fm4a.[1]

Xalqımızın ümummilli lideri Heydər Əliyevin 11 noyabr 2000-ci il tarixli Sərəncamı ilə təsis olunmuş 22 noyabr - ədliyyə işçilərinin peşə bayramı günü yüksək sevinc və qürur hissi ilə geniş qeyd olunur.

XX əsrin əvvəllərində Şərqdə ilk demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması ilə Azərbaycan ədliyyəsinin ən şərəfli tarixi başlanmışdır. Ədliyyə Nazirliyi ADR-in məhz elan edildiyi gün yaradılmış, onun Əsasnaməsi isə 22 noyabr 1918-ci ildə təsdiq edilərək, nazirliyə dövlət quruculuğu sahəsində mütərəqqi funksiyaların icrası həvalə olunmuşdur.

Çətin və keşməkeşli yol keçən Ədliyyə Nazirliyi Sovet hakimiyyəti dövründə bir neçə dəfə ləğv edilib yenidən yaradılsa da, onun əsaslı surətdə təsis edilməsi ümummilli lider Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi dövrə təsadüf edir. Dahi öndərin ədliyyə sisteminə qayğısı müstəqillik illərində də davam etmiş, köklü məhkəmə-hüquq islahatları çərçivəsində nazirliyin hüquqi dövlətdə layiq olduğu yeri tutması üçün mühüm addımlar atılmış, səlahiyyətləri xeyli genişlənmişdir.

Ulu öndərin hüquq siyasətini uğurla davam etdirən dövlət başçısı cənab İlham Əliyevin rəhbərliyi ilə son illər Azərbaycan ədliyyəsinin davamlı inkişafına xidmət edən genişmiqyaslı islahatlar aparılmış, ədliyyə orqanlarının fəaliyyəti genişləndirilmiş, bu sahədə yeni iş metodlarının, qabaqcıl informasiya-kommunikasiya texnologiyalarının və elektron xidmətlərin geniş tətbiqi, ən müasir infrastrukturun yaradılması üzrə tədbirlər görülmüşdür.

Ədliyyə fəaliyyətinin təkmilləşdirilməsi üzrə ölkə rəhbərliyinin tapşırıqlarının, nazirliyə həvalə edilmiş yeni funksiya və vəzifələrin icrası daim diqqətdə saxlanılır. Peşə bayramı ərəfəsində isə ənənəvi olaraq görülən işlərə və qarşıda duran vəzifələrə bir daha nəzər salınır.

Respublikamızda aparılan mütərəqqi islahatlar geniş qanunyaradıcı fəaliyyət ilə müşayiət olunur. Nazirlik də bu işdə fəal iştirak edir. Belə ki, bu ilin 10 ayı ərzində qanunvericiliyin təkmilləşdirilməsi sahəsində bilavasitə nazirlik tərəfindən 629 normativ hüquqi aktın layihəsi hazırlanmışdır ki, bu da ötən illə müqayisədə 2,5 dəfə çoxdur. İctimai həyatın müxtəlif sahələrini tənzimləyən 1700-dən çox akt hüquqi ekspertizadan keçirilmiş, Hüquqi Aktların Dövlət Reyestrinə 1500-dən çox normativ akt daxil edilmişdir. Həmçinin, əhalinin təmənnasız istifadəsinə verilmiş milli qanunvericiliyin e-qanun.az və müvafiq reyestrin huquqiaktlar.gov.az internet saytları daha da zənginləşdirilmiş, bu il reyestrin Naxçıvan Muxtar Respublikası üzrə elektron variantı - huquqiaktlar.nakhchivan.az saytı yaradılaraq fəaliyyətə başlamışdır.

Ölkənin qanunvericilik bazasının inkişafı nəzərə alınaraq ədliyyə işçiləri hüquqi maarifləndirmə məqsədi ilə mətbuat, televiziya və radioda 485 çıxış etmişlər. Şəffaflığın gələcək inkişafın əsas amillərindən olduğu üçün ədliyyə fəaliyyətində bu məsələyə xüsusi diqqət yetirilərək nazirliyin 7 internet saytı interaktiv rejimdə fəaliyyət göstərir, 4 hüquq jurnalı, "Ədliyyə" qəzeti, KİV-lə əlaqələrimizi əks etdirən illik toplular dərc olunur. Əhaliyə, xüsusilə aztəminatlı təbəqələrə pulsuz hüquqi yardımın göstərilməsi məqsədilə nazirliyin 7 regional hüquq xidməti mərkəzi fəaliyyət göstərir.

Elektron ədliyyənin, habelə "Qaynar xətt"in telefon və elektron bölməsinin səmərəli tətbiqi, əhaliyə keyfiyyətli hüquqi yardımın göstərilməsi nəticəsində nazirliyə daxil olmuş vətəndaş müraciətlərinin sayı 20%-dək azalmışdır.

Eyni zamanda, vətəndaşların mülki hüquq münasibətlərindən irəli gələn məsələlərlə bağlı mütəmadi müraciət etdikləri notariat orqanlarında elektron köşklərin tətbiqi müsbət nəticələrini vermiş, inzibati işçilərlə təmas minimuma endirilmişdir. Məhz elektron köşklərdən səmərəli istifadə vətəndaşlara əlverişli imkan yaratmışdır ki, həmin qurğular vasitəsilə ədliyyə fəaliyyəti barədə zəruri məlumatları əldə edə, rüsumları kartla və ya nağd ödəyə bilsinlər.

Dünyada geniş vüsət alan xüsusi notariat institutunun inkişafı da notariat hərəkətlərinin rəsmiləşdirilməsinə öz töhfəsini vermişdir. Artıq ölkədə bütün notariat korpusunun 1/3-dən çoxunu xüsusi notariuslar təşkil edir.

Azərbaycanın sürətli sosial-iqtisadi inkişafı notariat və qeydiyyat əməliyyatlarının sayının artmasına da öz təsirini göstərmiş, notariuslar tərəfindən 10 ayda 3.4 milyondan çox notariat hərəkəti rəsmiləşdirilmiş, dövlət qeydiyyatına alınmış vətəndaşlıq vəziyyəti aktlarının sayı 270 minə çatmış və bu əməliyyatlar üzrə dövlət büdcəsinə 14 milyon manat vəsait köçürülmüşdür.

Ötən dövrdə həmçinin, 106 qeyri-kommersiya qurumu dövlət qeydiyyatına alınmış, 156 mətbu nəşr reyestrə daxil edilmişdir ki, bununla da ölkədə onların sayı müvafiq olaraq 3.700-ü və 4.700-ü ötmüşdür.

Məlum olduğu kimi, BMT-nin İnkişaf Proqramı ilə birgə həyata keçirilən "Azərbaycan Respublikası əhalisinin dövlət reyestrinin formalaşdırılması və inkişafı" layihəsi çərçivəsində ölkə əhalisi barədə vahid və unikal informasiya resursunun yaradılması məqsədilə "Əhalinin Dövlət Reyestri" Avtomatlaşdırılmış Qeydiyyat İnformasiya Sistemi yaradılmış və 75 il ərzində vətəndaşlıq vəziyyətini müəyyən edən 15 milyondan çox akt qeydi bir neçə il çəkən nəhəng iş sayəsində skaner vasitəsilə oxunaraq nəfis şəkildə yenidən cildlənmiş və elektron formata keçirilmişdir. Cari ildə bu iş tamamlanmış və Əhalinin Dövlət Reyestri tam formalaşdırılmışdır.

Sahibkarlığın inkişafına kömək məqsədi ilə ölkə Prezidentinin tapşırıqlarına əsasən ötən ilin mayından fəaliyyətə başlamış sahibkarıq subyektlərində keçirilən yoxlamaların vahid məlumat reyestrinə 28 yoxlayıcı orqandan 133 mindən artıq müraciət daxil olmuş, onların əsasında 106 min (80%-i) yoxlama reyestrə salınmış, qalanlardan isə məlumatların natamamlığı səbəbindən imtina edilmişdir. Həmçinin, yoxlamalar haqqında məlumatları daha çevik əldə etmək üçün xüsusi elektron telefon xidməti yaradılmışdır.

Ədalətli məhkəmə hüququnun ayrılmaz tərkib hissəsi olan məhkəmə qərarlarının icrasının mühüm əhəmiyyəti, habelə bu sahədə iş həcminin ilbəil xeyli artması nəzərə alınaraq icra mexanizmələrinin təkmilləşdirilməsi üzrə əsaslı tədbirlər həyata keçirilmişdir.

Ilk növbədə qeyd olunmalıdır ki, yeni qanunvericiliyə uyğun olaraq dövlət orqanları tərəfindən məhkəmə qərarlarının icra vəziyyətinə dair ölkə Prezidentinə hər altı aydan bir müvafiq hesabatın təqdim olunması icra prosesi iştirakçılarının məsuliyyət hissinin artırılmasına xidmət edərək artıq müsbət nəticəsini verir.

Həmçinin, çətin və mürəkkəb icra işlərinin mütəşəkkil və vaxtında təmin olunması məqsədilə təcrübəli işçilərdən ibarət xüsusi icra qrupu təsis edilmiş, eyni inzibati ərazidə yerləşən məhkəmələrdə icra işinin vahid qurum tərəfindən təmin edilməsi təcrübəsi Sumqayıtda pilot layihə qaydasında sınaqdan keçirilmiş, bu müsbət təcrübə daha da genişləndirilərək Gəncə, Şirvan və Şəkidə 13 icra qurumu əsasında geniş səlahiyyətlərə malik 3 yeni böyük struktur yaradılmışdır.

Eyni zamanda, icra xidmətinə yüksək hazırlıqlı və mənəvi keyfiyyətlərə malik gənc hüquqşünasların təyinatı diqqətdə saxlanılaraq bu il ədliyyə orqanlarına qulluğa qəbulla bağlı keçirilən müsabiqələr nəticəsində uğur qazananların 80%-i məhz icra qurumlarına təyin olunmuşlar. Bununla yanaşı, fəaliyyətində ciddi qanun pozuntularına, o cümlədən vətəndaşların haqlı narazılıqlarına səbəb olan neqativ hallara görə xidmətin bəzi əməkdaşları ciddi cəzalandırılmış, o cümlədən ədliyyə orqanlarından xaric edilmişlər.

Görülən tədbirlər icra işinin səmərəliliyinin xeyli yüksəlməsinə səbəb olmuş, 2012-ci ildə 114 mindən çox işin icrası təmin edilmiş, hüquqi və fiziki şəxslərə 69 milyon manat vəsait ödətdirilmişdir. Həmçinin, məhkəmə qərarlarının icrasından yayınan 1200-dən çox şəxs inzibati məsuliyyətə cəlb olunmuş, 2400-ə yaxın şəxsə münasibətdə borclu şəxslərin ölkədən getmək hüququ məhdudlaşdırılmış, 172 şəxs barəsində cinayət işi başlanmışdır.

Ümumiyyətlə, Ədliyyə Nazirliyi tərəfindən ədalət mühakiməsi əleyhinə olan və digər cinayətlər üzrə 380 cinayət işinin istintaqı aparılmış, tamamlanmış işlər üzrə fiziki və hüquqi şəxslərə vurulmuş ziyanın 60%-i istintaqın gedişində ödətdirilmişdir.

Ölkəmizdə ən gənc təsisatlardan olan bələdiyyələrin fəaliyyətinə inzibati nəzarət gücləndirilmiş bu sahədə işin yeni yaradılmış regional ədliyyə şöbələri ilə düzgün əlaqələndirilməsi müsbət nəticələrini vermişdir. Belə ki, bu il ərzində inzibati nəzarət qaydasında baxılmış bələdiyyə aktlarının sayı 20% artaraq 40.000 təşkil etmiş, onların 1300-ü nazirliyin təklifləri əsasında dəyişdirilmiş və ya ləğv edilmişdir. Fəaliyyəti araşdırılmış 38 bələdiyyənin 26-da cinayət xarakterli hüquq pozuntuları, o cümlədən maliyyə əyintiləri aşkar edilərək materiallar prokurorluğa göndərilmişdir. Bələdiyyə aktlarını vaxtında təqdim etməyən 409 bələdiyyə sədri barəsində məhkəmələrə inzibati xəta haqqında protokollar təqdim olunmuşdur. Bələdiyyələrin qanunsuz ayırdığı 3.200 hektardan çox torpaq sahəsi isə geri qaytarılmışdır.

Bununla yanaşı, 3500-dən artıq bələdiyyə üzvü və qulluqçusu maarifçilik tədbirlərinə, o cümlədən Ədliyyə Akademiyasında təşkil edilmiş kurslara cəlb olunmuş, onlar üçün 9 metodik vəsait hazırlanmışdır.

Cari ildə nazirliyin Məhkəmə Ekspertizası Mərkəzinə 44 ekspert ixtisası üzrə 18.000-dən çox iş daxil olmuş, onlardan da 86,3%-i icra olunmuşdur.

Ədliyyənin fəaliyyət istiqamətləri üzrə həyata keçirilən tədbirlər həmçinin kadr korpusunun təkmilləşdirilməsi ilə müşayiət olunur. Burada ölkə rəhbərinin: "... dövlət qulluğunda olmaq imtiyaz deyil, məsuliyyətdir, insanlara xidmət imkanıdır" sözlərini xatırlatmaq yerinə düşərdi. Dövlət başçısının bu tələbləri nazirliyin kadr işində daim diqqətdə saxlanılır. Son illər ədliyyə orqanlarına qulluğa qəbulla bağlı açıq müsabiqələr davamlı xarakter almış və imtahanlar artıq internetdə canlı yayımlanır. Keçirilən müsabiqələrdən, habelə peşəyə buraxılışla əlaqədar Ədliyyə Akademiyasında icbar təlimdə uğur qazanmış, eləcə də xaricdə təhsil almış 100-ə yaxın gənc mütəxəssis peşə bayramı ərəfəsində işə qəbul olunmuşlar.

2012-ci il nazirliyin beynəlxalq əməkdaşlığın daha da dərinləşdirilməsi sahəsində uğurlu olmuşdur. Təkcə bu ilin 10 ayı ərzində nazirliyə beynəlxalq öhdəliklərdən irəli gələn hüquqi yardım, məhkumların cəza çəkmək üçün verilməsi, ekstradisiya məsələlərinin icrası ilə bağlı 2002-ci illə müqayisədə 6 dəfə çox - 11.000 beynəlxalq sənəd və sorğu daxil olmuş, müxtəlif dövlətlərə 6 minə yaxın belə sorğu göndərilmişdir. Eyni zamanda, Məhkumların verilməsinə dair Avropa Konvensiyasının və s. beynəlxalq müqavilələrin müddəaları dəqiq və dürüst icra olunaraq cəzaların qalan hissəsini çəkmək üçün 67 məhkumun təhvil verilməsi və alınması həyata keçirilmişdir.

Xüsusilə qeyd olunmalıdır ki, möhtərəm Prezidentimiz cənab İlham Əliyev Azərbaycan vətəndaşlarının dünyanın harasında olmalarından asılı olmayaraq daim onların hüquqlarının təmin edilməsinə çalışır. Məhz dövlət başçımızın şəxsi nüfuzu və qəti səyləri sayəsində uzun müddət ölkədən kənarda - Macarıstanda cəza çəkən Ramil Səfərovun Azərbaycana qaytarılması mümkün olmuşdur. Macarıstanın dövlət orqanları ilə uzun müddət danışıqlar və yazışmalar aparılaraq bütün zəruri sənədlər təqdim olunmuş və soydaşımızın Avropa Konvensiyasının müddəalarına tam uyğun olaraq ölkəmizə verilməsi haqda qərar qəbul olunmuşdur. Azərbaycana qayıtdıqdan sonra R.Səfərovun çəkdiyi cəza nəzərə alınaraq dövlət başçısı öz konstitusion səlahiyyətlərindən istifadə etməklə onun əfv edilməsi barədə humanist qərar qəbul etmişdir.

Ümumiyyətlə, ulu öndərimizin humanizm ənənələrinə sadiqlik dövlət başçımızın fəaliyyətinin əsas prioritetlərindəndir. Belə ki, təkcə son bir ildə Prezidentimiz tərəfindən imzalanmış 2 əfv sərəncamı 150-dən çox məhkuma şamil edilmişdir. Bu humanist aktlar nazirlik tərəfindən dərhal icra edilmişdir.

Bildirilməlidir ki, beynəlxalq əməkdaşlıq aparılarkən qabaqcıl təcrübələrin öyrənilməsinə, ölkəmizin nailiyyətlərinin təbliğinə xüsusi önəm verilir.

Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin avqust ayında Belarus Respublikasına rəsmi səfəri zamanı iki ölkənin Ədliyyə nazirlikləri arasında məhkəmə ekspertizası sahəsində əməkdaşlıq haqqında Saziş imzalanmışdır. Bu sənəd məhkəmə ekspertizası və kriminalistikanın müasir metodlarından istifadə etmək yolu ilə cinayətkarlığa qarşı mübarizənin möhkəmləndirilməsinə mühüm bir töhfədir. Səfər zamanı, həmçinin ədliyyə nazirlərinin ikitərəfli görüşü keçirilmiş, əməkdaşlıq məsələləri müzakirə olunmuşdur.

Azərbaycan və Bolqarıstanın Ədliyyə nazirlikləri arasında bağlanmış əməkdaşlıq sazişinin icrası çərçivəsində bu ölkənin ədliyyə naziri, Ali Məhkəmə Şurasının sədri xanım Diana Kovaçevanın dəvəti ilə cari ilin oktyabr ayında Bolqarıstana səfər edilmişdir. Səfər zamanı həmkarımla ətraflı və faydalı təcrübə mübadiləsi aparılmışdır. Həmçinin, Bolqarıstanın Hökumət başçısı Boyko Borisov və Xalq Məclisinin Sədri xanım Tsetska Tsaçevlə keçirilmiş məhsuldar görüşlərdə Azərbaycanın Bolqarıstan üçün strateji tərəfdaş olduğu, ölkəmizlə əməkdaşlığın genişlənməsinin Bolqarıstanın dövlət siyasətinin prioritetlərindən olduğu vurğulanmışdır.

Bolqarıstanın Konstitusiya və Ali məhkəmələrinin sədrləri, Baş prokuror, eləcə də Ali Məhkəmə Şurasında, Milli Ədliyyə İnstitutunda görüşlər keçirilərək faydalı təcrübə mübadiləsi aparılmış, məhkəmə infrastrukturu ilə tanış olunmuşdur. Təsadüfi deyil ki, ölkələrimiz arasında hüquqi sahədə səmərəli əlaqələrin davamı olaraq Bolqarıstanın Ali Məhkəməsinin sədri bu ay respublikamıza səfər etmişdir.

Keçirilmiş bütün beynəlxalq görüşlərdə ölkəmizin ədliyyə və məhkəmə təcrübəsinə böyük maraq göstərilmişdir.

Ölkəmiz bu il mötəbər beynəlxalq tədbirlərdə, o cümlədən Rusiya Federasiyası Prezidentinin dəstəyi ilə Sankt-Peterburqda keçirilmiş İkinci Beynəlxalq Hüquq Forumunda, İngiltərənin Brayton şəhərində Avropa Məhkəməsinin gələcəyinə və səmərəliliyinin artırılmasına həsr olunmuş üçüncü Konfransda fəal iştirak etmiş, habelə ölkə Prezidenti tərəfindən verilmiş səlahiyyətə uyğun olaraq "Ekstradisiya haqqında" Avropa Konvensiyasına Üçüncü Əlavə Protokol Avropa Şurasının Baş katibinin iştirakı ilə Strasburqda təntənəli şəkildə imzalanmışdır. Bu tədbir çərçivəsində baş katiblə keçirilən görüşdə ölkəmizin Avropa Şurası qarşısında götürdüyü öhdəliklərin yerinə yetirilməsi üzrə görülən işlər məmnunluqla qarşılanmış, hüquqi islahatlarımız təqdir olunmuşdur.

Strasburqda olarkən İnsan hüquqları üzrə Avropa Məhkəməsinin sədri ilə görüş keçirilmiş, qarşılıqlı fəaliyyətin genişləndirilməsi, Məhkəmənin səmərəliliyinin artırılmasına dair görülən tədbirlər müzakirə edilmiş, Avropa Məhkəməsinin Şikayətlərin qəbul olunması kriteriyalarına dair praktiki bələdçinin hər iki nəşrinin qısa müddətdə Azərbaycan dilinə tərcümə olunması və hakimlərimiz arasında yayılması təqdir olunmşudur. Görüşdə hakimlərimizin tədris səfərlərinin təşkilinə dair razılığa gəlinmiş və nəticədə sentyabrda bir qrup azərbaycanlı hakim və hakimliyə namizədlər Strasburqda Avropa Məhkəməsinin hakimlərinin bilavasitə iştirakı ilə treninq keçmişlər.

Həmçinin, Avstriyanın paytaxtı Vyanada Avropa ədliyyə nazirlərinin 31-ci Konfransı keçirilmişdir. Zorakılığa qarşı ədliyyənin cavabları mövzusuna həsr olunmuş tədbirdə çıxış edilərək ölkəmizdə hüquq mexanizmlərinin təkmilləşdirilməsi, yeni qanunların qəbulu, yuvenal ədliyyənin tətbiqi, yeniyetmə məhkumların imtiyazlarının və tərbiyəvi tədbirlərin genişləndirilməsi barədə məlumat verilmiş, bir sıra təkliflər irəli sürülmüşdür.

Bir məqamı da qeyd etməliyəm ki, bu mötəbər konfransın tribunasından öz çirkin niyyətləri üçün istifadə etmək istəyən Ermənistan tərəfi R.Səfərovun Azərbaycana verilməsi və əfvi ilə bağlı etirazını təkidlə gündəliyə salmağa, bu mövzu üzrə xüsusi çıxış etməyə və müzakirələrin aparılmasına cəhd göstərmişdir. Lakin bu yersiz cəhdin qarşısı nümayəndə heyətimizin qəti və əsaslandırılmış mövqeyi nəticəsində alınmışdır. Öz məkrli cəhdinin puça uğradığını görən Ermənistan tərəfi iştirakçılar arasında R.Səfərovun əfv edilməsinin guya Avropa hüquq və dəyərlərinə zidd olması barədə bəyanat paylamışdır. Lakin dərhal tərəfimizdən məsələni hüquqi müstəvidə həqiqətə uyğun açıqlayan bəyanat yayılaraq onun beynəlxalq konvensiya və ikitərəfli öhdəliklərə tam uyğun həll olunduğu qeyd olunmuş, konfrans iştirakçılarının diqqəti erməni terrorizminə, xüsusilə də ASALA erməni terror təşkilatının azərbaycanlılara qarşı terror hədələrinə cəlb edilmişdir.

Ümumiyyətlə, bütün beynəlxalq tədbirlər, çıxışlar və ikitərəfli görüşlərdə xalqımızın ən ağrılı problemi olan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi və onun ədalətli həllinə dair dövlətimizin haqlı mövqeyi diqqətə çatdırılır.

Məlum olduğu kimi, dövlət başçısının siyasi iradəsi və rəhbərliyi ilə ümumbəşəri sosial bəla olan korrupsiya ilə sərt mübarizə aparılır. Təsadüfi deyil ki, ölkəmizdə institusional və qanunvericilik tədbirləri həyata keçirilmiş, ölkə Prezidentinin Sərəncamı ilə Açıq Hökumətin təşviqinə və Korrupsiyaya qarşı mübarizəyə dair 2012-2015-ci illər üçün Milli Fəaliyyət planları qəbul olunmuş, yeni şəffaf və innovativ xidmətlər yaradılmışdır.

Korrupsiyaya qarşı beynəlxalq əməkdaşlığa mühüm önəm verilərək, ölkəmiz nüfuzlu beynəlxalq təşkilatların, o cümlədən vitse-prezidenti olduğum Beynəlxalq Antikorrupsiya Orqanları Assosiasiyasının işində fəal iştirak edir.

140-dan çox dövləti birləşdirən bu Assosiasiya tərəfindən cari ilin iyununda qabaqcıl antikorrupsiya təcrübələrinin öyrənilməsinə dair Çində təşkil olunmuş beynəlxalq seminarın plenar sessiyalarında tərəfimizdən sədrlik və çıxışlar edilərək bu sahədə beynəlxalq əməkdaşlığın təşviq olunması, korrupsiya ilə əldə edilmiş gəlirlərin qaytarılması işinin mükəmməl əlaqələndirilməsinə dair təkliflər verilmişdir.

Assosiasiyanın işinə verdiyi töhfələr nəzərə alınaraq, təşkilatın oktyabr ayında Malayziyada 110 ölkədən olan 500-dən çox məsul nümayəndənin iştirakı ilə keçirilmiş Konfransının açılışı və təntənəli sessiyaya sədrlik edilməsi Azərbaycan ədliyyə nazirinə həvalə edilmişdir. Açılış mərasimində Malayziya Krallığının Baş naziri çıxış etmişdir. Respublikamıza qlobal səviyyədə bu cür yüksək etimadın göstərilməsi dövlətimizin beynəlxalq aləmdə nüfuzunun artması və ölkə Prezidentinin məqsədyönlü və uzaqgörən siyasətinin məntiqi nəticəsidir.

Tədbir çərçivəsində nümayəndə heyətimiz tərəfindən ölkəmizdə aparılan məhkəmə islahatları barədə edilmiş prezentasiya böyük marağa səbəb olmuş və nailiyyətlərimiz yekun məruzədə də xüsusi vurğulanmışdır.

Eyni zamanda, antikorrupsiya mədəniyyətinin gücləndirilməsində və qabaqcıl təcrübələrin yayılmasında müstəsna rol oynayan Beynəlxalq Antikorrupsiya Akademiyası ilə əlaqələr qurulmuş, dövlətimiz onun nizamnaməsinə xüsusi qanunla qoşularaq Akademiyanın tamhüquqlu üzvü olmuşdur. Həmçinin, Avstriyada yerləşən bu Akademiyaya baş çəkilərək onun fəaliyyəti ilə tanış olunmuşdur.

Bununla yanaşı, ötən dövr ərzində BMT, ATƏT, Avropa Şurası və onun struktur qurumları, Avropa İttifaqı və digər nüfuzlu beynəlxalq təşkilatlarla səmərəli əlaqələr davam etdirilmişdir.

Avropa İttifaqının Avropa Qonşuluq Siyasəti və Şərq Tərəfdaşlığı çərçivəsində Ədliyyə Nazirliyi ilə əməkdaşlığı nəticəsində «Azərbaycanda ədliyyə sahəsində islahatlara dəstək» proqramı işlənib hazırlanmışdır. 2012-2014-cü illər üzrə Ədliyyə Akademiyasının və regional ədliyyə şöbələrinin potensialının gücləndirilməsinə, penitensiar sistemin müasirləşdirilməsinə yönəldilmiş layihənin icrasının mütəşəkkil və vaxtında təmin olunması məqsədilə nazirlikdə geniş tərkibli İdarəetmə Komitəsi yaradılmış, layihənin aktiv həyata keçirilməsinə başlanılmışdır.

Məlum olduğu kimi, hər bir cəmiyyətdə məhkumlarla davranışa münasibət ölkənin mədəni-sivil inkişaf səviyyəsinin əsas göstəricilərindədir. Bu baxımdan cari ildə məhkumların və təqsirləndirilən şəxslərin hüquqlarının genişləndirilməsinə xidmət edən cəza-icra qanunvericiliyinə mütərəqqi dəyişikliklərin edilməsi, onların ailə üzvləri ilə görüşmək, yazışmaq, telefonla əlaqə saxlamaq, televiziya verişlərinə baxmaq kimi hüquqlarının və gəzinti müddətinin artırılması xüsusilə təqdirəlayiqdir.

Eyni zamanda, məhkumların saxlanma şəraitinin yaxşılaşdırılması məqsədi ilə müasir penitensiar infrastruktur yaradılması üzrə işlər sürətləndirilmiş, mütərəqqi Avropa təcrübəsi nəzərə alınmaqla regionlarda yeni penitensiar komplekslərin inşası davam etdirilmiş və artıq gələn ilin əvvəlində Şəkidə belə kompleksin istifadəyə verilməsi nəzərdə tutulmuşdur.

Bu sahədə beynəlxalq və yerli QHT-lər ilə səmərəli əməkdaşlığa böyük önəm verilir. Belə ki, ötən ilin sonunda ölkəmizdə səfərdə olmuş İşgəncələrin qarşısının alınması üzrə Avropa Komitəsinin (CPT) nümayəndə heyəti penitensiar sistemdə müsbət dəyişiklikləri təqdir etmiş, məhkumların saxlanma şəraitinin, tibbi xidmətlərin xeyli yaxşılaşdığını vurğulamışdır.

Eyni zamanda, penitensiar sistemdə səmərəli ictimai nəzarət həyata keçirən İctimai Komitə tərəfindən mütəmadi olaraq cəzaçəkmə müəssisələrinə başçəkmələr edilir, məhkumlara müxtəlif hüquqi yardımlar göstərilir, onların islahında iştirak edilir. Məhkumların islahı işində onların müəssisədən kənarda idman və digər kütləvi-mədəni tədbirlərə tamaşa etmək təcrübəsinin tətbiqinə başlanılaraq yeniyetmə məhkumlar futbol üzrə yığma komandamızın dünya çempionatının seçmə oyununu stadionda izləmişlər.

Təsadüfi deyil ki, penitensiar sistemdə aparılan əsaslı islahatlar və vərəmə qarşı kompleks tədbirlər nəticəsində məhkumlar arasında ölüm hadisələrinin sayının ilbəil azalması müşahidə edilmiş, o cümlədən vərəm xəstəliyindən ölənlərin sayı 1995-ci illə müqayisədə 35 dəfə azalmışdır.

Qeyd olunmalıdır ki, Azərbaycanın penitensiar müəssisələrdə vərəmlə mübarizədə müsbət təcrübəsinin öyrənilməsi üçün təkcə bu il ərzində bir çox ölkələrin, o cümlədən Qazaxıstan, Qırğızıstan, Türkmənistan və Filippinin nümayəndələri ölkəmizə səfərlər etmişlər. Bu yaxınlarda İraqın nümayəndələrinin səfəri də nəzərdə tutulur.

Məlum olduğu kimi, ədalət mühakiməsinin həyata keçirilməsi dövlətin möhkəm sütunudur. Ölkə Prezidenti seçilməsinin ilk dövrlərindən ədalət mühakiməsinin səmərəsinin artırılmasına xüsusi diqqət yetirən cənab İlham Əliyevin siyasi iradəsi ilə bu sahədə köklü islahatlar davam etdirilir. Bu islahatlar beynəlxalq aləmdə də yüksək dəyərləndirilir. Belə ki, Avropa Şurası (AŞ) Ədalət mühakiməsinin səmərəliliyi üzrə Komissiyası (CEPEJ) tərəfindən Azərbaycana səfər edilərək hakimliyə namizədlərin seçimi bilavasitə izlənilmişdir. CEPEJ ekspertləri tərəfindən hazırlanmış əhatəli hesabat Komissiyanın ötən ilin sonunda keçirilmiş iclasında geniş müzakirə olunaraq müvafiq qərar qəbul olunmuş və Azərbaycanın bu sahədə müsbət təcrübəsi örnək kimi qiymətləndirilmişdir. Yeri gəlmişkən, Avropa İttifaqı da bu qənaətə gələrək təcrübəmizi digər dövlətlərə tövsiyə etmişdir.

Bundan əlavə bütün Avropa dövlətləri məhkəmə sistemlərinin fəaliyyətinə dair təhlilləri əks etdirən CEPEJ-in əhatəli hesabatlarının ana dilinə tərcümə edilərək nəşrini təmin edən ilk dövlət olduğumuz xüsusi təqdir edilmişdir.

Məhz Azərbaycanın məhkəmə sisteminin müasirləşdirilməsində əldə etdiyi müsbət təcrübələr və CEPEJ ilə səmərəli əməkdaşlığı nəzərə alınaraq bu ilin sentyabrında Vyanada keçirilmiş Avropa dövlətlərinin məhkəmə sistemlərinin təhlilinə dair hesabatın təqdimat mərasimində AŞ-nın dəvəti ilə Avropa məkanından cəmi üç dövlətin - tədbirə ev sahibliyi edən Avstriya ilə yanaşı, Fransa və Azərbaycanın ədliyyə nazirləri iştirak etmişdir.

Media nümayəndələrinin geniş işıqlandırdıqları təqdimat mərasimindən sonra nazirlərin iştirakı ilə mətbuat konfransı keçirilmiş, ədliyyə fəaliyyəti üzrə çoxsaylı suallar verilmişdir. Tədbir Avropa dövlətlərində böyük marağa səbəb olmuş, tərəfimizdən Türkiyənin KİV-lərinə ayrıca müsahibələr verilmişdir.

Ölkəmizdə hakimlərin seçim prosesi bu gün də davam etməkdədir. Belə ki, imtahan və müsahibələrdən uğurla keçmiş namizədlərimiz artıq hakim vəzifələrinə hazırlanmaları üçün 1 illik tədris kursu keçirlər. Biz bu məsələyə xüsusi diqqət yetiririk, müdrik bir kəlamda deyildiyi kimi: "Təhsil insan azadlığını döyüşən ordudan daha yaxşı təmin edir". Bu baxımdan tədris zamanı ən aktual, o cümlədən insan haqları, xüsusilə İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin təcrübəsi, habelə məhkəmə etikası, korrupsiya ilə mübarizə, milli qanunvericiliyin yenilikləri və digər məsələlərə mühüm önəm verilmiş, namizədlər müxtəlif məhkəmələrdə təcrübəyə cəlb olunmuşlar. Onların xarici ölkələrdə də təcrübə keçmələrinə mühüm əhəmiyyət verilərək bütün 76 nəfər namizəd Türkiyədə yarım aylıq xüsusi kurs keçmişlər.

Ədalət mühakiməsinin səmərəliliyinin artırılmasında məhkəmə infrastrukturunun müasirləşdirilməsinin rolu nəzərə alınaraq bu sahədə irimiqyaslı işlər görülür, məhkəmə hakimiyyətinin yüksək statusuna uyğun olan yeni məhkəmə binaları tikilib istifadəyə verilir.

Peşə bayramı ərəfəsində möhtərəm Prezidentimiz cənab İlham Əliyevin şəxsən iştirakı ilə Bakı şəhərinin Yasamal Rayon Məhkəməsi üçün milli memarlıq üslubunda müasir standartlara uyğun inşa edilmiş yeni inzibati binasının açılışı olmuşdur.

Respublikamızın ən böyük və ən çox iş yükü olan birinci instansiya məhkəmələrindən biri kimi Yasamal Rayon Məhkəməsi 300 minədək əhaliyə xidmət edir. 7.000 kvadratmetr olan məhkəmənin yeni binası dörd mərtəbədən və zirzəmidən ibarət olmaqla bir çox yenilikləri ilə fərqlənir.

Binada vətəndaşların müraciət imkanlarının asanlaşdırılması, məlumatlılığın və şəffaf xidmətlərin təmin edilməsi məqsədilə müasir İKT-lər tətbiq edilmiş, əhalinin həssas təbəqələrindən olan əlil insanlar, xüsusilə də ilk dəfə olaraq gözdən əlillər üçün əlverişli şərait yaradılmışdır.

Ölkə rəhbərinin məhkəmənin binası ilə tanışlığı zamanı yaradılmış şəraitdən razılığını bildirməsi və verdiyi müvafiq tövsiyə və tapşırıqları dövlətimizin başçısının Azərbaycan ədliyyəsinə böyük etimadının, yüksək diqqət və qayğısının əyani təzahürü olmaqla hər bir ədliyyə və məhkəmə işçisi tərəfindən xüsusi iftixar hissi və dərin rəğbətlə qarşılanmışdır. Təsadüfi deyil belə bir əzəmətli binanın istifadəyə verilməsi həmçinin xarici həmkarlarımızın da böyük marağına səbəb olmuş və infrastrukturun müasirləşdirilməsi üzrə görülən işləri ölkə rəhbərliyinin məhkəmə sisteminin inkişafına verdiyi böyük önəm və yüksək diqqət kimi dəyərləndirilmiş, dövlət siyasətinin prioritetlərindən olduğu xüsusi vurğulanmışdır.

Bildirmək istərdim ki, bu bina Dünya Bankı ilə birgə həyata keçirilən Layihə çərçivəsində ərsəyə gəlmişdir. Ümumiyyətlə isə Layihə çərçivəsində 30-dək məhkəmənin yerləşəcəyi müasir bina və komplekslərin layihələri hazırlanmış, ötən il Oğuz, bu il isə Yasamal Rayon Məhkəməsi ilə yanaşı peşə bayramı ərəfəsində daha iki məhkəmə üçün - Gəncə şəhəri Nizami və Gədəbəy rayon məhkəmələrinin yeni binalarının açılışı olmuş, həmçinin Sabunçu və Şəki məhkəmə komplekslərinin, Quba Rayon məhkəməsinin yeni binalarının inşasına başlanılmışdır.

Müasir texnologiya və avadanlıqlarla təchiz olunmaqla istifadəyə verilmiş yeni məhkəmə binalarında proseslərin daha dəqiq və sürətlə protokollaşdırılmasına xidmət edən və audio-video yazılışları aparan "Femida" sistemi, videokonfransların, təqdimatların keçirilməsi, elektron sənəd dövriyyəsi və məhkəmə işlərinin idarəetmə sistemi üçün bütün zəruri infrastruktur quraşdırılmış, müasir konfrans zallarında isə hakimlərə və məhkəmə işçilərinə Ədliyyə Nazirliyinin iclaslarına, toplantılarına, həmçinin Ali Məhkəmənin Plenumuna birbaşa qoşulmaq imkanı yaradılmışdır. Zalda həmçinin, təqsirləndirilən şəxslər dəmir barmaqlıqlar arxasında deyil, beynəlxalq standartlara uyğun xüsusi ayrılmış zirehli şüşə otaqda saxlanılır. Məhkəmədə ilk dəfə olaraq tətbiq olunan "Bloostar" adlı video konfrans telefon sistemi ilə 6 qurumla eyni vaxtda müzakirələr aparmaq mümkündür.

Tətbiq olunan İKT-lər təqsirləndirilən şəxslərin və şahidlərin məhkəməyə gətirilmədən uzaq məsafədən dindirilməsinə imkan verir. Açılış zamanı məhz bu texnologiyalardan istifadə olunaraq Bakı İstintaq Təcridxanası, habelə ölkəmizin üç bölgəsində yeni inşa olunmuş Gədəbəy, Oğuz, Gəncə Şəhəri Nizami Rayon məhkəmələri ilə videobağlantı yaradılmışdır.

Yeni binaların bir üstün cəhəti də ondan ibarətdir ki, onlar inzibati və ictimai zonalara bölünürlər və hər iki zonanın girişi ayrıdır. İnzibati zona hakimlər və məhkəmə işçiləri, ictimai zona isə vətəndaşlar üçün nəzərdə tutulmuşdur. Ədliyyə Nazirliyinin icra qrupu, dövlət ittihamçısı və vəkillər ictimai zonadan istifadə edəcəklər. Bununla da hakimlər və vətəndaşlar arasında qeyri-prosessual münasibətlər məhdudlaşdırılır və onlar yalnız məhkəmə iclas zallarında görüşürlər.

Ədliyyə və məhkəmə sisteminin müasirləşdirilməsi üzrə əldə olunan bütün nailiyyətlər möhtərəm Prezidentimiz cənab İlham Əliyevin təşəbbüsü və rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən genişmiqyaslı islahatların real təzahürüdür. Təsadüfi deyil ki, ölkə iqtisadiyyatımızın yüksələn xətlə inkişaf etməsi nəticəsində son 8-9 il ərzində dövlət büdcəmiz 25 dəfə, sənaye istehsalı 3 dəfə artmış, yoxsulluğun səviyyəsi 49%-dən 7%-ə düşmüş, valyuta ehtiyatları 44 milyard dollara çatmış, cari ildə əhalinin pul gəlirləri 14% çoxalmışdır. Ümumi daxili məhsulun 2013-cü ildə 2003-cü ilin göstəriciləri ilə müqayisədə 8 dəfə artacağı proqnozlaşdırılır.

Bu gün dövlətimizin iştirakı olmadan regionda hər hansı layihənin həyata keçirilməsi təsəvvür belə olunmur. Zəngin təbii ehtiyatlara malik olan ölkəmizin düşünülmüş ixrac strategiyasının nəticəsidir ki, Azərbaycan regionda nəhəng layihələrin, o cümlədən yeni TANAP layihəsinin təşəbbüskarı olmuşdur. Danılmaz faktdır ki, ölkəmiz Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında mühüm tərəfdaş ölkəyə çevrilmişdir.

Ölkə Prezidenti cənab İlham Əliyevin uzaqgörən və müdrik siyasəti nəticəsində qazanılmış hərtərəfli nailiyyətlər respublikamızın beynəlxalq arenada imicinin daha da möhkəmlənməsi ilə müşayiət olunur. Azərbaycanın bir sıra nüfuzlu beynəlxalq təşkilatlarda, xüsusilə BMT-nin Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü kimi qurumun iclaslarında, İqtisadi Əməkdaşlıq Təşkilatının XII zirvə toplantısında sədrliyi, paytaxt Bakının ideal məkan sayılaraq mötəbər beynəlxalq tədbirlərə, o cümlədən Krans Montana və İkinci Beynəlxalq Humanitar forumlarına, "Avroviziya" mahnı müsabiqəsinə, möhtəşəm idman yarışlarına uğurla ev sahibliyi etməsi ölkəmizin beynəlxalq aləmdə böyük şöhrətə malik olduğunu bir daha sübut edir.

Dövlət başçısının rəhbərliyi ilə qazanılan hərtərəfli yüksəliş və tərəqqiyə daim dəstək olan və ictimai həyatımızın bütün sahələrində fəal iştirak edən Heydər Əliyev Fondu tərəfindən mühüm əhəmiyyət kəsb edən sosial, mədəni, humanitar tədbirlərin uğurla həyata keçirilməsi, habelə Azərbaycan tarixinin, mədəniyyətinin və incəsənətinin dünyada layiqincə təbliği sahəsində Fondun prezidenti Mehriban xanım Əliyevanın çoxşaxəli və yorulmaz fəaliyyəti xüsusilə qeyd olunmalıdır.

Bütün bunlar respublikamızda hərtərəfli tərəqqinin və yüksəlişin məntiqi nəticəsi olmaqla xalqımızda yüksək iftixar hissi doğurur, hər birimizi yeni-yeni nailiyyətlərə ruhlandırır.

Ədliyyə işçiləri də ölkəmizin müasir inkişafına uyğun olaraq öz vəzifələrini hər zaman layiqincə yerinə yetirmək, dövlət başçısının ətrafında sıx birləşərək demokratik hüquqi dövlət quruculuğu, Azərbaycan ədliyyəsinin davamlı inkişafı üçün bundan sonra da fədakarlıqla çalışmaq əzmindədirlər.

Hər il peşə bayramı günündə ədliyyə işçiləri Fəxri Xiyabana gələrək bu bayramı bizlərə bəxş etmiş ümummilli liderimiz Heydər Əliyevə öz əbədi ehtiramlarını bildirir, Şəhidlər Xiyabanında qəhrəman Vətən övladlarının əziz xatirəsini yad edirlər. Ədliyyə işçilərinin ölkə Prezidentinin iştirakı ilə yenicə istifadəyə verilmiş Yasamal Rayon Məhkəməsinin müasir binası ilə tanışlığı da nəzərdə tutulur. Bu günlərdə həmçinin, ədliyyə veteranları ilə görüşlər keçirilmiş, yenicə ədliyyə orqanlarına işə qəbul olunmuş gənc mütəxəssislər nazirliyin rəhbərliyi tərəfindən qəbul olunmuş, qaçqın və məcburi köçkünlərə bayram sovqatları paylanmış,Azərbaycan ədliyyəsinin tarixinə və müasir inkişafına dair xüsusi stendlər, nazirliyin builki fəaliyyətinə həsr olunmuş qısametrajlı sənədli film hazırlanmışdır.

Möhtərəm Prezidentimizin ədliyyə fəaliyyətinə yüksək diqqət və qayğı göstərərək peşə bayramı ərəfəsində bir qrup ədliyyə işçisini ali xüsusi rütbələrə və dövlət təltiflərinə layiq bilməsi hər birimizdə dərin minnətdarlıq hissi doğurmuşdur.

Fürsətdən istifadə edərək, peşə bayramı münasibətilə bütün ədliyyə işçilərini ürəkdən təbrik edir, onlara qanunun aliliyinin və insan hüquqlarının təmin olunması kimi gərəkli fəaliyyətlərində uğurlar arzulayıram.

Fikrət MƏMMƏDOV,
Azərbaycan Respublikasının ədliyyə naziri,
Məhkəmə-Hüquq Şurasının sədri
I dərəcəli dövlət ədliyyə müşaviri