Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 6 iyun tarixli 648 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”də dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı

 

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 6 iyun tarixli 648 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”ni “Ərazi quruluşu və inzibati ərazi bölgüsü haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2013-cü il 31 may tarixli 674-IVQD nömrəli Qanununa uyğunlaşdırmaq məqsədi ilə qərara alıram:

 

Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 6 iyun tarixli 648 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2012, № 6, maddə 542; 2013, № 1, maddə 29, № 2, maddə 117, № 3, maddə 246; Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 28 avqust tarixli 966 nömrəli Fərmanı) ilə təsdiq edilmiş “Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”nin 3.11.7-ci yarımbəndinin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilsin və Əsasnaməyə aşağıdakı məzmunda 3.11.8-ci yarımbənd əlavə edilsin:

 

“3.11.8. prospekt, küçə, meydan və müvafiq ərazi vahidinin digər tərkib hissələrinə ad verilməsi və ya onların adının dəyişdirilməsi barədə Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsini 3 (üç) gün müddətində məlumatlandırır.”.

 

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 23 oktyabr 2013-cü il.