Ədliyyə işçilərində mənəvi stimul yaradılması və tarixi irsin qorunması məqsədilə müasir dövlətimizin banisi, ümummilli lider Heydər Əliyevin 11 noyabr 2000-ci il tarixli Sərəncamı ilə 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin Ədliyyə Nazirliyinin Əsasnaməsinin təsdiq edildiyi gün - 22 noyabr ədliyyə işçilərinin peşə bayramı kimi təsis edilmişdir. Bu bayramı ədliyyə işçiləri artıq 11 ildir ki, böyük ruh yüksəkliyi ilə geniş qeyd edirlər.Bu əlamətdar gündə ənənəvi olaraq ədliyyə orqanlarının tarixinə, görülmüş işlərə, qarşıda duran mühüm vəzifələrə bir daha nəzər salınır.Azərbaycanın dövlətçilik tarixində Ədliyyə Nazirliyinin özünəməxsus yeri vardır. XX əsrin əvvəllərində Şərqdə ilk demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyəti elan edildikdən dərhal sonra formalaşdırılan Milli Hökumətin tərkibində Ədliyyə Nazirliyi də təşkil olunmuş, 22 noyabr 1918-ci ildə isə onun Əsasnaməsi təsdiq edilmişdir. Nazirlik öz işinə ilk növbədə hüquq sisteminin təşkili üçün əhəmiyyətli qərarların qəbul edilməsi, ədliyyə, məhkəmə və istintaq strukturlarının bərpası, hüquqşünas kadrların hazırlanması ilə başlamış, həmin dövr üçün mühüm nailiyyətlər əldə edilmişdir.Lakin, sovetlər dövründə Ədliyyə Nazirliyi vahid sistem kimi fəaliyyət göstərməmiş, dəfələrlə ləğv edilib yenidən təşkil olunmuşdur. Yalnız ümummilli lider Heydər Əliyevin 1969-cu ildə respublikamıza siyasi rəhbərliyə gəlişindən sonra ədliyyə sisteminə zəruri diqqət göstərilmiş, Ədliyyə Nazirliyi təsis edilərək, onun vahid strukturu formalaşdırılmış, ədliyyə işinin gələcək inkişafı üçün hərtərəfli zəmin yaradılmışdır.Azərbaycanın dövlət müstəqilliyini bərpa etməsi ilə başlanan ədliyyənin inkişafının əsaslı dönüş mərhələsi də ulu öndərin adı ilə bağlı olmuş, Ədliyyə Nazirliyinin funksiya və səlahiyyətləri genişləndirilmiş, nazirlik milli dövlətçiliyimizin əsas sütünlarından birinə çevrilmişdir.Ümummilli liderimizin dövlət quruculuğu xəttini uğurla davam etdirən ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən ədliyyə və məhkəmə sisteminin müasirləşdirilməsi üzrə mühüm qərarlar qəbul olunmuş, ədliyyə fəaliyyətinin mükəmməl normativ hüquqi bazası yaradılmış, ədliyyə işi beynəlxalq norma və prinsiplərə uyğunlaşdırılmış, onun üzərinə yeni mühüm vəzifələr qoyulmuş, gələcək inkişafına dair əhatəli Dövlət Proqramı qəbul edilmişdir.Ədliyyə fəaliyyətinin təkmilləşdirilməsi üzrə ölkə rəhbərliyinin tapşırıqlarının icrası, yeni qanunvericilik aktlarından irəli gələn vəzifələrin həyata keçirilməsi, böyük əhəmiyyət kəsb edən sənədlərin və normativ hüquqi aktların layihələrinin müzakirəsi məqsədilə nazirlik üzrə hər ay kollegiya iclasları keçirilərək, fəaliyyətin daha da təkmilləşdirilməsinə yönələn və əhatəli tədbirlər nəzərdə tutan 15 təşkilati əmr imzalanmış, habelə müvafiq təlimatlar, qaydalar qəbul edilmişdir.Əhalinin hüquqi maarifləndirilməsi, ədliyyə və məhkəmə sistemində həyata keçirilən mütərəqqi islahatlar, görülən işlər barədə ictimaiyyətin mütəmadi məlumatlandırılması və nazirliyin fəaliyyətində şəffaflığın təmin olunması məqsədilə ədliyyə sistemi üzrə bir neçə internet səhifəsi fəaliyyət göstərir, çoxsaylı dövrü mətbu nəşrlər, o cümlədən "Ədliyyə" qəzeti dərc olunur. Eyni zamanda təkcə bu ilin 10 ayı ərzində ədliyyə işçiləri tərəfindən kütləvi informasiya vasitələrində, televiziya və radioda hüquqi mövzuda 600-dək çıxışlar edilmişdir.Respublikamızda gedən demokratik dəyişikliklər milli qanunvericiliyimizin daha da təkmilləşdirilməsi zərurəti yaratmışdır. Bu il ərzində Ədliyyə Nazirliyi tərəfindən 400-dək mühüm normativ sənəd layihələrinə rəy verilmiş, bilavasitə nazirlik tərəfindən 116 qanun və digər normativ hüquqi aktın layihəsi hazırlanmış, 569 normativ hüquqi sənəd dövlət qeydiyyatına alınmışdır. Nazirlik tərəfindən aparılan və vətəndaşların açıq və əvəzsiz istifadəsinə olan "e-qanun.az" internet saytında yerləşdirilmiş milli qanunvericiliyin elektron məlumat bazasına daxil edilən normativ hüquqi sənədlərin sayı 20,5 mini ötmüşdür.Ölkəmizin sürətli iqtisadi inkişafının nəticəsi olaraq mülki dövriyyənin dairəsi də xeyli genişlənmişdir. İqtisadi proseslərin və hüquq münasibətlərinin tənzimlənməsində notariat orqanlarının mühüm əhəmiyyəti nəzərə alınaraq, bu sahədə fəaliyyətin və infrastrukturun müasirləşdirilməsi, hüquqi xidmətin keyfiyyətinin yüksəldilməsi üzrə məqsədyönlü tədbirlər həyata keçirilmiş, dövlət notariat kontorlarını əhatə edən kompüter şəbəkəsi yaradılmış, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatına dair ümumrespublika elektron məlumat bankı formalaşdırılmışdır.Təkcə bu ilin 10 ayı ərzində 2,3 milyona yaxın notariat hərəkəti rəsmiləşdirilmiş, təxminən 261 min vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı aparılmış, dövlət büdcəsinə ödənilmiş rüsumun məbləği 7,5 milyon manat təşkil etmişdir. Ötən illə müqayisədə rəsmiləşdirilmiş notariat hərəkətləri 27% artmış, bu tendensiya vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı və dövlət büdcəsinə ödənilmiş rüsumun məbləğində də müşahidə edilmişdir.Həmçinin, notariat orqanlarının yüksək ixtisaslı kadrlarla kompektləşdirilməsi məqsədilə Ədliyyə Nazirliyi tərəfindən TQDK ilə birgə keçirilmiş müsabiqə nəticəsində 254 namizəddən 30 nəfər müvəffəqiyyət qazanaraq dövlət notariusu vəzifəsinə təyin edilmişlər. Bununla yanaşı, nazirliyin İxtisas Komissiyası tərəfindən dövlət notariusları və hazırda notariat orqanlarında çalışan 115 nəfərlə müsahibələr keçirilərək 94 nəfərə notarius işləməsi üçün şəhadətnamə verilmiş, 21-i isə yenidən notarus təyin edilməmişdir.Ölkəmizdə ilk dəfə xüsusi notarius institutu tətbiq edilmiş, bu sahədə qabaqcıl təcrübənin öyrənilməsi məqsədilə 80-dən çox dövlətin notariat orqanlarını birləşdirən nüfuzlu Beynəlxalq Notariat İttifaqı ilə səmərəli əməkdaşlığa başlanılmışdır. Bu ilin oktyabrında Mərakeş Krallığında keçirilmiş XXVI Beynəlxalq Notariat İttifaqının Konqresində ölkəmiz yüksək səviyyədə təmsil olunmuş, həmin təşkilatda üzvlüyə dair danışıqlar aparılmışdır.Əhalinin Dövlət Reyestri Xidməti tərəfindən Reyestrin Avtomatlaşdırılmış Qeydiyyat İnformasiya Sistemi cari ildə sınaq istismarına verilmiş, məlumatların sistemə avtomatik ötürülməsi və yerləşdirilməsi üçün müvafiq mexanizmlər hazırlanmış, ilin sonuna həmin sistemin ümumi istismara verilməsi nəzərdə tutulmuşdur. Reyestrin tamlığının təmin edilməsi məqsədilə keçmiş illərin akt qeydləri skanerləşdirilməklə 2,7 mln. akt qeydi emal edilmiş, onların ümumi sayı 9,8 mln. çatdırılmışdır. Eyni zamanda, nazirlik Azərbaycan Respublikasında yeni nəsil biometrik pasportların işlənib hazırlanmasında iştirak etmişdir.Sahibkarlığın inkişafı və istehlakçıların hüquqlarının qorunması ilə bağlı ölkə başçısının 13 aprel 2010-cu il tarixli Fərmanı ilə sahibkarlıq sahəsində yoxlamaların reyestrinin aparılması Ədliyyə Nazirliyinə həvalə edilmiş, bununla əlaqədar həmin fəaliyyətin tənzim edilməsi məqsədilə müvafiq normativ sənədlərin layihələri hazırlanmışdır.Demokratik inkişafın təmin olunmasında xüsusi yeri olan vətəndaş cəmiyyəti institutlarının və kütləvi informasiya vasitələrinin fəaliyyəti diqqət mərkəzində saxlanılaraq cari ilin 10 ayı ərzində nazirlik tərəfindən 93 yeni qeyri-kommersiya hüquqi şəxs dövlət qeydiyyatına alınmış, 190 mətbu nəşr dövlət reyestrinə daxil edilmişdir. Eyni zamanda, ölkə başçısının fərmanlarına əsasən nazirliyin üzrərinə yeni vəzifələr qoyulmuş, xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının filial və ya nümayədəliklərinin dövlət qeydiyyatı ilə bağlı sənədlərin hazırlanması üzrə danışıqların aparılması və sazişlərin bağlanılması səlahiyyətləri Ədliyyə Nazirliyinə həvalə olunmuşdur. Qeydiyyata alınmış qrant müqavilələrinin sayının ötən illə müqayisədə 26%, qrant müqavilələri əsasında alınmış qrantların məbləğinin isə 50%-dən çox artaraq 19,6 milyon manat təşkil etməsi ölkəmizdə vətəndaş cəmiyyətinin inkişafı, bu təsisatların fəaliyyəti üçün yaradılmış əlverişli mühitin göstəricisidir.Ədliyyə sisteminin inkişafı üzrə aparılan islahatlar çərçivəsində ədalət mühakiməsinin səmərəli həyata keçirilməsində və vətəndaşların pozulmuş hüquqlarının bərpasında mühüm əhəmiyyət kəsb edən məhkəmə qərarlarının icrası işinin yaxşılaşdırılmasına xüsusi diqqət yetirilir, bu sahədə mövcud çatışmazlıqların və nöqsanların aradan qaldırılması üzrə təsirli tədbirlər görülür.Məhkəmə qərarlarının vaxtında və tam icrasına nail olunması, bir sıra hallarda icra prosesində yaranan maneələrin aradan qaldırılması və bu zaman tətbiq edilən qanunvericilik mexanizmlərinin təkmilləşdirilməsi üçün nazirlik tərəfindən beynəlxalq təcrübə öyrənilməklə əsaslı təhlillər aparılmış və qanunvericiliyə məhkəmə icraçılarının hüquqlarının genişləndirilməsinə, o cümlədən borclunun ölkədən getmək hüququnun müvəqqəti olaraq məhdudlaşdırılması ilə bağlı onlara yeni səlahiyyətlərin verilməsinə, məhkəmə və digər orqanların qərarlarının icra edilməməsinə görə inzibati və cinayət məsuliyyətinin sərtləşdirilməsinə dair və digər əsaslı dəyişikliklərin edilməsi haqqında təkliflər hazırlanmışdır.Bu sahəyə xüsusi əhəmiyyət verən ölkə Prezidentinin qanunvericilik təşəbbüsu ilə 18.06.2010-cu il tarixdə məhkəmə qərarlarının icrası ilə bağlı qanunvericiliyə müvafiq dəyişikliklər və əlavələr edilməsi barədə Qanun qəbul olunmuşdur.Dövlət başçısının 15.07.2010-cu il il tarixli Fərmanı ilə həmin Qanunun tətbiqinə başlanılmış, habelə Ədliyyə Nazirliyinə icradan yayınma hallarının qarşısının alınması üzrə fəaliyyətin gücləndirilməsi, məhkəmə qərarlarının icrasına tam nail olunması üçün onların dövlət orqanları tərəfindən yerinə yetirilməsi vəziyyətinə dair hər 6 aydan bir ölkə Prezidentinə məlumat verilməsi, icra işinin təkmilləşdirilməsi üzrə digər mühüm tapşırıqlar verilmişdir.Bununla əlaqədar icra işinin yeni qanunvericiliyə uyğun təkmilləşdirilməsi barədə Ədliyyə Nazirliyi üzrə geniş əhatəli əmr verilmiş, bütün yerli icra qurumlarının rəhbərləri və digər əməkdaşlarının iştirakı ilə geniş kollegiya iclası keçirilərək yeni qanunvericilikdən irəli gələn vəzifələr, mövcud nöqsan və çatışmazlıqlar, onları doğuran səbəblər prinsipial müzakirə edilmişdir. Kollegiyanın qərarı ilə yol verdikləri ciddi nöqsan və qanun pozuntularına görə bir qrup əməkdaş ciddi intizam məsuliyyətinə cəlb edilmiş, o cümlədən ədliyyə orqanlarından xaric olunmuş, iş üsul və vasitələrinin təkmilləşdirilməsi üzrə zəruri tədbirlər müəyyən edilmişdir.Həyata keçirilən tədbirlər icra işində keyfiyyət dəyişikliklərinə səbəb olmuşdur. Belə ki,  bu il 78 mindən çox icra işinin icrası təmin olunmuş, hüquqi və fiziki şəxslərə 49 mln. manatdan çox vəsait ödənilmişdir ki, bu da ötən illə müqayisədə 32,4% artıqdır. Həmçinin, məhkəmə qərarlarının icrasından yayınan 1200-dən çox şəxs inzibati məsuliyyətə cəlb olunmuş, 250-dək cinayət işi başlanılmışdır.Ümumiyyətlə, Ədliyyə Nazirliyi tərəfindən ədalət mühakiməsi əleyhinə olan və bəzi digər cinayətlər üzrə bu ilin 10 ayı ərzində 205 cinayət işinin istintaqı aparılmış, istintaqı tamamlanmış işlər üzrə fiziki və hüquqi şəxslərə vurulmuş ziyanın 66,5%-i (810 min manat) ödətdirilmişdir.Ölkəmizin hüquqi sahədə əməkdaşlığında Ədliyyə Nazirliyi xüsusi yer tutur. Nazirlik beynəlxalq müqavilələrin layihələrinin hazırlanmasında və ölkəmizin tərəfdar çıxdığı müqavilələrdən irəli gələn öhdəliklərin icrasının təmin edilməsində fəal iştirak edir. Hazırda 24 ölkənin ədliyyə nazirlikləri ilə bağlanmış sazişlər çərçivəsində səmərəli əməkdaşlıq həyata keçirilir, Ədliyyə Nazirliyinin mərkəzi və əlaqələndirici orqan kimi müəyyən edildiyi hüquqi yardımla bağlı 13 çoxtərəfli və 30-dək ikitərəfli müqavilənin icrası üzrə tədbirlər görülür. Cari ildə nazirliyə beynəlxalq hüquqi yardımın göstərilməsi üçün 3749 sorğu daxil olmuş, 5900 rəy və digər məlumatlar göndərilmiş, hüquqi sahədə əməkdaşlığın genişləndirilməsi məqsədilə Səudiyyə Ərəbistanı Krallığı, Mərakeş, Braziliya və Hindistan ilə əməkdaşlığa dair sənədlərin imzalanması üzrə müzakirələr aparılmışdır.Həmçinin, Norveç və Niderland krallıqlarının ədliyyə nazirlərinin respublikamıza səfərləri təşkil olunmuş, Slovakiya Respublikası baş nazirinin müavini, ədliyyə nazirinin dəvəti ilə cari ilin fevralında bu ölkəyə səfər edilərək, ölkələrimiz arasında hüquqi sahədə əməkdaşlığın daha da inkişaf etdirilməsinə əlavə təkan verilmişdir.Eyni zamanda nazirlik çoxtərəfli mötəbər beynəlxalq tədbirlərdə ölkəmizi layiqincə təmsil etmişdir. Belə ki, cari ilin fevral ayında İsveçrənin İnterlaken şəhərində Avropa Şurasının üzv dövlətləri ədliyyə nazirlərinin və digər yüksək səviyyəli rəsmi şəxslərin iştirakı ilə Avropa Məhkəməsinin gələcəyinə dair keçirilmiş konfransda fəal iştirak edilərək, Avropa Konvensiyasının implementasiyası, Avropa Məhkəməsinin presedent hüququnun öyrənilməsi və tətbiqi üzrə görülən işlər barədə ətraflı çıxış edilmiş, həm Avropa məkanında, həm də üzv-dövlətlərdə bu sahədə vəziyyətin yaxşılaşdırılması ilə bağlı təkliflər irəli sürülmüşdür.Cari ildə Braziliyanın Salvador şəhərində BMT-nin Cinayətkarlığın qarşısının alınması və cinayət ədliyyəsi üzrə 12-ci Konqresi keçirilmiş, tədbirdə dünyanın demək olar ki, bütün ölkələrindən olan 3 min nəfərə yaxın nümayəndə, o cümlədən hüquq mühafizə orqanları rəhbərləri, hökumət üzvləri iştirak etmişlər.Beş ildən bir təşkil olunan və qlobal səviyyədə cinayətkarlığa qarşı mübarizə siyasətini müəyyən edən bu mötəbər tədbirdə Braziliyanın ədliyyə naziri Konqresin prezidenti, Azərbaycanın ədliyyə naziri isə vitse-prezidentlərdən biri seçilmişdir.Tədbirin yüksək səviyyəli sessiyasında tərəfimizdən çıxış edilərək ölkəmizdə bu sahədə həyata keçirilən məqsədyönlü tədbirlər və əldə edilmiş nailiyyətlər barədə məlumat verilmiş, müvafiq təkliflər irəli sürülmüş, tədbir iştirakçılarının diqqəti Ermənistan tərəfindən torpaqlarımızın işğalına, bir milyondan çox soydaşımızın qaçqın və məcburi köçkün vəziyyətinə düşməsinə cəlb edilmişdir.Konqres ərəfəsində Braziliyada daha bir tədbirdə, dünyanın 100-dən çox dövlətini birləşdirən, vitse-prezidenti olduğum Beynəlxalq Antikorrupsiya Orqanları Assosiasiyasının rəhbər orqanının - İcraiyyə Komitəsinin iclasında iştirak edilmiş, Assosiasiyanın fəaliyyətinin səmərəsinin artırılması, əməkdaşlığın gücləndirilməsi ilə bağlı məsələlər müzakirə edilmişdir.Səfər çərçivəsində bir sıra ölkələrin ədliyyə nazirləri ilə görüşlər keçirilərək dövlətlərimiz arasında hüquqi əməkdaşlığın perspektivləri ilə bağlı fikir mübadiləsi aparılmış, o cümlədən Mərakeşin Ədliyyə Naziri ilə görüş zamanı o, ölkəmizdə həyata keçirilən hüquqi islahatlara böyük maraq göstərərək, təcrübə mübadiləsi arzusunu bildirmiş və tərəfimizdən Azərbaycana dəvət olunmuşdur.Bu ilin noyabrında isə Çin Xalq Respublikasının Makao şəhərində Beynəlxalq Antikorrupsiya Orqanları Assosiasiyasının 4-cü İllik Konfransı və Ümumi Yığıncağı keçirilmişdir. 150-dən çox ölkədən olan 700 nümayəndənin, o cümlədən prokuroluq, məhkəmə, ədliyyə və digər hüquq-mühafizə orqanları rəhbərlərinin iştirak etdiyi tədbirdə tərəfimizdən açılış nitqi ilə çıxış edilərək bu sahədə beynəlxalq fəaliyyətin əhəmiyyəti qeyd olunmuş, ölkəmizdə korrupsiya ilə mübarizə sahəsində görülən işlər, erməni təcavüzü və onun ağır nəticələri barədə məlumat verilmişdir. Maraqla qarşılanmış ingilis dilində məruzənin həm də rus dilində olan mətnləri tədbirdə yayılmış və Konfrans zamanı Azərbaycanın təcrübəsinə dəfələrlə istinad edilmişdir.Təşkilatın ümumi yığıncağında Çinin Baş Prokuroru Assosiasiyanın Prezidenti, ölkəmizin ədliyyə naziri isə yenidən vitse-prezidenti seçilmişdir.Həmçinin bu il Niderlandın Haaqa şəhərində BMT-nin İqtisadi və Sosial Şurasında məşvərətçi statusa malik olan və 100-dən çox dövləti birləşdirən Beynəlxalq Prokurorlar Assosiasiyasının İllik Konfransı, Ümumi Yığıncağı və İcraiyyə Komitəsinin iclası keçirilmişdir.Tədbir ərəfəsində məlum olmuşdur ki, qondarma "Dağlıq Qarabağ respublikası" baş prokuroru Assosiasiyanın fərdi üzvlüyünə qəbul olunmuş və bunu Dağlıq Qarabağın müstəqilliyinin tanınması istiqamətində növbəti bir addım kimi şərh etmişdir.Bununla bağlı Azərbaycan tərəfinin qəti etirazları Assosiasiyanın Katibliyinə bildirilmiş, təşəbbüsümüzlə bu məsələ İcraiyyə Komitəsinin gündəliyinə çıxarılaraq çox gərgin və prinsipial müzakirələr aparılmışdır. Nəticədə Assosiasiyanın Katibliyi öz səhfini etiraf etmiş və Azərbaycanın milli maraqlarına tam uyğun qərar qəbul edilmişdir. Bununla da ermənilərin növbəti məkrli addımının qarşısı qətiyyətlə alınmışdır.Azərbaycanın uzun müddət təşkilatın İcraiyyə Komitəsində təmsil olunmaqla onun fəaliyyətinə dəyərli töhfələrinə görə ölkəmizin ədliyyə naziri Assosiasiyanın Xüsusi Xidmətlər Sertifikatı ilə təltif olunmuş və onun Senatına üzv keçirilmişdir.Assosiasiyanın İcraiyyə Komitəsində səlahiyyət müddətim bitdiyindən dünyada nüfuzu getdikcə artan Assosiasiyanın rəhbər orqanında ölkəmizin yenidən təmsil olunmasının əhəmiyyəti nəzərə alınaraq Avropa qitəsi üçün nəzərdə tutulmuş bu yerə Azərbaycan Baş Prokurorluğu nümayəndəsinin də namizədliyi irəli sürülmüş, gərgin rəqabət şəraitində apardığımız təşviqat işləri nəticəsində ölkəmizin nümayəndəsi İcraiyyə Komitəsinə üzv seçilmişdir.Səfər çərçivəsində bir sıra dövlətlərin prokurorluq, ədliyyə və məhkəmə orqanlarının rəhbərləri, iqamətgahı Haaqada yerləşən AVROCAST (Avropa Ədliyyəsi) təşkilatının  Prezidenti ilə qarşılıqlı fəaliyyətin gücləndirilməsinə dair danışıqlar aparılaraq, tərəfimizdən bu sahədə əlaqələndirici şəxs təyin edilmiş, habelə Niderland Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası İnstitutuna baş çəkilərək faydalı təcrübə mübadiləsi keçirilmişdir.Ölkəmizin hüquqi əməkdaşlığının genişlənməsi və beynəlxalq nüfuzunun artması möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu siyasətin və hərtərəfli islahatların bariz təzahürüdür.Nazirlik tərəfindən insan hüquqları sahəsində fəaliyyət göstərən beynəlxalq təşkilatlarla əlaqələrin genişləndirilməsinə böyük önəm verilərək birgə layihələrin həyata keçirilməsi məqsədilə BMT-nin İnkişaf Proqramı, Avropa Şurası, ATƏT, İnsan Hüquqları üzrə Ali Komissarın ofisi, UNİCEF, Beynəlxalq Qırmızı Xaç Komitəsi və digər qurumlarla səmərəli əməkdaşlıq edilir, Avropa İttifaqının Şərq Tərəfdaşlığı çərçivəsində görülən işlərdə fəal iştirak olunur.Son illər penitensiar sistemin müasirləşdirilməsi, məhkumların və təqsirləndirilən şəxslərin saxlanma şəraitinin beynəlxalq standartlara uyğun yaxşılaşdırılması, cəza siyasətinin humanistləşdirilməsi məqsədilə ardıcıl tədbirlər həyata keçirilmiş, Bakıda, Naxçıvan Muxtar Respublikasında müasir penitensiar komplekslər inşa olunaraq istifadəyə verilmişdir. Gəncə, Şəki, Lənkəranda yeni infrastrukturun yaradılması üzrə işlər davam etdirilir. Təsadüfi deyil ki, bu sahədə aparılan mütərəqqi islahatlar və yeni infrastrukturla tanış olan bir çox inkişaf etmiş Avropa dövlətlərinin nümayəndələri ölkəmizin qazandığı müsbət təcrübəni nümunə kimi qəbul edirlər.Məhkumların təminatı, sosial reabilitasiyası, məşğulluğu, asudə vaxtının təşkili, onlara tibbi yardımın göstərilməsi daim diqqət mərkəzində saxlanılır. Bu sahədə Ədliyyə Nazirliyi aidiyyəti dövlət orqanları, beynəlxalq və qeyri-hökumət təşkilatları ilə səmərəli əməkdaşlıq edir.İşgəncələrin qarşısının alınması üzrə Avropa Komitəsi, Beynəlxalq Qırmızı Xaç Komitəsi və İctimai Komitənin tövsiyələri, habelə Avropa Penitensiar Qaydaları nəzərə alınmaqla, penitensiar müəssisələrin fəaliyyətini tənzimləyən "Cəzaçəkmə müəssisələrinin Daxili İntizam Qaydaları"nın yeni layihəsi işlənib hazırlanaraq nazirliyin kollegiya iclasında qəbul olunmuşdur. Həmin sənəddə məhkumların hüquqlarının və təhlükəsizliyinin daha etibarlı təmin olunması, saxlanma şəraitinin beynəlxalq normalara uyğunlaşdırılması, islah işinin müasirləşdirilməsi, görüş imkanlarının və həvəsləndirmə tədbirlərinin genişləndirilməsi, məhkumların asudə vaxtlarının daha səmərəli keçirməsi və digər mühüm məsələlər əks edilmişdir.Məhkumlar arasında yoluxucu xəstəliklərlə, xüsusilə vərəmlə mübarizəyə xüsusi diqqət göstərilərək, xüsusi İxtisaslaşdırılmış müalicə müəssisəsi yaradılmış, müasir avadanlıqlarla təchiz olunmuş laboratoriya və yeni müalicə korpusları istifadəyə verilmişdir. Bu ilin mayında İxtisaslaşdırılmış müalicə müəssisəsində yeni inşa edilmiş 20 nəfərlik kamera tipli rejim korpusunun, əsaslı təmir olunmuş və müasir tibbi avadanlıqlarla təchiz edilmiş cərrahiyyə şöbəsinin, dispanser müşahidə, yeni müayinə-diaqnostika, eləcə də fizioterapiya bölmələrinin açılışı olmuşdur. Tədbirdə iştirak etmiş beynəlxalq və yerli qeyri-hökumət təşkilatlarının nümayəndələri yeni istifadəyə verilən müalicə bölmələri ilə tanış olmuş, müəssisədə yaradılmış saxlanma şəraitini və müalicə prosesini müsbət qiymətləndirmişlər.2010-cu ildə məhkumların kütləvi tibbi müayinəsi 6000-ə yaxın məhkumu əhatə etmiş, rezistent vərəm xəstəliyinə duçar olmuş məhkumların sağalma faizi 75%-ə yaxın olmuşdur ki, bu da Ümumdünya Səhiyyə Təşkilatının müəyyən etdiyi hədəfdən xeyli yüksəkdir.Beynəlxalq Qırmızı Xaç Komitəsinin məsul nümayəndələri görüşlərimiz zamanı Azərbaycanın bu sahədə artıq heç bir köməyə ehtiyacı qalmadığını bildirərək, ölkəmizin əldə etdiyi müsbət təcrübəni digər dövlətlər üçün model kimi dəyərləndirmiş və bu təcrübənin yayılmasının əhəmiyyətini vurğulamışlar. Artıq bir sıra ölkələrinin, o cümlədən, Tacikistan və Qırğızıstanın nümayəndə heyətləri Azərbaycanın qabaqcıl təcrübəsindən bəhrələnmək məqsədilə respublikamızda səfərdə olmuşlar, gələn həftə isə Gürcüstan nümayəndə heyətinin səfəri gözlənilir.Bununla belə, penitensiar sistemdə hələ bəzi problemlər həllini tapmayıb, o cümlədən nizam-intizamın gücləndirilməsi, islah işinin və əməyə cəlb etmənin səmərəsinin artırılması, residiv cinayətkarlığın qarşısının alınması üzrə əlavə tədbirlər görülməlidir. Məsələn, islah prosesində cəzadan şərti olaraq vaxtından əvvəl azad etmə kimi humanist institunun tətbiqində mövcud nöqsanlarla əlaqədar bu günlərdə Nazirlikdə penitensiar xidmətin rəhbər heyətinin, hakimlərin və dövlət ittihamçılarının iştirakı ilə geniş müşavirə keçirilmiş, yol verilən pozuntular və onları doğuran səbəblər ətraflı və prinsipial müzakirə olunmuş, konkret vəzifələr müəyyən olunmuşdur.Nazirliyin mühüm strukturlarından biri olan Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən cinayət, mülki və inzibati işlər üzrə cari il ərzində 15 minədək məhkəmə ekspertizası keçirilmişdir. Məhkəmə ekspertizalarının ədalət mühakiməsinin səmərəliliyində mühüm rolu nəzərə alınaraq Mərkəzin maddi-texniki bazanın möhkəmləndirilməsi üçün ardıcıl tədbirlər görülmüş, müasir kriminalistik avadanlıqlar alınmış, yeni elmi-tədqiqat laboratoriyaları təşkil edilmişdir.Ədliyyə Nazirliyi tərəfindən bələdiyyələrə metodoloji yardımın göstərilməsi və onların fəaliyyətinə inzibati nəzarətin həyata keçirilməsi daim diqqət mərkəzində saxlanılır. Bu il ərzində nazirliyin Bələdiyyələrlə iş mərkəzi tərəfindən inzibati nəzarət qaydasında 21 mindən çox bələdiyyə aktına baxılmış, ləğv edilmiş qanunsuz qərarlar nəticəsində 2,1 min hektardan artıq torpaq sahələri bələdiyyələrə qaytarılmış, 500-ə yaxın bələdiyyə barəsində inzibati xəta haqqında protokollar tərtib edilərək məhkəməyə göndərilmiş, bələdiyyələrin vəzifəli şəxsləri barəsində 24 material hüquqi qiymət verilməsi üçün prokurorluğa təqdim olunmuşdur. Prokurorluq tərəfindən cari ildə mənimsəmə və ya israf etmə, rüşvət alma, vəzifədən sui-istifadə etmə, vəzifə saxtakarlığı və s. cinayətlər üzrə 24 nəfər təqsirləndirilən şəxs qismində cəlb olunmuşlar.Bununla yanaşı, bələdiyyələrə 1700-dən çox tövsiyə verilmiş, çoxsaylı metodik vəsaitlər hazırlanmış, 2400-ə yaxın bələdiyyə nümayəndəsi tərəfimizdən tədrisə cəlb olunmuşlar.Ədliyyə sisteminin müasirləşdirilməsi üzrə aparılan islahatlar çərçivəsində kadrlarla işin yaxşılaşdırılması və ədliyyə orqanlarına qulluğa qəbulun test üsulu ilə şəffaf prosedurlar əsasında həyata keçirilməsinə xüsusi diqqət yetirilərək bu sahədə məqsədyönlü işlər davam etdirilmiş, cari ildə aparılmış seçim prosedurları nəticəsində 60 nəfər gənc hüquqşünas Ədliyyə Akademiyasında icbari təlim kurslarını uğur başa vurmuş, Nazirliyin rəhbərliyi tərəfindən bayram günü qəbul olunaraq peşə fəaliyyətinə buraxılışa dair şəhadətnamələr almışlar.Ədliyyə orqanlarının fəaliyyətinin əlaqələndirilməsi, onlara nəzarətin gücləndirilməsi, əhalinin bu qurumlara müraciət etmə imkanlarının asanlaşdırılması, bələdiyyələrin fəaliyyətinə inzibati nəzarətin səmərəsinin artırılması üçün regional ədliyyə şöbələrinin  imkanlarından səmərəli istifadə edilmiş, bu qurumlar yüksək hazırlıqlı kadrlarla komplektləşdirilmiş, Gəncə və Şirvan şəhərlərində regional ədliyyə şöbələri üçün yeni müasir inzibati binalar istifadəyə verilmişdir.Məhkəmə fəaliyyətinin təkmilləşdirilməsini daim diqqət mərkəzində saxlayan dövlət başçısı cənab İlham Əliyevin qanunvericilik təşəbbüsü ilə bu sahədə qanunvericiliyə 22.06.2010-cu il tarixdə edilmiş mütərəqqi dəyişikliklər məhkəmə sisteminin daha da inkişafını şərtləndirmişdir.Əhalinin məhkəmələrə müraciət imkanlarının asanlaşdırılması məqsədilə yeni məhkəmələr - Ağır cinayətlərə dair işlər üzrə məhkəmənin əsasında ölkənin dörd bölgəsində regional ağır cinayətlər məhkəmələri, dövlət orqanları tərəfindən insan hüquqlarına ciddi əməl olunmasının təmin edilməsi məqsədilə yeddi bölgədə inzibati-iqtisadi məhkəmələr yaradılmış, hərbi məhkəmə sistemi təkmilləşdirilmişdir.Eyni zamanda məhkəmə hakimiyyətinin özünüidarə funksiyaları genişləndirilərək hakimlərin ümumi ştat sayının məhkəmələr arasında bölgüsü Məhkəmə-Hüquq Şurasına həvalə edilmişdir.Məlumdur ki, məhkəmə araşdırmalarının keyfiyyətinə mənfi təsir göstərən əsas amillərdən biri də hakimlərin yüksək iş yüküdür. Məhkəmələrdə baxılan işlərin sayı 2000-ci illə müqayisədə dəfələrlə artmışdır.Bununla əlaqədar, Ədliyyə Nazirliyi tərəfindən hakimlərin mövcud iş yükü ətraflı təhlil edilmiş, hər bir məhkəmədə, o cümlədən yeni yaradılan məhkəmələrdə fəaliyyət göstərəcək hakimlərin sayına dair mülahizələr hazırlanaraq Məhkəmə-Hüquq Şurasına təqdim olunmuşdur.Məhkəmə-Hüquq Şurasının təklifi ilə hakim ştatlarının sayı son illər ərzində 50%, o cümlədən cari ilin avqust ayında ölkə Prezidentinin fərmanı ilə 25 faiz artırılmışdır. Məhkəmə aparatı işçilərinin sayı isə 60 %-dək  artırılmış, habelə yüksək iş yükü və beynəlxalq təcrübə nəzərə alınmaqla, hər bir hakim üçün əlavə köməkçi ştatları təsis olunmuşdur.Təkcə onu demək kifayətdir ki, son illər ərzində hakim ştatlarının artırılması nəticəsində Ali Məhkəmədə hakimlərin ştat sayı 27-dən 41-ə, apellyasiya instansiyası məhkəmələrində isə 63-dən 135-ə çatdırılmışdır. Bakı şəhərinin rayon məhkəmələrində 2007-ci ildə faktiki olaraq 45 hakim fəaliyyət göstərmişdirsə, bu rəqəm bu gün 97 təşkil edir.Bu isə öz növbəsində hakimlərin iş yükünün azalmasına, nəticə etibarilə, işlərə daha keyfiyyətli baxılmasına, yol verilən süründürməçilik və digər pozuntuların aradan qaldırılmasına səbəb olur.Məhkəmə hakimiyyətinin müstəqilliyinin təmin edilməsində hakimlərin seçilməsi və təyinatı prosesi mühüm əhəmiyyət kəsb edir. Bu mənada Azərbaycanda hakimliyə namizədlərin Avropada ən mütərəqqi və şəffaf üsullarla seçilməsi qaydasının təsbit olunması diqqətə layiqdir.Çoxsaylı imtahan və müsahibələrdən, habelə namizədlərin hakim vəzifələrinə hazırlanmaları üçün uzunmüddətli kurs və təcrübədən ibarət olan bu proses nəticəsində son illər keçirilmiş müsabiqələr zamanı 2200 namizəd sırasından 235 nəfər seçilərək hakim vəzifəsinə təyin olunmuşlar. Artıq mövcud hakim korpusunun yarısını bu mütərəqqi prosedurlarla seçilib təyin edilmiş hakimlər təşkil edir.Seçim proseduru da daim təkmilləşdirilir. Əgər əvvəlki seçimlər zamanı hakimliyə namizədlər 4-6 ay müddətində ilkin tədrisə cəlb edilirdilərsə, sonuncu tədris proqramı artıq bir tədris ilini əhatə etmiş və tematik baxımdan daha zəngin olmuşdur.Tədris prosesi zamanı beynəlxalq təşkilatlarla sıx əməkdaşlıq şəraitində insan haqlarının qorunması, hakim etikası, İnsan hüquqları üzrə Avropa Konvensiyası və Avropa Məhkəməsinin presedent hüququ üzrə ayrıca təlimlərin keçirilməsi, beynəlxalq təcrübəyə yiyələnmələri məqsədilə qardaş Türkiyə Ədliyyə Akademiyasının yardımı ilə bütün 80 nəfər hakimliyə namizədlərin Türkiyədə yarım aylıq kurslara cəlb edilməsi xüsusilə səmərəli olmuşdur.Eyni zamanda Türkiyə Ədliyyə Akademiyasının rəhbəri Sami Sezai Ural Bakıda işgüzar səfərdə olarkən faydalı danışıqlar aparılmış, hakim kadrlarının hazırlanmasında, habelə müəllim heyətinin formalaşmasında əməkdaşlıqla bağlı konkret məsələlər üzrə razılıq əldə edilmişdir.Hakimliyə namizədlərin seçilməsi ilə bağlı bütün mərhələləri uğurla başa vurmuş 78 nəfər yüksək hazırlıqlı hüquqşünas ötən ay dövlət başçısının sərəncamı ilə müxtəlif birinci instansiya məhkəmələrinin hakimi vəzifələrinə təyin olunmuşlar. Gənc hakimlər Konstitusiya günü ərəfəsində - noyabr ayının 11-də Ali Məhkəmənin Plenumunda təntənəli and içmiş, onlara ədalət mühakiməsini həyata keçirərkən hakimin yüksək adına xələl gətirən hərəkətlərə yol verməmələri, daim müstəqil, ədalətli və qərəzsiz olmaları ilə bağlı tövsiyələr verilmişdir.  Həmçinin, Konstitusiyamızın 15 illiyi ilə əlaqədar noyabrın 12-də keçirilən beynəlxalq Konfransda iştirak edən İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin hakimləri Devid Tor Byorqvinson (İslandiya), Xosep Kasadeval (Andorra), Enn Pauer (İrlandiya) və Xanlar Hacıyev (Azərbaycan) Məhkəmə-Hüquq Şurasının təşəbbüsü ilə yeni təyin olunmuş hakimlərlə görüşmüşlər.Ali Məhkəmədə təşkil olunmuş tədbirdə Avropa Məhkəməsinin hakimləri tərəfindən məhkəmənin təcrübəsi, presedent hüququnun tətbiqi ilə bağlı məsələlərə toxunulmuş, gənc hakimlərə zəruri tövsiyələr verilmişdir. Məhkəmə fəaliyyətinin təkmilləşdirilməsində Avropa Məhkəməsinin presedent hüququnun öyrənilməsi və tətbiqinin müstəsna əhəmiyyəti qeyd edilərək, Avropa Məhkəməsinin hakimləri ilə görüşlər keçirilməsi və fikirlərinin bilavasitə dinlənilməsinin səmərəsi vurğulanmışdır.Qeyd etmək istərdim ki, ilk dəfə hakim vəzifəsinə təyin edilən şəxslərin fəaliyyəti xüsusi diqqət mərkəzində saxlanılır, onlar barədə müsbət rəylər bizi olduqca sevindirir. Təsadüfi deyil ki, həmin hakimlərin fəaliyyəti qiymətləndirilərək onların 28 nəfəri apellyasiya məhkəmələrinə irəli çəkilmişlər.Lakin təəssüf ki, yeni hakimlərin heç də hamısı göstərilmiş yüksək etimadı tam doğrulda bilməmiş, onlardan 8 nəfəri intizam məsuliyyətinə cəlb edilmişdir. Ümumiyyətlə isə Məhkəmə-Hüquq Şurası tərəfindən son 5 il ərzində 97 hakim barədə intizam icraatı başlanılmış, fəaliyyətlərinin qiymətləndirilməsi və intizam icraatlarının nəticəsi üzrə  50-dən çox hakimin səlahiyyətlərinə xitam verilmiş, 10 hakim aşağı və ya iş həcmi daha az olan vəzifəyə keçirilmişdir.Məhkəmələrdə yüksək iş şəraitinin təmin edilməsi üzrə intensiv tədbirlər həyata keçirilir. Ölkəmizdə hüquqi islahatların mütərəqqi mahiyyətini görən beynəlxalq təşkilatların maliyyə dəstəyi ilə yeni, çoxsaylı məhkəmə binalarının inşası aparılır, müasir informasiya-kommunikasiya texnologiyalarının tətbiqi üzrə işlər görülür.Hakimlərin maddi təminatı daim diqqət mərkəzində saxlanılır. Təkcə onu demək kifayətdir ki, hakimlərin maaşı 2000-ci illə müqayisədə 25 dəfə artmışdır. Cari ilin oktyabr ayında qanunvericiliyə edilmiş dəyişikliklərlə isə onlara, xüsusilə ilk dəfə hakim vəzifəsinə təyin edilmiş şəxslərə əlavə təminatlar nəzərdə tutulmuşdur.Ədliyyə və məhkəmə sisteminin təkmiləşdirilməsi və müasirləşdirilməsi istiqamətində əldə olunan bütün uğurlar və nailiyyətlər möhtərəm Prezidentimiz cənab İlham Əliyevin təşəbbüsü və rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən genişmiqyaslı islahatların real təzahürüdür.Ümummilli liderimiz Heydər Əliyevin milli dövlətçilik strategiyasının sarsılmaz dayaqları üzərində inkişaf edən ölkəmiz möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi ilə bütün sahələrdə hərtərəfli tərəqqiyə nail olmuş, regionun iqtisadi cəhətdən ən güclü dövlətinə çevrilmişdir.Bu ilin noyabrında BMT-nin İnkişaf proqramı tərəfindən açıqlanan 2010-cu il İnsan İnkişafına dair Hesabatında Azərbaycan insan inkişafı indeksinin orta illik tempinə görə ən sürətli irəliləyiş əldə edən dövlət kimi dəyərləndirilmişdir. Respublikamızın bütün dünyada sabitlik, tolerantlıq, inkişaf və tərəqqi nümunəsi olması, misli görünməmiş iqtisadi nailiyyətlər hər bir Azərbaycan vətəndaşında olduğu kimi ədliyyə işçilərində də böyük fərəh hissi doğurur.Bu il noyabrın 7-də keçirilmiş parlament seçkiləri zamanı müdrik və qədirbilən Azərbaycan xalqı öz dövlət başçısı ətrafında sıx birləşərək yüksək vətəndaş həmrəyliyi göstərib Heydər Əliyev siyasi kursuna, tərəqqiyə və  gələcək inkişafa səs verməklə dövlətimizin davamlı inkişafında növbəti uğura imza atmışdır.Ədliyyə işçiləri ölkəmizdə gedən demokratikləşmə prosesində, vətəndaş cəmiyyətinin təşəkkül tapmasında, respublikamızın daha da inkişaf edərək, zəngin və qüdrətli dövlətə çevrilməsində bundan sonra da yorulmadan çalışmaq əzmindədirlər və bu şərəfli işi özlərinin vəzifə və vətəndaşlıq borcu sayırlar.Hər il peşə bayramı günündə ədliyyə işçiləri Fəxri Xiyabana gələrək bu bayramı bizlərə bəxş etmiş müstəqil Azərbaycan dövlətinin qurucusu Heydər Əliyevə öz əbədi ehtiramlarını bildirir, Şəhidlər Xiyabanında uyuyan şəhidlərimizin xatirəsini yad edirlər. Bu günlər bütün ədliyyə sistemində bayram ab-havası yaşanır, Azərbaycan ədliyyəsinin keçdiyi tarixi yola nəzər salınır, ədliyyə veteranları və gənc mütəxəssislərlə görüşlər, yığıncaqlar keçirilir, bayram tədbirləri təşkil olunur. Bu il də bayram geniş qeyd olunmuşdur. Azərbaycan ədliyyəsinin tarixinə və müasir inkişafına dair xüsusi stend, habelə nazirliyin builki fəaliyyətinə həsr olunmuş qısametrajlı sənədli film və foto jurnal, həmçinin Ədliyyə Nazirliyinin beynəlxalq əlaqələrini əks etdirən toplu hazırlanmışdır.Fürsətdən istifadə edərək, bütün ədliyyə işçilərini peşə bayramı münasibətilə təbrik edir, çətin və şərəfli işlərində müvəffəqiyyətlər arzulayıram. 

Fikrət MƏMMƏDOV,
Azərbaycan Respublikasının ədliyyə naziri,
Məhkəmə-Hüquq Şurasının sədri
I dərəcəli dövlət ədliyyə müşaviri