliyyəti ilə tanış olur, ölkələrinin də bu təcrübədən yararlanmaq arzusunu bildirirlər.Bu il həmçinin, yeni yaradılmış Şəki, Gəncə və Şirvan regional ədliyyə şöbələri, habelə Qəbələ və Qax qeydiyyat şöbələrinin yeni inzibati binalarının inşası başa çatdırılmışdır.Fəaliyyətimizin digər mühüm prioriteti məhkəmə infrastrukturunun yaxşılaşdırılmasıdır.Bu il Bakıda və regionlarda müxtəlif instansiya məhkəmələri üçün yeni binaların tikilməsi məqsədilə ən layiqli yerlər ayrılmış, müasir tələblərə cavab verən iş prosesinin təşkili və vətəndaşlar üçün əlverişli şəraitin yaradılması məqsədilə beynəlxalq təcrübəyə uyğun layihələr hazırlanmışdır.Ümid edirəm ki, ən yaxın vaxtlarda biz məhkəmə binalarının təməlqoyma mərasimləri keçirə biləcəyik.Bütun bunlarla yanaşı Azərbaycan ədliyyəsinin inkişafında əsas amil insan faktorudur, kadrların düzgün seçilib yerləşdirilməsidir.Ədliyyə orqanlarına işə qəbul test üsulu ilə, şəffaf prosedurlar əsasında aparılaraq son illərdə 200 nəfər, cari ildə isə 50 nəfərədək hazırlıqlı və sağlam düşüncəli gənc hüquqşünas işə qəbul edilmişdir. Bu il seçilmiş şəxslər ilk dəfə olaraq təyinatlardan əvvəl Ədiliyyə Akademiyasında peşə fəaliyyətinə buraxılışla bağlı icbari təlimlər keçmişlər.Həmçinin, hakimliyə namizədlərlə son 2 ildə aparılmış çoxmərhələli şəffaf seçim prosedurları nəticəsində 1800-dək namizəddən 157-si müvəffəqiyyət qazanaraq hakim vəzifələrinə təyin edilmişlər. Bu il isə 80 nəfər bütün mərhələləri uğurla başa vuraraq ilkin tədrisə vəsiqə qazana bilmişlər.Ölkə Prezidentinin oktyabrın 1-də imzaladığı fərmanına müvafiq olaraq hakimlərin və hakimliyə namizədlərin tədrisi Ədliyyə Akademiyasına həvalə olunmuşdur. Bununla əlaqədar dərhal təşkilati tədbirlər həyata keçirilmiş və Akademiyada nüfuzlu beynəlxalq təşkilatlarla sıx əməkdaşlıq şəraitində, ən qabaqcıl tədris təcrübəsindən istifadə edilməklə hakim vəzifəsinə namizədlərin uzunmüddətli tədrisi təşkil olunmuşdur.Hazırda davam edən tədris çərçivəsində bütün namizədlər məhkəmələrdə staj keçəcək, həmçinin xarici ölkələrdə tədris səfərlərində iştirak edəcəklər.Ədliyyə ədalət sözündəndir. Ona gərə də istər Ədliyyə Nazirliyi, istərsə də məhkəmə sistemində çalışan hər bir ədliyyə işçisi ilk növbədə haqqın və ədalətin keşiyində dayanmalıdır. Öz mənəvi saflığı, ədalətli olmağı, peşəkarlığı, vətəndaşlara qayğılı münasibəti ilə Azərbaycan Ədliyyəsinin nüfuzunu qorumalı, onun adını daim uca tutmalıdır.İnanıram ki, ədliyyə işçiləri, o cümlədən yeni təyinat alan şəxslər bu vəzifənin öhdəsindən layiqincə gələcəklər.Bu gün peşə bayramını təntənəli qeyd edərkən Azərbaycan ədliyyəsinin inkişafına, əməkdaşlarımızın yüksək təltiflərə layiq bilinməsinə görə dövlət başçımıza dərin minnətdarlıq hissi keçiririk.Hesab edirəm ki, biz bu yüksək hisslərimizi ölkə prezidentinə ədliyyə işçiləri adından ünvanlanan müraciətdə əks etdirəcəyik.Dövlət başçımızı əmin etmək istərdik ki, ədliyyə işçiləri ulu öndərimizin müəyyən etdiyi dövlətçilik amallarına daim sadiq qalaraq ölkəmizin daha da inkişafı və qüdrətlənməsi naminə möhtərəm Prezidentimizə layiqli yardımçı olmaq üçün bundan sonra da yüksək əzmlə çalışacaqlar.Fürsətdən istifadə edərək, peşə bayramı münasibətilə bütün ədliyyə işçilərini və hakimləri ürəkdən təbrik edir, onlara qanunun aliliyinin, insan haqlarının təmin olunması üzrə şərəfli işlərində müvəffəqiyyətlər arzulayıram.
Diqqətinizə görə minnətdaram !