Şəmkir şəhərində ədliyyə işçilərinin peşə bayramı günü geniş qeyd olunub

Prezident Heydər Əliyevin 11 noyabr 2000-ci il tarixli sərəncamı ilə 22 noyabr ədliyyə işçilərinin peşə bayramı günü kimi təsis edilib. Əsrə bərabər zəngin və şərəfli tarixi yol keçən Azərbaycan ədliyyəsinin yaranmasından 99 il ötür. Ulu Öndərin qayğısı ilə təkmil bir struktur kimi formalaşaraq inkişaf edən Ədliyyə Nazirliyi möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi ilə ölkədə aparılan mütərəqqi məhkəmə-hüquq islahatları çərçivəsində müasirləşir, yeni-yeni nailiyyətlərə imza atır. Bu münasibətlə Şəmkir rayonunda tədbir keçirilib. Şəmkir rayon İcra Hakimiyyəti başçısı cənab Alimpaşa Məmmədov, idarə və təşkilat rəhbərləri, Şəmkir Regional Ədliyyə İdarəsinin əməkdaşları müasir müstəqil Azərbaycan dövlətinin banisi və qurucusu ümummilli lider Heydər Əliyevin xatirəsini ehtiramla yad etmiş, Şəmkir şəhərinin mərkəzində ucaldılmış abidəsini ziyarət edərək önünə gül dəstəsi qoymuşlar. Həmçinin Şəhidlər Xiyabanında xalqımızın azadlığı və ölkəmizin ərazi bütövlüyü uğrunda canlarından keçən Vətən övladlarının əziz xatirəsi anılıb. 

Peşə bayramı günü münasibətilə bütün ədliyyə və məhkəmə orqanları işçilərini təbrik edən Şəmkir rayon məhkəməsinin sədri Könül Məmmədov və Şəmkir regional ədliyyə idarəsinin rəisi Zahir Hümbətov əsrə yaxın şanlı tarixi olan Azərbaycan ədliyyəsinin ötən dövrdəki inkişaf yolundan, xüsusilə ümummilli lider Heydər Əliyevin ölkəmizə rəhbərliyinin bütün dövrlərində bu sahəyə göstərdiyi diqqət və qayğıdan bəhs edib.