Azərbaycan ədliyyəsinin 100 illik yubileyi ilə bağlı Şəmkir şəhərində ədliyyə işçiləri arasında şahmat turniri keçirilmişdir

Azərbaycan ədliyyəsinin 100 illik yubileyi ilə bağlı regionda tədbirlər davam etdirilir. Şahmatın daha da sürətlə inkişaf etməsi, şahmatçılarımızın müstəqil dövlətin təmsilçisi kimi beynəlxalq səviyyədə uğurlarının artması ümummilli lider Heydər Əliyevin hakimiyyətə gəlməsi ilə başlanmışdır. Məhz onun Azərbaycana rəhbərlik etdiyi dövrdə şahmatın inkişafına göstərilən diqqət və qayğı nəticəsində ölkənin bir çox şəhər və rayonlarında onlarla şahmat məktəbləri və klublar açılmış, şahmata maraq kütləvi xarakter almışdır. Prezident İlham Əliyev hazırda şahmatın inkişafına böyük diqqət yetirərək bu məqsədlə respublikamızda şahmatın inkişaf etdirilməsi haqqında xüsusi sərəncam imzalamışdır. Şahmatçılara göstərilən dövlət qayğısının nəticəsində onların beynəlxalq yarışlarda qazandıqları nailiyyətlərin sayı gündən-günə artır, Azərbaycan şahmatçıları müxtəlif beynəlxalq yarışlarda uğurlu nəticələr əldə edirlər. Şəmkir regional ədliyyə idarəsinin təşkilatçılığı ilə 10 noyabr 2018-ci il tarixdə Şəmkir uşaq gənclər idman şahmat məktəbində ədliyyə işçiləri arasında şahmat turniri keçirilmiş, turnirin qalibləri müəyyənləşdirilmişdir. Tədbirdə Şəmkir regional ədliyyə idarəsinin rəisi Zahir Hümbətov, Rayon Gənclər və İdman idarəsinin rəisi Emin İsmayılov və Şəmkir uşaq gənclər idman şahmat məktəbinin direktoru Rasim Pənciyev turnirin qaliblərini və iştirakçılarını təbrik edərək onlara Diplomlar təqdim etmişlər.