Nazirliyin fəaliyyət istiqamətləri aşağıdakılardır:
1. ədliyyə sahəsində vahid dövlət siyasətinin formalaşmasında iştirak edir və bu siyasətin həyata keçirilməsini təmin edir;
2. ədliyyə sahəsinin inkişafını təmin edir;
3. hüquq-mühafizə fəaliyyətini həyata keçirir;
4. qanunvericilik aktlarının layihələrini hazırlayır, layihələr üzrə rəy verir, normativ hüquqi aktların və normativ xarakterli aktların hüquqi ekspertizasını, dövlət uçotunu və dövlət qeydiyyatını aparır;
5. vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatının aparılmasını fəaliyyətini təşkil edir;
6. notariat fəaliyyətini təşkil edir;
7. qeyri-kommersiya hüquqi şəxslərin dövlət qeydiyyatını həyata keçirir və qeyri-kommersiya hüquqi şəxslərin dövlət reyestrini aparır;
7-1. sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrini aparır;
8. Azərbaycan Respublikası əhalisinin dövlət reyestrini aparır;
9. qanunvericiliyə uyğun olaraq, müvafiq məhkəmələrin fəaliyyətinin təşkilati təminatını həyata keçirir;
10. məhkəmə qərarlarının icrasını təmin edir;
11. penitensiar müəssisələrin fəaliyyətini təşkil edir və nəzarəti həyata keçirir;
12. bələdiyyələrin işinin təşkilinə kömək edir və onlara metodoloji yardım göstərir, bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirir;
13. qanunvericiliklə müəyyən edilmiş hallarda cinayət işləri üzrə ibtidai istintaqı aparır;
14. hüquq sahələrinə dair elmi-tədqiqat işlərini aparır;
15. məhkəmə ekspertizalarının keçirilməsini təşkil edir;
16. hakimlərin, ədliyyə işçilərinin, vəkillərin ixtisaslarının, habelə müxtəlif sahələrdə çalışan işçilərin hüquq peşəsi üzrə ixtisasının artırılmasını təmin edir;
16-1. ilk dəfə ədliyyə, prokurorluq orqanlarına qulluğa qəbul edilən namizədlərin, habelə vəkilliyə namizədlərin icbari təliminin həyata keçirilməsini təmin edir;
16-2. hakim vəzifəsinə namizədlərin ilkin uzunmüddətli tədrisinin həyata keçirilməsini təmin edir;
17. hüquqi maarifləndirmə işini həyata keçirir;
18. Azərbaycan Respublikasının beynəlxalq müqavilələri ilə tənzimlənən və Nazirliyin səlahiyyətinə aid olan məsələlər üzrə Azərbaycan Respublikasının götürdüyü öhdəliklərin yerinə yetirilməsini təmin edir;
19. qanunvericiliklə müəyyən edilmiş digər istiqamətlərdə fəaliyyət göstərir.