Ölkəmizdə yeni təsisat - Məhkəmə-Hüquq Şurasının yaradılmasının 5 ili tamam olur. Bununla əlaqədar Məhkəmə-Hüquq Şurasının və milli məhkəmə sisteminin fəaliyyəti ilə bağlı Şuranın sədri, ədliyyə naziri Fikrət Məmmədov AzərTAc-ın müxbirinə müsahibə vermişdir. Müsahibə oxuculara təqdim olunur.-

Fikrət müəllim, bu ay Məhkəmə-Hüquq Şurasının fəaliyyətinin 5 ili tamam olur. Bu baxımdan, ilk sualımız da Məhkəmə-Hüquq Şurasının yaradılması zərurəti və cəmiyyətdə rolu barədədir.-Bilirsiniz ki, Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən sonra ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə ictimai həyatın bütün sahələrində əsaslı islahatlar həyata keçirilmişdir. İslahatların ən geniş vüsət aldığı sahələrdən biri də məhz hüquq sistemi olmuşdur. 
Bu da təsadüfi deyildir. Çünki demokratik inkişaf yolunu tutmuş ölkəmizdə keçmiş sovetlər birliyindən miras qalmış hüquq sistemi ilə insan haqlarının müdafiəsinə yönələn mütərəqqi islahatlar həyata keçirmək mümkün olmazdı.Məhkəmə-hüquq islahatlarının mütəşəkkil həyata keçirilməsi məqsədi ilə ümummilli liderimiz tərəfindən Hüquqi İslahatlar Komissiyası yaradılmış və bu işə xüsusi əhəmiyyət verən dahi öndərimiz həmin komissiyaya rəhbərliyi öz üzərinə götürmüşdü.Tarix üçün çox qısa müddətdə ölkəmizin məhkəmə və hüquq sistemi demokratik prinsiplər əsasında tamamilə yenidən qurulmuş, müasir məhkəmə sistemi yaradılmış, Avropa standartlarına uyğun olan mütərəqqi qanun və məcəllələr qəbul edilmişdir.2000-ci ildə dövlət orqanları sırasında ilk dəfə olaraq hakimlərin seçilməsi prosesində test üsulu ilə imtahan tətbiq edilmiş, müstəqil məhkəmə hakimiyyətinin yaradılması istiqamətində mühüm addımlar atılmış və yeni məhkəmə sistemi fəaliyyətə başlamışdır.Təbii ki, demokratik inkişaf, ölkəmizin analoqu olmayan sürətli iqtisadi tərəqqisi, yeni ictimai münasibətlərin formalaşması məhkəmə fəaliyyətinin daha da təkmilləşdirilməsi üzrə islahatları şərtləndirmişdir.Bununla əlaqədar insan haqlarının qorunmasında məhkəmə fəaliyyətinə böyük əhəmiyyət verən Prezident İlham Əliyevin məhkəmə sisteminin beynəlxalq norma və prinsiplərə uyğun daha da təkmilləşdirilməsi ilə bağlı tapşırıqlarına əsasən bu sahədə ardıcıl tədbirlər həyata keçirilmişdir.İlk növbədə, məhkəmə fəaliyyətini tənzimləyən qanunvericilik bazasının Avropa Şurası ekspertləri ilə birgə ətraflı tədqiq edilməsi məqsədi ilə Azərbaycan-Avropa Şurası birgə işçi qrupu yaradılmış, gərgin və intensiv müzakirələr aparılmış, əhatəli Fəaliyyət Planı hazırlanaraq həyata keçirilmişdir. Bu zaman Avropa Şurası Nazirlər Komitəsinin Hakimlərin müstəqilliyi, səmərəliliyi və roluna dair 12 saylı (1994) Tövsiyəsi, Hakimlərin statusu haqqında Avropa Xartiyası (1998), Avropa Hakimlərinin Məşvərətçi Şurasının Məhkəmələrin müstəqilliyi və dəyişməzliyinə dair standartlarla əlaqədar 1 saylı (2001) rəyi diqqət mərkəzində saxlanılmışdır. 
Görülmüş tədbirlər nəticəsində ədalət mühakiməsinin səmərəliliyinin artırılması, məhkəmə hakimiyyətinin müstəqilliyinə əlavə təminatların müəyyən olunmasını nəzərdə tutan yeni qanunvericilik layihələri hazırlanmış və Avropa Şurasında ekspertizadan keçirildikdən sonra qəbul olunmuşdur.2004-cü ilin sonunda məhkəmələr və hakimlər haqqında qanunun əsaslı şəkildə yeniləşməsi, Məhkəmə-Hüquq Şurası haqqında xüsusi qanunun qəbul edilməsi ədalət mühakiməsinin səmərəliliyinin artırılmasında mühüm rol oynamışdır.İlk dəfə olaraq, hakimlərin müddətsiz təyinatı, onların fəaliyyətlərinin qiymətləndirilməsi qaydası təsbit edilmişdir. Korrupsiya hallarının qarşısının alınması məqsədi ilə qanunvericiliyə əsasən hakimlər tərəfindən vətəndaşların qəbulu qadağan edilmiş, məhkəmə fəaliyyətinin şəffaflığının təmin olunması məqsədi ilə yuxarı məhkəmələrin bütün qərarlarının, habelə onlarla birlikdə yerli məhkəmələrin ləğv edilmiş və ya dəyişdirilmiş qərarlarının dərci nəzərdə tutulmuşdur.Yeni təsisat - məhkəmə hakimiyyətinin özünüidarə orqanı olan 15 nəfər üzvdən ibarət Məhkəmə-Hüquq Şurası formalaşdırılmış, onun tərkibi əsasən hakimlərdən (9 nəfər), eyni zamanda, Azərbaycan Prezidentinin, Milli Məclisin, prokurorluğun, Vəkillər Kollegiyasının nümayəndələrindən ibarət müəyyən olunmuşdur. Hakimlərin fəaliyyətinin qiymətləndirilməsi, iş yerinin dəyişdirilməsi, vəzifədə irəli çəkilməsi, intizam məsuliyyətinə cəlb edilməsi və onların fəaliyyəti ilə bağlı digər məsələlər bu orqanın müstəsna səlahiyyətinə aid edilmişdir. 
Bu təsisat hələ XIX əsrin sonlarından Fransa və İtaliyada əhəmiyyətli presedentlərə malik olmuşdur. Bu gün isə məhkəmə hakimiyyətinin özünüidarə orqanı olmaqla Avropada ən mütərəqqi təcrübə kimi istifadə edilir. Azərbaycan da məhz bu təcrübəyə istinad etmişdir.Yeniliyin əsas məqsədi məhkəmələr və hökumət arasında yeni qurum yaratmaqla məhkəmə sisteminin müstəqilliyini gücləndirmək, məhkəmələrin və bu sahədə hökumətin işini təkmilləşdirmək olmuşdur. 2005-ci ilin fevral ayından formalaşmış Məhkəmə-Hüquq Şurasının fəaliyyətinə mühüm əhəmiyyət verilərək dövlətimizin başçısının Fərmanına əsasən, Şura yüksək statusuna uyğun olan yeni bina ilə təmin edilmiş, ən müasir təşkilati-texniki avadanlıqla və müasir informasiya və kommunikasiya texnologiyaları ilə təchiz olunmuşdur.Ötən dövr ərzində Məhkəmə-Hüquq Şurası tərəfindən məhkəmə fəaliyyətinin təkmilləşdirilməsi, hakimlərin fəaliyyətinin qiymətləndirilməsi və tədrisinin müasir tələblər səviyyəsində qurulması, icra və əmək intizamının möhkəmləndirilməsi, qanun pozuntusu, süründürməçilik və digər mənfi halların aradan qaldırılması üzrə məqsədyönlü tədbirlər həyata keçirilmişdir.Fəaliyyətində şəffaflıq və aşkarlığın təmin olunması məqsədi ilə Şuranın iclaslarına hakimlərin və digər hüquq təsisatı nümayəndələrinin, hüquq müdafiə təşkilatları və media təmsilçilərinin dəvət olunması mütəmadi xarakter almış, habelə onun fəaliyyətinin ilk dövründən geniş məlumatları əks etdirən və interaktiv rejimdə işləyən internet səhifəsi istifadəyə verilmişdir.-Son illərə nəzər salarkən məhkəmə sistemində əsaslı dəyişikliklərin şahidi oluruq. Onları şərtləndirən səbəblər və zərurət barədə fikirləriniz maraqlı olardı.-Həyata keçirilən bütün islahatların əsasında, ilk növbədə məhkəmə hakimiyyətinin müstəqilliyinin artırılması və insan haqlarının daha etibarlı müdafiəsi dayanır. 
Bununla əlaqədar Məhkəmə-Hüquq Şurası tərəfindən əsaslı təhlillər aparılmış, insanların məhkəmələrə müraciət imkanlarının asanlaşdırılması, məhkəmə sisteminin təkmilləşdirilməsi üzrə tədbirlər müəyyən olunmuş, mövcud nöqsan və problemləri doğuran səbəblər və yeni məhkəmələrin yaradılması ehtiyacı öyrənilmişdir.Məlumdur ki, məhkəmə araşdırmalarının keyfiyyətinə mənfi təsir göstərən əsas amillərdən biri də hakimlərin yüksək iş yüküdür. Təhlillər göstərmişdir ki, ölkəmizdə məhkəmələr tərəfindən baxılan işlərin sayı 2000-ci illə müqayisədə dəfələrlə artmışdır. Həmçinin Azərbaycan Avropa Şurası ölkələri arasında bu sahədə ən aşağı göstəricilərlə xarakterizə olunurdu - hər 100 min nəfərə 4 hakim. Bununla əlaqədar normal iş yükünün müəyyən edilməsi üçün ölkənin bütün hakimləri arasında sorğu keçirilərək nəticələr ümumiləşdirilmiş, beynəlxalq təcrübə, o cümlədən ədalət mühakiməsinin səmərəliliyi üzrə Avropa Komissiyasının məlumatları nəzərə alınmaqla məhkəmələr üçün tələb olunan əlavə hakim ştat vahidlərinin sayı müəyyən edilmiş, bu məsələlər Məhkəmə-Hüquq Şurasının iclaslarında geniş müzakirə edilmişdir.Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin məhkəmə sisteminin müasirləşdirilməsi ilə bağlı 2006-cı ildə imzalanmış fərmanları məhkəmə fəaliyyətinin təkmilləşdirilməsində yeni mərhələ olmuşdur. Vətəndaşların məhkəmələrə müraciət etmək imkanlarının asanlaşdırılması, habelə regionlarda hüquq institutlarının inkişafı məqsədi ilə yeni məhkəmələr, o cümlədən Bakı şəhərində yerləşən respublika Apellyasiya və İqtisad məhkəmələri ləğv edilərək ölkənin bütün bölgələrini əhatə edən 5 yeni regional apellyasiya məhkəməsi, habelə əlavə olaraq 3 yerli iqtisad məhkəməsi təşkil edilmişdir. Apellyasiya məhkəmələrinin 4 kollegiyadan ibarət vahid tərkibi müəyyən edilmiş, o cümlədən hər birində iqtisadi mübahisələrə dair işlər üzrə kollegiya təsbit olunmuşdur.Aparılmış gərgin işin nəticəsi olaraq, qısa müddətdə yeni yaradılmış məhkəmələr üçün inzibati binalar ayrılmış, onların maddi-texniki təchizatı təmin edilmiş, məhkəmə aparatları formalaşdırılmış və nəhayət, məhkəmələr təcrübəli hakimlərlə komplektləşdirilərək fəaliyyətə başlamışlar.Hakim ştatlarının artırılması nəticəsində Ali Məhkəmə hakimlərinin ştat sayı 23-dən 38-ə, apellyasiya məhkəmələri hakimlərinin ştat sayı isə 2 dəfədən çox artırılaraq 49-dan 106-a çatdırılmışdır. Bakı şəhərinin rayon məhkəmələrində 2007-ci ildə faktiki olaraq 45 hakim fəaliyyət göstərmişdirsə, bu rəqəm indi iki dəfə çoxalaraq 87 təşkil etmiş, habelə respublikanın digər rayon, şəhər məhkəmələri hakimlərinin sayı xeyli artırılmışdır.Ümumiyyətlə, hakim ştatlarının sayı 50 faiz, məhkəmə aparatı işçilərinin sayı isə 60 faizədək artırılmış, habelə yüksək iş yükü və beynəlxalq təcrübə nəzərə alınmaqla, hər bir hakim üçün əlavə köməkçi ştatları ayrılmışdır.Bütün bunlar insanların məhkəmələrə müraciət imkanlarının genişlənməsi ilə yanaşı, hakimlərin iş yükünün, süründürməçilik və digər pozuntuların azalmasına, işlərə daha keyfiyyətlə baxılmasına şərait yaratmışdır.-Burada yəqin ki, hakimlərin peşəkarlığından, şəxsi keyfiyyətindən, məsuliyyət hissindən də çox şey asılıdır. Bildiyimizə görə, Məhkəmə-Hüquq Şurası tərəfindən hakimlərin fəaliyyətinin qiymətləndirilməsi həyata keçirilmiş, onların məsuliyyətinin artırılması üzrə digər tədbirlər görülmüşdür.-Bilirsiniz, məhkəmə hakimiyyətinin nüfuzlu və müstəqil təsisat kimi təşəkkül tapması bu hakimiyyəti həyata keçirən subyektlərdən - hakimlərdən xeyli dərəcədə asılıdır. Məhz hakimlərin davranışına əsasən insanlarda hüquq, məhkəmə, dövlətin ədalətliliyi ilə bağlı təsəvvürlər formalaşır. Hakimlər hüququ reallığa çevirən, insanların ədalət və hüquq haqqında fikirlərinə birbaşa təsir edən şəxslərdir.Hakimlik çox şərəfli, eyni zamanda xüsusi məsuliyyət tələb edən vəzifədir. Bu peşənin tələb etdiyi zirvədə məqam tutmaq yüksək iradə və fədakarlıq tələb edir. Ədalət mühakiməsini həyata keçirərkən qanunların tələblərinə əməl etmək, hakim fəaliyyətinin mənəvi və tərbiyəvi təsirini təmin etmək, ədalət mühakiməsinin adına xələl gətirən hərəkətlərdən çəkinmək, ədalətli və qərəzsiz olmaq hakim vəzifəsinin ana xəttini təşkil edir.Hakim özünün nümunəvi davranışı, qərəzsizliyi və ədalətliliyi ilə daim obyektiv mövqeyini nümayiş etdirməli, özünə və təmsil etdiyi hakimiyyətə olan etibarı, inamı artırmağa çalışmalı, müstəqil qərar çıxarmasına mənfi təsir göstərən hallardan uzaq olmalıdır.Məhkəmə sisteminin fəaliyyətinin təkmilləşdirilməsi üzrə həyata keçirilən tədbirlər çərçivəsində bu tələblərə xüsusi diqqət yetirilir, vətəndaşların haqlı narazılığına səbəb olan qanun pozuntuları və mənfi hallara yol verən hakimlərin məhkəmə sistemindən kənarlaşdırılması üzrə ardıcıl tədbirlər görülür.Məhkəmə-Hüquq Şurası tərəfindən bütün hakim korpusunun fəaliyyəti 2007-ci ildə prinsipial qiymətləndirilmiş, bu zaman hər bir hakimə fərdi yanaşılmış, onun bilik və peşəkarlığı ilə yanaşı, mənəvi keyfiyyətləri, insanlara qayğıkeş münasibəti də əsas götürülmüşdür. 
Qeyd etmək istərdim ki, hakimlərin fəaliyyətinin qiymətləndirilməsi ilə bağlı aparılmış təhlillər nəticəsində işində olan nöqsan və çatışmazlıqlar nəzərə alınaraq 38 hakimin səlahiyyətlərinə xitam verilmişdir ki, bu da həmin dövrdə fəaliyyət göstərmiş bütün hakim korpusunun təxminən 12 faizi deməkdir. Həmçinin Bakı şəhərinin 11 rayon məhkəməsi sədrlərinin 8-i sədr vəzifəsinə yenidən təyin olunmamış, o cümlədən 2 məhkəmə sədrinin hakimlik səlahiyyətlərinə xitam verilmişdir. Ümumiyyətlə isə bütün məhkəmələrin hakimlərinin tərkibi tam təzələnmişdir. 
Əvvəllər hakimlərin intizam məsuliyyətinə cəlb olunması Ali Məhkəmənin intizam kollegiyası tərəfindən həyata keçirilirdi. Bu səlahiyyətin bilavasitə yuxarı instansiya məhkəməsi tərəfindən icrası isə əlbəttə ki, korporativ münasibətlərin yaranmasına şərait yaradır, intizam tədbirlərinin səmərəsini azaldırdı.Bununla əlaqədar hakimlərin intizam məsuliyyətinə cəlb edilməsi proseduruna yenidən baxılmış və bu, Məhkəmə-Hüquq Şurasının müstəsna səlahiyyətlərinə aid edilmişdir. Hakimlər barədə intizam icraatının başlanılması barədə müraciət etmək hüququ olan subyektlərin sayı artırılaraq bu səlahiyyətlər Ali Məhkəmənin sədri və ədliyyə naziri ilə yanaşı, apellyasiya məhkəmələrinin sədrlərinə də verilmiş, korrupsiya hüquqpozmalarının törədilməsi barədə məlumatlara malik olan fiziki və hüquqi şəxslərin Şuraya müraciət hüququ təsbit olunmuşdur.Bu prosedurlar müəyyən edilərkən məhkəmə hakimiyyətinin müstəqilliyinin təmin olunmasına xüsusi diqqət yetirilmişdir. Belə ki, hakimlər barədə intizam icraatının başlanılması üçün müraciətdə zəruri əsaslar müəyyən edilərsə, Məhkəmə-Hüquq Şurası intizam icraatına başlanılması haqqında qərar çıxarır. İntizam icraatı üzrə araşdırma isə yalnız Məhkəmə-Hüquq Şurasının hakim üzvü tərəfindən aparılır. Üç ayadək davam edən bu araşdırma dövründə barəsində intizam icraatı başlanılmış hakim bütün materiallarla tanış edilir, onun izahatları dinlənilir və Şuranın iclasına ətraflı məruzə hazırlanır.Məhkəmə-Hüquq Şurasının iclasında intizam məsuliyyəti məsələsinə baxılan hakimə özünün seçdiyi vəkilin və ya hakim yoldaşının köməyindən istifadə etməklə müdafiə olunmaq, Şura üzvlərinə etiraz etmək hüququnun verilməsi, səsvermədə yalnız Şuranın hakim üzvlərinin iştirak etməsi, habelə qəbul edilmiş qərardan Ali Məhkəmənin Plenumuna şikayət hüququnun təsbit olunması intizam icraatı prosedurunun obyektivliyinə əlavə şərait yaradır.Ötən dövr ərzində Məhkəmə-Hüquq Şurası tərəfindən intizam icraatları üzrə 8 nəfərin səlahiyyətlərinə intizam qaydasında vaxtından əvvəl xitam verilməsi, 10 hakimin aşağı və ya iş həcmi daha az olan vəzifəyə keçirilməsi barədə dövlətimizin başçısına təkliflər verilməsi barədə qərarlar qəbul edilmiş, bir çoxları barədə digər intizam cəzaları tətbiq olunmuşdur. Ötən il isə Şura tərəfindən 22 hakim barədə intizam icraatı başlanılmış, yol verdikləri ciddi qanun pozuntularına görə 2 məhkəmə sədri - Gəncə şəhəri Kəpəz və Astara rayon məhkəmələrinin sədrləri intizam qaydasında tutduqları vəzifələrdən azad edilmişdir.Eyni zamanda, hakimlər barədə başlanılmış intizam icraatları heç də həmişə intizam cəzası ilə nəticələnmir. Hakimin fəaliyyətində məsuliyyətə səbəb olan pozuntu müəyyən edilmədikdə icraata xitam verilir. Belə ki, hakimlər barədə 18 intizam işi üzrə icraatlara bu əsasla xitam verilmişdir.-Bu ərəfədə bəzi hakimlərin insanlar barədə həbs qətimkan tədbirinin seçilməsində pozuntulara yol verdiklərinə görə ciddi intizam məsuliyyətinə cəlb edilməsinin şahidi olduq.-Elədir. Qeyd olunduğu kimi, ölkəmiz müstəqillik əldə etdikdən sonra aparılan məhkəmə islahatlarının mahiyyətində insan haqlarının etibarlı təminatı dayanmışdır. Bu mənada Azərbaycan keçmiş sovetlər birliyində həbs qətimkan tədbirinin seçilməsi səlahiyyəti məhkəmələrə verilmiş ilk dövlətlərdən olmuşdur.Bu mütərəqqi islahatın fəlsəfəsi ondan ibarətdir ki, insanların ən mühüm hüquqlarını, azadlığını məhdudlaşdıran tədbir ittiham edən orqan tərəfindən deyil, məhz müstəqil məhkəmə tərəfindən seçilsin.Həmçinin bu zaman real müdafiə hüququ təmin edilərək, cinayət təqibi orqanlarının bu sahədə fəaliyyətinə məhkəmə nəzarəti tətbiq olunsun.Təbii ki, insan haqları ilə bağlı mühüm beynəlxalq sənədlər, o cümlədən insan hüquqları üzrə Avropa Konvensiyası və Avropa Məhkəməsinin presedentləri, habelə Avropa Şurası Nazirlər Komitəsinin tövsiyələri də bu məsələyə həssaslıqla yanaşılmasını tələb etməklə həbsin yalnız digər alternativ tədbirlərin mümkün olmadığı halda tətbiqini qeyd edir. Lakin həbs qətimkan tədbirinin seçilməsi və müddətinin uzadılması vəziyyəti ilə bağlı məsələ Ali Məhkəmənin Plenumunda müzakirə edilərkən bu sahədə qanun pozuntularına yol verilməsi aşkar edilmişdir.Məhkəmə-Hüquq Şurası tərəfindən başlanılmış intizam icraatları üzrə müəyyən edilmişdir ki, bəzi hakimlər bu sahədə səmərəli məhkəmə nəzarəti həyata keçirməmiş, qətimkan tədbirlərinin ən ciddi növü olan həbsin qanunvericiliyin tələbləri nəzərə alınmadan əsassız seçilməsi, bu işə formal münasibət bəslənilməsi hallarına yol vermişlər. Bəzi hakimlər isə insan haqları ilə bağlı olan bu mühüm məsələyə xüsusi həssaslıqla yanaşmaq əvəzinə, əksinə bu sahədə qanunun elementar tələblərini də pozmuşlar.Əlbəttə, bu hallara göz yumula bilməz. Belə pozuntulara yol vermiş 3 hakimin səlahiyyətlərinə Məhkəmə-Hüquq Şurası tərəfindən vaxtından əvvəl xitam verilməsi, 2 hakimin iş yerinin dəyişdirilməsi barədə Azərbaycan Prezidentinə təkliflərin verilməsi qərara alınmış, 9 hakim barədə digər intizam tənbehi tədbirləri görülmüşdür.Lakin elə təsəvvür yaranmasın ki, Şurada yalnız hakimlərin yol verdikləri pozuntulara qiymət verilir. Ötən dövr ərzində məhkəmə sistemində səmərəli fəaliyyətinə görə Şuranın təqdimatları əsasında 21 nəfər dövlət təltiflərinə layiq bilinmiş, 20 hakim isə səmərəli fəaliyyətinə görə Şura tərəfindən mükafatlandırılmışdır.-Hakimlərin obyektiv və qərəzsiz olmasının, işlərə daha keyfiyyətlə baxılmasının, habelə müstəqilliyinin təmin edilməsində ən mühüm amillərdən biri də onların seçilməsi prosedurudur.-Bu mənada yeni qanunvericiliyə uyğun olaraq Azərbaycanda hakimliyə namizədlərin Avropada ən mütərəqqi və şəffaf üsullarla seçilməsi qaydasının təsbit olunması diqqətəlayiqdir. 
Hakimliyə namizədlərin seçilməsinin yeni qaydalarının hazırlanması məqsədi ilə gərgin müzakirələr aparılmış və nəhayət bu gün tətbiq edilən seçim qaydaları hazırlanaraq Avropa Şurasında ekspertizadan keçirildikdən sonra Məhkəmə-Hüquq Şurası tərəfindən qəbul olunmuş, müstəqil qurum - Hakimlərin Seçki Komitəsinin fəaliyyəti təmin edilmişdir.Bu seçim proseduru çoxsaylı imtahan və müsahibələrdən, habelə namizədlərin hakim vəzifələrinə hazırlanmaları üçün uzunmüddətli kurs və təcrübədən ibarətdir.Yeni qaydalara əsasən hakimliyə namizədlərin seçimində şəffaflığın və obyektivliyin təmin olunması məqsədi ilə test üsulu ilə və yazılı imtahanlar bütün namizədlər üçün vahid zalda təşkil edilir. İmtahan prosesinin bütün mərhələləri namizədlərin qarşısında, onların iştirakı ilə keçirilir. Eyni zamanda, qaydalara əsasən, beynəlxalq təcrübədə olduğu kimi, namizədlərin bilik səviyyəsi ilə yanaşı, onların öz fikirlərini səlis ifadə etmək bacarığının, məntiqi nəticələr çıxarmaq qabiliyyətinin, ümumi dünyagörüşünün müəyyən olunması məqsədi ilə şifahi imtahanlar keçirilir.Hakimlərin seçilməsi proseslərinin hər bir mərhələsində - istər test üsulu ilə və yazılı, istərsə də şifahi imtahanlarda iştirak etmiş 10-larla yerli və beynəlxalq təşkilatların, səfirliklərin nümayəndələri bu seçimin Avropa Şurasının üzv dövlətləri arasında ən mütərəqqi qaydalara uyğun olması, onun şəffaf və obyektivliyi ilə bağlı müsbət rəylər vermiş, bizim üçün ən əsası isə bu prosesin ədalətliliyinə cəmiyyətdə inam formalaşmışdır.İlk dəfə olaraq çoxmərhələli imtahanlarda müvəffəqiyyət qazanmış şəxslər uzunmuddətli tədris kurslarına cəlb edilirlər. Müasir tədris üsullarından istifadə edilməklə keçirilən həmin kurslar zamanı namizədlərin hakim olmaq üçün lazımi biliyə və peşə hazırlığına yiyələnmələrinə xüsusi diqqət yetirilir, insan haqları, korrupsiyaya qarşı mübarizə, məhkəmə etikası, hakimin davranışı, məhkəmədə işin səmərəli təşkili və digər məsələlərə dair mövzular nüfuzlu beynəlxalq ekspertlərin iştirakı ilə geniş tədris olunur, namizədlər məhkəmələrdə staj keçirlər.Qeyd etmək istərdim ki, 2005-ci ildən keçirilən hakimliyə namizədlərlə müsabiqələrdə 1800-dək şəxs namizədliyini irəli sürmüşdü. Onların sırasından isə cəmi 157 nəfər seçilib hakim vəzifəsinə təyin edilmişdir. Əlbəttə ki, hakimlik arzusunda olan şəxslərə bu cür tələbkarlıq təbiidir. Çünki bu şəxslər təkcə qanunu tətbiq etmirlər, həm də insanların taleləini müəyyən edirlər.Hazırda bütün birinci instansiya məhkəmələri hakimlərinin yarıdan çoxu qeyd olunan prosedurlarla seçilib təyin edilmiş yeni hakimlərdir.Eyni zamanda, hakim kadrlarına ehtiyac nəzərə alınaraq, 2009-cu ildə hakimliyə namizədlərin seçiminə növbəti dəfə başlanılmış, 80 nəfər hüquqşünas imtahanlardan keçərək, 2009-2010-cu tədris ili ərzində davam edəcək kursa cəlb edilmişdir. Ədliyyə Akademiyasında keçirilən həmin kursda yüksək məhkəmə hakimlərinin, görkəmli alimlərin, zəngin biliyə və təcrübəyə malik olan şəxslərin, nüfuzlu xarici mütəxəssislərin mühazirələri, habelə əvvəlki illərdə olduğu kimi namizədlərin xaricdə təcrübə keçmələri təşkil edilir.-Hakimlərin fəaliyyətində onların mütəmadi olaraq ixtisasının artırılması mühüm rol oynayır. Bu sahədə Məhkəmə-Hüquq Şurasının da üzərinə müəyyən vəzifələr düşür.-Məhkəmə səhvlərinin aradan qaldırılmasında və fəaliyyətin təkmilləşdirilməsində hakimlərin tədrisinin əhəmiyyəti nəzərə alınaraq Məhkəmə-Hüquq Şurası tərəfindən beynəlxalq təcrübə öyrənilmiş və bu sahədə iş Avropa hakimləri məşvərətçi şurasının tövsiyələri əsas götürülməklə yenidən qurulmuşdur.Belə ki, tədris kurslarının proqramları tərtib edilərkən hakimlərlə sorğular keçirilir, onların tədrisinə ehtiyac bildikləri sahələr və mövzular öyrənilir və müxtəlif sahələr üzrə hazırlanan proqramlar məhz bu ehtiyaclara uyğun tərtib edilir. Hakimlərin müstəqilliyinin qorunmasının əlavə təminatı olaraq onlar iştirak etmək istədikləri davamlı tədris kursunun proqramını təqvim planına uyğun surətdə özləri seçirlər.Qeyd etmək istərdim ki, Məhkəmə-Hüquq Şurasının tədris sektoru tərəfindən 2009-cu ildə müxtəlif aktual sahələr üzrə 17 tədris proqramları hazırlanmış və bütün birinci instansiya məhkəmələrinin hakimləri həmin proqramlara uyğun təcrübəli xarici mütəxəssislərin iştirakı ilə tədrisə cəlb edilmişlər.Tədris prosesində professional müəllim heyətinin hazırlanmasına xüsusi diqqət yetirilir, müəllim heyəti üçün mütəmadi ixtisasartırma tədbirləri, təcrübə mübadiləsi təşkil olunur.Hakimlərin peşə hazırlığının davamlı və mütəşəkkil artırılmasının ədalət mühakiməsinin səmərəliliyinə təsiri nəzərə alınaraq ötən il dövlətimizin başçısı tərəfindən Ədliyyə Akademiyasının Nizamnaməsində dəyişikliklər edilərək hakimlərin və hakimliyə namizədlərin tədrisi sahəsində Akademiyanın üzərinə əlavə mühüm vəzifələr qoyulmuşdur. Bununla əlaqədar hakimlərin tədrisi sahəsində fəaliyyətin daha da təkmilləşdirilməsi, o cümlədən Məhkəmə-Hüquq Şurası ilə Ədliyyə Akademiyasının fəaliyyətlərinin səmərəli əlaqələndirilməsi üzrə işlər aparılır.-Fikrət müəllim, yeri gəlmişkən, bəzi hallarda Avropa Məhkəməsi tərəfindən Azərbaycana qarşı çıxarılan qərarlar hakimlərimizin İnsan hüquqları üzrə Avropa Konvensiyası və Avropa Məhkəməsi presedentləri haqqında biliklərinin lazımi səviyyədə olmaması ilə əlaqələndirilir.-Doğrudur. Məsələn, ötən il Avropa Məhkəməsi tərəfindən Azərbaycana qarşı 7 qərar çıxarılıb. Əlbəttə, hər birimiz istərdik ki, belə qərarların sayı az olsun və insanların hüquqları bilavasitə yerli məhkəmələr tərəfindən təmin edilsin.Avropa Məhkəməsinin yurisdiksiyası Azərbaycana 2002-ci ilin aprel ayından şamil olunur. Bununla əlaqədar məhkəmə fəaliyyətinin təkmilləşdirilməsində İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedent hüququnun öyrənilməsi və tətbiqinə müstəsna əhəmiyyət verilir. Bu məqsədlə tanınmış mütəxəssislərin iştirakı ilə silsilə təlimlər təşkil olunur, məhkəmənin Azərbaycanla bağlı qəbul etdiyi qərarlar və digər qərarlar hakimlər arasında geniş yayılır.Həmçinin bu məsələ Ali Məhkəmənin Plenumunda müzakirə edilərək bütün məhkəmələrin diqqəti Avropa Məhkəməsinin presedent hüququnun tətbiqinə cəlb edilmiş və müvafiq tövsiyələr verilmişdir.Məhkəmə-Hüquq Şurası tərəfindən Avropa İnsan Hüquqları Məhkəməsinin hakimlərinin iştirakı ilə konfrans və tədris tədbirləri, konvensiyanın tətbiqi problemləri ilə bağlı Ali Məhkəmədə, regionlarda geniş seminarlar, hakimlər və hakimliyə namizədlər üçün Avropa Şurası ilə əməkdaşlıq çərçivəsində ayrıca təlimlər keçirilir.Avropa Məhkəməsinin hakimləri ilə bilavasitə görüşlərin səmərəsi nəzərə alınaraq dəvətimizə əsasən məhkəmənin 5 hakimi, o cümlədən məhkəmənin sədri Jan-Pol Kosta hakimlərimiz qarşısında mühazirələrlə çıxışlar etmiş, səmərəli fikir mübadiləsi aparılmışdır.Bütün bunlar Avropa Konvensiyasının və Avropa Məhkəməsi presedentlərinin hakimlər tərəfindən daha geniş tətbiq olunmasına şərait yaratmışdır.Lakin təəssüf ki, bəzi hallarda Avropa Məhkəməsinin ölkəyə qarşı qərarları yanlış olaraq məhkəmə-hüquq sisteminə qiymət vermək üçün istifadə edilir. Hesab edirəm ki, Avropa Məhkəməsinin qərarları, ilk növbədə hüquq sistemimizin daha da təkmilləşdirilməsi və inkişafı, insan haqlarının etibarlı təminatı naminə əsaslı mənbə kimi istifadə olunmalıdır. Elə Avropa Məhkəməsinin presedent hüququ da məhz buna xidmət edir.Onu da qeyd edim ki, 2009-cu ildə Azərbaycana qarşı Avropa Məhkəməsi tərəfindən 7 qərar çıxarılmışdırsa, əhalisinin sayı ölkəmizə nisbətən daha az olan Bolqarıstana qarşı 63, Moldovaya qarşı 30, Slovakiyaya qarşı isə 39 qərar çıxarılıb.Əhalisinin sayı Azərbaycanla təxminin eyni olan Avstriyaya, habelə qonşu Gürcüstana qarşı çıxarılan qərarların sayı isə ölkəmizə nisbətdə təxminən 2 dəfə çoxdur. Ümumiyyətlə, Avropada hər 10 min nəfərə düşən belə qərarların orta göstəricisi də Azərbaycanla müqayisədə az qala iki dəfə artıqdır. Amma bu heç də arxayınlıq yaratmamalı, Avropa Konvensiyasının və məhkəmə presedentlərinin öyrənilməsi və tətbiqi, habelə hüquq sistemimizin inkişafı naminə istifadəsi işi daha əzmlə davam etdirilməlidir.-Ədalət mühakiməsinin səmərəliliyinin artırılmasında məhkəmələrin maddi-texniki təchizatından, iş şəraitindən də çox şey asılıdır...-Qarşıda duran ən mühüm məsələlərdən biri də məhz məhkəmə infrastrukturunun əsaslı şəkildə müasirləşdirilməsi, məhkəmə fəaliyyətində yeni texnologiyaların imkanlarından geniş istifadənin təmin olunmasıdır.Məhkəmə proseslərinin keyfiyyətli aparılması və hakimlərin iş şəraitinin yaxşılaşdırılması məqsədi ilə, ötən dövr ərzində 40-dək yeni məhkəmə binası inşa edilmiş və ya əsaslı təmir olunmuşdur. Həmçinin aparılan məhkəmə-hüquq islahatlarının mütərəqqi xarakterini görən nüfuzlu beynəlxalq təşkilatlar, o cümlədən maliyyə qurumları bu sahəyə böyük maraq göstərmiş, Dünya Bankı ilə "Ədliyyə sektorunun müasirləşdirilməsi" adlı birgə layihənin icrasına başlanılmışdır.İntensiv davam etdirilən layihə çərçivəsində bir sıra apellyasiya və birinci instansiya məhkəmələri üçün ən müasir binaların inşası, məhkəmə və ədliyyə orqanlarının idarəetmə imkanlarının gücləndirilməsi, vahid elektron şəbəkə yaradılmaqla sənəd dövriyyəsi və informasiya mübadiləsinin asanlaşdırılması nəzərdə tutulmuşdur.Ötən il məhkəmə sisteminin fəaliyyətində ən mühüm hadisələrdən biri Prezident İlham Əliyevin tərəfindən Azərbaycan ədliyyəsinin inkişafına dair Dövlət Proqramının təsdiq edilməsi olmuşdur.Dövlət Proqramının icrası çərçivəsində Bakıda və regionlarda müxtəlif instansiya məhkəmələri üçün yeni binaların tikilməsi məqsədi ilə ən münasib ərazilər ayrılmış, müasir tələblərə cavab verən iş prosesinin təşkili və vətəndaşlar üçün əlverişli şəraitin yaradılması məqsədi ilə beynəlxalq təcrübəyə uyğun məhkəmə binalarının və komplekslərinin layihələri hazırlanmışdır.Yəqin ki, artıq bu il biz bir sıra məhkəmə binalarının təməlqoyma mərasimlərini keçirəcəyik.Bu sahədə ən yaddaqalan hadisə isə heç şübhəsiz ki, dövlətimizin başçısının tapşırığı ilə inşa edilmiş və şəhərimizə əlavə gözəllik verən Ali Məhkəmənin yeni binasının ötən il istifadəyə verilməsi olmuşdur. Avropanın ən gözəl məhkəmə binalarından olan bu əsl Ədalət Sarayının inşası Azərbaycanda məhkəmə hakimiyyətinin inkişafına verilən böyük əhəmiyyətin əyani təzahürüdür. Azərbaycan Prezidenti İlham Əliyev bu əzəmətli binanın açılışında iştirak etmiş, yaradılmış yüksək iş şəraiti və yeni informasiya və kommunikasiya texnologiyalarının imkanları ilə tanış olmuşdur.Hakimlərin maddi təminatının yaxşılaşdırılması da diqqətdən kənarda qalmamış, 2000-ci illə müqayisədə hakimlərin əmək haqqı 25 dəfə artırılmışdır. Əlbəttə, biz hesab edirik ki, hakimlərin təminatı imkan daxilində daha da yüksək olmalıdır və bu məsələ dövlətimiz tərəfindən daim diqqət mərkəzində saxlanılır.-Fikrət müəllim, ədalət mühakiməsinin səmərəliliyinin artırılması üzrə görülən tədbirlərin nəticələrini necə qiymətləndirmək olar.-Məhkəmələrə müraciət imkanlarının asanlaşmasının və insanların etimadının təzahürüdür ki, 2008-ci ildə mülki və iqtisadi işlər üzrə məhkəmələrə müraciətlərin sayı 23,5 faiz, 2009-cu ildə isə 17 faiz çoxalmışdır. 2000-ci illə müqayisədə bu göstərici 4 dəfə artmışdır. Eyni zamanda, məhkəmələrdə təmin olunan iddiaların sayı artaraq 92 faiz təşkil etmişdir.Birinci instansiya məhkəmələrinin qətnamə və hökmlərindən verilən apellyasiya şikayətlərinin sayında isə, əksinə, azalmanın müşahidə olunması fikrimizcə, müsbət meylin göstəricisidir. Bununla yanaşı, 2009-cu ildə qətnamələrin 95 faizi, hökmlərin isə 94,3 faizi sabit qalmışdır.Apellyasiya məhkəmələrində baxılan mülki işlərin sayı 7 faiz artmış, barələrində cinayət işlərinə baxılan şəxslərin sayı isə 2,1 faiz azalmışdır. Eyni zamanda, həm mülki, həm də cinayət işləri üzrə verilmiş kassasiya şikayətləri də azalmış, o cümlədən sonuncular üzrə 24 faiz azalma müşahidə olunmuşdur.Həmçinin apellyasiya instansiyasında baxılmış bütün mülki işlər üzrə qərarların 88,6 faiz, cinayət işləri üzrə qərarların isə 94,5 faizi sabit qalmışdır.Bütün bunlar, eyni zamanda, məhkəmələrin fəaliyyəti ilə bağlı yuxarı instansiya məhkəmələrinə daxil olan vətəndaş müraciətlərinin sayının azalması qanunvericiliyin əvvəlki illərə nisbətən daha düzgün tətbiqinin göstəricisidir.Məhkəmə fəaliyyətinin təkmilləşdirilməsində hakimlərin etik davranış məsələləri mühüm əhəmiyyət kəsb edir. Bu məqsədlə Məhkəmə-Hüquq Şurası tərəfindən hakimlər üçün spesifik etik tələbləri, o cümlədən onların peşəkar etika məsələlərini, iş fəaliyyətindən kənar davranışını nizamlayan və peşə fəaliyyətinə münasibətini müəyyən edən Etik Davranış Kodeksi qəbul olunmuşdur. Eyni zamanda məhkəmələrdə kargüzarlığın aparılmasının yeni, mütərəqqi qaydasının tətbiqinə başlanılması ədalət mühakiməsinin səmərəliliyinə müsbət təsir göstərmişdir.-Demək olarmı ki, məhkəmə sisteminin təkmilləşdirilməsi üzrə tədbirlər artıq başa çatmışdır.-Qətiyyən yox. Hesab edirəm ki, bu proses daha mükəmməl və səmərəli məhkəmə sistemi yaradılanadək davam edəcəkdir. Hətta ən inkişaf etmiş dövlətlər belə məhkəmə sistemlərinin fəaliyyəti ilə öyünməkdən çəkinir, onun daha da təkmilləşdirilməsi üzrə islahatlar aparırlar.Azərbaycanda məhkəmə sisteminin müasirləşdirilməsi üzrə tədbirlər bu gün də davam etdirilir. Məlumdur ki, dövlət orqanları tərəfindən insan hüquqlarına ciddi əməl olunmasının təmin edilməsi məqsədi ilə ölkəmizdə inzibati icraat haqqında qanun, habelə 2009-cu ildə İnzibati-Prosessual Məcəllə qəbul edilmiş, artıq bu il inzibati məhkəmələrin fəaliyyətə başlaması nəzərdə tutulmuşdur.Bununla əlaqədar Məhkəmə-Hüquq Şurası tərəfindən həmin məhkəmələrin yeri, yurisdiksiyası, hakimlərinin sayı, habelə digər təşkilati tədbirlər üzrə təkliflər hazırlanır. Artıq 2009-cu ildən inzibati icraatla bağlı hakimliyə namizədlər və aidiyyəti hakimlər üçün intensiv tədris kurslarına başlanılmışdır.Bu sahədə beynəlxalq təcrübənin öyrənilməsinə xüsusi diqqət yetirilir. Türkiyə Ədliyyə Akademiyası ilə aparılmış danışıqlar nəticəsində 2009-cu ilin dekabr ayında bütün 80 nəfər hakimliyə namizəd üçün Türkiyədə inzibati icraat və inzibati məhkəmələrdə təcrübə ilə bağlı 2 həftəlik təlimlər təşkil olunmuşdur. Həmçinin böyük bir qrup hakimlərdən, o cümlədən yerli iqtisad və apellyasiya instansiyası məhkəmələri sədrlərindən ibarət nümayəndə heyəti Almaniyada tədris səfərində olaraq inzibati məhkəmələrin fəaliyyəti ilə tanış olmuşlar.Eyni zamanda, ixtisaslaşmış məhkəmələrin fəaliyyəti, o cümlədən yurisdiksiyası və hakim sayı ilə bağlı digər tədbirlərin də həyata keçirilməsi nəzərdə tutulur.-Fikrət müəllim, bizə vaxt ayırdığınıza və dəyərli fikirlərinizlə bölüşdüyünüzə görə dərin minnətdarlığımızı bildirir, bilavasitə insanlara, onların hüquqlarının etibarlı təminatına yönəlmiş məhkəmə islahatlarının həyata keçirilməsində uğurlar arzulayırıq.

İlkin Rüstəmzadə 
AzərTAc-ın müxbiri