Ötən ay xalqımız dövlət müstəqilliyimizin iyirminci ildönümünü təntənə ilə qeyd etdi. Tarix üçün son dərəcə qısa olan bu dövrə nəzər saldıqda Azərbaycanın bu illər ərzində bəlkə də əsrlərə bərabər bir yol keçdiyinin şahidi oluruq.

Ümummilli lideri Heydər Əliyevin nadir və iti dövlətçilik zəkası, böyük qətiyyəti və iradəsi sayəsində müstəqilliyimiz qorunub saxlanılmış, sabitlik təmin edilmiş, atəşkəsə nail olunmuş, misilsiz quruculuq işlərinə, bütün sahələrdə hərtərəfli demokratik islahatlara başlanmış, güclü dövlətin möhkəm təməli qoyulmuşdur. Dahi öndərin inkişaf strategiyasını uğurla davam etdirən möhtərəm Prezidentimiz cənab İlham Əliyevin ardıcıl və düşünülmüş siyasəti nəticəsində ölkəmiz inkişaf templərinə görə dünyada lider dövlətlərin birinə çevrilmişdir. Təsadüfi deyil ki, bu gün Azərbaycan iqtisadiyyatı Cənubi Qafqaz dövlətlərinin ümumi iqtisadiyyatının 75 faizini təşkil edir. Dövlətimizin iştirakı olmadan regionda hər hansı layihənin həyata keçirilməsi təsəvvür belə olunmur. Hətta bütün dünyanı maliyyə böhranı bürüdüyü son illərdə də respublikamızın intensiv inkişafı davam etmiş, büdcəmiz 15 dəfə artmış, ölkədə yoxsulluq səviyyəsi 5 dəfə azalaraq 9,1% təşkil etmiş, iri sosial layihələr müvəffəqiyyətlə icra edilmişdir.

Bu uğurlu siyasətin təntənəsi olaraq müstəqilliyimizin 20 illiyi ərəfəsində xalqımızınböyük tarixi nailiyyətə imza atması - Azərbaycanın BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzv seçilməsi ölkəmizin beynəlxalq aləmdə böyük şöhrətə malik olduğunu sübut etmişdir.

Fəxrlə deyə bilərik ki, geniş vüsət alan hərtərəfli islahatlar ədliyyə və məhkəmə sistemini də əhatə etmiş, Azərbaycan ədliyyəsinin inkişafı, müasirləşdirilməsi üzrə tarixi əhəmiyyətli qərarlar qəbul olunmuş, bu orqanların fəaliyyətində köklü mütərəqqi dəyişikliklər baş vermişdir.

Dövlətimizlə bərabər sürətlə yeniləşən, möhkəmlənən və inkişaf edən Azərbaycan ədliyyəsi barədə məhz bu gün, 22 noyabr - ədliyyə işçilərinin peşə bayramı günündə söhbət açmaq olduqca xoş və şərəflidir. Ümummilli liderimizin 11 noyabr 2000-ci il tarixli Sərəncamı ilə ədliyyə işçilərinə bəxş edilmiş bu bayram artıq 12-ci ildir ki, böyük ruh yüksəkliyi və ulu öndərimizə dərin minnətdarlıq hissi ilə qeyd edilir.

Ədliyyə fəaliyyətinin mənəvi stimullaşdırılmasına və onun tarixi varisliyinin təsbit edilməsinə səbəb olan bu Sərəncam Azərbaycan ədliyyəsinin inkişafına göstərilən xüsusi diqqət və qayğının təzahürü olmuşdur.

Hər il Ədliyyə Nazirliyinin təşəkkülünün ildönümündə ənənəvi olaraq ölkəmizin şərəfli ədliyyə tarixi bir daha səhifələnir, Azərbaycan Demokratik Respublikası Ədliyyə Nazirliyinin qısa zaman kəsiyində qazandığı nailiyyətlər ehtiramla xatırlanır, ilbəil yaranan müsbət təcrübə və ənənələrə yenidən nəzər salınır. 1918-1920-ci illərdə ədliyyə sahəsində həyata keçirilən tədbirlərin, o cümlədən hüquq sisteminin demokratikləşdirilməsi istiqamətində islahatların mahiyyətcə müasir dövrümüzlə nə dərəcədə səsləşdiyinin şahidi oluruq. Ölkə işğal edildikdən sonrakı dövr - Azərbaycan ədliyyə sistemində bolşevik prinsiplərinə uyğun aparılan dəyişikliklər, Nazirliyin dəfələrlə ləğv edilib, yenidən yaradılması, ondan repressiya aləti kimi istifadə edilməsi də unudulmur.

Ədliyyə Nazirliyinin dövlət strukturu kimi yenidən və əsaslı surətdə təsis olunması ümummilli liderimiz Heydər Əliyevin adı ilə bağlıdır. Belə ki, Azərbaycanda Ədliyyə Nazirliyi 1970-ci ildə bərpa edilməklə ədliyyə fəaliyyəti təkmilləşdirilmiş və onun gələcək inkişafı üçün şərait yaradılmışdır.

Ədliyyənin inkişafına xüsusi diqqət böyük öndərimizin Azərbaycan rəhbərliyinə qayıdışından sonra da davam etmiş, hüquq sistemində inqilabi demokratik dəyişikliklərə səbəb olan məhkəmə-hüquq islahatı çərçivəsində Ədliyyə Nazirliyinin funksiya və səlahiyyətləri genişləndirilmişdir. Ənənəvi fəaliyyət istiqamətləri ilə yanaşı nazirlikdə icra xidməti, istintaq aparatı, bələdiyyələrlə iş və məhkəmə ekspertizası mərkəzləri yaradılmış, bir çox digər məsələlərin həlli Nazirliyə həvalə edilmişdir.

Ümummilli lider Heydər Əliyevin hüquq siyasətini uğurla davam etdirən ölkə Prezidenti cənab İlham Əliyevin insan haqlarının etibarlı qorunması, hüquqi xidmətin yaxşılaşdırılması, ədalət mühakiməsinin səmərəliliyinin artırılması barədə tapşırıqlarının icrası üzrə görülmüş tədbirlər nəticəsində Azərbaycan ədliyyə sistemi öz inkişafının yeni, müasir mərhələsinə qədəm qoymuşdur.

Ölkə Prezidenti tərəfindən nazirliyin yeni Əsasnaməsi təsdiq olunaraq cəmiyyətdə mühüm rolu təsbit edilmiş, ona hüquq mühafizə orqanı statusu verilmiş, ədliyyə və məhkəmə sisteminin inkişafı və müasirləşdirilməsi barədə  proqram xarakterli fərmanların imzalanması, "Ədliyyə orqanlarında qulluq keçmə haqqında", "Məhkəmə-Hüquq Şurası haqqında" tam yeni qanunların qəbul olunması, ədliyyənin inkişafı üzrə xüsusi Dövlət Proqramının təsdiq edilməsi Azərbaycan ədliyyəsinin inkişafında mühüm təkan olmuşdur.

Ədliyyə sahəsində aparılmış islahatlara uyğun olaraq yeni qurumlar - Ədliyyə Akademiyası, bələdiyyələrə inzibati nəzarət idarəsi, müxtəlif reyestrlər, o cümlədən Əhalinin, Hüquqi Aktların və Qüvvədən düşmüş sənədlərin dövlət reyestrləri, habelə regional ədliyyə şöbələri yaradılmış, ədliyyə infrastrukturu yaxşılaşdırılmışdır.

Göründüyü kimi, ötən əsrin 90-cı illərinin əvvəllərinə nisbətən Ədliyyə Nazirliyinin fəaliyyət istiqamətləri, onun qarşısında duran mühüm vəzifələrin miqyası ciddi şəkildə genişlənmişdir. Bu da öz növbəsində, iş həcminin dəfələrlə artması deməkdir. Bununla əlaqədar qarşıda qoyulmuş yüksək tələblərin icrası, fəaliyyətin keyfiyyətinin yüksəldilməsi, ədalət mühakiməsinin səmərəliliyinin artırılması məqsədilə Ədliyyə Nazirliyi tərəfindən ardıcıl tədbirlər görülür.

Təkcə bu ilin 10 ayı ərzində Nazirliyin kollegiya iclaslarında 30 mühüm məsələyə baxılmış, ayrı-ayrı sahələrdə işin səmərəliliyinin artırılması üzrə 22 təşkilati əmr imzalanmışdır.

Qanunvericiliyin təkmilləşdirilməsi işində fəal iştirak edən nazirlik tərəfindən bu il 240 normativ hüquqi sənəd layihəsi hazırlanmış, 1352-si hüquqi ekspertizadan keçirilmiş, 700-dən çox normativ akt dövlət qeydiyyatına və ya uçotuna alınmışdır. Ölkənin qanunvericilik bazasının inkişafı nəzərə alınaraq ədliyyə işçiləri tərəfindən hüquqi maarifləndirmə məqsədi ilə mətbuatda, televiziya və radioda 1220-dən çox çıxışlar edilmiş, nazirlik tərəfindən aparılan milli qanunvericiliyin elektron məlumat bazası (www.e-qanun.az) zənginləşdirilərək sayta daxil edilmiş sənədlərin sayı 22 mindən çox olmuşdur.

Azərbaycanın sürətli sosial-iqtisadi inkişafı özünü notariat və qeydiyyat əməliyyatlarının sayının artmasında da göstərmişdir. Belə ki, notariat əməliyyatlarının sayı 2010-cu ilin müvafiq dövrü ilə müqayisədə 25% artaraq 2.8 milyonu keçmiş, dövlət qeydiyyatına alınmış vətəndaşlıq vəziyyəti aktlarının sayı xeyli çoxalaraq təxminən 290 min təşkil etmiş, dövlət büdcəsinə 11.5 milyon manata yaxın vəsait köçürülmüşdür. Bu il o baxımdan da əlamətdar olmuşdur ki, dünyanın qabaqcıl dövlətlərində geniş vüsət almış xüsusi notariat institutu inkişaf etmiş və artıq Bakı, Sumqayıt, Gəncə, Mingəçevir şəhərlərində və bir sıra rayonlarda 50-dən çox xüsusi notarius fəaliyyət göstərir.

Ədliyyə Nazirliyi ölkəmizdə vətəndaş cəmiyyətinin inkişafı, söz və mətbuat azadlığının təmin olunmasında üzərinə düşən vəzifələrin yerinə yetirilməsinə mühüm diqqət yetirir, dövlət qeydiyyatına alınan qeyri-hökumət təşkilatlarının sayı ilbəil artır. Belə ki, cari ilin 10 ayı ərzində nazirlik tərəfindən 92 qeyri-kommersiya hüquqi şəxs qeydiyyata alınmış, 190-ə yaxın mətbu nəşr uçota götürülmüşdür. Bununla da ölkədə mətbu nəşrlərin sayı 4534-ə çatmış, qeyri-kommersiya hüquqi şəxslərin sayı 3598 olmuş, o cümlədən QHT-lərin sayı 2700-ü ötmüşdür.

QHT-lərin qeydiyyatı sisteminin təkmilləşdirilməsində mühüm əhəmiyyəti olan "Qeyri-kommersiya hüquqi şəxslər" avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminin yaradılması üzrə işlər bu il başa çatdırılmış, Əhalinin Dövlət Reyestrinin formalaşdırılması üzrə isə tədbirlər davam etdirilərək 2,6 milyon vətəndaşlıq vəziyyəti aktları elektron formata keçirilmiş və belə sənədlərin ümumi sayı 12,5 milyonu ötmüşdür.

Azərbaycan Respublikası Prezidentinin sahibkarlıq sahəsində yoxlamaların nizama salınması və istehlakçıların hüquqlarının qorunmasının təmin edilməsi ilə bağlı 13 aprel 2010-cu il və 15 fevral 2011-ci il tarixli fərmanları sahibkarlığın inkişafına mane olan halların aradan qaldırılmasında, sui-istifadələrin qarşısının alınmasında, nəzarət mexanizmlərinin təkmilləşdirilməsində mühüm rol oynamış və ictimaiyyət, xüsusilə sahibkarlar tərəfindən rəğbətlə qarşılanmışdır.

Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin yaradılması və aparılmasının Ədliyyə Nazirliyinə həvalə edilməsi ilə bağlı qısa müddət ərzində bu sahədə milli və xarici qanunvericilik təhlil olunmuş, aidiyyəti beynəlxalq təşkilatlarla əməkdaşlıq qurulmuş, qabaqcıl xarici təcrübə öyrənilmişdir. Müasir avadanlıq əldə olunmaqla vergi orqanlarında qeydə alınmış 400.000 sahibkarlıq subyekti barədə məlumat bazası və informasiya sistemi formalaşdırılmış, habelə qeydiyyata alınmış yoxlamalar barədə məlumatların əldə olunmasını təmin edən internet saytı (www.yoxlama.gov.az) yaradılmışdır.

Cari ilin 1 may tarixindən etibarən fəaliyyətə başlamış reyestr artıq dövlət orqanları və iş adamları üçün əməli əhəmiyyət kəsb edən informasiya resursuna çevrilmişdir.

Ədalət mühakiməsinin səmərəliliyi məhkəmə qərarlarının düzgün və vaxtında icrası ilə sıx bağlıdır. Bununla əlaqədar məhkəmə qərarlarının icrası sahəsində tələbkarlığın gücləndirilməsi, məsuliyyət hissinin artırılması üzrə təsirli tədbirlər davam etdirilmiş, icra mexanizmləri ötən il qəbul edilmiş yeni qanunvericiliyə uyğun təkmilləşdirilmiş, ölkə Prezidentinin fərmanına əsasən dövlət orqanları tərəfindən məhkəmə qərarlarının icra olunması vəziyyətinə dair hər 6 aydan bir dövlət başçısına məlumat verilir. Bu yeni təcrübə bütün icra iştirakçılarının məsuliyyət hissinin daha da artırılmasına xidmət edərək artıq öz müsbət nəticəsini verməkdədir.

Eyni zamanda, icra işinin səmərəliliyinin artırılması məqsədilə bir neçə məhkəmənin yerləşdiyi Sumqayıt şəhərində pilot layihə qaydasında icra strukturları vahid qurumda birləşdirilmiş və effektiv fəaliyyət göstərir.

İcra xidmətinin iş həcminin ilbəil xeyli artması və yarımil ərzində daxil olmuş icra işlərinin sayının 2009-cu ildəki bütün işlərin sayına bərabər olması nəzərə alınaraq cari ildə xidmətə 100 əlavə ştat vahidi ayrılmış, habelə onun zəruri təşkilati-texniki vasitələrlə təmin olunması üçün dövlət büdcəsindən əlavə vəsait ayrılmışdır ki, bu da xidmətin fəaliyyətinin səmərəliliyinin artırılmasında mühüm rol oynamışdır.

İcra xidmətinin yüksək hazırlıqlı və mənəvi keyfiyyətlərə malik işçilər hesabına möhkəmləndirilməsinin əhəmiyyəti nəzərə alınaraq son illər ədliyyə orqanlarına şəffaf müsabiqə əsasında qəbul olunmuş 222 nəfər gənc hüquqşünasların 80 faizdən çoxu məhz bu xidmətə təyinat almış, fəaliyyətində vətəndaşların haqlı narazılığına səbəb olan neqativ hallara yol verən işçilər ciddi intizam məsuliyyətinə cəlb olunmuş, o cümlədən ədliyyə orqanlarından xaric edilmişlər.

Bu günədək daxil olmuş işlərin sayının ötən ilin eyni dövrü ilə müqayisədə 27% artaraq 130 mini keçməsinə baxmayaraq, görülmüş təsirli tədbirlər nəticəsində, onların 80%-dən çoxunun icrasına nail olunmuşdur. Həmçinin, icra məmurlarının müraciətləri əsasında icra haqqında qanunvericiliyin tələblərini pozan 1400 nəfər inzibati məsuliyyətə cəlb olunmuş, 140 şəxs barəsində cinayət işi başlanılmışdır. Eyni zamanda, yeni qanunvericilikdə borcluların ölkədən getmək hüququnun məhdudlaşdırılması nəzərdə tutulmuşdur. Bu məcburiyyət tədbiri artıq 719 nəfərə münasibətdə tətbiq edilmişdir.

Məhkəmə qərarlarının icrasının təmin edilməsində xüsusi rolu olan Nazirliyin İstintaq idarəsində ədalət mühakiməsi əleyhinə, o cümlədən məhkəmə qərarlarının icra olunmaması ilə bağlı 2011-ci ilin 10 ayı ərzində 162 cinayət işinin istintaqı tamamlanmışdır.

Nazirliyin Bələdiyyələrlə iş mərkəzi tərəfindən yerli özünüidarə orqanlarına metodoloji yardımın göstərilməsi, habelə bələdiyyələrin fəaliyyətinə inzibati nəzarətin həyata keçirilməsi işinin təkmilləşdirilməsi məqsədi ilə bələdiyyə üzvləri ilə 30-dan çox zona seminarları keçirilmiş, 3500-ə yaxın bələdiyyə üzvü və bələdiyyə qulluqçusu ixtisasartırma kurslarına cəlb edilmişdir. Həmçinin, bu il ərzində inzibati nəzarət qaydasında 30 mindən çox bələdiyyə aktı yoxlanılmış və onlardan 816-ı nazirliyin təklifləri əsasında dəyişdirilmiş və ya ləğv edilmişdir. 623bələdiyyə sədri barəsində inzibati xəta haqqında protokollar məhkəmələrə təqdim olunmuş, habelə 25 bələdiyyənin fəaliyyətində aşkar edilmiş hüquq pozuntuları, o cümlədən maliyyə əyintiləri ilə əlaqədar materiallar prokurorluğa göndərilmişdir. Eyni zamanda bələdiyyələr tərəfindən qanunsuz ayrılmış 3.300 hektara yaxın torpaq sahəsinin geri qaytarılması təmin olunmuşdur.

Nazirliyin Məhkəmə Ekspertizası Mərkəzinə cari ildə 16 mindən çox daxil olmuşdur ki, onların da 92%-i icra olunmuş, ekspertlər qarşısında qoyulmuş 210 mindən çox sual cavablandırılmış, məhkəmə-istintaq orqanlarına metodiki yardım məqsədilə 9 vəsait hazırlanmış, habelə 230 profilaktik sənəd göndərilmişdir.

Xüsusi qeyd olunmalıdır ki, ən müasir texnoloji avadanlıqla təchiz olunmuş Məhkəmə Ekspertizası Mərkəzində ekspertiza tədqiqatının çoxfunksionallığı və onların qısa müddətdə hərtərəfli aparılması xarici ölkələrin də diqqətini cəlb edir və onlar ölkəmizin bu sahədə nailiyyətindən bəhrələnmək üçün müraciətlər edirlər. Bu sahədə beynəlxalq təcrübənin öyrənilməsi, ekspertiza rəylərinin beynəlxalq aləmdə tanınması məqsədi ilə Mərkəzimiz bu 2011-ci ildə Avropa Məhkəmə Ekspertizası İnstitutları Şəbəkəsinin (ENFSI) üzvlüyünə qəbul edilmişdir.

Nazirlikdə kadr işinə xüsusi diqqəti yetirilərək artıq 5 ildir ki, ədliyyə orqanlarına qulluğa qəbul açıq müsabiqə yolu ilə aparılır. Bu il isə qəbul prosedurları xeyli sadələşdirilmişdir. Artıq müsabiqənin birinci mərhələsində - test imtahanında iştirak etmək üçün yalnız ərizə ilə müraciət etmək kifayətdir. Ərizənin forması nazirliyin internet saytında yerləşdirilərək namizədlər tərəfindən əldə edilmişdir. Qeyd olunmalıdır ki, təkcə bu il ərzində iki dəfə qulluğa qəbulla bağlı müsabiqə elan olunmuşdur. Birinci müsabiqə nəticəsində uğur qazanmış 50-dən çox hüquqşünas Ədliyyə Akademiyasında peşə fəaliyyətinə buraxılışla əlaqədar icbari təlim kursları keçərək, peşə bayramı ərəfəsində təyinat almışlar. Bundan əlavə, təhsilini bu il başa vurmuş məzun gənclərin işlə təmin olunması üçün buraxılışdan dərhal sonra yeni müsabiqəyə başlanılmış və artıq noyabrın 19-da test imtahanı keçirilmiş və imtahan prosesi dövlət orqanları arasında ilk dəfə olaraq onlayn rejimində internet vasitəsilə birbaşa yayımlanmışdır. Həmin imtahanda iştirak etmiş 304 nəfərdən 136-sı (45%-i) uğur əldə edərək növbəti mərhələyə vəsiqə qazanmışdır.

Dövlət orqanlarında elektron xidmətlərin göstərməsinə dair ölkə Prezidentinin 2011-ci il 23 may tarixli Fərmanına uyğun olaraq görülmüş tədbirlər nəticəsində nazirliyin internet saytında elektron xidmət bölməsi yaradılmış, vətəndaşların ədliyyə orqanlarının iş rejimi, dislokasiyası, əlaqə vasitələri, müxtəlif hüquqi xidmətlərin aparılmasının qaydası, tələb olunan sənədlər və rüsumların məbləği, məhkəmə qərarlarının icrası barədə ətraflı məlumat əldə etmələrinə, elektron qaydada qəbula yazılmasına imkan yaradılmışdır. Həmçinin, nikaha daxil olmaq üçün qeydiyyat orqanına ərizəni elektron qaydada doldurub göndərmək və nikah gününü müəyyən etmək bu xidmət vasitəsilə mümkün olacaqdır.

Eyni zamanda, uşaqların doğulması ilə bağlı həyatlarında ən gözəl anları yaşayan valideynlərə xüsusi maraq kəsb edən məsələdə - ad seçilməsində kömək məqsədilə Azərbaycan adları, onların mənşəyi və izahı, əhali arasında yayılma səviyyəsi və s. informasiya almaq üçün geniş axtarış sistemi yaradılmışdır. Bu bölmənin işə salınması peşə bayramı gününə təsadüf edir.

Bundan başqa əhaliyə göstərilən hüquqi xidmətlərin səmərəliliyinin artırılması məqsədilə universal elektron xidmət köşkləri hazırlanaraq bir sıra ədliyyə orqanlarında, o cümlədən Bakı şəhərinin notariat kontorlarında quraşdırılmışdır. Həmin köşklər vasitəsilə vətəndaşlar inzibati işçilərlə təmasda olmadan ədliyyə fəaliyyəti barədə zəruri məlumatlarla tanış ola, müvafiq çıxarışlar əldə edə bilərlər.

Həmçinin, subyektiv faktorların və məmurlarla təmasın minimuma endirilməsi məqsədilə qeyd olunan köşklər vasitəsilə vətəndaşlar dövlət rüsumlarının kartla və ya nağd həyata keçirilməsi, habelə nazirliyin internet saytına daxil olmaq, qaynar xəttinə və elektron poçtuna birbaşa müraciət etmək imkanı əldə edirlər.

2011-ci ilin ötən dövrü ərzində beynəlxalq hüquq əməkdaşlığı üzrə çoxsaylı tədbirlər təşkil olunmuş, mülki, ticarət, ailə və cinayət işlərinə dair hüquqi yardımla bağlı 9100 beynəlxalq sənəd və sorğu daxil olmuş və onların icrası üçün müvafiq tədbirlər görülmüşdür. Ədliyyə Nazirliyi tərəfindən, öz növbəsində, müxtəlif dövlətlərə 1.000-ə yaxın belə sorğular göndərilmiş, cəzanın qalan hissəsinin çəkilməsi üçün 65 məhkumun təhvil verilməsi və alınması həyata keçirilmişdir. Bununla yanaşı, bir sıra xarici dövlətlərin yüksək nümayəndələri və müxtəlif hüquq təsisatlarının məsul şəxsləri ilə 50-ə yaxın görüşlər keçirilərək əməkdaşlıq məsələləri müzakirə olunmuşdur.

Hüquqi sahədə əlaqələrimizin sürətlə genişlənməsi taleyüklü məsələlərin həllinə, o cümlədən cinayətkarlığa və korrupsiyaya qarşı mübarizəyə, məhkəmə-hüquq sisteminin inkişafına real imkanlar yaradır.

Cari ildə dəvətimizə əsasən Türkiyənin, Gürcüstanın, Mərakeşin ədliyyə nazirlərinin ölkəmizə səfərləri təşkil olunmuş, hüquqi əlaqələrin inkişafı üzrə konkret razılaşmalar əldə edilmişdir. Mərakeşin ədliyyə nazirinin Azərbaycana səfəri zamanı həmçinin, ölkələrimiz arasında Təslim etmə, Mülki və ticarət işləri üzrə hüquqi əməkdaşlıq, Cinayət işləri üzrə qarşılıqlı hüquqi yardım haqqında ilk dövlətlərarası müqavilələr, habelə Ədliyyə nazirlikləri arasında əməkdaşlıq haqqında Saziş imzalanmışdır. Həmçinin, mərakeşli nazir ölkəsində hüquqi islahatların aparıldığını bildirərək ölkəmizin bu sahədə müsbət təcrübəsindən faydalanacağını vurğulamışdır.

Əməkdaşlığın davamı olaraq Azərbaycan nümayəndə heyətinin Mərakeşin ədliyyə nazirinin dəvəti ilə cari ilin oktyabrında bu ölkəyə cavab səfəri zamanı qeyd edilən Sazişin icrası məqsədilə ədliyyə və məhkəmə sistemi ilə tanışlığa, elektron ədliyyə və müasir texnologiyaların tətbiqinə, birgə tədris tədbirlərə dair 2012-ci il üçün İşçi Proqram imzalanmışdır. Səfər çərçivəsində həmçinin, Mərakeş Krallığı Parlamentinin və Ali Məhkəmənin sədrləri, Baş prokuror ilə görüşlər keçirilmiş, apellyasiya və birinci instansiya məhkəmələrinin fəaliyyəti ilə tanış olunmuş, habelə Mərakeşdə yeni seçilmiş hakimlərə xidməti vəsiqələrin təqdimetmə mərasimində iştirak edilmişdir.

Macarıstan Prezidenti Pal Şmittin Azərbaycana rəsmi səfəri zamanı iki ölkənin Ədliyyə nazirlikləri arasında Əməkdaşlıq haqqında Anlaşma Memorandumu imzalanmış, sənəddə ədliyyə işçilərinin qarşılıqlı tədrisinə dəstək, nazirliklərin fəaliyyəti üzrə təcrübə və qanunvericiliyin təkmilləşdirilməsi ilə bağlı məlumat mübadiləsi, ekspertlərin qarşılıqlı səfərləri və hüquqi əməkdaşlığın inkişafına təkan verən digər mühüm məsələlər nəzərdə tutulmuşdur. Bununla yanaşı, nazirlikdə ikitərəfli görüş keçirilərək imzalanmış sənədin icrası, habelə maraq doğuran konkret işlər üzrə hüquqi yardımla bağlı məsələlər müzakirə olunmuşdur.

Həmçinin, nüfuzlu beynəlxalq təşkilatlarla, o cümlədən 100-dən çox dövləti birləşdirən Beynəlxalq Prokurorlar Assosiasiyası (BPA) ilə səmərəli əməkdaşlıq davam etdirilmiş, Azərbaycanla əlaqələrə böyük önəm verən BPA-nın prezidenti nümayəndə heyəti ilə ölkəmizə səfər etmiş, dövlətimizin Assosiasiyanın işində fəal iştirakını yüksək qiymətləndirmişdir. Təşkilatın cari ilin iyununda keçirilmiş İllik Konfransı və Ümumi Yığıncağında respublikamızın Ədliyyə Nazirliyinə və Prokurorluğuna Assosiasiyanın xüsusi təltifi, habelə Baş prokuror Z.Qaralova "Xüsusi təşəkkür sertifikatı" verilmiş, BPA-nın İcraiyyə Komitəsində uzun illər təmsil olunmuş ədliyyə naziri "Assosiasiyanın fəxri üzvü" adına layiq bilinmişdir.

Bu gün bütün dünyada insan hüquqlarının təminatına və bərpasına xüsusi diqqət yetirildiyindən İnsan hüquqları üzrə Avropa Məhkəməsinin fəaliyyəti də müstəsna əhəmiyyət daşıyır. Məhkəmənin yarım əsrlik uğurlu fəaliyyəti şikayətlərin sayının həddindən çox artmasına gətirib çıxarmışdır. Azərbaycandan isə ərizələrin sayı orta Avropa rəqəmindən 2 dəfə azdır. Məhkəmənin təhlillərinə görə yeni ərizələr istisna olmaqla təkcə icraatda olan 150 minə yaxın şikayətlərə baxmaq üçün ən azı 20 il vaxt lazımdır. Buna görə də Avropa Şurası tərəfindən bu problemin həlli yolları araşdırılır.

Bununla bağlı cari ildə İzmirdə Avropa dövlətlərinin ədliyyə və xarici işlər nazirlərinin, digər yüksək səviyyəli rəsmi şəxslərinin iştirakı ilə mötəbər Konfrans keçirilmişdir.

Konfransda ölkəmiz rəhbərlik etdiyim nümayəndə heyəti ilə təmsil olunmuş, tərəfimizdən tədbirdə çıxış edilərək Avropa Məhkəməsinin restrukturizasiyası, daha effektiv mexanizmlərin tətbiqi ilə bağlı təkliflər verilmiş, ölkəmizdə dövlət başçısı cənab İlham Əliyevin rəhbərliyi ilə insan haqlarının müdafiəsi üzrə həyata keçirilən mütərəqqi islahatlar qeyd olunmuşdur. Həmçinin, Ermənistanın təcavüzü nəticəsində torpaqlarımızın beşdə birinin işğal olunması, 1 milyon soydaşımızın qaçqın və köçkün vəziyyətinə düşməsi, bununla da Avropa Konvensiyası ilə qorunan insan haqlarının kobud pozulması Konfrans iştirakçılarının xüsusi diqqətinə çatdırılmışdır. Belə mötəbər tribunadan Azərbaycan həqiqətlərinin səslənməsi erməni nümayəndə heyətinin böyük narahatlığına səbəb olmuşdur. İngilis dilində olan çıxışın, həm də rus dilində mətnləri tədbir iştirakçıları arasında yayılmışdır.

Tədbir çərçivəsində həmçinin, Avropa Şurasının baş katibi, İnsan hüquqları üzrə komissarı, habelə bir sıra dövlətlərin ədliyyə nazirləri ilə görüşlər keçirilmiş, insan hüquqlarının təşviqi və əməkdaşlığa dair faydalı müzakirələr aparılmışdır.

Beynəlxalq təcrübədə müşahidə olunduğu kimi iqtisadiyyatı sürətlə inkişaf edən dövlətlərdə korrupsiyanın yayılması üçün daha əlverişli şərait olur. Bu baxımdan ölkə başçısının korrupsiyaya qarşı sərt mübarizənin aparılmasına dair tapşırıqlarından irəli gələn vəzifələrə uyğun olaraq Ədliyyə Nazirliyi və Məhkəmə-Hüquq Şurası tərəfindən ədliyyə və məhkəmə orqanlarında süründürməçilik, vəzifədən sui-istifadə və korrupsiya hüquqpozmalarına şərait yaradan halların qarşısının alınması və qabaqlayıcı tədbirlərin görülməsi, qanunçuluğun və nizam-intizamın möhkəmləndirilməsi üzrə qəti tədbirlər görülmüşdür.

Korrupsiyaya qarşı mübarizə sahəsində beynəlxalq əməkdaşlığın əhəmiyyəti nəzərə alınaraq bu sahədə nüfuzlu beynəlxalq təşkilatların, o cümlədən Beynəlxalq Antikorrupsiya Orqanları Assosiasiyasının işində fəal iştirak edilmişdir.

140-dan çox dövləti birləşdirən bu Assosiasiyanın cari ilin oktyabrında Mərakeşdə keçirilmiş İllik Konfransı və Ümumi Yığıncağında ölkəmiz rəhbərlik etdiyim nümayəndə heyəti ilə təmsil olunmuş, Azərbaycanın beynəlxalq aləmdə artan nüfuzu və təşkilatın işinə verdiyi töhfələr nəzərə alınaraq, 80 ölkədən olan 300-dən çox məsul nümayəndənin iştirakı ilə keçirilmiş forumun açılışı və birinci sessiyasının aparılmasına sədrlik edilməsi təşkilatın vitse-prezidenti kimi Azərbaycan ədliyyə nazirinə həvalə olunmuşdur.

Korrupsiyanın qarşısının alınması üzrə ölkəmizdə həyata keçirilən genişmiqyaslı işlərə beynəlxalq səviyyədə böyük maraq göstərilərək, qabaqcıl antikorrupsiya təcrübələrinin öyrənilməsinə dair Çinin Şanxay şəhərində keçirilmiş geniş beynəlxalq seminara ölkəmizin mütəxəssisləri dəvət olunaraq mühazirələrlə çıxış etmişlər.

Penitensiar sistemdə qanunçuluğun möhkəmləndirilməsi, saxlanma şəraitinin və məhkumların gündəlik təminatının yaxşılaşdırılması üzrə ardıcıl tədbirlər görülmüş, təkcə cari ildə 7.500-dən çox məhkum hərtərəfli tibbi müayinədən keçirilmiş, məhkumlar arasında ölüm hallarının sayı azalmışdır.

Məhkumların islah edilməsində iştirak edən və penitensiar müəssisələrin fəaliyyətinə ictimai nəzarəti həyata keçirən İctimai Komitə ilə sıx əməkdaşlıq davam etmiş və ötən dövr ərzində qurumun üzvləri tərəfindən penitensiar müəssisələrə 20 dəfə baş çəkilmiş, işin təkmilləşdirilməsinə dair tövsiyələr verilmişdir. Həmçinin, yetkinlik yaşına çatmayan məhkumlar üçün tədris seminarları, məişət zorakılığı, insan alveri və digər mövzular üzrə maarifləndirmə aksiyaları, idman və mədəni tədbirləri təşkil edilmiş, çoxsaylı məhkumlara hüquqi yardım göstərilmişdir.

Beynəlxalq Qızıl Xaç Komitəsi ilə sıx əməkdaşlıq nəticəsində ölkəmizdə ilk dəfə olaraq vərəmin çox ağır və ən təhlükəli forması olan "multirezistent" xəstə məhkumların DOTS-plus müalicəsinə başlanılmış və cari ildə 72% uğurlu nəticə əldə edilmişdir. Bu dünya praktikasında çox yüksək göstəricidir. Həmçinin, ən müasir avadanlıqla təchiz olunmuş və regionda presedenti olmayan laboratoriyada vərəmin dəqiq diaqnozunu 3 aydan sonra deyil, cəmi 100 dəqiqə ərzində müəyyən etməyə imkan verən yeni testin tətbiqinə başlanılmışdır. Bütün bu tədbirlərin nəticəsində penitensiar müəssisələrdə vərəmdən ölüm halları 15 il ərzində 35 dəfəyədək azalmışdır.

Bütün bunların təzahürü olaraq BQXK bu sahədə Azərbaycanın artıq onun köməyinə ehtiyacının qalmadığını bəyan edərək vərəmə nəzarət işini tamamilə Ədliyyə Nazirliyinə təhvil vermiş, respublikamızın müsbət təcrübəsinin yaymasının əhəmiyyətini vurğulamışdır. Artıq bir çox dövlətlərin nümayəndələri bu məqsədlə Azərbaycana səfərlər edirlər.

Ulu öndərimizin humanizm siyasəti ənənələrinə sadiq qalmaq, insanlara qayğı göstərmək cənab Prezident İlham Əliyevin fəaliyyətinin əsas prinsiplərindəndir. Son bir ildə dövlət başçısı tərəfindən imzalanmış 2 əfv sərəncamı 180-dən çox məhkuma şamil edilmiş, ölkə Prezidentinin həmin sərəncamları Ədliyyə Nazirliyi tərəfindən dərhal və çevik icra olunmuşdur. Cəmi müstəqillik illərində 5.200-dən çox məhkum əfv edilmişdir. Bundan əlavə, həmin dövrdə 100 minə yaxın şəxsə amnistiya aktları tətbiq edilmişdir. Təqdirəlayiq haldır ki, milli dəyərlərimizi daim təşviq edən Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, millət vəkili Mehriban Əliyevanın təşəbbüsü ilə qəbul edilmiş son 2 amnistiya aktı 20 minə yaxın şəxsə şamil olunmuşdur. Bütün bunlar dövlətimizin cəmiyyətdə vətəndaş etimadını, milli həmrəyliyi möhkəmləndirmək siyasətinin real ifadəsidir.

Məhkəmə fəaliyyətinin təkmilləşdirilməsi və ədalət mühakiməsinin səmərəliliyinin artırılması baxımından ötən il xüsusilə əlamətdar olmuşdur. Belə ki, əhalinin məhkəmələrə müraciət imkanlarının asanlaşdırılması məqsədilə ölkənin əlavə dörd bölgəsində regional ağır cinayətlər məhkəmələrinin təsis edilməsi, dövlət orqanları tərəfindən insan hüquqlarına ciddi əməl olunmasının təmin edilməsi məqsədilə ölkəmizin tarixində ilk dəfə olaraq yeddi bölgədə inzibati-iqtisadi məhkəmələrin yaradılması, hərbi məhkəmə sisteminin təkmilləşdirilməsi, habelə hakim ştatlarının sayının daha 25 faiz artırılması xüsusi əhəmiyyət kəsb etmişdir.

Ədliyyə Nazirliyi tərəfindən regional ağır cinayət, inzibati-iqtisadi və hərbi məhkəmələrin tezliklə fəaliyyətə başlaması üçün qısa müddət ərzində mühüm təşkilati tədbirlər həyata keçirilmiş, o cümlədən əhatəli təhlillər aparılaraq hakimlərin ştat sayı və məhkəmə aparatlarının strukturu müəyyən olunmuş, yeni inzibati binalar ayrılaraq, əsaslı təmir-tikinti işləri aparılmaqla məhkəmə fəaliyyətinə uyğunlaşdırılmışdır.

Ölkə Prezidentinin sərəncamları ilə həmin məhkəmələr yüksək hazırlıqlı hakimlər hesabına komplektləşdirilmiş və 2011-ci ilin yanvar ayından 12 yeni regional məhkəmə fəaliyyətə başlamışdır.

Məhkəmə fəaliyyətinin təkmilləşdirilməsi üzrə görülmüş tədbirlər ictimaiyyət tərəfindən müsbət qarşılanmış, insanların məhkəməyə çatımlıq imkanları genişlənmiş, bir çox nöqsanların qarşısı alınmışdır.

Hakimlərin obyektiv və qərəzsiz olmasının, işlərə daha keyfiyyətlə baxılmasının ən mühüm amillərdən biri də onların seçimi prosesinin şəffaflığı və obyektivliyidir. Bu məqsədlə Azərbaycanda mübaliğəsiz demək olar ki, Avropada ən mütərəqqi qaydalar tətbiq edilir.

Hakim kadrlarına olan ehtiyacla bağlı ötən ilin sonunda hakimlərin növbəti - artıq 4-cü dəfə seçilməsi prosesinə başlanılmışdır. Ən mütərəqqi və şəffaf qaydalara uyğun olaraq keçirilmiş imtahanın hər bir mərhələsi, o cümlədən sualların seçimi və cavabların yoxlanılıb elan edilməsi bilavasitə imtahan keçirilən zalda, namizədlərin, habelə 40-dan çox xarici təşkilat və yerli QHT təmsilçiləri, televiziya və mətbuat nümayəndələri qarşısında həyata keçirilmişdir. Kadr seçimi tarixində ilk dəfə olaraq internet vasitəsilə onlayn rejimində birbaşa yayımlanmış imtahan nəticəsində 178 nəfər növbəti mərhələyə vəsiqə qazanmış və yazılı imtahan daeyni şəffaf prosedurlarla noyabrın 20-də keçirilmişdir.

Qeyd olunmalıdır ki, bu mütərəqqi qaydalarla seçilmiş yeni nəsil hakimlər artıq bütün hakim korpusunun yarasını təşkil edir.

Azərbaycanda aparılan məhkəmə islahatları nüfuzlu beynəlxalq qurumlar tərəfindən də təqdir edilir və dəstəklənir. Bu islahatların tərəqqisini və uğurlu nəticələrini görən Dünya Bankı bizə maliyyə və texniki dəstəyin göstərilməsinə dair təşəbbüs irəli sürmüş, Ədliyyə sisteminin müasirləşdirilməsi üzrə birgə Layihənin icrasına başlanılmışdır. Həmin layihə çərçivəsində 20-dən çox yeni məhkəmə binaları və bir neçə məhkəmə yerləşən məhkəmə komplekslərinin layihələri hazırlanmış, habelə Bakı şəhərinin Yasamal, Gəncə şəhərinin Nizami, Gədəbəy rayon məhkəmələri üçün yeni binaların inşasının artıq yaxın vaxtlarda başa çatdırılması nəzərdə tutulmuşdur. 2012-ci ildə layihəyə əsasən Bakı şəhərinin Sabuncu rayonunda və Şirvan şəhərində məhkəmə komplekslərinin tikintisinə başlanacaqdır.

İnşasına ötən il başlanılmış Oğuz rayon məhkəməsinin yeni binası isə bir neçə gün əvvəl istifadəyə verilmişdir. Ən müasir informasiya-kommunikasiya texnologiyaları ilə təchiz olunmuş yeni məhkəmə binasının açılışında dövlət başçısı cənab İlham Əliyevin şəxsən iştirak etməsi və görülmüş işləri yüksək qiymətləndirməsi hər bir məhkəmə və ədliyyə işçisində xüsusi iftixar hissi doğurmaqla, onları daha əzmkarlıqla, böyük səy və məsuliyyətlə çalışmağa sövq edir.

Məhkəmələrin yüksək statuslarına uyğun inşa edilən bütün bu binalarda beynəlxalq tələblərə cavab verən iş prosesinin təşkilinə, vətəndaşların məhkəmələrə müraciət imkanlarının asanlaşdırılmasına xüsusi diqqət yetirilir, zallarda proseslərin audio-yazısını aparan sistemlər, video-konfransların, təqdimatların keçirilməsi, elektron sənəd dövriyyəsi üçün bütün zəruri infrastruktur yaradılır, müasir tipli təhlükəsizlik sistemləri quraşdırılır.

Həmçinin, layihəyə uyğun olaraq Konstitusiya və Ali Məhkəmə, Məhkəmə-Hüquq Şurası, Ədliyyə Nazirliyi müasir informasiya və kommunikasiya texnologiyaları ilə təmin olunmuş, vətəndaşların məhkəmələrə müraciət imkanlarının daha da asanlaşdırılması və hüquqi xidmətin yaxşılaşdırılması məqsədilə məhkəmə sisteminin vahid internet portalı yaradılmışdır. Bu portal ali, apellyasiya və birinci instansiya məhkəmələri, onların yurisdiksiyası, baxılan işlər və çıxarılan qərarlar, müraciətə əlavə edilməsi zəruri olan sənədlər, qəbul günləri və s. barədə ətraflı məlumat almaq, iddia ərizələri və digər məhkəmə sənədlərinin nümunələrini əldə etmək, həmçinin onlayn rejimində müraciət etmək və cavab almaq imkanı yaradır. Peşə bayramımızda istifadəyə verilən portalda, həmçinin bütün hakimlər barədə məlumatlar da öz əksini tapacaqdır.

Göstərilən Layihənin icrası Dünya Bankı tərəfindən müsbət qiymətləndirilərək əlavə vəsaitin verilməsinə qərara gəlinmişdir. Bununla əlaqədar Ədliyyə Nazirliyi ilə Dünya Bankı arasında yeni kredit sazişi hazırlanmışdır. Bu sənədin bağlanması da peşə bayramı ərəfəsinə təsadüf edir.

Azərbaycanda məhkəmə sisteminin inkişafı nüfuzlu beynəlxalq təşkilatların daim diqqət mərkəzindədir. Sevindirici haldır ki, Avropa Şurasının Ədalət mühakiməsinin səmərəliliyi üzrə Komissiyası (CEPEJ) Avropa hüquq sistemləri üzrə hesabatında ölkəmizdə məhkəmə islahatlarına göstərilən diqqətin, o cümlədən maliyyə ayırmalarının səviyyəsini, hakimlərin sayındakı artım tempini Avropa dövlətləri sırasında yüksək göstəricilərlə xarakterizə etmiş, hakimlərin seçimi üzrə Azərbaycanın müsbət təcrübəsini təqdir etmişdir.

Ümummilli liderimiz, müasir Azərbaycan dövlətçiliyinin banisi Heydər Əliyevin müəyyən etdiyi siyasi kursa daim sadiq olan ədliyyə işçiləri ölkəmizin dinamik inkişafının real təminatçısı olan dövlət başçısı cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin çiçəklənməsi və xalqımızın rifahının yaxşılaşdırılması işinə öz töhfələrini vermək üçün bundan sonra da yorulmadan çalışmaq əzmindədirlər.

Azərbaycan Ədliyyəsi daim dövlətimizin yüksək diqqət və qayğısı ilə əhatə olunmuşdur. Ədliyyənin gələcək inkişafına təkan verən sənədlərin qəbulu, əməkdaşların təminatının mütəmadi yaxşılaşdırılması, ədliyyə orqanları işçilərinə və hakimlərə yüksək dövlət təltiflərinin, fəxri adların və ali xüsusi rütbələrin verilməsi hər birimizdə dərin minnətdarlıq və sonsuz ehtiram hissləri doğurmaqla, üzərimizə əlavə məsuliyyət qoyur.

Fürsətdən istifadə edərək, peşə bayramı münasibətilə bütün ədliyyə işçilərini ürəkdən təbrik edir və onlara qanunun aliliyinin təmin edilməsi, insan hüquqlarının təmin olunması kimi gərəkli fəaliyyətlərində uğurlar arzulayıram.

 

Fikrət MƏMMƏDOV,
Azərbaycan Respublikasının
ədliyyə naziri,
Məhkəmə-Hüquq Şurasının sədri
I dərəcəli dövlət ədliyyə müşaviri